Məhkəmə qərarları › İş №2(103)-6584/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6584/2020

03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6584/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdehin nümayəndələri X6 və X4 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh-yə qarşı istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığın pozulmasına görə müavinətin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)-7780/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə ona təyin olunmuş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı vaxtdan, yəni 1992-ci ildən etibarən Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı X10 57 nömrəli X1 (PMK-57) fəhlə işlayərkən xx xxxxxx 1991-ci ildə iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Bu barədə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. O, aldığı xəsarət nəticəsində həkim ekspert komissiyasının rəyinə əsasən əmək qabiliyyətini 60% itirməklə İİİ qrup əlil hesab edilmişdir. İşdə aldığı xəsarətə görə ona aylıq müavinət təyin edilmişdir. Lakin 1992-ci ildən etibarən ona kompensasiyanın ödənilməsi dayandırılmışdır. İddiaçı ödənclərin alınması üçün yenidən müraciət etsə də, Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi ona təyin olunmuş ödənişləri ödəməkdən imtina etmiş və səbəbi kimi 57 nömrəli SMD-nin özəlləşdirilməsini göstərmişdir. Belə olduğu halda, o, Cavabdeh-yə müraciət etmişdir. Lakin oradan ona bildirilmişdir ki, qeyd olunan ödənişləri yalnız məhkəmə qərarından sonra ona ödəyə bilərlər. Buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxxxx 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə İddiaçı təyin olunmuş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı vaxtdan, yəni 1992-ci il tarixdən etibarən Cavabdeh-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” xx xxxxxxx 2004-cü il tarixli 468 nömrəli sərəncamı əsasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-cı il tarixli Sərəncamına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin yerləşdirilməsi, texnikanın qəbulu, saxlanması, lizinqə verilməsi, habelə texniki servis xidməti işinin təşkili məqsədilə “Yevlax Kəndtikinti” 57 nömrəli X5 Cəmiyyətin balansına verilmişdir. İddiaçı aldığı xəsarət nəticəsində həkim ekspert komissiyasının rəyinə əsasən əmək qabiliyyətinin 60%-ni itirməklə əlil hesab edilmiş və ona aylıq müavinət təyin edilmişdir. 1992-ci ildən etibarən ona kompensasiyanın ödənilməsi dayandırılmış, Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi ona təyin olunmuş ödənişləri ödəməkdən imtina etmiş və səbəb kimi müəssisənin özəlləşdirilməsini göstərmişdir. Halbuki “Yevlax Kəndtikinti” 57 nömrəli X5 Cəmiyyətin balansına xx xxxxxxx 2005-ci il tarixdə verilmişdir. Bu barədə məhkəmə prosesləri dövründə məhkəmənin nəzərinə çatdırılsa da, buna hüquqi qiymət verilməmişdir. 1992-ci ildən, yəni kompensasiyanın dayandığı vaxtdan müəssisənin özəlləşdiyi 2005-ci il tarixədək iddiaçının hərəkətləri və ödəməni aparacaq dövlət müəssisəsinin hüquqi dairəsi müəyyənləşdirilməmişdir. Digər tərəfdən kompensasiyanın verilməsinin dayandırılması qeyri-müəyyən vaxt olaraq 1992-ci il göstərilmiş, bu barədə qətnamədə hər hansı tarix göstərilməmişdir. Həmin müəssisə Cəmiyyətin balansına keçərkən təhvil-təslim keçirilərkən üzləşmə sənədlərində İddiaçı həmin müəssisədə işləməsi və ya müavinət alması barədə məlumat olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin qət etdi hissəsində ödəniləcək məbləğin ödənilməsi proseduru, məbləği göstərilməmiş və qeyrimüəyyən pul məbləğinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(103)-2187/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)-7780/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(102)- 4905/2018 saylı qərarı ilə Cavabdeh-nin kassasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-1052/2019 saylı qətnaməsi ilə Cavabdeh-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7780/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(102)- 3935/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 1052/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(103)-9781/2019 saylı qətnaməsi ilə Cavabdeh-nin apellyasiya şikayəti təmin edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)- 2335/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-9781/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh-nin nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 57 nömrəli SMD-də fəhlə işləyərkən xx xxxxxx 1991-ci ildə iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, ona xx xxxx 1992-ci ildən 2-ci qrup əlillik, xx xxxx 1994-cü ildən isə 3-cü qrup əlillik təyin edilmiş və hal-hazırda əmək qabiliyyətini 60% itirmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin xx xxxx 2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 57 nömrəli SMD-də fəhlə işləmişdir. Hal-hazırda göstərilən idarə Cavabdeh kimi fəaliyyət göstərir, idarə özəlləşdiyi üçün DSMF-nin Yevlax rayon şöbəsi “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.5-ci bəndinə uyğun olaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı üçün ona verilən müavinət ödənilə bilməz. Müavinət özəlləşdirilən Cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X7 tərəfindən verilmiş arayışla müəyyən olunmuşdur ki, Yevlax Kəndtikinti 57 nömrəli X2 hüquqi varisi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli 314 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət X9 üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh ilə razılaşdırılmış təklifi qəbul edilmiş, Azərbaycan Respublikası Dövlət X9 üzrə Dövlət Komitəsinin sərəncamına verilmiş digər idarələrlə yanaşı Yevlax şəhəri Nizami küçəsi, 6 ünvanında yerləşən “Yevlax Kəndtikinti” 57 nömrəli SMD Cavabdeh-nin balansına verilmişdir. Sərəncamın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət X9 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Cavabdeh-nin və digər maraqlı tərəflərin iştirakı ilə bu sərəncamın 1-ci bəndində Cəmiyyətə təhvil verilməsi nəzərdə tutulan obyektlərin debitor və kreditor borcları barədə mövcud qanunverciliyə uyğun qaydada tədbir görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2019-cu il və xx xxxxxxx 2019-cu il tarixli məktubları ilə müəyyən olunmuşdur ki, “Yevlax Kəndtikinti” 57 nömrəli SMD-nin özəlləşdirilməsi həyata keçirilməmiş, həmin müəssisə Cavabdeh-nin balansına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2018-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli 314s saylı sərəncamına əsasən Yevlax şəhəri Nizami küçəsi, 6 ünvanında yerləşən “Yevlax Kəndtikinti” 57 nömrəli X5 Cavabdehnin balansına verilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə İddiaçı təyin olunmuş müavinət, kompensasiya və digər ödənişlərin ödənilib-ödənilməməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İş materiallarında olan istehsalatda baş vermiş bədbəxt hadisəyə dair xx xxxxxx 1991-ci il tarixli aktdan (i.v.6-7) görünür ki, həmin tarixdə nahardan sonra saat 14:50-də fəhlələr dəmir beton monolit sütuna beton tökərkən birinci blokun ikinci mərtəbəsində işləyən İddiaçı birdən ayağı büdrəyib 2 metr hündürlükdən yıxılmış və başından zədə almışdır. Həmin aktda hadisənin səbəbi kimi İddiaçı təhlükəsizlik texnikası qaydalarına düzgün riayət etmədiyi göstərilmişdir. Beləliklə, İddiaçı xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisədə işəgötürənin təqsirli olması, həmin hadisəyə görə işəgötürənin hüquqi məsuliyyətə cəlb olunması müəyyən edilməmişdir. Buna görə də, İddiaçı istehsalat xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə nə işəgötürən “Yevlax Kəndtikinti” 57 nömrəli X3, nə də həmin müəssisənin birləşdiyi Cavabdeh-dən hər hansı ödənc tələb oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı sağlamlığının pozulmasına görə ona işəgötürən tərəfindən müavinət ödənilməsi, həmin müavinətin 1992-ci ildən kəsilməsi barədə heç bir sübut yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası MPM-in 385-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)- 7780/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh-yə qarşı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə aylıq ödəncin və borcların ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar