Məhkəmə qərarları › İş №2(103)-658/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-658/2022

18.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-658/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, e-2(003)-2647/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), cavabdehin övladları – 15.04.2009-cu il təvəllüdlü X5 və 27.11.2010-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılması və həmin mənzilin əşyalarından boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir, cavabdeh isə onun keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu X2 08.06.2008-ci il tarixdə nikaha daxil olaraq, rəsmi razılığı olmasa da onun mülkiyyətində olan həmin mənzilə gəlmiş və cehiz əşyalarını da gətirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş və boşanmadan sonra birgə nikahdan doğulmuş uşaqlarının analarının yanında qalması müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, nikahın pozulması haqqında akt qeydləri kitabında 16.05.2021-ci il tarixdə 189 nömrə ilə qeyd edilmişdir. Cavabdeh hazırda da onun mülkiyyətində olan mənzildə yaşayır, oradan çıxmaq və mənzilini boşaltmaq istəmir. Bu isə, onun mülkiyyət hüquqlarını, mənzildən istədiyi kimi istifadə azadlığını, o cümlədən rahatlığını pozur. Buna görə də hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia verərək, qeyd olunan mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu ilə 08.06.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq, el adəti ilə toy etdikdən sonra, onların yaşadığı mənzilə cehiz əşyaları ilə gəlin köçmüş və birgə nikahda yaşadığı dövrdə 2 uşaqları anadan olmuşdur. Cavabdeh ilə münasibətlər pisləşdiyindən aralarında olan rəsmi nikah pozulmuş, uşaqlar məhkəmənin qərarına əsasən onun himayəsində saxlanılmışdır. Hələ də uşaqları ilə sözügedən mənzildə yaşamaqla, oranın kommunal xərclərini ödəyir və öz vəsaiti ilə təmir işləri həyata keçirmişdir. Uşaqları mübahisəli mənzilə yaxın yerləşən məktəbə gedirlər, poliklinikada qeydiyyatdadırlar və o, orada pasport qeydiyyatındadır. 2008-ci ildən bu günə kimi iddiaçının mülkiyyətində olan mənzildən istifadə etdiyinə və yaşadığına görə hesab edir ki, həmin mənzildən istifadə hüququ yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) 25 avqust 2021-ci il tarixli, e-2(003)-2647/2021 saylı qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunması, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsasən qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozlması ilə çıxarılmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində və orada göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onunla keçmiş həyat yoldaşı arasında birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə məhkəmə mübahisəsi gedir. Belə ki, Bakı şəhəri Xəzər Rayon 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə ünvan 1, mənzil 7 üzərində onun 1/10 hissədə, X3 9/10 hissədə, «Hyundai Elantra» markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobil üzərində isə hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. Lakin, həmin qətnamə hazırda qüvvəyə minməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə onları qane etsə də, məhkəmə əsaslandırıcı hissədə səhvən mübahisə predmeti olan mənzilin 2017-ci ildən iddiaçının xüsusi mülkiyyətində olmasını müəyyən etmiş, bu səbəbdən də mübahisəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına əsasən həll etmişdir. Halbuki, mənzil 12 fevral 1992-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir. Belə olan halda isə, cavabdehin Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ yaranmamışdır. Hesab edir ki, məhkəmə kollegiyası bu hala hüquqi qiymət verəcəkdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu və s.). Həmçinin, yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən edilmiş faktiki hallarına görə, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil 25 saylı Dövlət Notariat Kontorunun D-1/53 reyestr nömrəli, 15.01.1992-ci il tarixli bağışlama müqaviləsinə əsasən 12.02.1992-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Sonradan iddiaçının adına RX seriyalı ******* nömrəli 23.09.2017-ci il tarixli dövlət reystrindən çıxarış verilmişdir (əsas: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 29.12.2021-ci il tarixli, **********14 saylı məktubu və ona əlavə edilmiş sənədlər). Cavabdeh 08.06.2008-ci il tarixdə iddiaçının oğlu X2 nikaha daxil olaraq, mülkiyyət hüququ ilə qaynanasına (iş üzrə iddiaçı) məxsus qeyd olunan mənzilə gəlin köçmüş, cehiz əşyalarını da özü ilə birlikdə həmin mənzilə gətirmiş və tərəflərin bu nikahdan 15.04.2009cu ildə Teymur və 27.11.2010-cu ildə David adlı uşaqları doğulmuşdur. Bir müddət birlikdə yaşadıqdan sonra ailə münasibətləri pozulmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və boşanmadan sonra uşaqların analarının yanında qalmaları müəyyən edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 iyun 2021-ci il tarixdə 189 nömrəli akt qeydi tərtib olunmuşdur. Cavabdeh hal-hazıradək uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Hazırda iddiaçı, keçmiş gəlini olan cavabdehin onun ailə üzvü sayılmadığını bildirərək, onun azyaşlı uşaqları ilə birlikdə ona məxsus mənzildən çıxarılmasını və orada olan əşyalarının boşaldılmasını, cavabdeh isə mübahisəli mənzilə istifadə hüququnun tanınmasını tələb edir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd edərkən mübahisəli mənzilin iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə 2017-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alındığını bildirərək, yalnız Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəalarına istinadən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh və onun uşaqları iddiaçının ailə üzvü hesab edilmədiyindən, iddiaçı ilə birlikdə qeyd edilən mənzildən istifadə hüququna malik olmamaqla, o cümlədən AM-in 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasına da aid olmadığından iddia təmin edilməklə cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən çıxarılmalı və ona məxsus əşyaların mübahisəli mənzildə qalması iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan boşaldılmalıdır. Kollegiya, ilk və qarşılıqlı iddia tələbinin faktiki və hüquqi əsalarını birlikdə qiymətləndirərək, aşağıdakılara əsasən rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə mübahisəli mənzilin hansı tarixdən iddiaçının xüsusi mülkiyyətində olması halını düzgün müəyyən etməmiş, buna uyğun olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını tətbiq etməmişdir. MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-cü il tarixli qərarına əsasən - 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən - yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdə olan sübutlara (bağışlama müqaviləsi, qeydiyyat vəsiqəsi, DƏDRX-nin arayışı və s.) əsasən - mübahisəli mənzil 1992-ci ildən iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçməklə həmin vaxtdan onun mülkiyyətindədir. Cavabdeh isə 2008-ci ildə iddiaçının oğlu ilə ailə quraraq həmin vaxtdan orada yaşamağa başlamışdır. Belə olan halda, tərəflər arasında həmin vaxt iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə dair münasibətlər 2008-ci ildən yarandığından mübahisəyə tətbiq olunmalı olan əsas norma kimi Azərbayca Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi çıxış etməlidir. Mülki Məcəllənin mənzildən istifadə hüququnu tənzimləyən 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Göründüyü kimi mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün ya mülkiyyətçi ilə notarial qaydada bağlanmış müqavilə, ya da birgə yaşayan ailə üzvü (ər, arvad, valideyn, uşaq) statusu olmalıdır. İşin faktiki hallarına əsasən isə cavabdeh mülkiyyətçinin gəlini olmaqla, onun ailə üzvləri sayılmır. Eyni zamanda, tərəflər arasında mübahisəli mənzildən istifadə sahəsində notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma da mövcud olmamış, cavabdehin istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göstərilənlərə əsasən, Kollegiya bu qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır, onun uşaqları ilə birlikdə sözügedən yaşayış sahəsində müəyyən müddət ərzində faktiki yaşaması halı isə özü-özlüyündə istifadə hüququnun yaranmasını da şərtləndirməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlər ilk iddianın əsaslı, qarşılıqlı iddianın əsassız olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Bununla yanaşı, qeyd edilməlidir ki, cavabdehin 2009-cu ildən sonra da mübahisəli mənzildə yaşamaqda davam etməsi faktı onun hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları baxımındanda mənzildən istifadə etmək hüquqlarını yaratmamışdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində əmlak mülkiyyətçinin ailə üzvü hesab edilmir. Qeyd edilən normada (2-ci cümlədə), həmçinin qeyd edilmişdir ki, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyinə (gəldiyi nəticəyə) görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). İddiaçı isə qeyd edilən kateqoriya şəxslərə aid deyildir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» 22.01.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Beləliklə, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən faktiki istifadə etməsi heç bir hüquqi əsasa söykənməməklə, qanunsuzdur. Belə olan halda isə ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Odur ki, hazırda əşyaları mübahisəli mənzildə olan cavabdehin oradan çıxmaması iddiaçının öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bununla yanaşı, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi ilə boşanmadan sonra uşaqların analarının (Cavabdeh) yanında qalmaları qət olunmuşdur. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə hazırki vəziyyətdə iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsindən istifadə etməsi (yaşaması) hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yuxarıda sadalanan əsaslarla iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, e-2(003)- 2647/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, e-2(003)- 2647/2021 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin olunsun. Cavabdeh uşaqları 15 aprel 2009-cu il təvəllüdlü X5 və 27 noyabr 2010-cu il təvəllüdlü X7, həmçinin özünə məxsus əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar