Məhkəmə qərarları › İş №2(103)-6589/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6589/2021

13.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6589/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı Cavabdeh2 Əhməd qızına qarşı "pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-135/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 Əhməd qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə Bakı şəhəri Nizami Rayon Məhkəməsi müraciət edərək, cavahdehlər Cavabdeh1 18.750 manat və 35.800 ABŞ dolları, Cavabdeh2 Əhməd qızından 27.100 manat, 250 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və onun bacısı Cavabdeh2 Əhməd qızını qardaşı X7 vasitəsi ilə 2009-cu il tarixdə tanımışdır. Onlarla səmimi münasibətləri olmuşdur. Cavabdehlərin qardaşı Kərimov Vahid 2013-cü ilin oktyabrin 1-də qəflətən vəfat etmişdir. Cavabdehlər qardaşı Kərimov Vahidin ölümündən sonra ondan ayrı-ayrı vaxtlarda anaları Fatmanın xəstəliyinin müalicəsi və analarına dərman almaq üçün, qardaşı Vahidin yas mərasimini vermək üçün, qohumlarının yasına getmək üçün, qonşularının evinin pulunu ödəmək üçün, Standart Banka və Turan Banka borclarını ödəmək üçün, Türkiyə Respublikasına gedib-gəlmələri üçün, Semaşka və Funda xəstəxanalarında analarının müalicəsi üçün, evlərinin təmiri üçün ondan çoxlu miqdara borca pul almışlar. Belə ki, Cavabdeh1 ondan qonşuları Abbasova Məhluqənin, Abbasova Salatının, Abbasov Rzanın, Məmmədov Ramilin yanında qonşularinin evinin 11 aylıq faiz borcunu ödəmək üçün 30.800 ABŞ dolları, Məmmədov Ramin yanında Turan banka borcunu ödəmək üçün 4.800 manat və cari işləri üçün 4.100 manat, Buduqov Rahibin və Məmmədov Ramilin yanında 5.000 ABŞ dollar və 3.000 manat Paşazadə Rəşidin yanında 1.200 manat, Buduqov Həsənin yanında 4.500 manat, Ələkbərov Musanın yanında 650 manat, Seyid adlı şəxsin yanında yasa getmək üçün 500 manat, Standart banka ödəmək üçün 250 manat, Elmira ümumilikdə 18.750 manat və 35.800 ABŞ dolları pul almış və bu günə qədər pulları qaytarmamışdır. Cavabdeh2 Əhməd qızı ondan Məmmədov Ramilin yanında 2.500 manat (5 dəfəyə 500 manat), Mehdiyev Qoçəlinin yanında 1.200 manat və 250 ABŞ dollar, Məmmədov Əlinin yanında 1.000 manat, Buduqov Rahibin yanında 2.000 manat, Budaqov Həsənin yanında 1.200 manat, Maisin yanında 500 manat, qonşuları Məhluqənin, Salatin Rzanın yanında 16.500 manat, Funda tibb məkəzinə ödəmək üçün 1.600 manat, Semaşko xəstəxanasinda 450 manat, dərmanlar almaq üçün 450 manat, Fazilə ümumilikdə 27.100 manat və 250 ABŞ dollar almış və bu günə qədər pulları qaytarmamışdır. Cavabdehlərin ondan pul alma faktlarını Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsində və Abşeron RPİ-nin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işində ifadələri alınan şahidlər Abbasova Məhluqə, Abbasova Salatın, Budaqov Rahib, Məmmədov Əli, Məmmədov Ramil, Paşazadə Rəşid, Mehdiyev Qocəli, Budaqov Həsən, Əhmədov Vahid təsdiq etmişlər. Cavabdehlərdən pullarını tələb etdikdə, cavabdehlər pulları qaytarmaq əvəzinə ona şər və böhtan atmaqla pulları qaytarmaqdan imtina edirlər. Cavabdehlər Cavabdeh1 və Zeynalova Fazilənin səs yazıları var və həmin səs yazılarında onlar etiraf edirlər ki, həqiqətən müxtəlif vaxtlarda ondan pul almışlar və onun pullarını qaytarmırlar. Buna görə də cavahdehlər Cavabdeh1 onda aldığı 18.750 manat və 35.800 ABŞ dolları və digər cavabdeh bacısı X3 ondan aldığı 27.100 manat və 250 ABŞ doları pulları məhkəmə qərarı əsasında cavabdehlərdən alınıb ona ödənilməlidir. İddiaçı оğlu Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək qeyd etmişdir ki, hazırda ona məlum olmuşdur ki, cavabdehlərdən biri Cavabdeh1 Respublika sərhədlərindən çıxaraq başqa ölkəyə getmişdir və onun məhkəməyə gəlməsi mükün deyildir. Ona görə də hesab edir ki, iş üzrə Cavabdeh1 qarşı iddia tələbini geri götürür və Cavabdeh1 qarşı iddia tələbi üzrə mülki işə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-135/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehə pul verilməsi faktı şahid ifadələrinə və iş materiallarına əsasən müəyyən edilmiş olsa da, qeyd edilən pulun miqdarı, verildiyi vaxt, verilməsi məqsədi və sair hallar, həmçinin iddiaçı tərəfindən cavabdehə pulun borc məqsədilə verilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə kirayə pulunun ödənilməsi, anasının müalicəsi, dərmanlar alınması və s. pullar versə də, həmin pullar məhkəmədə borca verilmiş pul kimi deyil, maddi yardım köməklik təssüratı yaratmışdır. Məhkəmənin gəldiyi nəticəyə münasibətdə bildirmək istəyir ki, iş üzrə ətraflı araşdırılma aparılmamış, yalnız formal mülahizələr əsasında qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə pul verilməsini pulun verilməsi məqsədi ilə əlaqələndirməyə çalışmışdır. İş materialları və şahid ifadələri ilə onun həqiqətən də cavabdehə pul verdiyi öz təsdiqini tapmışdır. Lakin məhkəmə pulun verilməsinin tanışlıq əlaqlərindən irəli gələrək, köməklik məqsədi ilə verildiyinə istinad edərək əsassız olaraq onun iddia tələbini rədd etmişdir. Lakin nəzərə almaq lazımdır ki, pulun verilməsi faktı öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə iddia tələbi sübutlarla təsdiq edilmiş olduğundan məhkəmə iddia tələbini təmin edilməli idi. Digər tərəfdən, o, pulları cavabdehə verərkən aralarındakı münasibətlər nə qədər yaxın olmuş olsa da, pulun qaytarılacağı barədə razılığa gəlmişlər. Əgər o, həmin pulu hədiyyə məqsədli, əvəzsiz formada vermiş olsaydı, heç pulun qaytarılması ilə bağlı polis idarəsinə müraciət etməzdi. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X4 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində vermiş olduğu 30.09.2017-ci il tarixli izahatından görünür ki, Fazilə Vilayət müəllimdən dərman pulu, anası Fatmanın müalicəsi üçün dərman pulu almasının şahidi olmuşdur. Bu məbləğlər 100 manat, 200 manat, 50 manat, anası Fatma Funda tibb mərkəzində yatan vaxt 1.800 manat və s. pul almışdır. Fazilə Vilayətdən təxminən 3.000-dən çox pul almışdır. X9 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində vermiş olduğu 29.08.2017-ci il tarixli izahatından görünür ki, İddiaçı iki dəfə Faziləyə 500 manat, cəmi 1.000 manat pul verilmişdir. O birisi pulların verilməsi onun yanında olmamışdır. Amma ümumilikdə Vilayət onlara kömək etmişdir. X1 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25ci Polis Bölməsində vermiş olduğu 01.10.2017-ci il tarixli izahatından görünür ki, Vilayət Faziləyə ayrı-ayrı vaxtlarda xırda məbləğdə pullar vermişdir. X1 Bakı şəhəri Nizami Rayon Polis İdarəsində vermiş olduğu 11.10.2017-ci il tarixli izahatından görünür ki, Vilayət Faziləyə bağ evlərinin qaytarılması üçün 16.000 manat pul vermişdir. X13 Bakı şəhəri Nizami Rayon Polis İdarəsində vermiş olduğu 09.10.2017-ci il tarixli izahatından görünür ki, Fazilə kirayə pulunu ödəmək üçün Vilayətdən pul istəmiş, Vilayət isə onlara təxmini sayını bilmədiyi məbləğdə pul vermişdir. X10 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində vermiş olduğu 01.10.2017-ci il tarixli izahatından görünür ki, Vilayət Elmiraya, Fatmaya və Faziləyə dəfələrlə ümumilikdə 16.000 manat borc vermiş, lakin Vilayətin borcunu qaytarmamışlar. X15 izahatından görünür ki, X15 qənaətinə əsasən İddiaçı Elmira və onun ailəsinə maddi cəhətdən köməklik edir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 19.10.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış HK-1628 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə maraqlı tərəflərə məlumat verilmişdir. Qərarın surəti ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Nizami rayon Prokuroruna göndərilmişdir. “Funda” X2 görünür ki, X11 qoyulan dianoz: ÜİX. Aterosklerotik kartioskleroz. Hipertoniya xəstəliyi İİİ mərhələ. Xronik ürək çatışmazlığı İİİ mərhələ. Müayinənin ümumi məbləği 1600 manatdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2226/2014 saylı 25 iyul 2014-cü il tarixli icra vərəqəsindən görünür ki, X8 355.000 manat və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 15.07.2020-ci il tarixli 33/2656 saylı məktubundan görünür ki, Cavabdeh1 29.03.2018-ci il tarixdə ölkədən çıxmışdır. Ölkəyə giriş qeydiyyata alınmamışdır. Bununla yanaşı, Cavabdeh2 Əhməd qızının dövlət sərhədindən hərəkəti barədə İZMAS bazasında məlumat qeydə alınmamışdır. Eyni zamanda Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 19.10.2017-ci il tarixli qərarında Cavabdeh2 Əhməd qızının izahatının alınması müəyyən edilmir. Birinci instansiya məhkəməsində X18 və X12 şahid kimi ifadə verərək bildirmişlər ki, iddiaçı Cavabdeh2 Əhməd qızına taksi pulu üçün 50 manat və cavabdehin kirayə qaldığı evin pulunu ödəmək ücün 200 manat pul vermişdir və cavabdehin iddiaçıya 1.000 manat borcu vardır. X12 ərizəsində qeyd etmişdir ki, Fatmanın digər qızı Cavabdeh2 Əhməd qızının Vilayətdən anası Fatmanın müalicəsi üçün 100 manat, 200 manat, anası Funda xəstəxanasında yatarkən 1.800 manat və sair vaxtlarda pul aldığının şahidi olmuşdur. Cavabdeh təqribən 3.000 manat pulu iddiaçıdan almışdır. X16 izahatında göstərmişdir ki, İddiaçı iki dəfə Faziləyə 500 manat, cəmi 1.000 manat pul verilmişdir, o birisi pulların verilməsi onun yanında olmamışdır, amma ümumilikdə Vilayət onlara kömək etmişdir. X5 izahatında göstərmişdir ki, iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda xırda məbləğdə pullar vermişdir. X14 izahatında göstərmişdir ki, Vilayət cavabdehə bağ evlərinin qaytarılması üçün 16.000 manat pul vermişdir. X18 izahatında göstərmişdir ki, cavabdeh kirayə pulunu ödəmək üçün Vilayətdən pul istəmiş, Vilayət isə onlara təxmini sayını bilmədiyi məbləğdə pul vermişdir. X17 izahatında göstərmişdir ki, Vilayət Elmiraya, Fatmaya və Faziləyə dəfələrlə ümumilikdə 16.000 manat borc vermiş, lakin Vilayətin borcu qaytarılmamışdır. X21 izahatında göstərmişdir ki, İddiaçı Elmira və cavabdehin anası Fatmanın ailəsinə maddi cəhətdən köməklik edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Cavabdeh2 Əhməd qızına pul verilməsi faktı şahid ifadələrinə və iş materiallarına əsasən müəyən edilmiş olsa da, qeyd edilən pulun miqdarı, verildiyi vaxt, verilməsi məqsədi və sair hallar, həmçinin iddiaçı tərəfindən cavabdehə pulun borc məqsədi ilə verilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, iddiaçı Cavabdeh2 Əhməd qızına kirayə pulunun ödənilməsi, anasının müalicəsi, dərmanlar alınması və s. üçün pullar versə də, həmin verilmiş pullar məhkəmədə borca verilmiş pul kimi deyil, maddi yardım, köməklik təəssüratı yaratmışdır. Hətta məhkəmə iclası zamanı izahat verən İddiaçı bildirmişdir ki, X11 anası kimi, onun qızları olan Cavabdeh1 və Cavabdeh2 Əhməd qızına isə bacıları kimi yanaşmışdır. İddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, onun tələbi şahid idadələri və polis orqanlarında aparılmış araşdırma ilə təsdiq olunur. Lakin iddiaçı tərəfindən Cavabdeh2 Əhməd qızına 27.100 manat, 250 ABŞ dolları məbləğində pulun verilməsi faktı təsdiq edilməmiş, məhkəmə araşdırması zamanı şahid ifadələri, X9, X1, X13, X10, X15 izahatları arasında uyğunluğu müəyyən edilməmiş, iddia tələbini təşkil edən pulun verilməsi faktı tərəflərindən təsdiq edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanır və bundan sonra tərəflər arasında müqavilə münasibətləri üzrə öhdəlikləri yaranır. Hazırkı iş üzrə tərəflər arasında 3.000 manatdan artıq məbləğdə borc münasibətlərinin olmasına istinad edilsə də, buna dair müqavilə məhkəməyə təqdim edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində izahatları alınmış şahidlərin ifadələri iş materialları ilə tam sübuta yetirilmədiyindən mötəbər hesab edilə bilməz. Belə ki, dindirilmiş şahidlər ifadələrindən konkeret olaraq nə qədər pul vəsaitinin nə vaxt verilməsini əsaslandıra bilməmişlər. Eyni zamanda həmin şəxslərin pul vəsaitinin verilməsində məhz şahid qismində iştirak etmələri müəyyən edilmir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbi Cavabdeh1 münasibətinə geri götürüldüyündən və qətnamə həmin hissədə mübahisələndirilmədiyindən, iddia ərizəsinin bu hissədə geri götürülməsinə apellyasiya qaydasında hüquqi qiymət verilməsinə zərurət yaranmır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-135/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar