Məhkəmə qərarları › İş №2(103)-662/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-662/2020

27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-662/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindənverilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin əzilməsinə görə dəymiş maddi zərərin əvəzi qismində 9800 manat məbləğində, habelə mənəvi zərərin əvəzi qismində 15000 manat pulun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat puluncavabdehdəntutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, avtomobilin əzilməsinə görə dəymiş maddi zərərin əvəzi qismində 4867 manat məbləğində, habelə məhkəmə xərclərinin əvəzi qismində 1000 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu il tarixdə axşam saat 20 radələrində Bakı şəhəri Nizami rayonu Babək prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Toyota Camry” markalı avtomaşınla ara məsafəsi saxlamadığına görə iddiaçının idarə etdiyi “Toyota Camry” markalı KK 820 EE dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsindən toqquşmuş, nəticədə avtomobil əzilərək avtomobilin mülkiyyətçisi olan iddiaçıya maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nizami RPİ-də araşdırma aparılmış və hadisənin baş verməsində Cavabdeh təqsirli olması müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Bakı şəhəri Nizami RPİ DYPŞ-yə göndərilmişdir. Avtomobilə dəymiş ziyanla bağlı bu sahədə ixtisaslaşmış şirkət tərəfindən qüsur aktı tərtib olunmuş və dəymiş ziyan 9800 manat həcmində müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2450/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh avtomobilə dəymiş maddi ziyanın əvəzi qismində 4867 manat məbləğində pulun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış və bu səbəbdən də cavabdeh sübutlar təqdim etmək, vəsatətlər vermək imkanından məhrum olmuşdur. Bundan əlavə, iddiaçının idarə etdiyi avtomaşına dəymiş zərərin əvəzi cavabdeh tərəfindən deyil, sığorta şirkəti tərəfindən ödənilməlidir. İddiaçının avtomobilinə vurulmuş ziyana görə “xxxxxxxxxxxx” ASC tərəfindən iddiaçıya pul vəsaitinin ödənilməsinə baxmayaraq, o yenidən pul əldə etmək məqsədi ilə cavabdehə qarşı iddia qaldırmışdır. Bundan başqa, iddiaçının avtomobilinə 9800 manat məbləğində ziyan dəyməsi inandırıcı deyil və sığorta şirkətinin ona verdiyi pul həmin avtomobilin tam bərpası üçün yetərlidir. Belə ki, qiymətləndirmə aparılarkən avtomobilin aşınma xərcləri, onun istifadə müddəti və istehsal ili nəzərə alınmamışdır. Halbuki, həmin xərclər çıxıldıqda avtomobilə dəymiş zərərin məbləği sığorta şirkətindən iddiaçının aldığı məbləğlə tam üstüstə düşür. Buna görə də avtomobilə dəymiş zərərin miqdarının dəqiqləşdirilməsi üçün ekspertizanın keçirilməsi zəruridir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2450/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxıanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2450/2019 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry” markalı KK 820 EE dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry” markalı Az ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin VN № 000998 saylı yol vərəqəsinin surətindən görünür ki, “Toyota Camry” markalı Az ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil X1 verilərək xəttə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Mühasibat uçotu və təminat şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan sürücüsü vəzifəsində çalışır. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin təhqiqatçısı tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış, hadisənin baş verməsində “Toyota Camry” markalı Az ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli olması müəyyən edilmiş, lakin hadisə zamanı xəsarət almış zərərçəkənin aldığı bədən xəsarəti dərəcəsinə görə cinayət tərkibi yaratmadığına görə əməlində cinayət tərkibi olmadığından Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Bakı şəhəri Nizami RPİ DYPŞ-yə göndərilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC tərəfindən “Performance Center” şirkətində keçirilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx xxx 2019-cu il tarixli hesabatdan görünür ki, 2012-ci ildə istehsal olunmuş “Toyota Camry” markalı KK 820 EE dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 9006 manat, o cümlədən ehtiyat hissələri 7030 manat, görüləcək işlər üçün zəhmət haqqı 1976 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya icraatı zamanı təyin olunaraq keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən xx xxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Toyota Camry” markalı, KK 820 EE dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7655 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, “Toyota Camry” markalı KK 820 EE dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə xx xxxx 2019-cu il tarixdə İddiaçı 4613,26 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün qənaətə gəlsə də, məhkəmə yalnız “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli hesabatına və iddia ərizəsində göstərilən məbləğə istinad edərək iş üzrə zərərin məbləğinin qiymətləndirilməsi üçün ekspertiza təyin etmədən yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən “Toyota Camry” markalı KK 820 EE dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 7655 manat məbləğində müəyyən edildiyini, habelə iddiaçı X2 “xxxxxxxxxxxx” ASC tərəfindən sözügedən avtomobilə dəymiş zərərə görə 4613,26 manat məbləğində sığorta ödənişi verildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya vurulmuş maddi zərərin məbləği 7655-4613,26=3041,74 manat məbləğində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamə yalnız Cavabdeh tərəfindən mübahisələndirildiyinə görə məhkəmə kollegiyası qətnaməni yalnız Cavabdeh apellyasiya şikayəti çərçivəsində yoxlamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : İş materiallarından görünür ki, tərəflər, o cümlədən Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışlar. Avtomobilə vurulmuş ziyanın əvəzinin tam olaraq sığorta şirkəti tərəfindən ödənilməli olması, ödənilmiş sığorta pulunun avtomobilə dəymiş zərərin əvəzini tam ödədiyi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. “Toyota Camry” markalı Az ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamenti tərəfindən sığorta olunduğundan, “xxxxxxxxxxxx” ASC sığorta müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək zəruri xərclər çıxıldıqdan sonra 4613,26 manat sığorta ödənişini İddiaçı ödəmişdir. Sığortalı avtomobilə vurulmuş ziyanın məbləği 5000 manatdan yuxarı olduğuna görə sığorta şirkətinin qalan məbləği ödəmək öhdəliyi yoxdur və həmin məbləğ ziyan vurmuş şəxsdən tutulmalıdır. Beləliklə, apellyasiya şikayətinin yalnız vurulmuş ziyanın məbləği ilə bağlı hissəsi qismən əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 120 manat məbləğində pul vəsaitinin 75 manat hissəsi Cavabdeh, 45 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 19 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 11 manat pul iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2450/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 3041,74 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 19 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilsin, qalan 11 manat pul iddiaçıya aid edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 120 manat məbləğində pul vəsaiti 75 manat hissəsi Cavabdeh, 45 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar