Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6614/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “vəfat etmiş şəxsin yığılmış pensiya kapitalının vərəsəsinə ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh Fonda qarşı “vəfat etmiş şəxsin yığılmış pensiya kapitalının vərəsəsinə ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 yığılmış 48.818 manat pensiya kapitalının və ödənilmiş 266,45 manat dövlət rüsumu olmaqla, cəmi 49.084,76 manat pulun cavabdeh Fonddan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Eldar Rəhimovun vərəsəsidir. Mərhumun fərdi hesabının sığorta hissəsində yığılmış 48.818 manat pensiya kapitalı vardır. “Əmək pensiyalar haqqında” qanunda göstərilir ki, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericiliklə nəzərdə tutulan qaydada ödənilir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Rayon Məhkəməsi iş üzrə gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərilən tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. İşə inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi hazırkı mübahisə inzibati orqanın şəxsin yığılmış pensiya kapitalının onun vərəsəsinə ödənilməsi ilə bağlı yaranmışdır. İddiaçı iddia ərizəsində cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu göstərmişdir. Yaranmış mübahisə mərhum Eldar Rəhimovun vərəsəsi olan iddiaçının mərhum Eldar Rəhimovun yığılmış pensiya kapitalının ona ödənilməsi ilə bağlıdır. Dövlət Sosial Müdafiə Fondu xx.xx.2023-cü il tarixli məktubla mərhum Eldar Rəhimovun fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının onun vərəsəsi olan iddiaçıya ödəməkdən imtina etmişdir. Məhkəmə qeyd olunanlara münasibətdə bildirir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət tabeçilik prinsipi əsasında qurulmasıdır. İPM-in 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göründüyü kimi mübahisəyə məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddia ərizəsinin qəbulundan imtina etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Şikayətdə qeyd edilən dəlillər qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Bu baxımdan qəbul edilməlidir ki, qərardaddan verilmiş şikayət əsassızdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırda müzakirə edilən nəticəsi, qərardad verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6614/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6614/2023
24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver