Məhkəmə qərarları › İş №2(103)-6575/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6575/2020

27.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6575/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X1, cavabdeh “X2-Bakı MMC”-nin (“X8” klinikası) nümayəndəsi və vəkili X4, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı “X8” klinikasına və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X8” klinikasına və Cavabdeh2 qarşı iddia ərizəsi sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, dərmanlara, aparatura müayinələrinə, ambulator, stasionar müalicələrə sərf etdiyi 3000 manatın, səhhəti ilə əlaqədar iş fəaliyyətinin dayandırılması ilə bağlı dəymiş 1350 manat maddi ziyanın, əməliyyata daxil olması ilə əlaqədar bankdan götürdüyü 2500 manatın və həmin pulun müqabilində ödədiyi 1165 manat faizin, maddi ziyanın əvəzi olaraq 10 000 manatın, mənəvi zərərin əvəzi olaraq 5000 manatın, dövlət rüsumu qismində ödənilmiş 30 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, anadangəlmə sidik saxlamamazlığı, qeyri-iradi sidik ifrazı xəstəliyindən əziyyət çəkir, uzun illərdir müalicələr alır. Bununla bağlı “X8” klinikasında çalışan mama-ginekoloq Cavabdeh2 müraciət etmiş, həkim ona baxış keçirərək əməliyyat olunmalı olduğunu bildirmiş, söz vermişdir ki, əməliyyat yolu ilə bu xəstəliyə 90-100 faiz son qoyulacaqdır. Ona inanıb xx.xx.2018-ci il tarixdə əməliyyata getmiş, əməliyyat üçün “Kapitalban”kdan 2500 manat kredit götürmüş, hələ də banka borcunu ödəyə bilməmiş, əsas borc məbləğindən əlavə olaraq 1165 manat da faiz ödəmək məcburiyyətində qalmışdır. Klinikanın bütün xərclərini borc hesabına ödəmiş, üstəlik daimi iş yerindəki qazancını da itirmiş, buna görə isə 1350 manat ziyana düşmüşdür. Himayəsində atasız azyaşlı qız övladı var, əməliyyatdan öncə və sonra həkim ona iki resept blankı yazmış, hər iki dərmanın xaricdən gətirilməsi üçün sifariş vermiş, üç ay həmin dərmanları mütəmadi qəbul etsə də, dərmanların heç biri nəticə verməmiş, vəziyyəti daha da pisləşmişdir. Cavabdeh2 müraciət edərək əməliyyatdan öncəki vəziyyətin aradan qalxmadığını, əməliyyatın fəsadlarının xəstəliyini daha da ağırlaşdırdığını bildirmiş, Cavabdeh2 onu yenidən müalicə etməyəcəyini, başqa həkimə müraciət etməyini məsləhət görmüşdür. Digər klinikalarda müayinələrdən keçərkən məlum olmuşdur ki, üzərinə əməliyyat düzgün aparılmamış sidik yoluna qoyulmuş “setka” infeksiyanın yaranmasına səbəb olmuşdur. Hətta heç bir həkim təkrar əməliyyatı üzərinə götürməmiş, bildirmişlər ki əvvəldən gəlsə idi müalicəsi mümkün olardı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, ekspert rəyinin qərəzli olduğunu, məhkəmə iclasında ekspertin onun suallarına cavab verə bilmədiyini nəzərə almadığını və ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlərin nümayəndələri (vəkilləri) isə şikayətin əsassız olduğunu bildirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının bildirdiyi faktiki hallara görə, həkim səhvi, düzgün müayinənin aparılmaması, eləcə də müalicə vasitələrinin düzgün seçilməməsi nəticəsində üzərində “X8” klinikasında həkim Cavabdeh2 tərəfindən aparılan əməliyyat uğursuz olmuş, səhhətindəki problem daha da ciddiləşmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1099.1-ci maddəsinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh xəstəxananın həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və səhhətində yaranmış problemlərin həkimin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən iki dəfə ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 403/KEŞ saylı rəyində göstərilmişdir ki "İddiaçı adına "X8 Klinikası”nda tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2018-ci il tarixdə xəstəxanaya daxil olmuş və aparılan müvafiq müayinələr əsasında ona "Stress tip sidik saxlamama. Uretrosele. Sistosele. Uşaqlıq boynunun elonqasiyası”diaqnozu düzgün təyin olunmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində ası, diaqnoza uyğun olaraq onun üzərində "Mançester əməliyyatı, kolporafiya, kolpoperineorafiya. Levatoroplastika.TOT” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmiş və əməliyyatla bağlı hər hansı fəsad müəyyən edilməmişdir ki, bu da xx.xx.2019-cu il tarixdə icra edilmiş Sistometriya müayinəsində qrafik əsasında öz təsdiqini tapmışdır. İddiaçı üzərində xx.xx.2019-cu il tarixdə icra olunmuş Sistoskopiya müayinəsi zamanı onun sidik kisəsində, sidik kanalında patoloji dəyişiklik, xora, qabarma, şişkinlik və ödem məyyən edilməmişdir”. Həmin Birliyin xx.xx.2020-ci il tarixli 75/KEŞ saylı rəyində isə aşağıdakılar göstərilmişdir: “...İddiaçı “X8 Klinikası”na müraciət etməmişdən öncə akad.M.C.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasında yüksək ixtisaslı mütəxəssislər tərəfindən müayinə olunmuş və onun "Stess tip sidik saxlamamazlığı, Xroniki sistit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir, İddiaçı "X8 Klinikasına” xx.xx.2018-ci il tarixdə daxil olduqdan sonra ona, klinik, laborator və instrumental müayinələr aparılmışdır, İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı üzərində icra edilmiş "Mançester əməliyyatı, kolporafiya, kolpoperineorafiya. Levatoroplastika.TOT” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonra xəstənin bildirdiyi şikayətlər subyektiv xarakter daşıyır. Həmçinin İddiaçı ilkin məhkəmətibbi ekspertizası zamanı aparılmış sistoskopiya müayinəsində onun sidik kisəsində, sidik kanalında patoloji dəyişiklik, xora, qabarma, şişkinlik və ödem müəyyən edilməmişdir”. İş materiallarında olan, Azərbaycan Tibb Universitetinin İ mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d. İslam Mahalovun “Tibbi yardımın təşkili” şöbəsinin müdiri Gülmirzə Poladova ünvanladığı, "Şikayətçi İddiaçı "X8” xəstəxanasında keçirdiyi əməliyyatla bağlı şikayətləri ilə əlaqədar tibbi sənədlər əsasında rəy”ində qeyd edilmişdir ki, "Şikayətçi 30.05-xx.xx.2018-ci ilədək akad. M.C.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasında ambulator müayinədən keçmişdir, "Stress sidik saxlamamazlığı, Xroniki sistit” diaqnozu qoyulmuşdur. Sonra xx.xx.2018-ci ci il tarixdə spinal anesteziya altında “Mançester əməliyyatı, ön-arxa kolporrafiya, levatoroplastika, TOT” əməliyyatı icra edilmişdir, xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışıdır. Xəstənin əməliyyatdan sonrakı şikayətləri detallıqla verilməyib. Lakin urofloumetriya müayinələrindən keçmişdir. Əməliyyatla bağlı hansısa bir patoloji dəyişiklik aşkar edilməyib. Əməliyyat və xüsusilə suburetral tor ilgəyi düzgün qoyulub, sidik kanalını sıxmır, hiperelevasiya yoxdur. Bu da qoyulan torların səhvsiz qoyulmasının əsas kriterisidir. Şikayətçi bilməlidir ki, "sress sidik saxlamamazlığı” varsa yeganə və qızıl standart sayılan əməliyyat suburetral torların yerləşdirilməsidir. Lakin əməliyyat önü şikayətlərinin bir qrupu və bu tip əməliyyatlar ümumiyyətlə 100% sağalma qarantiyası vermir. Yaxşılaşma da müvəffəqiyyət kimi qəbul olunmalıdır. Sidik saxlamamazlığına görə əməliyyat olunan qadınlar daimi nəzarətdə olmalıdır, ayrı-ayrılıqda yaranan ya davam edən əlamətlər əlavə medikamentoz korreksiya tələb edə bilər. Bundan başqa xəstə bütün sənədlərə qol çəkib və öz razılığını əməliyyatın seçimi ilə bildirib”. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında “Whatsapp” proqramı vasitəsilə aşağıdakı məzmunda yazışmalar aparılmışdır: “İddiaçı, 28, 31 iyul: salam doktor qruppaya görə məndən kağız istəyirlər verə bilərsiz? Xahiş edirəm; Salam İlahə həkim xəstəniz Günaydı, mən dediyim kağızı verə bilərdiniz? Xahiş edirəm, qruppaya çıxmaqla əlaqədar”. Cavabdeh2, 31 iyul: “Günay, uğurlu ola-ola mən öz əməliyyatıma yalandan uğursuz yazmağım düz olmazdı, məni düz başa düş, sən gərək əməliyyatdan öncə bunu edərdin, yenə də başqa həkimlə danışıb yazdıra bilərsən bəlkə, amma səni əməliyyat edən həkimə bunu etdirmək düzgün deyil”. İddiaçı, 31 iyul, 7 avqust: “burda heç bir problem yoxdur, kağızdır da, yazıb verirsiz ki, protez bədənə uyuşmadı”. “Salam həkim Günaydır, belə yazmağı istəyirlər: İddiaçı 08.062018-ci ildə tot əməliyyat olundu, sidik kisəsinə setka protez yerləşdirildi, 2 ay keçəndən sonra yoxlanış etdim setka bədənə uyuşmadı, qeyri-iradi sidik ifraz edir”. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-219/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar