Məhkəmə qərarları › İş №2(103)-6622/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6622/2023

24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6622/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh MMC və Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5021/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC və Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 22A, məhəllə 3014-də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinin qiymətləndirilməsi barədə Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, QXM 3479 nömrəli qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi, həmin əmlakın ilkin (başlangıc) satış qiymətinin 157.352 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5021/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh MMC və Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki tələblə bağlı iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iddiaçı icra məmurunun hərəkətlərini mübahisələndirdiyindən və iş hazırda icra mərhələsində olduğundan, məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) icra məmurunun hərəkətlərindən şikayət ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli idi. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Nümayəndə şikayət verərək ləğv edilməsini və ərizənin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6492/2021-002 nömrəli, 29 iyun 2021-ci il tarixli icra sənədinə üzrə borclu X1 180.000 (yüz səksən min) ABŞ dolları, 80 (səksən) manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Abdullayev tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında 28 iyul 2021-ci il tarixli qərar qəbul qəbul edilmişdir və borclu X2 bildiriş təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6492/2021-013 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X1 1800 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Sultanova Asyanın xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Abdullayev icraata başlamaq barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2021-ci il tarixdə ölmüş tələbkar X4 onun hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6492/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Cavabdeh MMC-dən mütəxəssisin dəvət edilməsi və borclu X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 22A, 3014-cü məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin 104 kv.m olan hissəsinin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. İddiaçının dəfələrlə Yasamal Rayon İcra Şöbəsinə müraciətlər etməsinə baxmayaraq, Yasamal Rayon İcra Şöbəsi qiymətləndirmənin təyin edilməsi barədə qərarı və qiymətləndirmə rəyini iddiaçıya təqdim etməmişdir. Bu səbəbdən iddiaçı şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən icra məmuru qeyd edilən sənədləri iddiaçıya məhkəmədə xx.xx.2023-cü il tarixində təqdim etmişdir. Bundan sonra iddiaçının ərizəsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli, 8(004)-427/2023 saylı qərardadı ilə iddiaçının şikayəti geri qaytarılmışdır. Cavabdeh MMC tərəfindən QXM 3479 nömrəli, 19 may 2023-cü il tarixli qiymətləndirmə hesabatı təqdim edilmişdir. Qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 22A, məhəllə 3014də yerləşən 280 kv.m qeyri-yaşayış sahəsinin 104 kv.m hissəsinin bazar dəyəri 364.000 (üç yüz altmış dörd min) manat müəyyən edilmişdir. Hesabatda göstərilmişdir ki, sözügedən ünvanda (qeyri-yaşayış binasında) qiymətləndirmə şirkəti "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 19 kv.m qeyri-yaşayış sahəsi qiymətləndirilmiş və 1 kv.m-nin bazar dəyəri 3.947,00 manat olaraq göstərilmişdir. Qiymətləndirici heç bir başqa mənbəyə istinad etməmişdir, özü əmlakın bazar qiymətini müəyyən etmək üçün heç bir tədqiqat aparmamışdır. Eyni zamanda, qiymətləndirici özü istinad etdiyi başqa mütəxəssisin verdiyi rəyi inkar etmişdir. Belə ki, mübahisələndirilən rəyə əsasən borclunun mülkiyyətində olan əmlakın 1 kv.m. dəyəri 3.500 manat (364000/104=3500) qiymətləndirilmişdir. Halbuki, mütəxəssisin istinad etdiyi digər rəydə eyni binadakı başqa əmlakın 1 kv.m. 3.947 manat qiymətləndirilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5021/2023 saylı, 03 oktyabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərinə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “Qiymətləndirmə haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq almış hüquqi və fiziki şəxslər qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər. Qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək; qiymətləndirmə keçirildiyi hallarda sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq; dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq; zəruri hallarda qiymətləndirmədə iştirak etmək üçün müqavilə əsasında mütəxəssisləri cəlb etmək; sifarişçi müqavilə şərtlərini pozduqda, qiymətləndirmə obyekti barəsində lazımi məlumat vermədikdə, habelə qiymətləndiriciyə müvafiq iş və təhlükəsizlik şəraiti yaratmadıqda, qiymətləndirməni həyata keçirməkdən imtina etmək Qanunla qiymətləndiricinin hüquqlarına aid edilmişdir. İş materiallarından göründüyü kimi hazırkı işdə qiymətləndirici Cavabdeh MMC, sifarişçi isə icra məmurudur. İddiaçı qiymətləndirici və ya sifarişçi olmadığından qiymətləndirmə fəaliyyətinin subyekti hesab edilmir, onun fəaliyyəti həmin qanunla tənzimlənmir. “Tənzimləmə” anlayışından çıxış edildikdə isə belə nəticəyə gəlmək olar ki, əgər hər hansı şəxsin fəaliyyəti bu və ya digər qanunla tənzimlənmirsə, həmin qanun o şəxs üçün subyektiv hüquqlar yaratmır, vəzifələri müəyyən etmir. Belə olan halda bu şəxs həmin qanuna istinad etməklə mübahisə qaldıra bilməz. Bu mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərardadında öz təsdiqini tapmışdır. Belə ki, həmin qərardadın məzmununa görə borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Göründüyü kimi icra sənədi üzrə icraat zamanı icra məmurundan başqa heç kim qiymətləndirici dəvət etmək hüququna malik deyildir, icra məmuru məhkəmə qərarının icrası ilə bağlı vəzifəsini yerinə yetirmək üçün qanunun ona verdiyi səlahiyyətdən istifadə edərək əmlakın qiymətləndirilməsi barədə sifariş verir, həyata keçirilən qiymətləndirmə isə məhkəmə qərarının icrasını təmin etməyə yönəldiyindən icra məmurunun həyata keçirdiyi hakimiyyət tədbirinin məzmununa aid edilir. Əgər icra sənədi üzrə borclu və ya tələbkar qiymətləndirmənin nəticəsindən narazıdırsa, bu narazılıq həmin şəxslə icra məmurunun arasında yaranmış mübahisə kimi qəbul olunmalıdır. Deməli, hazırkı mübahisə məhkəmə qərarının icrası zamanı şəxs (borclu) və icra məmuru arasında yaranmış mübahisədir. Bu iki şəxs arasında münasibətlər hakimiyyəttabeçilik münasibətləri əsasında qurulmuşdur. Qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər. Vəsatət təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkəti və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat çərçivəsində məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə uyğun icraatına götürməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5021/2023 saylı 26 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar