Məhkəmə qərarları › İş №2(103)-6562/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6562/2022

26.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6562/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi eyni zamanda vəkili Vəkil1 Rüfət oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1775/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 1nə dair İddiaçı2 ½ hissədə, İddiaçı1 ½ hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 1212 saylı reyestr kitabının 110285 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri MKTD 3 saylı XTMKTB-nin 145 saylı MKTS-nin xx.xx.2022-ci il tarixli 38 saylı arayışdan müəyyən olunur ki, Bakı şəhəri ünvan 1ndə Cavabdeh3 xx.xx.1958-ci ildən, Cavabdeh2 xx.xx.1978-ci ildən, Cavabdeh1 xx.xx.1986-cı ildən, X1 xx.xx.2021-ci ildən daimi qeydiyyatda olmaqla yaşayırlar.

3. TV-100xx-xx-5236 saylı tədiyyə bildirişindən müəyyən olunur ki, Cavabdeh2 Binəqədi M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən Bakı şəhəri ünvan 1 ünvanı üzrə 2010- cu il üçün 65,52 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi hesablanmışdır.

4. 2009-cu il üçün yerli vergilər üzrə Cavabdeh2 05236 saylı şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri ünvan 1nə dair 2009cu il üçün ilin əvvəlinə 13,86 manat qalıq borcu hesablanmaqla 79,38 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi ödənilmişdir.

5. Mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 1nə dair kommunal xərclər Cavabdeh2 tərəfindən ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 manat kompensasiya verilməklə azyaşlı X1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə, mənzildən çıxarılmalarına, mənzildən çıxarılma ilə 15000 manat kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məlikov küçəsi 9 saylı evin ümumi sahəsi 53,71 m2 olan 1 mərtəbəli 2 otaqlı 2 saylı mənzil xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur və uzun müddətdir ki, həmin mənzil iddiaçıların istifadələrində və sərəncamlarındadır. Cavabdehlər bir ailə üzvü olmaqla iddiaçıların mənzilində qeydiyyatadırlar. Cavabdehlərin təqsiri üzündən iddiaçılar mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmirlər. Bunun nəticəsində mənzil və kommunal xidmətləri haqqını artıq məbləğdə ödəməyə məcburdurlar. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar pozulmuş hüquqlarının bərpa edilməsini istəyirlər. Cavabdehlərdən Cavabdeh1 həmin ünvanda özünə məxsus evi vardır.

8. Birinci instansiya məhkəməsi baxışı zamanı Bakı şəhəri ünvan 1nin bazar dəyərinin, həmin ərazidə bu kateqoriya mənzillərin kirayə haqlarının müəyyən edilməsi üçün mülki iş üzrə mütəxəssis rəyi alınmışdır. Legal Prime MMC-nin xx.xx.2022-ci il tarixli LP-086/2022 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 1nin bazar qiyməti 120000 manat, orta aylıq kirayə qiyməti 300-350 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1775/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi və iddiaçılardan iş üzrə keçirilən qiymətləndirmə tədqiqatının dəyərinə görə 300 manat Legal Prime MMC-nin xeyrinə tutulması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uzun müddət Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilində yaşayan, həmin mənzilin saxlanmasında, kommunal xidmətlərin, vergilərin ödənilməsində iştirak edən cavabdehlərə istifadə hüquqlarının əvəzləşdirilməsi üçün mülkiyyəçilərin təklif etdikləri kompensasiya (hər birinə 5000 manat olmaqla cəmi 15000 manat) bu hüququn əvəzləşdirilməsi üçün yetərli olmadığından iddia tələbləri təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (MM-nin 158.4-cü mad.)

11. Məhkəmə gəldiyi nəticəni İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinın Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü, 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, iş üzrə keçirilən qiymətləndirmə ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov küçəsi 9 saylı evin ümumi sahəsi 53,71 kv-m-dən ibarət 1mərtəbəli, 2 otaqlı olan 2 saylı mənzilin qiymətinin 120.000,00 (biryüz iyirmi min) manat, orta aylıq kirayə haqqı qiymətinin isə 300-350 manat olması müəyyən edilmişdir. İddiaçıların təqdim etdikləri 15.000,00 (on beş min) manat məbləği ilə cavabdehlərin 3 ildən artıq müddətdə oxşar şəraitdə kirayədə yaşaması mümkündür. Bundan başqa, cavabdehlərin həmin ünvana ərazidə özlərinə məxsus fərdi yaşayış evi tikilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, kompensasiya məbləğinin hansı səbəbdən az məbləğ təşkil etdiyini və iddiaçılar tərəfindən təklif olunan kompensasiya məbləği ilə cavabdehlərin oxşar şəraitdən kirayə yaşayacaqları halda yəni ümumi sahəsi 53.7 kv.m-dən az olan sahəsi ilə təmin olunacaqları qənaətini əsaslandırmamışdır. Digər tərəfdən, məhkəmə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi tələb olunan şəxslərin ayrı-ayrı şəxslər olmadığını, bir ailənin üzvləri yəni ata, ana və oğul olması, onların birlikdə yaşaması və birgə təsərrüfat aparması və onlar kompensasiya məbləği alacağı təqdirdə birlikdə yaşamaqla kirayə mənzil tutulacağı halları bu isə həmin məbləğ ilə onların üzun müddət davamlı şəkildə yaşamasını təmin edir. Bununla yanaşı birinci instasiya məhkəməsi iddiaçılar tərəfindən verilmiş - məhkəmə təhqiqat obyektinə və həmin obyektə bitişik olan fərdi yaşayış evinin yerində müayinə edilməsi barədə vəsatətini təmin etməməklə mülki işin qərəzli, hərtərəfli natamam baxaraq subutlara düzgün qiymət verməməklə prosessual hüquq normalırın pozuntusuna yol vermişdir.

b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, kompensasiya institutunun istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməməsini nəzərə almamışdır. İddia ərizəsində təklif edilən kompensasiyanın məbləği onların 3 ildən artıq müddətdə oxşar şəraitdə kirayədə yaşamasını təmin edirdi. Bununla belə iddiaçılar hazırda kompensasiya məbləğini artıraraq 20000 manat kompensasiya verilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini xahiş etmişlər.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehlərin nümayəndəsi eyni zamanda vəkili (birinci instansiya məhkəməsində) Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə Gəncə şəhərində olmasını bildirməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

20. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli Qərarında bildirmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.

Apelyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

24. Birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıların miras olaraq qəbul etdikləri Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilində cavabdehlərdən Cavabdeh3 xx.xx.1958-ci ildən, Cavabdeh2 xx.xx.1978-ci ildən, Cavabdeh1 xx.xx.1986-cı ildən yaşamaqla istifadə hüququ əldə etmişlər. Həmin mənzildə Cavabdeh1 himayəsində xx.xx.2021-ci il təvəllüdlü X1 ilə birlikdə yaşayır.

25. Hazırda iddiaçılar paylı mülkiyyətlərində olan bazar qiyməti 120000 manat olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi əvəzində cavabdehlərə cəmi 15000 manat (hər birinə 5000 manat) kompensasiya təklif edirlər.

26. Birinci instansiya məhkəməsi isə iddiaçıların təklif etdikləri kompensasiyanın (hər birinə 5000 manat olmaqla cəmi 15000 manat) bu hüququn əvəzləşdirilməsi üçün yetərli olmadığından iddia tələblərinin rədd edilməsi barədə nəticəyə gəlmişdir.

27. Apellyasiya baxışı zamanı iddiaçılar ərizə ilə müraciət edərək, təklif edilən kompensasiya məbləğinin 20000 manat müəyyən edilməsini xahiş etmişlər.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

29. Bununla belə məhkəmə kollegiyası ilk olaraq iddiaçıların apellyasiya baxışı zamanı kompensasiya məbləğinin artırılmasına münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

30. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil olmadığından apellyasiya baxışı zamanı iddiaçıların kompensasiya məbləğinin artırılması barədə ərizə qəbul edilməlidir.

31. Belə olan halda məhkəmə kollegiyası iddiaçıların apellyasiya baxışı zamanı təklif etdikləri kompensasiya məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

32. Belə ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

33. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Legal Prime MMC-nin xx.xx.2022-ci il tarixli LP-086/2022 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 1nin bazar qiyməti 120000 manat, orta aylıq kirayə qiyməti 300-350 manat təşkil edir.

34. Hazırda isə iddiaçılar kompensasiya məbləğinin 20000 manat müəyyən edilməsini xahiş etmişlər.

35. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını, cavabdehlərin istifadə hüquqlarının mülkiyyətçinin mülkiyyətində olan mənzilə müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırdığını, təqdim olunan 20000 manat kompensasiya məbləğinin ədalətli əvəzləşdirmə olduğunu nəzərə alaraq hesab edir ki, kompensasiyanın məbləği cavabdehlərə təklif olunan kompensasiya hesabına davamlı sürətdə və müəyyən müddət daxilində, başqa yerdə, mübahisəli evdən istifadə edilən sahəyə xas olan şəraitə oxşar şəraitdə yaşamalarına imkan verir.

36. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

38. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

42. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıların özlərinə aid edilməli, qiymətləndirmə ekspertizasının dəyəri olan 300 manat tərəflərdən bərabər qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1775/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 20000 (iyirmi min) manat kompensasiya verilməklə azyaşlı X1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 azyaşlı X1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 9 saylı evin 2 saylı mənzilindən çıxarılsınlar. Mənzildən çıxarılma ilə 20000 (iyirmi min) manat kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıların özlərinə aid edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1, həmçinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iş üzrə keçirilən qiymətləndirmə tədqiqatının dəyərinə görə 300 manat bərabər qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar