Məhkəmə qərarları › İş №2(103)-657/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-657/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-657/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4381/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 243 manat məbləğində siğorta ödənişinin və 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 263 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4381/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ödənilmiş zərərin əvəzi qismində 243 (iki yüz qırx üç) manat məbləğində pul vəsaiti, habelə 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini və 39 saylı MTK-nın komendantının əməllərinə hüquqi qiymətin verilməsi üçün xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edən zaman yalnız bir sübuta, 39 saylı MTK tərəfindən təqdim edilmiş Arayışa istinad etmişdir. Lakin sözügedən arayış onun mənzilinə baxış keçirilmədən tərtib edilmişdir. Yəni, məhkəmə qərar qəbul edən zaman istinad etdiyi yeganə sübut olan arayışın qeyri-obyektiv tərtib edilməsini araşdırmamış və həmin arayışa istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilə 25.09. 2020-ci il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Qeyd olunan hadisə ilə bağlı 39 saylı MTK tərəfindən tərtib edilmiş 05 noyabr 2020-ci il tarixli arayışa əsasən subasma hadisəsinin baş verməsinə səbəb kimi həmin mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 79 saylı mənzildən su axması göstərilmişdir. Həmin mənzildən su axması nəticəsində X1 mülkiyyətində olan 76 saylı mənzilin tavan və divarlarının bəzi hissələrinə 493 manat məbləğində zərər dəymiş və RME********** saylı sığorta müqaviləsinə və İƏ 007/2020 saylı 30 noyabr 2020-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 243 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş sığorta hadisəsi nəticədə iddiaçı sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək keçirilmiş, xx.xx.2022ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 76 saylı mənzil faktiki olaraq təmir edilmişdir və tikililərin konstruktiv elementlərinin üzərində hər hansı su sızma əlamətləri yoxdur. Qeyd edilənləri, həmçinin iş materiallrında su sızmasının baş verməsinə dair MKİS-nin aktı olmadığından su sızmanın konkret olaraq hansı mənzildən və hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır. 79 saylı mənzilə baxış keçirilən zaman həmin mənzilin su və kanalizasiya xəttlərində hər hansı nasazlıq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsassız hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində bunu birbaşa qeyd etməsə də, onun özünün mənzilinə də su axıdıldığını bildirmiş, lakin su axıtmaya dair tərtib edilmiş aktda bunun nəzərə alınmadığını göstərmişdir. Göründüyü kimi, cavabdeh onun mənzilindən aşağı mərtəbədə yerləşən Gülparə Həmidovanın mənzilinə su axıdılmasını etiraf etmiş, lakin bunun səbəbinin onun özünün mənzilinə də suyun axıdılması olduğunu bildirmişdir. Belə olduğu təqdirdə həmin halın, yəni cavabdehin mənzilindən aşağı mərtəbədə yerləşən qonşuya suyun axıdılmasının onun təqsirli hərəkəti nəticəsində deyil, hansısa digər səbəbdən baş verməsini sübut etmək vəzifəsi etiraz edən tərəfin, yəni cavabdehin öz üzərinə düşür. Lakin cavabdeh onun mənzilinə də su axıdılmasını və bu səbəbdən aşağı mərtəbədə yerləşən 76 saylı mənzilə suyun axıdılmasında onun təqsirinin olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd edilən faktı dolayısı ilə etiraf etməsinə əsaslanaraq hesab edir ki, bu fakt iddiaçını sığortalanmış mənzilə cavabdehin yuxarı mərtəbədə yerləşən mənzilindən su axıdılmasını sübut etmək vəzifəsindən azad edir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti beş min manatdan az olduğuna görə, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-4381/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar