Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6593/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X30 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X5, Cavabdeh1, nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər X6, Cavabdeh1, Cavabdeh2, X7 və X8 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinəBakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə X9 və X10 da cavabdehlər qismində göstərdiyi iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 2014-cü ilin yanvar ayında ona yaxınlaşaraq ona məxsus olan mağazanın 60 kv.m hissəni icarəyə götürmək istədiyini bildirmiş, ilk altı ayın sınaq müddəti olacağını, müştəri yığılandan və işlər nizama salınandan sonra işə başlayacaqlarını, bu müddət ərzində hər ay ona 600 manat, 2014-cü ilin iyun ayından sonra isə icarə müqaviləsi bağlayaraq ayda 1200 manat icarə haqqı ödəyəcəyini razılaşmışlar. Mağazada Cavabdeh1, onun oğlu Nicat Bayramov, Mübarizin qardaşları Bilal Süleymanov və Əkrəm Süleymanov, eləcə də qardaşı oğlu Coşqun Süleymanov fəaliyyət göstərmiş, mağazadan ət dükanı kimi istifadə edərək diri malqoyunun kəsilib ətinin topdan və pərakəndə satışı ilə məşğul olmuşlar. Cavabdehlər ilkin olaraq 6 ay müddətində icarə haqqı ödəsələr də, iyul ayından icarə müqaviləsi bağlamaqdan imtina etmiş və icarə pulunu ödəməkdən imtina etmişlər. Buna görə də cavabdehlərdən ona məxsus ünvan 2A ünvanda yerləşən ümumi sahəsi 197,6 kv.m olan qeyri-yaşayış sahəsinin 64 kv.m hissəsini 2014-cü ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ət satışı mağazası kimi işlətmələri müqabilində hər ay ödəməli olduqları 1200 manat pulu ödəmədiklərinə görə ona yetirilmiş 64800 manat maddi ziyanın əvəzinin, həmçinin hər ay ödəməli olduqları 1200 manatı vaxtında ödəməyib qanunsuz özlərində saxladıqlarına və ondan faydalandıqlarına görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi ilə 2014-cü ilə görə 360 manat, 2015-ci ilə görə 720 manat, 2016cı ilə görə 720 manat, 2017-ci ilə görə 720 manat, 2018-ci ilə görə 720 manat hesablanmaqla, 3200 manat faizlərin əvəzinin, habelə ona yetirilmiş 30.000 manat mənəvi zərərin əvəzinin onlardan müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xalhiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, işin hərtərəfli araşdırılmadığını və sübutlara düzgün hüquqi qiymət verilmədiyini, nəticədə qanunsuz nəticəyə gəlindiyini qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-2404/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərarını aşağıdakılarla əsaslandırmışdır: Cavabdehlər mübahisəli sahəyə istifadə və sahibliklərini əsassız olmasını bildikləri və həmin sahəyə dair bağlanmış əqdi mübahisələndirdikləri andan həmin sahədən istifadələrinə davam etmələri artıq özü-özlüyündə qanunsuz olmuşdur. Belə olan halda, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin iddiaçının hazırkı iddiası üzrə cavabdehlərə qarşı apellyasiya instansiyası məhkəməsinin iddiaçının hazırkı iddia üzrə cavabdehlərə qarşı iddiasının məhz həmin andan sonrakı müddətdə sonuncuların məhkəmə təminatı hüquqlarından istifadə edərək iddiaçıya qarşı qaldırmaları, yaxud məhkəmə təminatı hüquqlarından istifadə edərək iddiaçıya qarşı iddia qaldırmaları, yaxud məhkəmə aktlarından şikayət vermələrinin onların hüquqa zidd və təqsirli hərəkətləri kimi qiymətləndirilə bilməməsinə dair nəticəsi qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə münasibətdə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının müqavilə hüququndan yaranmasına dair qəanaəti ilə də razılaşmaq olmaz. Belə ki, iddiaçı iddia tələblərini yalnız icarə müqaviləsi əsasında qurulmuş münasibətlər üzrə deyil, həm də ümumilikdə cavabdehlərin ona məxsus sahədən qanunsuz istifadə etmələri ilə əsaslandırılmışdır. Tərəflər arasında daşınmaz əmlakla bağlı icarə müqaviləsinin mövcudluğunun müəyyən olunmamasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddia tələbinə cavabdehlərin mübahisəli sahəyə istifadə və sahiblikləri əsassız olmasını bildikləri və bu halı mübahisələndirdikləri andan həmin sahədən istifadələrinə davam etmələrinin qanuniliyi, bununla da iddiaçıya zərər vurulması faktının mövcudluğu baxımından da hüquqi qiymət verilməli idi. Qərarın məzmunundan göründüyü kimi, işə baxan AliMəhkəmənin Mülki Kollegiyası tərəflər arasında mübahisəli əmlakla bağlı müqavilə münasibətlərinin mövcud olmaması, bu səbəbdən də iddia tələbinin müqavilə münasibətlərinə istinad edilməklə dəymiş zərərin tələb edilməsinin düzgün olmaması ilə bağlı apellyasiya instansiyasının gəldiyi nəticəni düzgün hesab etsə də, həmin sahədən cavabdehlərin istifadə etmələrinin qanuniliyi, bununla da iddiaçıya zərər vurulması faktının mövcudluğu baxımından da hüquqi qiymət verilməli olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olub-olmaması Ali Məhkəmənin bu qərarında göstərdiyi hüquqi mövqeyə uyğun olaraq yoxlayır. İşə təkrar apellyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu bildirmiş, ona görə də qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X15 da təmsil etdiyi şəxsin izahatına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahəş etmişdir. Təkrar apellyasiya baxışında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X11 apelyasiya şikayətinə etiraz edərək onunu əsassız olduğunu bildirmiş və təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalıdır.. İşin müəyyən olunmuş hallarına görə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin olunaraq ünvan 1 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, həmin qərar Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə ləğv edilmiş, apellyasiya instansiyasının bu qərarı İddiaçı kassasiya şikayəti əsasında Ali Məhkəmə tərəfindən ləğv olunaraq iş təkrar apellyasiya baxışına qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Cavabdeh1 apellyasiya şikayəti təmin olunaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ləğv edilmiş, Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə isə apellyasiya instansiyasının qərarı ləğv edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı qüvvədə saxlanılmışdır. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı əsasında İddiaçı adına xx.xx.2014-cü il tarixdə əmlaka dair çıxarış verilmiş, Cavabdeh1 “qeydiyyat vəsiqəsinin ləğvi və əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qərarı ilə mümkün sayılmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, X7 və X8 qarşı “xüsusi mülkiyyətdə olan mağazadan istifadə hüququna xitam verilməsi və mağazadn çıxarılma” barədə iddiası təmin edilmiş, həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə isə Cavabdeh1 AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər X20 və İddiaçı) qarşı “qeyri-yaşayış sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatının ləğv, çıxarışın etibarsız hesab edilməsi, ünvan 2A ünvanda yerləşən qeyriyaşayış sahəsinin İddiaçı adına dəyişidirilməsi barədə sənədlərin ləğv edilməsi və qeyd edilən ticarət bazarının onun mülkiyyətinə verilməsi, həmin qərarın AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddiası rədd edilmişdir. Beləliklə, tərəflər arasında ünvan 2A ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı çoxsaylı məhkəmə mübahisələrinin mövcud olması işin mübahisələndirilməyən halıdır; iddiaçı isə həmin əmlakı Cavabdeh1 icarəyə verdiyi halda onun əsassız məhkəmə iddiaları qaldırmaqla uzun müddətdir icarə haqqı ödəmədiyini, bunun nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını irəli sürmüş, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21-ci, 23-cü, 1096-cı və 1097-ci maddələrinə istinad etmişdir. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən təqdim olunmuş arayışdan görünür ki, ünvan 2A ünvanda yerləşən, ümumi sahəsi 197.6 kv.metr olan qeyri-yaşayış sahəsinin 64 kv.metr hissəsinin, həmçinin həmin ərazidə qeyd edilən mağaza ilə eyni texniki göstəricilərə malik olan ət satışının topdan və pərakəndə satışı ilə məşğul olan digər mağazaların aylıq icarə haqqı 2014-2018-ci illər üzrə təxminən 1200-1300 manat təşkil etmişdir. Təkrar apellyasiya baxışında iddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclasında şahidlər dindirilmişdir. Şahid kimi izahat vermiş Ələkbərov Rövşən Sərdar oğlu bildirmişdir ki, o, İddiaçı məxsus olan və ət satışı ilə məşğul olan ticarət obyektində işləyir və cavabdehləri tanıyır. Belə ki, Cavabdeh1 da həmin obyektdə qəssab kimi işləmişdir. Həmin obyektdə fəaliyyət göstərən şəxslər A.Abbasova ayda 600 manat icarə haqqı ödəmişlər. İş üzrə şahid qismində dindirilmiş X12 məhkəmə iclasında digər şahid R.Ələkbərovla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh1, həmçinin onun oğlu Nicat Bayramov, qardaşları olan Bilal Süleymanov və Əkrəm Süleymanov, eləcə də qardaşı oğlu Coşqun Süleymanov mübahisəli ticarət sahəsində qəssab kimi fəaliyyət göstərmişlər. Göstərilən şəxslərin hamısı eyni ticarət obyektini çalışdırmışlar. Orada daimi olaraq Mübariz çalışmış, onun oğlu, qardaşları və qardaşı oğlu isə ona köməklik etmişlər. Həmin obyektdə fəaliyyət göstərən digər qəssablar istifadəyə görə icarə haqqı olaraq ayda 600 manat ödəmişlər. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X13 hər ay 400 manat pul ödədiyini bildirmişdir. Verilən suallara cavab olaraq İddiaçı isə əvvəllər 400 manat ödədiyini, lakin sonradan icarə haqqının 600 manata qalxdığını özü də daxil olmaqla orada işləyən hər kəsin Ə.Kərimova 600 manat ödədiyini qeyd etmişdir. Lakin xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 X13 icarə haqqı ödəmədiyini, küçə alveri ilə məşğul olduğunu, məcburi köçkün olduğu üçün Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə onların mübahisəli ticarət mərkəzində ticarət yeri ilə təmin edildiyini, buna görə gündəlik 2 manat pul ödədiklərini bildirmişdir. Daha sonra cavabdeh sonuncu məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində qeyd edilən müddətdə həmin qeyri-yaşayış sahəsində deyil, ünvan 2 ünvanda fəaliyyət göstərdiyini, 1 və 1A ünvanlarının fərqli olduqlarını və qarşıqarşıya yerləşən tikililər olduğunu bildirmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, X16 və X17 İddiaçı məxsus olan ünvan 2A ünvanda yerləşən ticarət obyektinin 64 kv.m hissəsindən 2014-cü ilin iyul ayından başlayaraq istifadə etmişlər və 2018-ci ilin dekabr ayında məhkəmə qərarının icrası qaydasında həmin ticarət sahəsini tərk etmişlər. Qeyd edilən müddət ərzində cavabdehlər həmin ticarət sahəsinin mülkiyyətçisi olan İddiaçı bu sahədən istifadə edilməsinə görə hər hansı bir ödəniş etməmişlər. Cavabdeh1 ticarət sahəsini tərk etməmələrinin və oradan istifadəyə görə iddiaçıya haqq ödəmələrinin səbəbini onunla izah etmişlər ki, əmlakın əvvəlki mülkiyyətçisi olmuş Ərəstun adlı şəxs həmin ticarət obyektini ona 100.000 ABŞ dolları müqabilində satmışdır. Lakin tərəflər arasında baş tutmuş çoxsaylı məhkəmə mübahisələrində bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası cavabdehin gah həmin ticarət sahəsinin iddiaçının mülkiyyətinə keçməsindən onun bildirdiyi vaxtdan daha gec xəbər tutması, gah bu müddət ərzində ümumiyyətlə, həmin ticarət sahəsində deyil, onunla üzbəüz yerləşən başqa ticarət sahəsində fəaliyyət göstərməsinə dair ziddiyyətli izahatlarına qiymət verərək hesab edir ki, bu izahatlar tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələri üzrə çıxarılmış yekun məhkəmə aktlarında müəyyən edilmiş hallarla təkzib olunur. Beləliklə müəyyən edilir ki, cavabdehlər həmin ticarət sahəsindən iddia ərizəsində göstərilən müddət ərzində istifadə etmələrinin heç bir qanuni əsası olmamışdır və onlar bu sahədən mülkiyyətçi İddiaçı iradəsinə zidd olaraq istifadə etmişlər. Qeyd edilən ticarət obyektinin iddiaçıya məxsus olan kommersiya xarakterli bir sahə olmasını və həmin sahədə fəaliyyətin gəlir əldə edilməsinə yönəlməsini nəzərə alaraq, kollegiya bu qənaətə gəlir ki, cavabdehlər bu ticarət sahəsindən qanunsuz olaraq istifadə etməklə bu əmlakın mülkiyyətçisini adi mülki dövriyyə şəraitində müəyyən gəlirlər əldə etmək imkanından məhrum etmiş, bununla da ona maddi ziyan vurmuşlar. Azərbaycan Respublikası MM-nin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı ona məxsus olan əmlakdan cavabdehlərin uzun müddət ərzində qanunsuz istifadə etməsi nəticəsində ona vurulmuş ziyanı tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı öz iddia ərizəsində cavabdehlərin 2014-cü ilin iyul ayından 2018-ci ilin dekabr ayınadək olan müddət ərzində, yəni 54 ay ərzində hər ay ona 1200 manat icarə haqqı ödəməli olduğuna əsaslanaraq, onlardan 64800 manat pul məbləğinin ona ödənilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, hazırkı mübahisənin ədalətli həlli məqsədilə ilk növbədə cavabdehlərin mübahisəli ticarət sahəsində hansı müddət ərzində qanusuz fəaliyyət göstərmələri, habelə bu fəaliyyət nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği müəyyən edilməlidir. Cavabdehlərin mübahisəli ticarət sahəsində iddia ərizəsində göstərilən müddət ərzində fəaliyyət göstərmələri iş materialları, işdə olan çoxsaylı məhkəmə qərarları, habelə tərəflərin özlərinin verdikləri izahatlarla tam təsdiqini tapır. Cavabdeh1 iddia ərizəsində göstərilən müddət ərzində bu ticarət sahəsində fəaliyyət göstərmədiyi ilə bağlı dəlillərini kollegiya əsaslı saymır. Belə ki, bu dəlil iş materiallarında olan digər təkzib edilməz hallarla təkzib edilir. İddiaçı mülkiyyətində olan ticarət obyektinin digər sahələrini icarəyə verməklə gəlir əldə etdiyindən, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləğini hesablamaq üçün ilk növbədə mübahisəli ticarət sahəsinin iddia ərizəsində qeyd edilən dövrdə icarə haqqının məbləği müəyyən edilməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında mübahisəli ticarət sahəsinə dair icarə müqaviləsinin bağlanması və bu müqavilə üzrə icarə haqqının 1200 manat müəyyən edilməsi halı müəyyən edilmədiyindən, maddi zərərin məbləğini müəyyən edərkən göstərilən dəlillərə istinad edilməsi mümkün deyildir. Lakin məhkəmə iclasında aparılan araşdırma zamanı, habelə iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, tərəflər arasında mübahisəli münasibətlərin yarandığı 2014-cü ildə və ondan sonrakı müddətdə mübahisəli ticarət sahəsinin yerləşdiyi ticarət obyektində işləyən digər ticarətçilər oxşar əraziyə görə hər ay 600 manat icarə haqqı ödəmişlər. Bu zaman məhkəmə kollegiyası Cavabdeh1 həmin ticarət obyektində məcburi köçkün kimi heç bir icarə haqqı ödəmədən işləməsi, sadəcə gündə 2 manat yer pulu verməsi, həmin ticarət sahəsində Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə yerləşdirildiklərinə dair dəlillərini əsaslı və ağlabatan hesab etmir. Belə ki, həmin ticarət obyekti fiziki şəxsə məxsus olan xüsusi mülkiyyət olduğundan və orada fəaliyyət göstərən digər şəxslərin icarə haqqı ödəmələri öz təsdiqini tapdığından, cavabdehlərin həmin sahədə icarə haqqı ödəmədən fəaliyyət göstərməsinə dair göstərdiklərini kollegiya həqiqətə uyğun olmayan və işin həqiqi hallarını əks etdirməyən dəlil kimi qəbul etmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlər tərəfindən mübahisəli ticarət sahəsindən 2014-cü ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər olan müddət ərzində qanunsuz istifadə etmələri nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği həmin ticarət sahəsinin adi mülki dövriyyə şəraitində ayda 600 manat müqabilində icarə verilməklə əldə ediləcək gəlir məbləğində (54 ay X 600 manat = 32400 manat) müəyyən edilməlidir. İddia tələbinin 2014-cü ildən 2018-ci il tarixədək illər üzrə Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə hesablanmış ümumilikdə 3200 manat faiz məbləğinin ödənilməsinə dair hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı bu tələbini tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında ona ödənilməli olan pul məbləğini cavabdehlərin özündə saxlamaları ilə əsaslandırmışdır. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında belə bir müqavilənin olmadığı və onlar arasında həmin məbləğdə pulun ödənilməsinə dair hər hansı razılaşmanın olmadığı, həmin müqavilə üzrə iddiaçıya ödənilməli olan hər hansı məbləğin mövcud olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, mülki qanunvericilik yalnız müqavilə münasibətləri üzrə ödənilməli olan pul məbləğinin gecikdirilməsinə görə faizin ödənilməsini nəzərdə tutur. Lakin tərəflər arasında belə bir müqavilənin olmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddiaçı həmçinin cavabdehlərdən ona vurulmuş mənəvi zərərə görə 30000 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edilən iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə həmin iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq. iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməməsinə istinad etmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqedən çıxış etmişdir. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti mənəvi zərərin ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsinə aid hissədə əsassızdır və təmin edilməməlidir. Göstərilənlərlə yanaşı kollegiya hesab edir ki, iddia tələbi cavabdehlər X6 və Cavabdeh2 münasibətdə əsassızdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri BPİ Dövlət X31 tərəfindən verilən xx xxxxx 2013-cü il tarixli əmrdən çıxarışdan müəyyən olunur ki, X18 Bakı şəhər BPİ Dövlət X29 yol patrul xidməti inspektoru vəzifəsinə təyin olunmuşdur. Digər cavabdeh X2 təsdiq olunmuş əmək kitabçasının surətindən də görünür ki, o, xx.xx.2018-ci ildə Daxili İşlər Nazirliyinə işə qəbul olunmuşdur. Cavabdeh1 verdiyi izahatda bundan əvvəl C.Süleymanovun hərbi xidmətdə olduğunu göstərmişdir. Bundan başqa, iş materiallarında olan məhkəmə qərarlarından müəyyən edilir ki, tərəflər arasında mövcud olmuş əvvəlki mülki mübahisələrdə X14 və Cavabdeh2 iddiaçı və ya cavabdeh kimi çıxış etməmiş, həmçinin iddiaçı digər cavabdehlərə qarşı onların mübahisəli ticarət sahəsindən istifadəsinə xitam verilməsi və onların həmin sahədən çıxarılması ilə bağlı əvvəlki məhkəmə mübahisələrində adı çəkilən şəxslərin bu sahədən istifadə etmələrini göstərməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehlər Nicat Bayramov və Coşqun Süleymanova münasibətdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi cavabdehlərdən dəymiş maddi zərərin tutulması hissəsində qismən təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 385.1.1, 385.1.2, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5266/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 32400 (otuz iki min dörd yüz) manat pul cavabdehlər Cavabdeh1, X3 və X4 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6593/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6593/2020
02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver