Məhkəmə qərarları › İş №2(103)-6595/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6595/2024

18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6595/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dövlət reyestrində qeydiyyat yazısının ləğv olunması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra, cavabdeh) qarşı “dövlət reyestrində qeydiyyat yazısının ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" şirkətinin Cavabdeh ASC-yə borcu olmadığından Tovuz rayonu, Abulbəyli kəndində 13138 ha torpaq sahəsi və Tovuz rayonu, İbrahim Hacılı kəndində ümumi sahəsi 246,1 m2 olan fərdi yaşayış evi üzərində Cavabdeh ASC-nin dövlət qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən "xxxx" şikrətinə verilmiş kredit pul vəsaitlərinin 28 mart 2018-ci il tarixə faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə keçirilmiş auditin nəticələri barədə Azərbaycan Respublikası Auditorlar Palatasının və ABŞ X3 İnstitunun üzvü, müstəqil auditor X2 27 mart – 04 aprel 2018-ci il müddətinə audit keçirmişdir. Audit aparılan zaman müəyyən olunmuşdur ki, Cavabdeh ASC tərəfindən həqiqətən də "xxxx"şirkətinin həmin Bankdakı AZN hesabına xx.xx.2002-ci il tarixdə 59000 manat və xx.xx.2005-ci il tarixdə 50000 manat, cəmi 109000 (bir yüz doqquz min) manat məbləğində kredit pul vəsaiti köçürülmüşdür. Cavabdeh ASC tərəfindən verilmiş kredit pul vəsaitinin müqabilində "xxxx" şirkəti tərəfindən Cavabdeh ASC-nin baş ofisinə onun Tovuz rayon və Bakı şəhər filiallarına xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər, cəmi 192717 manat məbləğində pul vəsaiti qaytarmışdır. Ödənilən məbləğ ilə verilən kredit məbləği ilə müqayisə etdikdə 83717 manat artıq ödəmə yaranmışdır ki, bu məbləğ də Bank tərəfindən hesablanmış cərimə və faizlər kimi nəzərə alınmalıdır. "xxxx" şirkətinin qaytardığı nağd pul ödənişlərinin tarixi və məbləği Audit Rəyində göstərilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən alınmış xx.xx.2018-ci il tarixli 19-6/3321 saylı Çıxarış sənədində hər iki kreditə görə yanlış olaraq 25644 manat məbləğində əsas kredit borcu və 13370 manat məbləğində faiz borcunun qalması qeyd olunmuşdur. Halbuki alınmış pul kredit vəsaitləri üzrə "xxxx" şirkətinin Cavabdeh ASC-yə xx.xx.2018-ci il tarixə faktiki olaraq heç bir borcu qalmamışdır. Audit Rəyinin nəticəsinə görə "xxxx" şirkətinin Cavabdeh ASCyə borcu yoxdur və bu səbəbdən Tovuz rayonu, Abulbəyli kəndində 1.3138 ha torpaq sahəsi və Tovuz rayonu, İbrahim Hacılı kəndində ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evi girovdan azad edilməlidir. Qeyd edilən hallara baxmayaraq Cavabdeh ASC ipoteka əmlaklarına tutma yönəltmiş, həmin əmlaklara mülkiyyət hüquqlarını tanıtmış və DƏDRXdən çıxarış almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia tələbi təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, ilkin olaraq 2006-cı ildə bankın tələbi əsasında qiyabi qətnamə qəbul edilmiş, həmin qətnamə əsassız olmuş, lakin iddiaçı tərəfindən mübahisələndirilsə də şikayəti təmin olunmamışdır. Daha sonra hərracın nəticələri və əmlakın hərracdan satış qiyməti mübahisələndirilmiş, lakin tələb ümumiyyətlə icraata qəbul edilməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, bank qarşısında iddiaçının heç bir borcu qalmamış, bunu iş materiallarında olan audit rəyi təsdiq edir ki, banka borc məbləğindən daha çox ödəniş edilmişdir. Hazırda isə tələb ondan ibarətdir ki, heç bir əsas olmadan bankın xeyirinə mülkiyyət hüququna dair aparılmış qeydiyyat ləğv olunmalıdır, çünki bank faktiki borc olmadığı halda əmlaklar üzərində hüquq əldə etmişdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunması, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, bank tərəfindən qaldırılmış iddia təmin olunmuş, qətnamə icraya yönəldilmiş, hərrac keçirilmiş, hərracın nəticəsi olaraq ipoteka qoyulmuş əmlaklar bankın mülkiyyətinə keçmişdir. Buna baxmayaraq, iddiaçıya geri qalan borcu ödəmək üçün bank tərəfindən əlavə vaxt da verilmiş, lakin yenə də ödənişlər edilməmişdir. Qətnamə üzrə hazırda da qalıq borc mövcuddur. Bu keçən müddət ərizəndə iddiaçı tərəfindən qiyabi qətnamə mübahisələndirilmiş, lakin şikayəti təmin olunmamışdır. Eləcə də, iddiaçı məhkəməyə müraciət edərək əmlakın qiymətləndirilməsini və hərracı mübahisələndirmiş, lakin həmin iddia tələbləri də rədd olunmuşdur, sonradan eyni əsasla yenidən iddia qadırılmış, bu dəfə iş üzrə icraata xitam verilmiş, həmin qərar isə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş audit rəyinin isə heç bir hüquqi əhəmiyyəti ola bilməz. İddiaçının əmlak üzərində mülkiyyət hüququ qüvvədə olan məhkəmə aktına, eləcə də hərracın nəticələrinə əsasən qanuni yaranmışdır. Belə olan halda isə, iddiaçının təqdim etdiyi audit rəyinə əsasən qeydin ləğv olunması mümkün deyildir. Bu səbəbdən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikas 2 saylı yerli İqtisadi Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsinə və onun əsasında verilmiş icra vərəqəsinə əsasən "xxxx" şirkətinin əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 3500 manat, cəmi 53500 manat məbləğində borcu İddiaçı məxsus dəyəri 19000 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 9490 maat məbləğində qiymətləndirilən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 m2 olan fərdi yaşayış evinə və "xxxx" şirkətinin daşınar və daşınmaz əmlaklarına yönəldilərək onun hesabına ödənilməsi və 01 iyun 2005ci il tarixli 150/H-S/05 saylı kredit müqaviləsinin ləğv edilməsi, qətnamənin icrasının təmin edilməsi üçün ipoteka qoyulmuş əmlaklar üzərinə həbs qoyulması qət edilmişdir (Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli, 2-2(104)-104/2019 saylı qərardadına əsasən, "xxxx"şirkətinin qiyabi qətnamənin ləğvi barədə ərizəsi təmin edilməmiş, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli 789/2-396 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır). İşdə olan "xxxx"nin Hərracın nəticələri haqqında Y-349 nömrəli xx.xx.2013-cü il tarixli protokoluna əsasən İddiaçı məxsus – Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsinin ilkin satış qiyməti 19000 manat müəyyən edilmiş, 12113 manata Cavabdeh ASC-yə satılmışdır. İşdə olan "xxxx"nin Hərracın nəticələri haqqında Y-348 nömrəli xx.xx.2013-cü il tarixli protokoluna əsasən İddiaçı məxsus – Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 9490 manat müəyyən edilmiş, 6051 manata Cavabdeh ASC-yə satılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsi və Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh ASC-nin adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)- 1353/2015 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinə görə xx.xx.2013-cü il tarixli Y-348 və Y-349 nömrəli protokollarının etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin olunmamışdır (qətnamə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, sonuncu isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli qərarı ilə əyişdirilmədən saxlanılmışdır). İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 103/2023 saylı qərardadına əsasən İddiaçı (LPO Cavabdeh ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx"nə və Tovuz Rayon İcra bölməsinə qarşı “əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair” tələbinə dair mülki iş üzrə icraata iddiaçının hazırda təkrarən mübahisələndirdiyi hərracın nəticələri haqında protokolun etibarsızlığı ilə bağlı tələbə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən xitam verilmişdir (qərardad Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-ci il tarixli qərardadı ilə, sonuncu isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır). İşdə olan “Turanbank ASC tərəfindən "xxxx" şirkətinə verilmiş kredit pul vəsaitlərinin xx.xx.2018-ci il tarixə faktiki vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditin nəticələri barədə xx.xx.2018-ci il tarixli rəyin nəticə hissəsinə əsasən, Cavabdeh ASC tərəfindən "xxxx" şirkətinə xx.xx.2002-ci il tarixli 98/H saylı və xx.xx.2005-ci il tarixli 150/H- S/05 saylı “Əsas Kredit” Müqavilələrinə əsasən buraxılmış 109000 manat kredit pul vəsaitləri üzrə xx.xx.2018-ci il tarixə faktiki olaraq, "xxxx" şirkətinin Cavabdeh ASC-yə hər hansı borcun qalmaması və ya olmaması, əksinə Cavabdeh ASC-nin "xxxx" şirkətinə 83717 manat borcun yaranması barədə əsaslı ədalətli təsəvvür yaradır və eyni zamanda həmin rəyin formalaşdırılması məqsədi ilə müstəqil Auditor olaraq, müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş və səlahiyyətləri daxilində rəhbərlik etdiyi audit qrupu tərəfindən müvafiq hərəkətlər edilmiş, kifayət qədər müvafiq audit prosedurları yerinə yetirilmiş və lazımi qədər Auditor sübutları toplanılmışdır. Həmin rəyin “nəticə” hissəsində göstərilən borcun olmaması barədə faktlara əsasən hesab edir ki, Cavabdeh ASC tərəfindən "xxxx" şirkətinə xx.xx.2002-ci il tarixli 98/H saylı “Əsas kredit” müqaviləsi üzrə buraxılmış kredit vəsaitlərinin, ona hesablanmış faizlərin və digər ödənişlərin qaytarılmasının təminatı kimi girov qoyulmuş "xxxx" şirkətinə məxsus – onun əmlakı hesab edilən, Bakı şəhəri, Azadlıq prospekti, 12/164 saylı yaşayış evinin, 37 saylı mənzili və xx.xx.2005-ci il tarixli 150/H-S/05 saylı “Əsas Kredit” müqaviləsi üzrə buraxılmış kredit vəsaitlərinin, ona hesablanmış faizlərin və digər ödənişlərin qaytarılmasının təminatı kimi girov qoyulmuş "xxxx" şirkətinə məxsus – onun əmlakı hesab edilən, Tovuz rayonu, Abulbəyli kəndində 1,3138 ha torpaq sahəsi, Tovuz rayonu, İbrahimhacılı kəndində ümumi sahəsi 246,1 m2 olan üçotaqlı fərdi yaşayış evi girovluqdan azad edilməli və sahibinə qaytarılması müvafiq qaydada sənədləşdirilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 2 saylı yerli İqtisadi Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun "xxxx" Şirkətindən tutulması və borcun Tovuz rayonu Alibəyli kənində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinə və "xxxx" Şirkətinin daşına və daşınmaz əmlaklarına yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və icra mərhələsində hərrac keçirilərək cavabdeh tərəfindən Tovuz rayonu Alibəyli kənində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi əldə edilmişdir. İddiaçının verdiyi hərracın protokollarının etibarsız hesab edilməsi, əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair qaldırdığı ayrı-ayrı iddia tələbləri məhkəmələr tərəfindən təmin edilməmiş və qanuni qüvvəsini almışdır. Məhkəmə iddiaçının auditor rəyini əsas gətirərək qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan və qeydə alınan hüquqa xitam verilməsi tələbini məqbul saymır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sübutlara və qüvvədə olan məhkəmə aktlarına əsasən, Cavabdeh ASC ilə "xxxx" şirkəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə, "xxxx" şirkətindən əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 3500 manat, cəmi 53500 manat məbləğində borcun İddiaçı məxsus dəyəri 19000 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 9490 maat məbləğində qiymətləndirilən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 m2 olan fərdi yaşayış evinə yönəldilərək onun hesabına borcun ödənilməsi qət olunmuşdur. Bundan sonra qeyd edilən daşınmaz əmlaklar müvafiq məhkəmə aktının icrası zamanı keçirilmiş hərrac zamanı tələbkar Cavabdeh ASC tərəfindən 2013-cü ilin dekabr ayında əldə olunmuş və mülkiyyət hüquqları 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı (ipoteka qoyan) hərracın nəticələrini sonradan məhkəmə qaydasında mübahisələndirsə də, iddiası təmin olunmamışdır. Hazırkı halda isə, iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə borcun artıqlaması ilə ödənilməsinə və cavabdehə borcun olmamasına istinad edərək ipoteka predmeti olmuş əmlaklara dair cavabdehin xeyrinə dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğvini tələb edir. Tələbin əsası kimi auditor nəticələri barədə rəyə istinad edir (iddiaçının tələbinin əsasları apellyasiya şikayətinin dəlilləri də eyni məzmunludur). İddiaçı tələbində cavabdeh bankın borc olmadığı halda ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsini göstərsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikas 2 saylı yerli İqtisadi Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi ilə, "xxxx" şirkətinin əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 3500 manat, cəmi 53500 manat məbləğində borcunun olması müəyyən edilmiş, həmin borcun İddiaçı məxsus dəyəri 19000 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 9490 maat məbləğində qiymətləndirilən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 m2 olan fərdi yaşayış evinə yönəldilərək onun hesabına ödənilməsi qərara alınmışdır. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edlmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarları). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Göründüyü kimi, iddiaçının qüvvədə məhkəmə aktlarını şübhə altına alması istiqamətində dəlilləri əsassız olmaqla, prosessual hüquq normalarının tələbləri ilə uzlaşmır. Cavabdeh bankın əmlaklar üzərində mülkiyyət hüquqları qüvvədə olan məhkəmə aktının icrası nəticəsində keçirilmiş hərracın nəticələrinə görə yaranmışdır. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol isə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (MM-nin 139-1.1-ci mad). Eyni zamanda, iddiaçının hərracın nəticələrinin mübahisələndirməsi cəhdləri də uğursuz olmuşdur (yuxarıda müvafiq məhkəmə aktları göstərilmişdir). İddiaçı tələbində həmçinin qeyd etmişdir ki, audit rəyinə əsasən banka olan borc sonradan (xx.xx.2017-ci il tarixədək) borc tam qaytarılmışdır. Məhkəmə kollegiyası həmin dəlillə bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, ipoteka qoyulmuş əmlak hərrac vasitəsilə tələbkarın mülkiyyətinə keçdikdən bir müddət sonra borcun qalıq hissəsinin də ödənilməsi halı özü-özlüyündə tələbkarın mülkiyyət hüququnu aradan qaldırmır. Bununla yanaşı, məhkəmə aktının tam icra olunması (və ya borcun qalıq məbləği) məhz icra icraatı zamanı öz təsdiqini tapmaqla, icraata xitam verilməsi barədə icra məmurunun müvafiq qərarı ilə rəsmiləşdirilir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkili) 28 mart 2018-ci il tarixə kredit borcunun məbləğinin müəyyən edilməsi barədə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə apellyasiya baxışı zamanı təqdim etdiyi yazılı vəsatətlə razılaşmayaraq, onu əsassız hesab edir. Göründüyü kimi, iddiaçının istinad etdiyi hallar və bu istiqamətdə təqdim etdiyi müvafiq audit rəyi hazırki iddianın qanuni həlli baxımından heç bir sübut əhəmiyyətinə malik deyildir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi hallar cavabdehin müvafiq daşınmaz əmlaklar üzərində qanuni əsaslarla qeydə alınmış mülkiyyət hüquqlarının ləğvinə (qeydin ləgvinə) əsas ola bilməz. Bu səbəbdən, iddia özüözlüyündə əsassızdır. İddiaçı tələbinin əsası kimi (habelə apellyasiya şikayətinin dəlilləri kimi) istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı tərəfin izahatı da iddianın əsassız olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dövlət reyestrində qeydiyyat yazısının ləğv olunması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar