Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6608/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «ipotekaya xitam verilməsi və ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Nəsimi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2510/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh BOKT ASC arasında kredit və ipoteka müqavilələri bağlanmış və Bakı ş., Xəzər ray., Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, döngə 8, ev 6 Cavabdeh BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. Kredit borcunun ödənilməsində gecikmə olduğuna görə BOKT tərəfindən borclu X2 və İddiaçı qarşı iddia qaldırılmışdır.
3. Məhkəmə proseslərinin yekunu olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2(102)-1628/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi verilmiş və icra üçün Xəzər rayon icra və probasiya şöbəsinə göndərilmişdir.
4. İcra sənədinə əsasən X2 və İddiaçı BOKT-nin xeyrinə 33,766.16 manat pulun tutulması qət edilmiş və tutmanın ipoteka predmetinə - evə yönəldilməsi, evin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi qət edilmişdir.
5. Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən həmin icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən hərrac təşkilatı olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə 31/5A saylı, xx.xx.2020-ci il tarixli Sifariş məktubu göndərilmişdir.
6. Hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci ildə ilkin, xx.xx.2021-ci ildə təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır.
7. Hərrac təşkilatı «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsini rəhbər tutaraq BOKT-yə 01/680 saylı, xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair Təklif göndərmişdir.
8. 26 fevral 2021-ci il tarixdə Xəzər rayon icra şöbəsi, hərrac təşkilatı və ipoteka saxlayan 21/04 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol imzalamışlar və ipoteka saxlayan Cavabdeh BOKT ASC ipoteka predmetinin “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 89.250 manat qiymətlə əldə etmişdir.
9. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, döngə 8, ev 6 hazırda Cavabdeh BOKT ASC-nin xüsusi mülkiyyətində olmaqla, bununla bağlı AR ƏMDK yanında DƏDRX-dən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «ipotekaya xitam verilməsi və ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh BOKT ASC arasında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi A.Bakıxanov küçəsi döngə 8, 6 nömrəli evə dair bağlanmış 19 iyun 2015-ci il tarixli 0202/15/İ saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində BOKTnin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi A.Bakıxanov küçəsi döngə 8, 6 nömrəli evə dair xx.xx.2021-ci il tarixli ********** saylı daşınmaz əmlaka dair hüquqların qeydiyyatının əsassız olmasını nəzərə alaraq Cavabdeh BOKT ASC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi; onunla Cavabdeh BOKT ASC arasında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi A.Bakıxanov küçəsi döngə 8, 6 nömrəli evə dair bağlanmış 19 iyun 2015-ci il tarixli 0202/15/İ saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində BOKT-nin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi A.Bakıxanov küçəsi döngə 8, ev 6 İddiaçı məxsusdur. İddiaçı ilə Cavabdeh BOKT ASC arasında kredit və ipoteka müqavilələri bağlanmış, ev BOKT-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun ödənilməsində gecikmə olduğuna görə BOKT tərəfindən borclu X2 və İddiaçı qarşı iddia qaldırılmışdır. Məhkəmə proseslərinin yekunu olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2(102)-1628/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi verilmiş və icra üçün Xəzər rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Buna görə, X2 və İddiaçı BOKT-nin xeyrinə 33,766.16 manat pulun tutulması qət edilmiş və tutmanın ipoteka predmetinə – evə yönəldilməsi, evin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi qət edilmişdir. Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən həmin icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən hərrac təşkilatı olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə 31/5A saylı, xx.xx.2020-ci il tarixli Sifariş məktubu göndərilmişdir. Bundan sonra, hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci ildə ilkin, xx.xx.2021-ci ildə təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır. Nəticə etibarı ilə, hərrac təşkilatı «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsini rəhbər tutaraq BOKT-yə 01/680 saylı, xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair Təklif göndərmişdir. Təklif, BOKT-yə sifarişli poçt vasitəsilə çatdırılmışdır. BOKT-nin hərrac təşkilatına ipoteka predmetinin əldə olunmasına dair Təklifinə hər hansı bir rəsmi cavab verib-vermədiyi məlum deyildir. Hərrac təşkilatı bunu təsdiq edəcək sənədi təqdim etməmişdir. Hərracın yekunları barədə 21/04 nömrəli Protokoldan görünür ki, guya ipoteka saxlayan BOKT «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən evi 25% aşağı olan qiymətlə (89,250 manat) əldə etmək hüququnu bildirmişdir. Protokoldan da göründüyü kimi, BOKT hərrac nəticəsində əldə etmiş olduğu evin dəyərindən (89,250 manatdan) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1628/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən borcu (33,766.16 manatı) çıxmalı, qalıq məbləği (55,483.84 manatı) evin mülkiyyətçisi olan İddiaçı təklifi aldığı gündən 30 təqvim günü ərzində ödəməli idi. BOKT isə qeyd olunan ödənişi xx.xx.2021-ci il tarixdə Xəzər rayon icra və probasiya şöbəsinin depozit hesabına etmişdir. İddia ərizəsinə qoşulmuş sənədlərlə təsdiq edilir ki, evə tutma yönəldilməsi ilə bağlı artıq ilkin və təkrar hərrac keçirilib, lakin bu hərraclar baş tutmadığına görə, ipoteka predmetini əldə etmək BOKT-yə təklif edilib. BOKT isə evi qanunvericilik ilə tələb edilən müddət ərzində əldə etməyib. Belə ki, BOKT hərrac təşkilatına ipoteka predmetinin əldə olunmasına dair Təklifinə qanunvericilik ilə nəzərdə tutulmuş 30 təqvim günü ərzində hər hansı bir rəsmi cavab verməmiş və ödəniş etməmişdir. Bir sözlə, ipotekaya xitam verilməsi üçün əsas ortaya çıxmışdır və bu əsas «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə söykənir.
13. Bakı Nəsimi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2510/2022 saylı qətnaməsi ilə (hakim S.Cəfərov) iddia ərizəsi rədd edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, vəsaitin gec ödənilməsi ipoteka predmeti əldə edildikdən sonrakı prosedura daxildir və ipotekaya xitam verilməsi üçün əsas deyildir.
15. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 139-1, 140, 319-cu maddələrinə, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2510/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində “əldə etmək” dedikdə ancaq protokolun imzalanması deyil, müvafiq ödənişlərin də həyata keçirilməsi başa düşülür. Bunu təsdiq edəcək bir məqamda odur ki, qanunvericiliyimizdə qeyd edilən ödənişin hansı müddət ərzində həyata keçirilməli olması barədə ayrıca müddəa nəzərdə tutulmamışdır. Məhkəmə isə, öz növbəsində, qətnaməni iki ziddiyyətli mövqe ilə əsaslandırmışdır: bir tərəfdən, məhkəmə deyir ki, qanunda ipoteka predmetinin əldə etmə proseduru konkret olaraq göstərilməyib, sonradan isə əksinə mövqe sərgiləyərək deyir ki, BOKT qanunda nəzərdə tutulmuş 30 təqvim günü ərzində ipoteka predmeti əldə edilmişdir. BOKT evi qanunvericilik ilə tələb edilən müddət ərzində əldə etməyib. Belə ki, 26 fevral 2021-ci il tarixdə BOKT, hərrac təşkilatı və icra şöbəsi Hərracın yekunları barədə 21/04 nömrəli Protokol imzalamışdır. Lakin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində “əldə etmək” dedikdə, ancaq protokolun imzalanması deyil, müvafiq ödənişlərin də həyata keçirilməsi başa düşülür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 139-1.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
27. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
28. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar. Bu protokol müqavilə qüvvəsinə malikdir.
29. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
30. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 31.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
32. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
33. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 oktyabr 2014-cü il tarixli Qərarı:
34. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.
35. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir.
36. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.
37. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.
38. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.
39. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
“İcra Haqqında” Azərbaycan Respublikasının qanununun:
40. 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
41. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər.
AR Mülki Prosessual Məcəlləsi
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin mübahisənin həllinə dair gəldiyi nəticə ilə razılaşır.
46. Belə ki, iş materialları ilə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1628/2020 saylı icra vərəqəsi tərtib olunaraq icra edilməsi üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
47. Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmiş, hərrac təşkilatı olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə 31/5A saylı, xx.xx.2020-ci il tarixli Sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci ildə ilkin, xx.xx.2021-ci ildə təkrar hərrac keçirilmişdir.
48. Əmlak təkrar hərracda da satılmadığından, hərrac təşkilatçısı 09 fevral 2021-ci il tarixdə Cavabdeh BOKT ASC-yə təklif ünvanlayaraq, 30 təqvim günü ərzində ipoteka predmeti barədə təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 89.250 manata alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir.
49. 26 fevral 2021-ci il tarixli, 21/04 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən Cavabdeh BOKT ASC ipoteka predmetinin “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 89.250 manat qiymətlə əldə etmişdir.
50. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı öz iddia tələbində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi A.Bakıxanov küçəsi döngə 8, 6 nömrəli evə dair xx.xx.2021-ci il tarixli ********** saylı daşınmaz əmlaka dair hüquqların qeydiyyatının əsassız olmasını nəzərə alaraq Cavabdeh BOKT ASC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsini xahiş etmişdir.
51. İş materiallarından da göründüyü kimi reyestrdə həmin qeyd ipoteka predmeti olmuş əmlakın tələbkar tərəfindən hərrac vasitəsilə əldə edilməsinə dair yekun protokol əsasında aparılmışdır.
52. Lakin iddiaçı hazırda həmin qeydin ləğv edilməsini xahiş etsə də, bu qeydin aparılması üçün əsas olmuş əqdin həqiqiliyini, onun ləğvini və ya etibarsızlığını mübahisələndirməmişdir.
53. Halbuki, mülki qanunvriciliyin tələblərinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
54. Kollegiya hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılması üçün əsas olmuş əqdin həqiqiliyi mübahisələndirilmədən, bu əqd əsasında aparılmış qeydin ləğv edilməsinə dair tələb əsaslı hesab edilə bilməz.
55. Bundan başqa, iddiaçı onunla Cavabdeh BOKT ASC arasında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi A.Bakıxanov küçəsi döngə 8, 6 nömrəli evə dair bağlanmış 19 iyun 2015-ci il tarixli 0202/15/İ saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində BOKT-un xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
56. Kollegiya qeyd edir ki, ipotekaya xitam verilməsinin əsasları qanunvericliklə dəqiq müəyyən edilmişdir.
57. Belə ki, İpoteka Haqqında qanununda ipotekaya xitam verilməsinin əsasları kimi ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satılması; ipoteka predmetinin məhv olması; habelə Qanunla nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur.
58. Hazırkı iş üzrə iddiaçı ipoteka predmetinin tələkar Cavabdeh BOKT tərəfindən hərrac vasitəsilə əldə edilməsi zamanı onun əmlaka görə ödəməli olduğu pul məbləğini 30 gün ərzində deyil, 2 aydan sonra icra şöbəsinin depozit hesabına köçürdüyünə istinad etmişdir.
59. Birinci instansiya məhkəməsi həmin dəlili əsassız hesab edərək bu qənaətə gəlmişdir ki, vəsaitin gec ödənilməsi ipoteka predmeti əldə edildikdən sonrakı prosedura daxildir və ipotekaya xitam verilməsi üçün əsas deyildir.
60. Kollegiya məhkəmənin gəldiyi bu nəticəni əsaslı hesab edir və qeyd edir ki, qanunvericiliyin tələblərinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı arasında hərracın yekunlarına dair bağlanmış protokol müqavilə qüvvəsinə malikdir.
61. Bu mənada, hərrac təşkilatı ilə tələbkar arasında imzalanmış yekun protokolu, hüquqi təbiəti etibarı ilə ipoteka predmeti olan əmlakın alğı-satqısına dair müqavilə kimi nəzərdən keçirilməlidir.
62. Mülki qanunvericiliyin alğı-satqı müqaviləsinə dair müddəalarında isə alğı-satqı müqaviləsi satıcının əşyanı alıcının mülkiyyətinə verməsi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi kimi müəyyən edilir.
63. Hazırkı iş üzrə tələbkar Cavabdeh BOKT ASC ilə hərrac təşkilatı arasında müqavilə imzalandıqdan və evin satış qiymətinin borca yönələn hissəsi çıxıldıqdan sonra qalıq məbləği Cavabdeh BOKT ASC tərəfindən Xəzər rayon icra şöbəsinin depozit hesabına ödənilməsi mübahisəsizdir.
64. Artıq qeyd edildiyi kimi, iddiaçı həmin əqdin həqiqiliyini mübahisələndirməmişdir.
65. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən ipoteka predmetinin satış qiymətinin borc çıxıldıqdan sonra qalıq məbləğinin icra şöbəsinin depozit hesabına gec ödənilməsi özü-özlüyündə ipotekaya xitam verilməsi üçün əsas deyildir.
66. Bu zaman kollegiya onu da nəzərə alır ki, ipoteka predmeti olan əmlakın satılması məhkəmə qətnaməsinin icra edilməsi məqsədilə, “İcra Haqqında” qanunun tələblərinə uyğun olaraq icra orqanının sifarişi əsasında həyata keçirilir.
67. Əmlak hərrac vasitəsilə özgəninkiləşdirildikdə sifarişçi qismində icra qurumu, satıcı qismində isə hərrac təşkilatı çıxış etdiyindən, əmlakı hərrac vasitəsilə əldə etmiş alıcının həmin əmlakın dəyərinin vaxtında ödənilməsi ilə bağlı əmlakın mülkiyyətçisi (hazırkı halda iddiaçı) qarşısında deyil, hərrac təşkilatçısı və sifarişçisi qarşısında öhdəliyi yaranmış olur.
68. Bu mənada kollegiya hesab edir ki, ipoteka predmeti olan əmlakın hərrac vasitəsilə realizə edilməsi icra qurumunun sifarişi əsasında həyata keçirildiyindən, satışdan əldə edilmiş vəsaitin borc çıxıldıqdan sonra qalıq məbləğinin borcluya vaxtında ödənilməsini təmin edilməsi icra qurumunun daşıyır.
69. Təsadüfi deyil ki, əmlakı hərrac vasitəsilə əldə etmiş şəxs həmin məbləği birbaşa borclu şəxsin özünə deyil, icra qurumunun depozit hesabına köçürür.
70. Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
71. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
72. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Nəsimi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2510/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.