Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6578/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Şirinov Ziya Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Salahova Günel Rövşən qızının nümayəndəsi və vəkili Muradov Altay Oqtay oğlunun iştirakı ilə İddiaçı Salahov Ramil Eldar oğlunun cavabdehlər Salahova Günel Rövşən qızına və Salahova Zemfira Ramil qızına qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” barədə ilkin, Salahova Günel Rövşən qızının Salahov Ramil Eldar oğluna qarşı “əmlakların bölünməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5501/2017 saylı, 19 aprel 2021-ci il tarixli qərardadından Salahova Günel Rövşən qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli, 2(006)- 5501/2017 saylı qətnaməsi ilə ilk iddia ərizəsinin təmin olunması, iddiaçı Salahov Ramil Eldar oğlu tərəfindən cavabdeh Salahova Günel Rövşən qızına 10.000 manat məbləğində pul kompensasiyası ödənilməklə cavabdehlər Salahova Günel Rövşən qızının və Salahova Zemfira Ramil qızının Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 111-də yerləşən 13 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, qeyd edilən pul kompensasiyasının ödənilməsi ilə cavabdeh Salahova Günel Rövşən qızının və Salahova Zemfira Ramil qızının Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 111-də yerləşən 13 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi ilə eyni vaxtda icra olunması, Salahova Günel Rövşən qızının Salahov Ramil Eldar oğluna qarşı “əmlakların bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Salahova (Bağırova) Günel Rövşən qızı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5501/2017 saylı, 19 aprel 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Salahova Günel Rövşən qızının şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5501/2017 saylı, 27 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, Salahova Günel Rövşən qızı müddəti ötürməklə apellyasiya şikayəti verməsinə baxmayaraq müddətin bərpasını da xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Günel Salahovanın nümayəndəsi və vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər tərəflər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, sözügedən qətnamə qəbul edilən zaman Salahova (Bağırova) Günel Rövşən qızının nümayəndəsi (Kazımov Adil Cavanşir oğlu) 15.09.2017-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş və həmin iclasda qəbul olunmuş məhkəmə aktından məlumatlı olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin (icra məmuru Nəriman Şəmşadlı) 04.05.2018-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, icra sənədinin icrası təmin edildiyindən Nəsimi Rayon Məhkəməsinin 02.08.2017-ci il tarixli, 2(006)-5501/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Salahova (Bağırova) Günel Rövşən qızının Nəsimi rayon İcra və probasiya şöbəsinə ünvanladığı 07.03.2018-ci il tarixli ərizəsindən görünür ki, Nəsimi tərəfindən ona ödənilməli olan 10.000 manat məbləğində pul kompensasiyasını icra məmuru vasitəsi ilə qəbul etmişdir. İş materiallarında olan 07.03.2018-ci il tarixli qəbzdən görünür ki, Salahova (Bağırova) Günel Rövşən qızı borclu Salahov Ramil Eldar oğlu tərəfindən ona ödənilməli olan pul məbləğini qəbul etmiş və qəbzin doğruluğunu imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, Günel Salahova (Bağırova) qətnamədən məlumatlı olmuşdur. Xüsusilə də qeyd edilməlidir ki, o, qətnamədə qeyd edilən kompensasiya məbləğini qəbul etmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Günel Salahova (Bağırova) qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5501/2017 saylı, 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Ziya Şirinov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6578/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6578/2021
22.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver