Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6610/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X2rşı “vəzifəli şəxsin üzərinə müvafiq vəzifənin qoyulması tələbi barədə” xüsusi iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2008-ci il tarixli qətnamədən iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən X1 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2008-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1768 saylı sərəncamı əsasında verilmiş 37 saylı orderlə Pirşağı bağ sahəsində İddiaçı adına ayrılmış 1162 “B” saylı bağın Pirşağı bağlarına aid sxem-plana salınması və bu barədə dövlət reyestr sənədinin verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X3 həvalə edilməsi qət edilmişdir. İş üzrə tərəf olmadığı üçün işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Alidə Bədəlova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) göndərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2.). MPM-nin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda sadalanan prosessual hüquq normalarından göründüyü kimi əgər birinci instansiya məhkəməsinin qətnaməsindən tərəfin özü deyil, qətnamənin hüquq və vəzifələrinə toxunduğunu hesab edən digər şəxs apellyasiya şikayəti verirsə, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq ilk növbədə qəbul edilmiş qətnamənin Alidə Bədəlovanın hüquq və vəzifələrinə toxunub-toxunmadığı müəyyən edilməli və bu barədə qərardad qəbul edilməlidir. Bu məsələlər həll edilmədən hazırkı apellyasiya şikayətinin baxılması üçün göndərilməsi şikayəti vermiş Alidə Bədəlovanın işdəki prosessual vəziyyətinin aydınlaşdırılmaması nəticəsini yaradır. Belə olan halda isə onun ümumiyyətlə, şikayət vermək hüququna malik şəxs olub-olmadığı məsələsi həll edilməmiş qalır. Bu mənada, hazırkı işin halları baxımından iş üzrə tərəf olmayan Alidə Bədəlovanın verdiyi apellyasiya şikayəti yalnız o halda prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab oluna və baxılmaq üçün qəbul edilə bilər ki, o, qəbul edilmiş qətnamənin onun hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınsın. İş materiallarından görünür ki, adından apellyasiya şikayəti verilmiş Alidə Bədəlova Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsindən həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi şikayət vermişdir. Lakin Rayon Məhkəməsi tərəfindən bununla bağlı müvafiq prosessual hərəkətlər edilmədən, yəni həmin qətnamə ilə şikayət vermiş şəxsin maraqlarına toxunulub-toxunulmaması məsələsi müəyyən edilmədən apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda hesab edilməlidir ki, Alidə Bədəlovanın verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Buna görə də, onun qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs qismində tanınıbtanınmaması məsələsinin həlli üçün iş materialları qətnaməni qəbul etmiş Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Məhkəmə, MPM-nin 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2008-ci il tarixli qətnamədən X1 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və X1 qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınıbtanınmaması məsələsinin həll edilməsi üçün apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6610/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6610/2020
14.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver