Məhkəmə qərarları › İş №2(103)-6623/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6623/2023

21.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6623/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 MMMC, Cavabdeh2 və Cavabdeh3 qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması və əmlaka qanunsuz müdaxilənin qadağan edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 (eyni zamanda digər Cavabdeh2 nümayəndəsi) iştirakı ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 MMMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və əmlaka qanunsuz müdaxilənin qadağan edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(011)-2304/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa görə ünvan 1 ünvanında yerləşən İddiaçı xx.xx.2016-cı il tarixdə 1116-MM3- 0022 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir, qanuni təmsilçisi X2r.

2. İddiaçı MMMC-nin sədri İ.Verdiyev tərəfindən Cavabdeh1 MMMC-yə ünvanlamış 9 sentyabr 2022-ci il tarixli 26 nömrəli müraciətdə İddiaçı MMMC ilə Cavabdeh1 MMMC-nin birgə istifadəsində olan zibil yeri üçün 1 mərtəbəli tikilidən İddiaçı MMMC tərəfindən təyinatı üzrə istifadə olunması üçün şərait yaradılması xahiş edilmişdir.

3. Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa görə ünvan 5 ünvanında yerləşən Cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə 1117-MM4-0065 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir, qanuni təmsilçisi X3r.

4. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilir ki, Cavabdeh2 Cavabdeh1 MMMC-nin direktoru vəzifəsində işləyir.

5. "xxxx" MTK-nın sədri C.Ə.Cəlilov, İddiaçı MMMC-nin direktoru İ.Q.Verdiyev və "xxxx" MMC-nin direktoru R.F.Umudov tərəfindən imzalanmış 02 iyun 2016-cı il tarixli 2 nömrəli akta əsasən "xxxx" MTK ilə İddiaçı MMMC arasında bağlanmış “Çoxmənzilli binanın idarəedilməsi” barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanında inşa edilmiş və tikintisi başa çatmış 6 ədəd bir bloklu 6 mərtəbəli binadan ibarət yaşayış kompleksinə aid 6 ədəd 1 bloklu 6 mərtəbəli bina, 1 ədəd 1 mərtəbəli tikili, 1 ədəd 1 mərtəbəli yeraltı qaraj, qazanxana, içməli su anbarı, yanğın əleyhinə su anbarı, elektrik y/stansiya, 147 ədəd işıq sayğacları, 2 ədəd 2000 litr, qırmızı rəngli “Vates” markalı çən, 1 ədəd 1000 litr, qırmızı rəngli “Vates” markalı çən, 1 ədəd 100 litr qırmızı rəngli “Vates” markalı çən, 11 ədəd “Grundfos” markalı su motoru, 2 ədəd “Kodsan” markalı çən, 2 ədəd “Erensan” markalı qazan, 1 ədəd smart kart tipli “Alfasu” markalı su sayğacı, 1 ədəd “Elster EK 220” markalı qaz sayğacı, qazanxana daxilində 2 ədəd elektrik şiti, 1 ədəd 1mərtəbəli tikili mühafizə postu, 4 ədəd “LG” markalı komputer monitoru, 4 ədəd “Pinetron” markalı server, 1 ədəd Stasionar telefon aparatı, 1 ədəd “Vestel” markalı kondisioner, 2 ədəd şlaqbaum, 1 ədəd kiçik ölçülü “Beko” markalı soyuducu, 36 ədəd böyük ölçüdə həyət işıqlandıran dirəklər, 79 ədəd kiçik ölçüdə həyət işıqlandıran dirəklər, 8 ədəd oturacaqlar, 9 ədəd zibil qabı, 46 ədəd palma ağacı, 113 ədəd şam ağacı, 64 ədəd digər ağaclar, 1 ədəd "xxxx" MTK ilə "xxxx" MTK-nın birgə istifadəsində olan zibil yeri üçün 1 mərtəbəli tikili, 2 ədəd elektrik y/stansiyada şitlər, 1 ədəd elektrik y/stansiyada elektrik sayğacı, 4 ədəd iri tutumlu zibil qabları, binalarda yanğın şitləri (6 binanın heç birində yoxdur), binalarda su sayğacları (1-ci binanın 2-ci mərəbəsində blokda 1 ədəd isti su sayğacı yoxdur), binalarda qaz sayğacları (2-ci binanın 1-ci mərtəbəsində blokda 1 ədəd qaz sayğacı yoxdur) "xxxx" MTK tərəfindən İddiaçı MMMC-yə təhvil verilmişdir.

6. Sifarişçi "xxxx" MTK ilə layihəçi "xxxx" MMC arasında razılaşdırılmış Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 18 mərtəbəli yaşayış kompleksinin eskiz layihəsindən görünür ki, ümumi texniki-iqtisadi göstəriciləri tikinti üçün ayrılmış sahə 14900 kv.m, tikintinin sahəsi 3242 kv.m, tikintinin faizi 21.75%, tikintinin həcmi sıfır səviyyəsindən yuxarı 179511.8 kv.m, tikintinin həcmi sıfır səviyyəsindən aşağı 19390.8 m3, yaxşılaşdırma sahəsi 3734 kv.m, tamet 2880.89 kv.m, asfalt 4462.86 kv.m müəyyən edilmişdir.

7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-196/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyata alınması tələbinə dair iddia tələbi təmin edilmiş, "xxxx" MTK-dan 6237222.22 manat əsas borc, 4133895,01 manat faiz borcu olmaqla cəmi ********.23 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, borc tələbinin "xxxx" MTK-nın istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə yerləşən 11234 ha torpaq sahəsi üzərində istifadə hüququna yönəldilməsi, "xxxx" MTK-nın qeyd edilən torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi və "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının həmin torpaq sahəsi üzərində istifadə hüququnun tanınması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in üzərinə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının qeyd edilən əmlakın üzərində istifadə hüququnun qeydiyyata alınması öhdəliyini qoyulması qət edilmişdir.

8. "xxxx" MTK ilə İddiaçı MMMC arasında bağlanmış 29 aprel 2016-cı il tarixli 01/01 nömrəli Çoxmənzilli binanın idarə edilməsi barədə müqavilə “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının” 04 yanvar 2016-cı il tarixli qərarına əsasən hazırlanmışdır və müqavilənin predmeti Kooperativin inşa etdiyi ünvan 8 ünvanında yerləşən 6 ədəd 6 mərtəbəli çoxmənzilli binalarda ümumi əmlakın idarəçiliyinin əvəzsiz olaraq İdarəçiyə verilməsindən, İdarəçinin isə həmin əmlakı qəbul edib əmlakın lazımi qaydada saxlanılmasının, təmir və bərpa edilməsinin, kommunal və digər xidmətlərin göstərilməsinin təmin edilməsindən ibarətdir.

9. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 21 may 2012-ci il tarixli “İstismara qəbul edilmiş obyektlərin dövlət qəbul komissiyası aktlarının təsdiq olunması” haqqında Sərəncamına görə "xxxx" MTK-nın ünvan 9 ünvanda 18 mərtəbəli 4 girişli (2 ədəd 2 girişli blok) yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) və bloklarası 1 mərtəbəli iaşə obyektinin istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktları təsdiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMMC cavabdehlər Cavabdeh1 MMMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə ünvan 1 və 4A binaların ərazisində yerləşən zibil yeri üçün nəzərdə tutulan 1 mərtəbəli tikilidən İddiaçı MMMC-nin istifadə etməsinə maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması, qanunsuz müdaxilənin qadağan edilməsi və ödənilmiş 100 manat mələğində dövlət rüsumunun cavabdehlərdən tutularaq MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və "xxxx" MTK tərəfindən inşa edilən 6 binadan ibarət, 6 mərtəbəli çoxmənzilli yaşayış kompleksinin idarə edilməsi məqsədilə onun sakinləri tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı təsis edilmişdir. İddiaçı MMMC-nin Nizamnaməsinə görə, cəmiyyətin fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. xx.xx.2016-cı il tarixli 2 saylı təhvil-təslim aktına görə "xxxx" MTK ilə İddiaçı MMMC arasında bağlanmış “Çoxməzilli binanın idarə edilməsi” barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 11 ünvanında inşa edilmiş və tikintisi başa çatmış 6 ədəd bir bloklu 6 mərtəbəli binadan ibarət yaşayış kompleksinə aid əmlak və avadanlıqlar "xxxx" MTK tərəfindən İddiaçı MMMC-yə təhvil verilmişdir. Həmin aktda qeyd edilən əmlakların sırasında həmçinin "xxxx" MTK ilə "xxxx" MTK-nın birgə istifadəsində olan zibil yeri üçün 1 mərtəbəli tikili sahəsi də İddiaçı MMMC-yə təhvil verilmişdir. Lakin "xxxx" MTK-nın inşa etdiyi 2 binadan ibarət, 18 mərtəbəli çoxmənzilli yaşayış kompleksinin idarə edilməsi üçün Cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edildikdən sonra da qeyd edilən zibil yeri üçün 1 mərtəbəli tikili tamamilə cavabdehin istifadəsində qalmışdır. Birgə istifadələrində olan zibil yeri üçün 1 mərtəbəli tikili uzun müddətdir ki, təyinat üzrə istifadə olunmur və Cavabdeh1 MMMC tərəfindən tamamilə zəbt edilərək ofis kimi istifadə edilir. Bununla bağlı, dəfələrlə Cavabdeh1 MMMC-yə həmin tikilidən istifadə etməsinə şərait yaradılmasına dair şifahi və yazılı olaraq müraciətlərin olunmasına baxmayaraq heç bir tədbir görülməmişdir.

12. 23 iyul 2023-cü il tarixli yerində müayinə protokolundan görünür ki, həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov 70 ünvanında (keçmiş Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazi) yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, 2A və 4A binaların ərazisində yerləşən 1 mərtəbəli mübahisəli tikilinin qapısı bağlıdır.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2304/2023 nömrəli 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən 1 mərtəbəli tikili "xxxx" MTK-nın sahiblik və istifadəsində olan torpaq sahəsində yerləşmir, həmin tikili "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olmuş Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə (indiki Ceyhun Həsənov 70) yerləşir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2-2(82)-196/2017 nömrəli qətnaməsinə əsasən "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olmuş Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə yerləşən 1.1234 ha torpaq sahəsi üzərində "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının istifadə hüququ tanınmış və hazırda iddiaçının mübahisələndirdiyi 1 mərtəbəli tikilinin yerləşdiyi torpaq sahəsi artıq "xxxx" ASC-nin istifadəsindədir.

15. Sübutetmə vəzifəsi iddiaçının üzərində olsa da, iddiaçı mübahisəli tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən, onun mübahisəli tikili üzərində mülkiyyətçi hüquqlarının, yaxud mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik etmək hüquqlarının mövcudluğu sübuta yetirilməmişdir.

16. İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüquqa malik olmadığından məhkəmə iddia müddətinin tətbiq edilməsi məsələsinə münasibətin bildirilməsini zəruri hesab etmir.

17. Məhkəmə öz mövqeyini “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 139.1, 152, 157.2, 157.8 və Mülki Prossesual Məcəllənin 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında Cavabdeh1 MMMC-nin qanuni təmsilçisi X4 iddianı qəbul etmiş və bu barədə iclas protokolunda da qeydlər aparılmışdır. Məhkəmə qətnaməsində Cavabdeh3 izahatı ümumiyyətlə qeyd edilməmişdir. Sonuncunun izahatından göründüyü kimi, Cavabdeh3 də təsdiq edir ki, mübahisəli tikili (zibilxana) iddiaçı ilə cavabdehin ümumi istifadəsində olmuş, lakin sonradan həmin tikilidən ofisin yaradılması üçün aparılan təmir xərclərinə görə mübahisə yaranmış və bu səbəbdən tikilidən özü istifadə etməyə başlamışdır. "xxxx" MTK-nın inşa etdiyi və Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə (indiki Ceyhun Həsənov 70) yerləşən yaşayış kompleksi və ona aid əmlak və avadanlıqlar “Хətai-7» MMMC-yə təhvil verilmişdir və həmin ərazi "xxxx" MMMC-nin istifadəsindədir. İş materiallardan müəyyən olunur ki, həmin torpaq sahəsi sonradan “Aqrarkredit" QSC-nin balansında olmuş, hazırda isə "xxxx" ASC-nin balansına verilmişdir, belə olan halda mübahisəli tikilinin "xxxx" MTK-yə icarə hüququ ilə istifadəsində olmasına dair müqavilə olmalıdır. Lakin, heç bir icarə müqaviləsi olmadığından tikilinin "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olması barədə məhkəmənin mövqeyi tamamilə əsassızdır. "xxxx" MTK-nın sədri həmin tikilini heç bir hüququ olmadan zəbt etmiş və hətta Cavabdeh1 MMMC-nin istifadəsinə təhvil verməkdən imtina etmişdir. Belə ki, Cavabdeh1 MMMC yaradıldığı andan sədr olaraq onun həyat yoldaşı Cavabdeh2 seçilmişdir. Lakin, faktiki olaraq etibarnamə əsasında Cavabdeh1 MMMC-nin sədr səlahiyyətlərini Cavabdeh3 icra etmişdir. Beləliklə, Cavabdeh3 həm "xxxx" MTK-nın, həm də Cavabdeh1 MMMC-nin sədri kimi fəaliyyət göstərmişdir. xx.xx.2022-ci il tarixdən isə Cavabdeh1 MMMC-nin sədri Camal Rzayev seçilmişdir. Hər iki müəssisə, həm "xxxx" MTK, həm də "xxxx" MTK əvvəllər "xxxx" ASC tərəfindən maliyyələşdirilmiş, daha sonra isə həmin müəssisələrin yerləşdiyi ərazi “Aqrarkredit" QSC-nin balansına verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli 1665 saylı Fərmanı ilə səhmləri dövlətə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına görə, “Aqrarkredit" QSC-nin "xxxx" ASCdən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlakın “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mülkiyyətinə verilməsinin təmin edilməsi üçün bu Fərmanın 9.1-ci bəndinə uyğun olaraq "xxxx" ASC-nin mülkiyyətinə veriləcək əmlakın müvafiq qaydada dövlət qeydiyyatının təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılmışdır. Ona görə də, "xxxx" MTK-nın da istifadəsində olan torpaq sahəsi hazırda “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına (mülkiyyətinə) verilmişdir. Beləliklə, həm İddiaçı MMMC-nin, həm də cavabdeh "xxxx" MMMC-nin yerləşdiyi ərazidəki torpaq sahəsi, yəni Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, 2A və 4A binaların ərazisi “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansındadır (mülkiyyətindədir). Yəni, həm İddiaçı MMMC-nin, həm də Cavabdeh1 MMMC-nin yerləşdiyi ərazidəki torpaq sahəsinin mülkiyyətçisi “Azərbaycan Sənaye Korporasiyası" ASC-dir. Mübahisəli tikililinin məhz "xxxx" MTK tərəfindən inşa edilməsinə və ya onlara məxsus olmasına dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. Həmin tikili hər iki müəssisə tərəfindən tikildikdən sonra istifadə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, hazırda İddiaçı MMMC-nin qazanxanası, su hövzəsi, yarımstansiyası da cavabdehin yerləşdiyi ərazisindədir və bu cavabdeh tərəfindən də təsdiq edilmişdir, belə olan halda iddiaçının mübahisəli tikiliyə (zibilxana) sahiblik və istifadə hüququna malik olması mübahisəsizdir. Bu fakt eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin sifarişi ilə tərtib edilmiş planda öz əksini tapmışdır. Belə olan halda, mübahisəli tikilinin (zibilxananın) iddiaçının istifadə edilməsinə qadağan edilməsi və ya manelər yaradılması qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Proses iştirakçılarının izahatı

21. Kollegiya tərəfindən "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

23. Cavabdeh3 (eyni zamanda digər Cavabdeh2 nümayəndəsi) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

24. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

40. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnın olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

41. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

42. İşin mübahisəsiz halıdır ki, "xxxx" MTK tərəfindən inşa edilən 6 binadan ibarət, 6 mərtəbəli çoxməzilli yaşayış kompleksi ünvan 13 ünvanında yerləşir, iddiaçı tərəfin mübahisələndirdiyi 1 mərtəbəli tikili "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olmuş Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov 70 ünvanında (keçmiş Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazi) yerləşir. "xxxx" MTK ilə İddiaçı MMMC arasında bağlanmış “Çoxmənzilli binanın idarəedilməsi” barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Xətai rayonu, Sadıqcan küçəsi 2 A ünvanında inşa edilmiş və tikintisi başa çatmış 6 ədəd bir bloklu 6 mərtəbəli binadan ibarət yaşayış kompleksinə aid bir sıra əmlaklarla yanaşı 1 ədəd "xxxx" MTK ilə "xxxx" MTK-nın birgə istifadəsində olan zibil yeri üçün 1 mərtəbəli tikili də "xxxx" MTK tərəfindən İddiaçı MMMC-yə təhvil verilmişdir.

43. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2-2(82)- 196/2017 nömrəli qətnaməsinə əsasən "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olmuş Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə yerləşən 1.1234 ha torpaq sahəsi üzərində "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının istifadə hüququ tanınmış və hazırda iddiaçının mübahisələndirdiyi 1 mərtəbəli tikilinin yerləşdiyi torpaq sahəsi artıq "xxxx" ASC-nin istifadəsindədir.

44. "xxxx" tərəfindən iddiaçı MMMC-nin müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “"xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "xxxx" QSC BOKT-un "xxxx" ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxs "xxxx" MTK-ya məxsus olmuş dövlət əmlakı "xxxx" QSC BOKT tərəfindən "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. Sözügedən Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədilə yaradılmış Təhvil-Təslim Komissiyasının müvafiq protokoluna əsasən Bakı şəhəri Xətai rayonu Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə yerləşən 1.1234 ha torpaq sahəsi "xxxx" ASC-nin istifadəsinə verilmişdir. Bundan sonra müvafiq çıxarışla həmin torpaq sahəsi üzərində "xxxx" ASC-nin istifadə hüququ 49 il müddətinə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC-nin istifadəsində olan sözügedən ünvanda yerləşən həmin torpaq sahəsi sonuncu tərəfndən hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə verilməmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

47. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı mübahisəli tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən, onun mübahisəli tikili üzərində mülkiyyətçi hüquqlarının, yaxud mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik etmək hüquqlarının mövcudluğu sübuta yetirilməmişdir.

48. Qeyd olunanlara əsasən Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2304/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar