Məhkəmə qərarları › İş №2(103)-6587/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6587/2021

24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6587/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(006)-368/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-cu il tarixli 2(006)-368/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 988 manat pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması və dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2020-ci tarixli 2(006)-368/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti imzalanmadığına görə geri qaytarılmışdır. Daha sonra cavabdeh yenidən apelyasiya şikayəti vermis, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2020 saylı 14 avqust 2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsini təsdiq edən sübut əlavə edilmədiyindən apelyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh mövcud qətnamədən 19.10.2020-ci il tarixdə apelyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddəti ötürməklə vermiş, apelyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddətin bərpa edilməsi ilə bağlı vəsatət verməmişdir. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci tarixli 2(006)-368/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmış, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2245/2021 saylı 22 fevral 2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, məhkəmənin 13.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh ərizə ilə müraciət edərək, qətnamədən verilmiş apelyasiya şikayətinin müddətinin ötürülmüş hesab edilməməsi və həmin şikayətin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, ərizədə göstərmişdir ki, tərəfindən verdiyi şikayət imzalanmadığına və rüsum əlavə edilmədiyinə görə geri qaytarılmış, həmin nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar şikayət vermişdir. Müddəti ötürməmişdir, rüsum ödəmədiyinə görə şikayəti geri qaytarıldığına görə müddət ötürülməmiş hesab edilməli və apelyasiya instansiyasına göndərilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(006)-368/2021 saylı qərardadı ilə Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-cu il tarixli 2(006)-368/2020 saylı qətnaməsindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət vermiş, şikayət məhkəmənin 20.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsi rədd edilməlidir. Kollegiya əvvəla qeyd edir ki, cavabdeh apelyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə müraciət etmiş olsa da, məhkəmə tərəfindən həmin ərizəyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə kimi qiymət verilərək, müddətin cavabdeh tərəfindən ötürülməsinin üzrlü hesab edilməməsi və ərizənin təmin edilməməsi nəticəsinə gəlinmişdir. Buna görə məhkəmənin qərardadı ləğv edilməlidir. Cavabdehin ərizəsinə münasibətdə isə Kollegiya qeyd edir ki, cavabdeh müddətin ötürülmədiyini hesab etsə də, iş materiallarından müəyyən edilir ki, o, qətnaməni 14.07.2020-ci il tarixdə rəsmi qaydada almış, 06.08.2020-ci il tarixdə daxil olmuş apelyasiya şikayəti məhkəmənin 07.08.2020-ci il tarixli qərardadı ilə imzalanmadığına görə geri qaytarılmış, 13 avqust 2020-ci ildə daxil olmuş apelyasiya şikayəti məhkəmənin 14.08.2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsini təsdiq edən sübut əlavə edilmədiyindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh yenidən mövcud qətnamədən 19.10.2020-ci il tarixdə apelyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddəti ötürməklə vermiş, apelyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddətin bərpa edilməsi ilə bağlı vəsatət isə verməmiş, bu əsasla apelyasiya şikayəti geri qaytarılmış və Bakı Apelyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, məhkəmənin 13.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün müddət ötürülmüşdür, cavabdeh müddətin bərpası barədə vəsatət verməmiş, müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsində isə göstərilənlər əsassız olduğundan, ərizə təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(006)-368/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə rədd edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar