Məhkəmə qərarları › İş №2(103)-6570/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6570/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6570/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “əmlaklara dair qiymətləndirmə rəylərinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 2(009)-1437/2024 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı onların mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara dair Cavabdeh MMC tərəfindən verilmiş qiymətləndirmə rəylərinin ləğv edilməsi tələbinə dair iddia əriəzsi ilə məhkəməyə müraciət etmişdir . Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 2(009)- 1437/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı əmlaklara dair qiymətləndirmə rəylərinin ləğv edilməsi tələbinə dair mülki işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilmiş, iddiaçılara izah olunmuşdur ki, hökmün onların hüquq və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozan hissəsindən şikayət verə bilərlər. Həmin qərardaddan İddiaçı2 tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırımışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə onun cinayət işi üzrə məhkəmə hökmü ilə tanış olmadığını təsdiq edir. Məhkəmənin istinad etdiyi hökm ümumiyyətlə iş materiallarında yoxdur. Belə halda, məhkəmənin, həmin hökmdə qiymətləndirilən halların nədən ibarət olduğunu bilməsi mümkün deyildir. Bununla belə, həmin cinayət mühakimə icraatında bilavasitə iştirak etmişlər. Məhkəmənin istinad etdiyi hökmdə əmlakların qiymətləndirilməsi müzakirə predmeti olmamışdır, buna heç bir münasibət bildirilməmiş və əmlakların qiymətinə heç bir hüquqi qiymət verilməmişdir. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, müsadirə tədbirinin tətbiqi əmlakın qiymətləndirilməsi ilə şərtlənmir. Həmçinin, məhkəmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinin tələbini ümumiyyətlə nəzərə almamışdır. Qanunun tələbinə əsasən, “Qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur.” Obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhz məhkəmə tərəfindən baxılmalı olduğunun qanunla müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq işə baxmaqdan imtina etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 2(009)- 1437/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı1 həyat yoldaşı və İddiaçı2 atası Vilyam Hacıyev Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.1, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cinayət işinin istintaqı müddətində təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə mülkiyyət hüququ üzrə məxsus olan daşınar və daşınmaz (hazırki iddianın predmetini də təşkil edən əmlaklar da daxil olmaqla) əmlakların üzərinə həbs qoyulmuş, təqsirləndirilən şəxs barəsində qəbul edilən hökmlə həmin əmlaklar xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmuşdur. Həmçinin cinayət işinin istintaqı müddətində üzərinə həbs qoyulmuş əmlakalar Cavabdeh MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilmiş və müvafiq rəylər tərtib olunmuşdur. Hazırda isə iddiaçılar həmin rəydə müəyyən edilən qiymətlərin real olmama səbəbi ilə rəylərin ləğv edilməsi barədə tələb irəli sürmüşlər. Görünndüyü kimi iddiaçıların əmlakları üzərinə həbs cinayət təqibi həyata keçirilən dövürdə qoyulmuş və qiymətləndirilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsində məhkəmənin cinayət mühakimə qaydasında məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həll edilməli məsələlərə cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı və hansı əmlakın xüsusi müsadirə edilməli olduğu göstərilmişdir. Hazırda iddiaçıların mülkiyyətində olmuş və üzərinə ibtidai istintaq müddətində həbs qoyulmuş əmlaklar həmin əmlakların qiymətləndirilmələrinə dair mütəxəssislər tərəfindən verilmiş rəylərdə müəyyən edilən hallar da nəzərə alınmaqla dövlət nəfinə müsadirə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə sistemindən əldə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1786/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(101)-163/202 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır ( disk iş materiallarına əlavə olunub). Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçıların hazırki iddiada irəli sürdükləri dəlillər cinayət mühakimə icraatında müzakirə predmeti olmuş və onlara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılamalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçılara hökmün onların hüquq və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozan hissəsindən şikayət vermək hüquqları izah edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, həmin dəlillər əsassız olmuşdur. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılması müəyyən edilsə də, iddiaçıların hazırki iddiada irəli sürdükləri dəlillər cinayət mühakimə icraatında müzakirə predmeti olmuş və onlara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassız olmaqla formal mülahizələrdən ibarətdir və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 2(009)- 1437/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar