Məhkəmə qərarları › İş №2(103)-6606/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6606/2023

11.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6606/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («məlumatın və əməliyyat çəkilişini təqdim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması») hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasım qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “məlumatın və əməliyyat çəkilişini təqdim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3177/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “məlumatın və əməliyyat çəkilişini təqdim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin üzərinə X1 müraciət edib-etməməsi, klinikada əməliyyat olunub-olunmaması barədə məlumatın verilməsi və əməliyyatın video diskinin təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3177/2023 saylı işi üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 82.3, 119.1, 217.4; Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda da iddiaçı cavabdeh "xxxx" MMC-nin üzərinə X1 müraciət edib-etməməsi, klinikada əməliyyat olunub-olunmaması barədə məlumatın verilməsi və əməliyyatın video diskinin təqdim edilməsi öhdəliyinin qoyulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 "xxxx" MMC-də müayinə və müalicə olması barədə sənədlərə Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 151/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilən zaman sübut qismində qiymət verilmiş və həmin məlumatlar qətnamələrdə öz əksini tapmışdır. Eyni zamanda iddiaçı cavabdehin üzərinə “əməliyyatın video diskinin təqdim edilməsi” öhdəliyinin qoyulmasını tələb etmiş olsa da, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əməliyyat olunan zaman videoçəkilişlərin aparılmasına dair sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf isə Cavabdeh MMC-də keçirilən əməliyyatların video çəkilişləri aparılmadığını qeyd etmişdir. 3.İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı sağlamlığının pozulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 10000 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı sağlamlığın pozulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 6851 manat məbləğində pul vəsaitinin iddiaçı X3 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, "xxxx" klinikasının xx.xx.2021-ci il tarixli avans ödəmə qəbzinə əsasən iddiaçı X2 3000 min manat, xx.xx.2021-ci il tarixdə 24 manat, 14523 saylı çeklə 50 manat, 14785 saylı çeklə 89 manat, 14521 saylı çeklə 153 manat, 14522 saylı çeklə 65 manat, 1459 saylı çeklə 3000 manat ödənişlər etmişdir. "xxxx" klinikasının ******* saylı ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi klinikada müalicə almışdır. "xxxx" klinikasının ******* saylı ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən X5 diaqnoz-sol bud sümüyü boynunun qapalı yerdəyişmiş sınığı XBT-10-S 72.0. "xxxx" klinikasının 10 mart 2022-ci il tarixli 43/22 saylı məktubuna əsasən X6 xx.xx.2021-ci il tarixində "xxxx" klinik MMC-də əməliyyat olunmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək klinikanın stasionar şöbəsində yatmışdır. "xxxx" klinikasının 14 aprel 2022-ci il tarixli 67/22 saylı məktubuna əsasən X3 "xxxx" MMC-də əməliyyat olunması zamanı müayinə, müalicə və s. ilə bağlı olaraq klinikaya etdiyi rəsmi ödənişləri 1266 nömrəli xx.xx.2021-ci il tarixinə qaimə fakturada göstərilən tibbi ləvazimatların (protez) alınması üçün ƏDV daxil 3500 manat, əməliyyat xərci olaraq 3000 manat, digər müayinələrin dəyəri olaraq 351 manat, ümumilikdə 6851 manat pul vəsaiti ödəmişdir; - İddiaçı müraciətinə cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 43/23 №-li məktubuna əsasən İddiaçı "xxxx" MMC-yə ünvanladığı tarixsiz müraciətində hazırda onunla X6 arasında məhkəmə mübahisəsinin olduğuna istinad edilərək, Ş.M.Heydərovun HB Güvən Klinik” MMC-yə müraciət edib-etməməsi, onun Klinikada əməliyyat olunub-olunmaması barədə ətraflı məlumat verilməsi və əməliyyatın video diskinin təqdim olunması xahiş olunmuşdur. Tibb müəssisəsinə müraciət etmiş şəxs barəsində məlumatlar həkim sirri hesab olunur. Müraciətdə göstərilən məlumatlar müvafiq vəkil sorğusu və ya məhkəmənin sorğusu əsasında verilə bilər. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən işdə olan sənədlərin həqiqətə uyğun olmaması, qarşılıqlı münasibətlərin nəzərə alınmaması, mübahisəni doğuran səbəb və şəraitə ədalətli hüquqi qiymət verilməməsi, hakimin qərəzli mövqeyi iddiaçının hüquqularının cavabdehin nüfuzuna qurban verilməsi halları nəzərə alınaraq Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 3177/2023-cü saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına; Azərbaycan Respubliksı Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 5-ci və 17-ci bəndlərinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx.xx.2008-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18; Azərbaycan Respublikasının Konstitusiyasının 149; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9, 14.1, 14.2, 53, 76, 76.3, 77, 78, 88,184-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Şahverən Heydərov "xxxx" MMC xəstəxanasında əməliyyat olunmamışdır və təqdim edilmiş müalicə xəsarətlərinə aid qəbzlər sadəcə mühasibat sənədləridir. "xxxx" MMC-in irəli sürülən tələblərdən müxtəlif bəhanələrlə yayınması, müraciətlərə aydın və şəffaf şəkildə cavab verməməsi, fikrini bir daha təsdiq edir. Məlumdur ki, bütün müəssisələrdə, o cümlədən tibb müəssisələrində də sənədlərin saxlanması, mühafizə edilməsi müvafiq qanunvericiliklə tənzim olunur. Lakin cavabdeh tələb olunan sənədləri əməliyyat çəkilişlərini, hansı əməliyyatlar edildiyini, edilmiş əməliyyatlara uyğun ödənilmiş məbləğlər barədə məlumatları verməkdən boyun qaçırır. Halbuki mübahisənin düzgün və ədalətli həlli üçün qeyd edilən xəstəxananın şəffaf mövqeyi zəruridir. Çünki o, "xxxx" MMC-nin verdiyi həqiqətə uyğun olmayan sənədlər əsasında maddi ziyan ödəməyə cəlb edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etirazda Şahverən Heydərova "xxxx" MMC-də tibbi xidmət göstərildiyini və həmin tibbi xidmətə dair müvafiq sənədlərin Biləsuvar Rayon Məhkəməsinin sorğusu əsasında həmin məhkəməyə göndərildiyi bildirmişdir. Lakin maraqlı tərəf olmasına baxmayaraq onun sorğusuna həkim sirri olduğundan heç bir məlumat verilməmişdir. İlkin müayinə olaraq çəkilmiş rentgen şəkillərinin də verilməməsi cavabdehin hərəkətlərində şübhələrin olduğunu göstərir. Məhkəmədə işə baxılarkən bu hallar nəzərə alınmamışdır və tədqiq edilməmişdir. Hazırda işin faktiki hallarından görünür ki tələbin əsas mahiyyəti ondan ibarətdir ki, müalicə müəssisəsi olaraq "xxxx" MMC Şahverən Heydərovun müalicəsi və əməliyyat edilməsi barədə tibbi sənədləri və görüntüləri,edilmiş əməliyyatlara uyğun pul vəsaitinin ödənməsi haqqında məlumat verməkdən boyun qaçırmışdır. Cavabdehin bildirdiyinə görə Şahverən Heydərov xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə xəstəxanada müalicə və əməliyyat olunmuşdur. Zaman etibarı ilə 5 gün müddətində travmatoloji baxımdan ağır əməliyyat hesab edilən “sol bud sümüyü boynunun qapalı yerdəyişmiş sınığının əməliyyat edilərək evə buraxılması inandırıcı deyildir və xəstə yataq rejimində olmalıdır. Hər gün gördüyümüz Şahverən Heydərovda sol bud çanaq oynağında kəskin ağrı, hərəkət məhdudluğu hiss olunmamışdır. Cavabdehin mühasibat xarakterli qəbzlərinə əsasən "xxxx" MMC-də müalicə olunarkən Şahverən Heydərova protez qoyulmuş və digər yüksək məbləğli xidmətlər qısa zaman kəsiyində həyata keçirilmişdir. Paradoksal haldır ki, mühasibat sənədləri ciddi şəkildə qorunub saxlanıldığı və təqdim edildiyi halda video və rentgen şəkillərinin, habelə digər əməliyyatların aparaılmasını əks etdirən sənədlərin saxlanılmadığı və çəkilmədiyi göstərilir və təqdim edilmir. Şübhə doğuracaq bu məbləğlərə və hərəkətlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Şahverən Heydərova əsassız varlanmaqda cavabdeh tərəfindən qanunsuz şərait yaradılmışdır. Məhkəmə qətnaməsi qərəzli qəbul edildiyindən ciddi prosessual pozğunluqlara yol verilmişdir. Belə ki, ilkin olaraq onun iddiası Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 3177/2023 saylı qərardadı ilə icraata qəbul edilməsindən imtina olunmuşdur. Apellyasiya şikayəti əsasında bu qərardad xx.xx.2023-cü il tarixli 2(103)-3823/2023 saylı qərarla ləğv edilmiş, iş baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmiş və mülki iş icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə işə baxılarkən prosesə qoşulmuş vəkilin iddianın dəyişdirilməsi barədə təqdim etdiyi ərizəyə və iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasına xidmət edən vəsatətinə baxmamış və əsassız olaraq qərəzli şəkildə qəbul etməmişdir. İşə baxılarkən cavabdeh və onun tərəfindən guya xəsarət yetirilmiş Şahverən Heydərov məhkəmə iclasına dəvət edilməmiş və onların iştirakı təmin edilməmişdir. Halbuki, Şahverən Heydərovun məhkəmədə iştirakının təmin edilməsi həqiqətən onun ağır travmatoloji əməliyyatlara (məsələn protez qoyulması və s) məruz qalması barədə proses iştirakçılarında təsəvvür və inam formalaşdırırdı. Şahverən Heydərov hərəkət edərkən, yeriyərkən heç bir vaxt köməkçi vasitələrdən istifadə etməmişdir. Bu barədə əlində video çəkilişlər vardır ki, bu da sübut hesab olunmalıdır. Şahverən Heydərova faciəvi şəraitdə yəni xəstəxanada İddiaçı tərəfindən xəsarət yetirilməsi mümkün və inandırıcı deyildir. Şahverən Heydərovun məqsədi əsassız varlanmaqdır. Hazırkı iddianın doğuran səbəb nəzərə alınmamış, işə ilkin baxmış Biləsuvar Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsas götürülmüşdür. Əgər İddiaçı tərəfindən xəsarət yetirilmiş olsa belə hadisə yerində tərəflər arasında qarşılıqlı münasibətlər olmuşdur,lakin heç bir halda bu hala hüquqi qiymət verilməmişdir. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan halları sübut etməmiş, yalnız cavabdehin mülahizələrinə və əsassız fikirlərinə istinad edilmişdir. Hadisənin baş verdiyi şərait, faciəvi ölümün xəsarət alması iddia edilən Şahverən Heydərova baba kimi təsiri və onun bu barədə etirafı nəzərə alınmamışdır. Habelə cavabdehin şişirdilmiş xidmət və müalicə xərclərinin reallığa uyğun olmaması araşdırılıb, tədqiq edilməmişdir. Məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Hakimin qərəzli münasibəti qəbul etdiyi şikayət edilən məhkəmə qətnaməsində yazılmış cavabdeh iddiaçı “əməliyyatın video diskinin təqdim edilməsi” öhdəliyinin təqdim edilməsi öhdəliyinin qoyulmasını tələb etmiş olsa da X3 "xxxx" MMC-də əməliyyat olunan zaman videoçəkilişlərinin aparılmasına dair sübutları məhkəməyə təqdim etməmiş ifadəsində də göstərir. Qəribə məntiqdir. Hesab edir ki, video çəkilişlərin aparılması "xxxx" MMC rəhbərliyinin subyektiv yanaşmasının mövcudluğunu istisna etmir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək X4 iş yerində çalışdığı zaman xəsarət aldığını və əməliyyat olunduğunu, onun bu vəziyyətə gəlməsinə səbəb kimi iddiaçı ilə aralarında olan münaqişədən istifadə edərək iddiaçının məsuliyyət daşıdığını və buna görə də müalicə xərclərini ondan tələb etdiyini bildirmiş, məlumatın və əməliyyat çəkilişinin tələb edilməsində də əsas məqsədin Heydərov Şahsevənin xəsərət almasına səbəbkarın İddiaçı olmadığını sübut etmək olduğunu qeyd etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək nümayəndəsinin dedikləri ilə razı olduğunu,Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2174/2022 saylı işi üzrə 15 noyabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verdiklərini, lakin şikayətinin təmin olunmadığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 7.Cavabdeh "xxxx" MMC-nin direktoru X10 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək işlərin çoxluğu səbəbindən nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəciyini və bu səbəbdən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 3 2 . İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Vİ. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Vİİİ. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. 10.İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 34.4. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. 35.1. İnformasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər. 38.1. Əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar.38.2. Fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. 38.2.4. sağlamlıq vəziyyəti haqqında məlumatlar əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlardır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 10.2. Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. 10.10. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 85.1. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. 85.2. Məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. 86.1. Sübutların təmin edilməsi haqqında ərizə işə baxan və ya sübutların təmini üzrə prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir. Ərizədə təmin edilməli sübutlar, həmin sübutlarla təsdiq edilməli olan hallar, təmin etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir. 87.1. Sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 87.3. İşdə iştirak edən şəxslər sübutların təmin edilməsi haqqında ərizəyə baxılmanın vaxtı və yeri barədə xəbərdar edilirlər, onların gəlməməsi isə sübutların təmin edilməsi haqqında ərizəyə baxmağa mane olmur. 87.4. Məhkəmə sübutların təmin edilməsi haqqında qərardad çıxarır və orada icra edilmə qaydaları və üsullar göstərilir. 87.5. Protokollar və ya sübutları təmin etmə qaydasında toplanmış bütün materiallar işə baxan məhkəməyə göndərilir və işdə iştirak edən şəxslərə bu barədə məlumat verilir. 87.6. Sübutların təmin edilməsi barədə qərardada onu çıxaran məhkəmə tərəfindən yenidən baxıla bilər. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 12.Azərbaycan Respublikası Konstitusiyasının 125 (V, Vİ); Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 1, 3, 4, 18; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddələrinə görə: məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur; məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi qadağandır; məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir; Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur; Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən (qanunla müəyyən olunmuş qaydada) həyata keçirilir.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 80-82, 89, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin faktiki - sübutedici dəllillərinin hüquqi əsasları ilə uzlaşmadığından və formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Belə ki, hazırki iddianın səciyyəsi başqa şəxs barədə məlumatların tələb edilməsindən və artıq hüquqi qiymət verilmiş iş üzrə sübutların təmin edilməsinə yönəlmişdir. Prosessual qanunvericilik sübutların təmin edilməsi əsaslarını (qaydasını) müəyyən etmişdir və iddiaçı bu zərurəti əsaslandırdığı təqdirdə müəyyən edilmiş prosedur qaydasına müvafiq aidiyyəti təşkilatlara və ya məhkəməyə müraciətlər edə bilər.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3177/2023 saylı işi üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar