Məhkəmə qərarları › İş №2(103)-6586/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6586/2020

09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6586/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)-7654/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 200.000 (iki yüz min) dirhəm məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən X3 Dubay şəhərində ticarətlə məşğul olur. 2013-cü ildə Cavabdeh ilə tanış olmuş və həmin vaxtdan o Dubayda işlətdiyi mağazada satıcı işləməyə başlamışdır. Cavabdeh 2017-ci ilin dekabr ayının sonunadək mağazada işləmişdir. iddiaçı 2017-ci ilin dekabr ayının ortalarında mağazada haqq-hesab edərkən külli miqdarda pulun çatışmadığını görmüşdür. Cavabdeh xx.xx.2017-ci ildə olan əlyazmasında bildirmişdir ki, onun üçün nəzərdə tutulmuş seyf qutusundan 200.000 dirhəm pul götürərək səhv edib və o qeyd olunan tarixdən etibarən 2 gün ərzndə pulları geri qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və ödənilməli olan pulu iddiaçıya ödəməmişdir. həmin əlyazma cavabdehin imzası ilə təsdiq edilmişdir. Bununla da cavabdehin iddiaçıya 200.000 dirhəm borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(001)- 7654/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 200000 X5 dirhəmi (manatın ödəniş gününə məzənnəsi ilə) və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutularaq ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmasının əsası kimi xx.xx.2017-ci il tarixli əlyazmaya, cinayət işinə xitam verilməsi haqqında xx.xx.2018-ci il tarixli qərara, MM-in və MPM-in müvafiq maddələrinə istinad edərək iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən iclasın vaxtı barədə heç bir məlumat verilməmişdir. Bununla da Binəqədi Rayon Məhkəməsi tərəfindən işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə işə məhkəmə iclasında baxılması və məhkəmə prosesinin tərəflərin bərabər prosessual hüquqlarının təmin edilərək çəkişmə prinsipi əsasında aparılmasına dair MPM-in 9.3 və 173-cü maddələrinin tələbləri bilərəkdən kobud şəkildə pozulmaqla qərar qəbul edilmişdir. Həmçinin iş materiallarında əlyazmanın əsli yoxdur. Həmçinin həmin əlyazmanın təsdiq edilmiş tərcüməsi iş materiallarında mövcud deyil. Mövcud iddianın əsasını İddiaçı məxsus seyfdən onun tərəfindən 200.000 dirhəmin oğurlanması və oğurlandığı iddia edilən həmin pulun qaytarılması barədə ingilis dilində yazılaraq ona zorla imza etdirilən əlyazma təşkil edir. Cinayət işinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın 7-ci səhifəsində onun İddiaçı 200.000 dirhəm pulunu oğurlayaraq ələ keçirməyi ilə bağlı xüsusatların təsdiqini tapmadığı və həmin xüsusatları təsdiq edən obyektiv sübutun olmadığı barədə hüquqi qiymət verilmişdir. Qanunvericiliyə əsasən təqsirsizlik prezumpsiyası hüququ vardır və oğurluq cinayətini törətməkdə təqsirli olduğu cinayət mühakimə icraatı qaydasında sübuta yetirilmədən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan, hətta bəraətverici əsaslarla qəbul edilmiş xitam qərarında onun İddiaçı 200.000 dirhəm pulunu oğurlayaraq ələ keçirməyi ilə bağlı xüsusatların təsdiqini tapmadığı və həmin xüsusatları təsdiq edən obyektiv sübutun olmadığı barədə hüquqi qiymət verilməsinə baxmayaraq işə baxan məhkəmə tərəfindən oğurlanmış pulun qaytarılması barədə yazılaraq ona zorla imza etdirilmiş əlyazmaya istinad edilərək cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi yolverilməzdir və olduqca kobud qanun pozuntusudur. xx.xx.2019-cu il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 50.000 X5 dirhəminin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2017-ci il tarixdə Bakı şəhərində rəsmi nikaha daxil olaraq ailə qurmuş və bundan sonra həyat yoldaşı ilə birlikdə BƏƏ-nin Dubay şəhərinə köçərək orada yaşamışlar. Uzun müddət ərzində uşaqları olmadığı üçün 2013-cü il tarixdə nikahkarı pozulmuş, lakin normal münasibətləri davam etmişdir. Bundan sonra Dubay şəhərində yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı işçi vizası ilə onun yanında satıcı kimi işləməyə başlamışdır. O, türk, ərəb, ingilis və rus dillərini təmiz bilir və Gülnarə onun bu imkanlarından öz işlərində istifadə etmişdir. xx.xx.2017-ci il tarixdə Gülnarə ona təcili 50.000 BƏƏ dirhəmi lazım olduğunu bildirərək ondan həmin pulun keçmiş həyat yoldaşından alaraq ona borc verməsini xahiş edərək pulu bir-iki ay ərzində qaytaracağını bildirmiş və o, keçmiş həyat yoldaşından həmin gün 50.000 BƏƏ dirhəmi alaraq ona vermiş və Gülnarə 50.000 dirhəmin borc götürülməsi barədə ona bank çeki vermişdir. O, Gülnarəyə 50.000 dirhəmi borc verdikdən 2 ay keçdikdən sonra borcun qaytarılmasını xahiş etmiş, lakin Gülnarə hər dəfə borcu yaxın vaxtda qaytaracağını bildirərək 50.000 dirhəm borcu qaytarmamışdır. O, Gülnarənin etdiyi əməlllərə dözməyərək, eləcə də çoxsaylı dil bilən şəxs kimi Dubay şəhərində yerləşən şirkət tərəfindən yüksək maaşlı işə dəvət olunduğu üçün 2017-ci ilin dekabr ayının ortalarında o, Gülnarəyə işdən çıxaraq Azərbaycana qayıtmaq və viza alaraq həmin şirkətdə işləmək istədiyini bildirərək ondan onun işçi vizasından çıxarılmağını və borclu olduğu 50.000 dirhəmin verilməsini xahiş etdikdə o, guya razı olduğunu bildirərək sənədlərini almış və bundan bir neçə gün sonra Əhməd adlı qoçusu mağazaya gələrək onun əl çantasında guya 200.000 BƏƏ dirhəmini aşkar etdiklərini, həmin pulu Gülnarənin seyfindən oğurladığını bildirib ona işgəncə verəcəyi ilə hədələyərək Gülnarədən 200.000 dirhəm götürməyi və 2 günə qaytaracağı barədə yazdıqları əlyazmaya imza etməyini tələb etmişdir və o, qorxduğu üçün həmin əlyazmanı imzalamışdır. Bundan sonra onlar onun sənədlərini verməyəcəklərini, onu heç bir yerə buraxmayacaqlarını və Gülnarənin yanında işləyəcəyini bildirmişlər. O, Dubay şəhərində ailəsi ilə birlikdə yaşayan və həyat yoldaşı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Həmiyyət adlı qadına köməklik göstərməsi üçün müraciət etmiş və onun köməkliyi ilə Gülnarənin yanından çıxaraq bir müddət Həmiyyətin evində qalmışdır. O, Bakı yaşayan anasına zəng etmiş, anası xx.xx.2017-ci il tarixdə Dubay şəhərinə gəlmiş və müvafiq hüquq mühafizə orqanlarına müraciət etmişlər. Həmçinin pulun oğurlanması barədə Dubay polisinə şikayət edərək ona imzalatdırdıqları əlyazmanı polisə təqdim etmişdir. Gülnarə Dubay polisi tərəfindən yalanının ifşa olunduğunu və böhtanla bağlı məsuliyyətə cəlb ediləcəyindən qorxduğu üçün şikayətini və təqdim etdiyi əlyazmanı geri götürmüşdür. Həmçinin sənədlər Gülnarədən alınaraq ona qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11336/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7654/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 200 000 (iki yüz min) X5 dirhəmi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsiqarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh həmin qətnamədən kassasiya şikayəi verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1998/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin olunan hissəsində ləğv edilərək mülki işin həmin hissədə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili K.Əliyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili N.İsgəndərova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb Ali Məhkəmənin göstərişlərini rəhbər tutuaraq iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2017-ci il tarixli əlyazmasından görünür ki, iddiaçı üşün nəzərdə tutulmuş seyf qutusundan 200.000 X5 Dirhəmi pul götürərək səhv etmişdir və o, qeyd olunan tarixdən etibarən 2 (iki) gün ərzində pulları geri qaytaracağını öz öhdəsinə götürmüşdür. əlyazma cavabdehin imzası ilə təsdiq olunmuşdur. Binəqədi rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli cinayət işinin istintaq icraatına xitam verilməsi haqqında qərarın nəticə hissəsinin 3-cü bəndində bildirilmişdir ki, Cavabdeh 200.000 X6 dirhəmi götürməsi və 2 günə qaytarmasını vəd etməsi mülki xarakter daşıdığından tərəflər bu barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, 20 ildir ki, Dubayda yaşayır. Bir gün İradə ona zəng etdi. Gedib görmüşdür ki, üstü-başı qandır. Deyib ki, ona 200.000-ə qol çəkdiriblər. İşdən çıxartmırlar. Polisə getmişlər. Orada demişlər ki, 200.000 dirhəm oğurlayıb. İradə demişdir ki, o, qorxub qol çəkmişdir. Vəkil tutub məhkəməyə vermişlər. Məhkəmə qərar vermişdir ki, pasport qaytarılsın. Həmçinin, ölkədən çıxışına da məhdudiyyət qoyulmuşdu, o da götürülmüşdür. Şəkil göstərirlər ki, pulu çantada çəkiblər. Polis soruşdu ki, pulu niyə götürməmisən, cavab vermədi. Deyirdi ki, onun 300.000 gəliri var. Gəlirinin olması barədə polis sənəd istədi, lakin o vermədi və çıxdı getdi. Polisə 5-ci gün getmişlər, demişlər ki, sabah gəlin. Burnu, üstü-başı qan içində idi. Xəsarət almasına görə yazıb-pozdular, lakin sübuta yetirmədilər. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İradə ona zəng etmişdir ki, Gülnarə xanımla problemi olub. 200.000 dirhəm kassadan pul oğurladığını demişdir. O demişdir ki, polisə ver. Onun gəlməyini istəmişdir. O getmiş, vəkil tutmuşlar. Məhkəmə olmuş, heç bir sübut təqdim edilməmişdir. xx.xx.2017-ci il tarixdə o qayıtmış, xx.xx.2018-ci il tarixdə yenə məhkəmə olmuşdur. Polis 3 ay Gülnarəni çağırmış, o, gəlməmişdir. Sonra qızının sənədlərini qaytarmışlar. Burada da polisə müraciət etmişlər. Öz təsdiqini tapmamışdır. O, orada məhkəməyə getməmişdir, vəkil getmişdir. Qızı 17 dekabrda ona zəng etmişdir. Demişdir ki, onu döyüblər. Demişdir ki, onu məcbur etdilər ki, qol çəksin. O, döyülməsini görməmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ilkin iddianın təmin olunan hissəsində ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qətnaməsini ləğv edərkən qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının istinad etdiyi, yeganə sübut olan, ingilis və ərəb dilində yazılmış qəbzin borc müqaviləsi, və yaxud borcun etirafı barədə müqavilə olmasını aydınlaşdırmamış, borc münasibətlərini nizama salan maddi hüquq normasını tətbiq etməklə belə hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətləridir. Kollegiya hesab edir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin istinad etdiyi xx.xx.2017-ci il tarixli əlyazma tərəflər arasında borc münasibətləri olmadığından borcun etirafı kimi qiymətləndirilə bilməz. Belə olan halda, birinci instansiya məhkəməsi qeyd edilən əlyazmaya əsaslanmaqla tərəflər arasındakı münasibətə borc müqaviləsi haqqında müddəaları tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Sözügedən qəbzin təsdiq edilmiş tərcüməsində qeyd olunur ki, “Cavabdeh 200 000 dirhəm pul götürərkən səhv etmişəm. X10 şirkətində işləyirəm, bu pullar xanım İddiaçı üçün nəzərdə tutulmuşdur. Bununla mən burada qeyd edilən tarixdən etibarən iki gün ərzində pulları geri qaytaracağıma söz verirəm.” əlyazmasının mətnindən də müəyyən edilir ki, iddiaçı cavabdehə borc verməmişidir və bu borcun etirafı deyildir. Mülki Məcəllənin 882.1. maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2. maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5. maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya hesab edir ki, hazırki işdə 882.5-ci maddədə nəzərdə tutulan hesablaşma və razılaşma barədə məhkəməyə sübutlar təqdim edilmədiyindən həmin normanın tətbiqi də mümkün deyildir. Cinayət işinin istintaq icraatına xitam verilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərardan (i.v. 12-17) görünür ki, ilk iddiaçının oğlu Natiq Hüseynovun və Çingiz adlı digər şəxsin şikayəti əsasında onlara qarşı dələduzluq edilməsi faktı əsasında cinayət işi başlanaraq istintaq aparılmışdır. Ərizəçilər onların Gülnarəyə vermək üçün Cavabdeh verdikləri pulun (əşyaların) aldadılaraq cavabdeh tərəfindən mənimsənilməsini və dələduzluq edilməsini bildirərək hüquq mühafizə orqanlarına müraciət etmişlər. Həmin fakt üzrə cinayət işi istinaq olunarkən İddiaçı da işə qoşularaq cavabdehin ona qarşı da dələduzluq etməsini, Dubayda onun mağazasında işlədiyi müddət ərzində 200.000 ABŞ dolları pulunu ələ keçirməsini, 200.000 Dirhəm pulunu seyfdən götürməsini bildirmiş və həmin faktlar da araşdırılmışdır. Cinayət işinin yekunu olaraq qəbul edilmiş yuxarıda qeyd olunan qərarda Cavabdeh qıznın digər şikayətçilərdən pul alaraq dədəduzluq etməsi, İddiaçı mağazasından 200.000 ABŞ dolları pulunu ələ keçirməsi təsdiq olunmadığından cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmişdir. Hansıki, iddiaçı iddia ərizəsində qeyd edirdi ki, cavabdeh Dubay şəhərində ona məxsus olan mağazada satıcı işləmiş və 2017-ci ilin dekabr ayında mağazada haqq-hesab edərkən külli miqdarda pulun çatışmadığını aşkar etdikdən sonra cavabdeh qəbz yazaraq ona məxsus seyfdən 200.000 Dirhəm pul götürməsini etiraf etmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən, kassasiya instansiyası məhkəməsinin göstərişinə müvafiq olaraq, cinayət işində keçən 200.000 ABŞ dolları (hansıki təsdiqini tapmadı) ilə seyfdən götürülməsi israr olunan 200.000 Dirhəm pulun fərqli pullar olub-olmaması araşdırılmış və iddiaçı tərəf 200.000 ABŞ dollarının cavabdehlə aralarında olan başqa mübahisə ilə əlaqəli olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdeh arasında öhdəlik münasibətlərinin möcudluğunu təsdiq edən hər hansı sübut olmadığından və istinad olunan əlyazma borc müqaviləsi hesab edilmədiyindən birinci instansiya məhkəməsinin 200.000 X5 Dirhəminin cavabdehdən tutularaq iddiaçıya ödənilməsindən ibarət gəldiyi nəticə əsassız olmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)- 7654/2018 saylı qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar