Məhkəmə qərarları › İş №2(103)-657/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-657/2024

09.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-657/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə olunmuş pul məbləğinin paylı mülkiyyətçilər arasında bərabər bölünməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bərabər bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1267/2023 nömrəli 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 32, 20 saylı mənzil üzərində İddiaçı və Cavabdeh ½ hissədə paylarının olması barədə xx.xx.2012-ci il tarixdə müvafiq olaraq ********** və ********** nömrəli qeydlər aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 32, 20 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş pul məbləğinin tərəflər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli mənzil onunla cavabdeh olan bacısının paylı mülkiyyətindədir. Mənzilin naturada bölünməsi mümkün deyil, nə də bacısı onun payını pulla ödəmək istəmir. Belə ki, cavabdeh ona yalnız 60-65 min manat civarında (özünün satdığı evin pulunun bir hissəsini) pul verəcəyini bildirmişdir. Halbuki, qeyd edilən ev 1969-cu ildə tikilməsinə baxmayaraq, daş Konstruksiyalı, Leninqrad layihəsi üzrə inşa edilmiş, çox geniş, rahat bir binadır və şəhərin mərkəzi dairəsində yerləşir. Belə mənzilin həmin ərazidə satış (bazar) dəyəri 200 min manatdan çox olduğu halda cavabdehin etdiyi təklif minimal olmaqla yanaşı, həmin ərazidə 2 otaqlı mənzil almaq üçün yetərsizdir. Bütün bu illər ərzində mənzilin kommunal xərcləri anaları Zoya Vahidova və tərəfindən ödənilmişdir. Cavabdeh qeyd edilən mənzilə daşındıqdan sonra o, paylı mülkiyyətdə olan mənzilə gedib-gəlmə, istifadə və sərəncam vermə kimi qanuni hüquqlarından məhrum olmuşdur.

4. "xxxx" MMc tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 32, 20 saylı mənzilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 220000 manat, likvid dəyəri 205000 manat təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3328 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsində yerləşən 32 saylı evin, 20 saylı mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 oktyabr 2023-cü il tarixli 2(005)-1267/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 32, 20 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş məbləğin mülkiyyətçilərin paylarına uyğun olaraq (İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə) bölünməsi, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 32, 20 saylı mənzilinin ilkin satış qiyməti 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməklə, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertizanın dəyəri olaraq 300 manat pulun ½ hissəsi, yəni 150 manat pulun İddiaçı, qalan hissəsi isə, yəni 150 manat pulun Cavabdeh tutularaq "xxxx" MMCnin hesabına ödənilməsi, keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 50 manat pulun ½ hissəsi, yəni 25 manat pulun İddiaçı, qalan hissəsi isə yəni 25 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmə göstərmişdir ki, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən mübahisəli əmlakın naturada ayrılmasının mümkünsüzlüyü müəyyən edilmişdir. Bu səbəbdən də iddia tələbi əmlakın naturada bölünməsi hissəsində təmin edilə bilməz. Cavabdeh tərəfindən iddiaçının payına münasib təklif olunan kompensasiya məbləği real bazar qiymətindən əhəmiyyətli dərəcə aşağı olması səbəbindən iddiaçı tərəfindən həmin məbləğin qəbulundan imtina edilmişdir. Belə ki, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən əmlakın bazar dəyərinin 220000 manat, likvid dəyərinin 205000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Yəni tərəflərin hər birinə çatası pul məbləği müvafiq hallarda 110000 manat və 102500 manat təşkil edir. Lakin cavabdeh tərəfindən iddiaçıya 75000 manat pul məbləği təklif olunmuşdur. Buna görə də iddiaçının bu məbləği qəbul etməkdən imtinası əsaslı olmaqla onun əmlakın açıq hərracdan satılması tələbi ilə iddia qaldırmaq hüququnu məhdudlaşdırmamalıdır.

8. Məhkəmə əmlakın hərracdan satış qiymətinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyindən əmlakın bazar dəyərinin 220000 manat, likvid dəyərinin 205000 manat təşkil etdiyi aydın olduğundan, əmlakın hərracdan satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 136.1, 213.1, 213.2, 215.1, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 221, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş ardıcıllığa əməl edilməmişdir. İddiaçı tərəfindən ona paylarına uyğun olaraq pul kompensasiyasının ödənilməsi barədə bildiriş göndərilməmişdir. İlkin satış qiyməti də düzgün müəyyən edilməmişdir. Müəyyən edilmiş dəyər mənzilin real dəyərindən qat-qat yuxarıdır. Mübahisəli mənzillə eyni texniki göstəricilərə malik olan, eyni ərazidə yerləşən mənzilin dəyəri 120000 manat civarındadır. Məhkəmə mənzilin ilkin satış qiymətini düzgün müəyyən etmiş olsa idi, cavabdeh tərəf həmin məbləğin onun payına uyğun hissəsinin ödənilməsini iddiaçıya təklif edə və ödəyərdi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. İddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

16. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

17. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir

18. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

19. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

20. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

28. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 32, 20 saylı mənzil üzərində İddiaçı və Cavabdeh ½ hissədə payları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”

30. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilin naturada bölgüsü mümkün deyildir. Həmçinin mənzilin iddiaçıya düşən hissəsinin dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi barədə də tərəflər arasında razılaşma mümkün olmamışdır. Belə ki, mütəxəssis rəyi ilə mənzilin bazar dəyəri 220000 manat müəyyən olunduğu halda, cavabdeh idiaçıya yalnız 75000 manat kompensasiya təklif etmişdir.

31. Mənzilin bazar dəyərinin 120000 manat olması barədə cavabdeh tərəfin dəlillərinə qiymət verən Kollegiya qeyd edir ki, əvvəla mütəxəssis rəyi kifayət qədər əsaslandırılmaqla, oxşar mənzillərlə müqayisəli şəkildə təhlil aparılmışdır, digər tərəfdən isə, cavabdeh özü hər hansı sübut (mütəxəssis rəyi, arayış və s.) təqdim etməmişdir. İşə apellyasiya icraatında baxılarkən cavabdehin nümayəndəsinin elektron kabinet vasitəsi ilə təqdim etdiyi elanlardakı satılan mənzillərin iki otaqlı olduğu müəyyən olunur, yəni hazırki iş üzrə mübahisəli mənzil dörd otaqlı olduğu halda, mənzilin bazar dəyəri ilə bağlı müqayisə aparmaq üçün iki otaqlı mənzillərə dair elanlar təqdim edilmişdir. O da qeyd olunmalıdır ki, həmin elanlardan da göründüyü kimi, iki otaqlı mənzillərin bazar dəyəri təqribən 147-148 min manat təşkil edir, belə olan halda isə dörd otaqlı mənzilin təqribən 200-220 min manat dəyərində olması şübhə doğurmamalırıdır.

32. Göründüyü kimi Mülki Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq, mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar çıxarılması üçün əsaslar vardır.

33. Lakin məhkəmə tərəfindən eyni zamanda satış qiymətinin müəyyən edilməsinin hüquqi əsası yoxdur. Belə ki, Mülki Məcəllənin 220-ci maddəsində paylı əmlakın açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar çıxarılarkən əmlakın satış qiymətinin müəyyən edilməsi vəzifəsi müəyyən olunmamışdır.

34. “İcra haqqında” Qanunun 61.1-ci maddəsinə görə vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

35. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

36. İcra icraatında əmlakın qiymətləndirilməsi əsasları və qaydaları da “İcra haqqnda” Qanunun 51-ci maddəsində müəyyən edilib. Adı çəkilən Qanunun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

37. Göründüyü kimi əmlakın açıq hərracdan satılması barədə məhkəmə qətnamələrinin icrası zamanı əmlakın qiymətinin müəyyən olunması icra məmurunun dəvət etdiyi qiymətləndirici tərəfindən həyata keçirilir.

38. Nəzərə alınmalıdır ki, qiymət özlüyündə daşınmaz əmlak bazarında tələb və təklif əsasında formalaşmaqla yanaşı, sabit olmayıb, bir sıra amillərin təsiri altında dəyişə bilər. Açıq hərracda satılmalı olan əmlakın işə baxmış birinci instansiya məhkəməsində müəyyən edilən qiyməti, həmin qətnamənin qanuni qüvvəyə minərək, icra məmuru tərəfindən hərrac təşkilatına sifariş edilənədək dəyişməsi mümkündür. Xüsusilə, birinci instansiya məhkəməsinin qətnaməsindən yuxarı məhkəmə instansiyalarına şikayət verilməsi, icra icraatı mərhələsində mümkün obyektiv ləngimələr (qətnamənin icrasına möhlət verilməsi, tələbkarın ərizəsi əsasında geri qaytarıldıqda və s.) səbəbindən qiymətin müəyyən olunduğu tarixdən hərracın keçirilməsinədək kifayət qədər uzun müddət keçməsi gözləniləndir. Bu halda, ötən müddət ərzində əmlakın qiymətinin dəyişməsinə görə yenidən qiymətləndirilməsi üçün əsasların yaranması gözləniləndir ki, bu da birinci instansiya məhkəməsində aparılan qiymətləndirməni əhəmiyyətsiz etmiş olur.

39. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi mənzilin dəyərinin müəyyən edilməsi hissəsində ləğv olunmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1267/2023 nömrəli iş üzrə 03 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 32, 20 saylı mənzilinin ilkin satış qiymətinin 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar