Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-657/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X3-Bakı” QSC-yə qarşı iş üzrə (Açar sözlər: sorğunun cavablandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əjdər oğlu və X1 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X3-Bakı” QSC-yə qarşı “sorğunun cavablandırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4759/2022 saylı 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “X7”-nın səlahiyyətli şəxsi tərəfindən 23 iyun 2022-ci il tarixli 02/151 saylı sorğuya cavab məktubunda göstərilmişdir ki, 11 may 2010-cu il tarixli Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununun 2.1.6-cı maddəsinə görə şəxsin xüsusi kateqoriyalı fərdi məlumatlarına fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar aiddir və bu səbəbdən X2 dair sorğu edilmiş sənədlər həkim sirrini təşkil etməklə xüsusi məlumatlar kateqoriyasına aid olduğundan, həmin sənədləri məhkəmə qərarı olmadan üçüncü şəxslərə təqdim etmək klinikanın səlahiyyəti daxilində deyil.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Arbitrium” vəkil bürosunun 09 iyun 2022-ci il tarixli 189 nömrəli məktubunda göstərilən sualların cavablandırılması və həmin məktubda qeyd edilən sənədlərin ona təqdim edilməsi, habelə dövlət rüsumu olaraq ödənilən 100 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mülki iş üzrə müvəkkili X4 “Arbitrium” vəkil bürosuna müraciət edərək, tibb müəssisəsi olaraq fəaliyyət göstərən “X7”nın Babək filialında ona göstərilmiş tibbi xidmətdən narazı və şikayətçi olduğunu bildirmiş və həmin büroda fəaliyyət göstərən iddiaçı ilə, yəni vəkil İddiaçı ilə müqavilə bağlanmışdır. Adı çəkilən filial tibb müəssisəsi tərəfindən müvəkkilinə onun sağlamlıq durumunu əks etdirən tibbi sənədlərin verilməsinə imtina edilmişdir. Bununla əlaqədar olaraq, müvəkkil ilə arasında “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlanmış, habelə etibarnamə verilmişdir. Etibarnamədə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə nümayəndəyə/təmsil edənə aid edilmiş bütün səlahiyyətlər, habelə sorğu vermək və məhkəməyə müraciət etmək səlahiyyəti etibar edilmişdir. Tərəfindən müəyyən edilmişdir ki, “X7”nın Babək filialı hüquqi şəxs olan “X3-Bakı” MMC-yə məxsusdur. İşin təhlili ilə əlaqədar adı çəkilən hüquqi şəxsin Mərkəz filialına baş həkimin adına 09 iyun 2022-ci il tarixli 189 nömrəli sorğu məktubu ünvanlanmışdır. Məktuba müvəkkil tərəfindən adına verilən etibarnamə və vəkil orderi əlavə edilmişdir. Sorğuda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə istinad olunaraq, vətəndaşın onun sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olması, o cümlədən tibbi sənədlərin surətlərini almaq hüququnun olması və bu səbəbdən sənədlərin təqdim edilməsi və cavablandırılması xahiş edilmişdir. “X3-Bakı” MMC-yə məxsus blankda təqdim edilmiş 23 iyun 2022-ci il tarixli 02/51 nömrəli cavab məktubunda isə həmin məlumatların həkim sirri olmasına istinad edilərək, məlumatların verilməsinə imtina edilmişdir. Həm pasiyentin, həm də onu təmsil edən nümayəndənin hüquqları pozulmuşdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 sentyabr 2022-ci il tarixli 2(011)-4759/2022 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi təmin edilmiş, cavabdeh “X7” tərəfindən «Arbitrium” vəkil bürosunun 09 iyun 2022-ci il tarixli 189 nömrəli məktubunda göstərilən sualların cavablandırılmaqla həmin məktubda qeyd edilən sənədlərin iddiaçıya təqdim edilməsi və dövlət rüsumu olaraq ödənilən 100 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı tərəfindən cavabdehdən təqdim edilməsi tələb edilən məlumatların həkim sirrini təşkil etməsi müəyyən edilsə də, cavabdehin məhz bu əsasla sorğuya cavab verməkdən imtina etməsi qanunsuz hesab edilməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunu, Mülki Məcəllənin 362.1, “Fərdi məlumatlar haqqında” Qanuna, Mülki Prosesual Məcəllənin 119.1, 124.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddia tələbini irəli sürməyə subyektiv hüququnun olub-olmaması məsələsini aydınlaşdırmamışdır. İddiaçıya münasibətdə cavabdeh tərəfindən qanun tələbləri pozulmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunu
12. Maddə 25. Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.
13. Maddə 53. Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
23. Göründüyü kimi iddiaçı vəkil olaraq təmsil etdiyi şəxsə hüquqi yardım göstərilməsi üçün cavabdehə sorğu ilə müraciət etmiş, cavabdeh müəssisə tərəfindən isə sorğuya cavab verilməsindən imtina edilmişdir.
24. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər: dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində; hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində; fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində; digər növ hüquqi yardım göstərilməsində.
25. Eyni zamanda iddiaçı müvəkkili Sevil Alıyeva tərəfindən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlarda təmsil etmək və onun adından çıxış etmək üçün səlahiyyətləndirilmişdir.
26. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehdən təqdim edilməsi tələb edilən məlumatların həkim sirrini təşkil etməsi müəyyən edilsə də, cavabdehin məhz bu əsasla sorğuya cavab verməkdən imtina etməsi qanunsuz hesab edilməlidir.
27. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4759/2022 saylı iş üzrə 23 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər