Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6611/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsi əməkdaşları tərəfindən ona vurulmuş 5000 manat əldən çıxmış faydanın, 1500 manat nəqliyyat xərclərinin və 30000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur, orta təhsillidir. Ailəlidir. Əsas peşə fəaliyyəti sürücülük fəaliyyətidir. AC seriyalı 540555 nömrəli sürücülük vəsiqəsinə malik olmaqla fərdi qaydada fiziki şəxs kimi fəaliyyət göstərmişdir. 15 noyabr 2017-ci il tarixdən 2023-cü ilin ortalarına qədər Bakı şəhərində fəaliyyəti olan “X1” şirkətində nəqliyyat müfəttişi vəzifəsində işləmişdir. Həmin vaxt işlədiyi vəzifə müvəqqəti olaraq ixtisara salınmışdı və təkrar işə qəbul üçün dəvət gözləməsində olmuşdur. Xeyli müddətdir ki, “KİA SPORTAGE” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mülki etibarnamə əsasında, sərəncam hüququ olmaqla idarə edir. Avtomaşının qabiliyyəti imkan verdiyi üçün sərnişin və kiçik qabaritli yük daşıma ilə məşğul olmuşdur. 10 aprel 2024-cü il tarixdə Bakı şəhəri ərazisində idarə etdiyi avtomaşınla hərəkətdə olarkən Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və əsaslı iradlarına baxmayaraq həmin əməkdaş tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (dövlət mövcud standartlara uyğun olmayan qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsi) törətmiş olması ilə bağlı inzibati protokol tərtib olunmuş və nəqliyyat vasitəsi dərhal, xx.xx.2024-cü il tarixdə, saat 10.15-də Bakı şəhəri Badamdar qəsəbəsindəki duracağa yerləşdirilmişdir. Həmin protokol əsasında İXM- nin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmə əsası ilə barəsində 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul olunmuş qərar tərəfindən mübahisələndirilmiş, xx.xx.2024-cü il tarixdə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət təqdim olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1414/2024 saylı qərarı ilə şikayəti təmin olunmuş, Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən tərtib edilmiş 10 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Mülki etibarnamə əsasında sərəncamında və istifadəsində olan “KİA SPORTAGE” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil yalnız 21 may 2024-cü il tarixdə, yəni 41 gündən sonra Yol Polisi İdarəsinin duracağından buraxılmış, ona qaytarılmışdır. Göründüyü kimi, Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsi əməkdaşlarının bu qanunsuz hərəkətləri ilə ona maddi və mənəvi ziyan yetirilmişdir. Avtomaşını 41 gün ərzində duracaqda saxlanılmış, avtomaşından istifadə hüququndan məhrum olmuşdur. Avtomaşından sərnişin və kiçik qabaritli yük daşıma üçün istifadə edəcəyi hər gün üçün ən azı 100-120 manat, təxminən 5000 manat qazanc əldə edə biləcəkdir ki, bu hal əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. Abşeron rayonunun Novxanı kəndində aləsinə məxsus bağ evi vardır və yay mövsümünün gəlməsi ilə bağlı avtomaşınından məhrum edildiyi müddət ərzində həmin evdə təmir işləri aparmışdır. Avtomaşının duracaqda olması səbəbindən təmir üçün inşaat materiallarını kənar nəqliyyat vasitələrinin xidmətlərindən istifadə etməklə daşıtdırmışdır ki, bu da ona təxminən 1000 manata başa gəlmişdir. Göstərilən 41 gün ərzində özü və ailə üzvləri taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalmışlar ki, bu xidmətə 500 manat vəsait xərcləməli olmuşdur. Özü intizamlı sürücü olmuş və heç vaxt qayda pozuntusuna yol verməmişdir. Qanunsuz olaraq inzibati tənbehə məruz qalması və 41 gün ərzində avtomobilindən məhrum edilməsi onda, sözün həqiqi mənasında “şok” vəziyyəti yaratmışdır. Haqqının bərpa olunması üçün çəkdiyi əziyyətlər onda psixoloji gərginlik yaratmışdır. Artıq xeyli müddət idi ki, psixoloji gərginlik içərisində olmuşdur ki, bu da onun şəxsi həyatına mənfi təsirlərini göstərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi qismən təmin edilərək, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 200 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, gələcəkdə reqres tələblərin olması nəzərə alınmaqla təqsirkar şəxslərin məhkəmə icraatına cəlb olunmalı olması, pul vəsaitinin dövlət büdcəsi vasitəsilə ödənilməsinin əsassız olması, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya mənəvi ziyanın vurulmaması, hər hansı sübut olmadan iddiaçıya mənəvi zərərə görə 200 manat manat vəsaitin tutulması, CPM-in 190-cı maddəsinə əsasən 330 manat kompensasiyanın ödənilməli olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahatına uyğun izahat vermiş, əlavə olarpaq göstərmişdir ki, ona birinci instansiya məhkəməsinin müəyyən etdiyi 200 manatdan qat-qat çox mənəvi zərər dəymişdir. Lakin, o artıq yorulduğu üçün qətnamə ilə razılaşmış və ondan apellyasiya şikayəti verməmişdir. Cavabdehin apellyasiya şikayətini isə anlamır. Ona qanunsuz inzibati tənvehin verilməsi, avtomobilinin əsassız olaraq 41 gün ərzində duracaqda yerləşdirilməsi aşkardır. Bütün bu hallar isə ona mənəvi zərərin yetirilməsini ehtiva edir. Bu istiqamətdə məhkəmənin müəyyən etdiyi 200 manat məbləğ isə kifayət qədər minimal məbləğdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissələrində - mənəvi zərərin tutulması) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı barəsində Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (təqsirlilik sübuta yetirilmədiynə görə). İşdə olan avtonəqliyyat saxlanılma qəbulu barədə aktdan görünür ki, KİA markalı ** EE *** DQN avtomobil xx.xx.2024-cü il tarixdə saat 10:15-də duracağa yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə isə duracaqdan buraxılmışdır. Birinci instansya məhkəməsi gəldiyi nəticəni belə əsasldnaırmışdır ki, iddiaçının avtomobili qanunsuz olaraq duracaqda saxlanılmış, həmin müddət ərzində o bir sıra məhrumiyyətlərlə üzləşmiş, nəqliyyat vasitəsinin olmaması ona müəyyən narahatlıqlar yaşatmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 200 manat məbləğində müəyyən olunmalıdır. Həmçinin, iddiaçı ona maddi ziyan dəyməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh Maliyyə Nazirliyi maliyyə sahəsində dövlət siyasətini həyata keçirən qrumdur. Polisin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiyindən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyanın mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti” çıxış edir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq işin mübahisəsiz halı kimi müəyyən olunur ki, İddiaçı Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, iddiaçı qeyd olunan protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı məhkəmə qaydasında mübahisələndirmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1414/2024 saylı qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir (təqsirin müəyyən olunmaması). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Azərbaycan Respublikası “Polis haqqında” Qanunun 5-ci maddəsinin 6-cı və 7-ci bəndlərinə əsasən şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. Polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. Həmin Qanunun 39-cu maddəsinə əsasən polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyri-dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir. İşin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçının müvafiq tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, dövlət orqanlarından şəxsin ona dəymiş zərəri tələb etmək hüququ aşkardır. Yəni, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərlətinin (hərəkətsizliyinin) nəticəsində şəxsə vurulmuş zərərin əvəzi Azərbaycan Respublikası tərəfindən ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edilir. Qeyd edilməlidir ki, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində iddiaçının nəqliyyat vasitəsinin əsassız olaraq duracaqda saxlanması, həmin müddət ərzində onun nəqliyyat vasitəsindən məhrum olması səbəbindən onun bir sıra məhdudiyyətlətlə üzləşməsi ilə nəticələnmişdir ki, bu da iddiaçıya narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 200 manat mənəvi zərər məbləği işin hallarına uyğun olmaqla, ədalətli və qanunidir, onun miqdarının apellyasiya şikayətinə əsasən azaldılmasına qanuni əsaslar müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikəyətinin dəlilləri iddianın tam rədd olunması üçün də yetərli deyildir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Təbii ki, iddiaçıya mənəvi ziyan bilavasitə Maliyyə Nazirliyi tərəfindən vurulmamışdır, lakin bu hal özü-özlüyündə sonuncunun cavabdeh kimi iştirakını aradan qaldırmır. Çünki, dəymiş mənəvi zərərlə bağlı məhkəmənin müəyyən etdiyi müvafiq pul vəsaiti məhz dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bununla yanaşı, apellyasiya şikayətində reqres tələblərin mümkünlüyü baxımından müvafiq şəxslərin icraata cəlb olunmaması göstərilsə də, işdən görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cavabdeh qismində icraata cəlb olunmuşlur. Həmçinin, cavabdehin apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsində nəzərdə tutulmuş müvafiq kompensasiya məbləğləri hazırki tələbi aradan qaldırmamaqla, onu istisna etmir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı halda isə, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş şikayətə əsasən onun yoxlanılan hissəsində iddianın qiyməti 5000 manatdan azdır (200 manatdır). Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə” dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6611/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6611/2024
17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver