Məhkəmə qərarları › İş №2(103)-6627/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6627/2025

10.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6627/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X5 Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh N.H.Tanrıverdiyev, onun rəhbəri olduğu "xxxx" MMC ilə İddiaçı arasında malların nisyə alqı-satqısına dair əməliyyatlar aparılmış, son olaraq iddiaçının cavabdeh Nazim Tanrıveriyevə 181.859 manat məbləğində borcunun olması əvvəlki məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. İddiaçı borcuna görə “X6” Lazer aparatını Cavabdeh2 göstərişi ilə onun kürəkəni Cavabdeh1 istifadəsinə vermişdir. 2017-ci ilin fevral ayında isə iddiaçı lazer aparatını geri götürmüşdür. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi C.V.Rəhimovun xx.xx.2018-ci il tarixli qərarı ilə “X6” Lazer aparatı Cavabdeh2 təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1068/2019 saylı, 18 dekabr 2019-cu il tarixli hökmünə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CMnin 322.1-ci maddəsi ilə bəraət verilmiş, Cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X6” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması hökm edilmiş və hökm 16 yanvar 2020-ci il tarixdə icraya yönəlmişdir. İcra mərhələsində lazer aparatı tələbkar tərəfindən götürülməsi üçün təqdim edilmiş, lakin tələbkar aparatın orijinal aparat olmadığıni bildirərək qəbul etməkdən imtina etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 15 sentyabr 2015-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46 300 manat məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 33 788 manat faiz borcun, cəmi 80 078 manat məbləğində pulun, Cavabdeh2 23 dekabr 2017-ci il tarixdən 23 dekabr 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504 000 manat əsas borcun, həmin odənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 18 5323 manat faiz borcun, cəmi 689 323 manat məbləğində pulun, habelə ödənilmiş 1060 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəf (Cavabdeh2) 2017-ci ildən etibarən hüquq mühafizə orqanlarına İddiaçı tərəfindən 190.000 manat pulun mənimsənilməsi, dələduzluqla talan olması, “X6” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının oğurlanması barədə çoxsaylı şikayətləri ilə müraciət etsə də, nəticə etibarı ilə əməlində hər hansı cinayətin tərkibi olmadığı üçün, haqqında bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilmişdir. Həmin hökmlə məhkəmə cinayət işi üzrə maddi sübut kimi tanınmış “X6” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının zərər çəkmiş şəxs Tanrıverdiyev NazimHümbət oğlunun istifadəsində saxlanılmasını müəyyən etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 saylı hökmünə əsasən o, İddiaçı apellyasiya şikayəti təmin olunaraq, Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqında çıxartdığı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə bəraət verilmişdir. Eyni zamanda yeni hökmlə X2 istifadəsində saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış olan “X6” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının İddiaçı qaytarılması qərara alınmışdır. Göründüyü kimi cavabdeh tərəfin nəinki pul vəsaitinin talanması epizodu, həmçinin lazer aparatının ələ keçirilməsi, oğurlanması hissəsində də iddia və ittihamları öz təsdiqini tapmamışdır. Lakin bütün bunlara baxmayaraq ona mülkiyyət hüququ ilə məxsus olan “X6” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı qanunsuz olaraq cavabdeh X3 istifadəsində saxlayır. Beləliklə, cavabdeh X3 “X6” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının mülkiyyət hüququ ilə ona məxsus olmasını bilə-bilə, artıq 2018-ci ilin 15 fevral tarixindən qanunsuz olaraq özündə saxlayır və dəfələrlə müraciət etməyinə baxmayaraq, götürülmüş aparatı ona təhvil verməkdən boyun qaçırır. Cavabdeh nəinki onun, hətta icra məmurunun bununla bağlı qanuni göstərişlərinə əməl etmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə “X6” markalı, 9914-9015- 1441 seriyalı lazer epilyasiya aparatının ona təhvil verilməsi barədə icra sənədi verilərək icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, cavabdehin qeydiyyatı Goranboy rayonu olduğu üçün icra işi sonradan Goranboy rayon İcra şöbəsinə göndərlmişdir. Lakin cavabdehin guya Goranboy rayonunda yaşamamasını bəhanə gətirərək icra işi aidiyyatı üzrə Yasamal rayon İcraşöbəsinə göndərilmişdir. Çox təəssüf olsun ki, sözügedən məhkəmə qərarı Nazim Tanrıverdiyevin icra etməməsi və icra məmurlarının hərəkətsizliyi, “göz yumması” nəticəsində bu günə kimi icrasız qalmışdır. Beləliklə, ona mülkiyyət hüququ ilə məxsus olan “X6” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı qanunsuz və əsassız olaraq cavabdeh N.Tanrıverdiyevin faktiki sahiblik və istifadəsindədir. Hesab edir ki, bu hal ona külli miqdarda maddi zərər vurmaqla bərabər, onun mülkiyyətindən maneəsiz istifadə hüququnun məhdudlaşdırılması və mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. “Candela firması (ABŞ) tərəfindən istehsal edilmiş X6” markalı cihazın epilyasiya aparatının orta aylıq icarə haqqı təxminən 4500-5000 manat olarsa təbii ki aparatı icarəyə götürən şəxsin qəliri artıq olacaqdır. Yəni əldə olunan gəlir həm aparatın aylıq icarə haqqını ödəməyə imkan verir, həmdəki, əlavə olaraq icarəyə götürən şəxsə aylıq 2000-3000 manat məbləğində gəlir gətirir. Buradan belə bir nəticəyə gəlmək olar ki, “Candela” firması (ABŞ) tərəfindən istehsal edilmiş “X6” markalı cihazın epilyasiya aparatının aylıq gəliri minimal olaraq 7000-8000 manat məbləğindədir. Ona məxsus ABŞ istehsalı 9914-9015-1441 seriyalı “Candela, X8” markalı lazer epilyasiya aparatını o, 02 iyun 2017-ci il tarixdən 23 dekabr 2017-ci il tasixə qədər olan müddətdə istifadə etmiş, 23 dekabr 2017-ci ildə Xətai Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 5(011)- 257/2017 №li qərarı ilə ona məxsus ABŞ istlisalı, 9914-9015-1441 seriyalı “X7 Pro” markalı lazer epilyasiya aparatının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Rəhimov tərəfindən protokol tərtib edərək Xətai rayon, Əhmədli metro stansiyası yaxınlığında yerləşən “Şəms” gözəllik salonundan götürülmüşdür. Nəzərə alaraq ki, ona mülkiyyət hüququ ilə məxsus olan “X7 Pro” markalı, 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının istifadəsi hər ay minimal olaraq 6000 (altı min) manat miqdarında gəlir gətirir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-1296/25) iddia rədd edilmişdir.

9. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin hesabına hər hansı əsassız varlanmanın baş verdiyini təsdiqləyən sənəd və ya fakt təqdim edilməmişdir. Bundan başqa İddiaçı barəsində birinci, apellyasiya və kassasiya baxışları zamanı qəbul olunmuş sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 582/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarıdır. İddiaçı qəbul olunmuş sonuncu qərardan sonra məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində qeyd olunmuş iki illik müddəti ötürərək, iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14, 21, 152, 157, 1091, 1095-ci və Mülki Prosessual Məcəllənin 4.1, 9, 82.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində olan cinayət işi üzrə qanuni qüvvəsini almış bəraət hökmü vardır. Bu o deməkdir ki, cavaddeh X1 şikayətləri əsassız olmuş və o, əmlakından qanunsuz olaraq məhrum olmuşdur, pozulmuş mülkiyyət hüququ bu günə kimi bərpa olunmamışdır. Cavabdeh tərəfindən istintaq zamanı götürülmüş və şəkilləri çəkilmiş aparat deyil, başqa bir aparat təqdim edilir. Bu hallar icra zamanı tərtib edilmiş aktla, video görüntü ilə, mütəxəssis rəyi ilə təsdiq olunur. Cavabdeh orijinal aparatı təqdim etmədiyi üçün biz icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edib..

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

15. Cavabdehlərin nümayəndəsi (vəkili) isə məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

23. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

25. İşin araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC-yə və onun təssiçisi və idrektoru Cavabdeh2 borcu olduğundan 15 sentyabr 2015-ci il tarixdə özünəməxsus lazer aparatını Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh1 tərəfindən aparat Cavabdeh2 olan borca görə onun razılığı ilə Cavabdeh1 verilmişdir. Daha sonra isə iddiaçı tərəfindən aparat geri götürülmüşdür. Göründüyü kimi, Cavabdeh1 tərəfindən tərəfindən hazırki halda qanunsuz istifadənin olduğu və əsassız varlanmanın yarandığı müəyyən edilmir. İddiaçı tərəfindən aparat Cavabdeh1 öz razılığı ilə verilmiş və sonradan geri götürülmüşdür.

26. Həmçinin, əsassız varlanma faktı sübut olunsaydı belə, iddianın Cavabdeh1 qarşı hissədə təmin olunması üçün yetərli deyildi.

27. İddia tələbi Cavabdeh1 dair hissədə 2015–2017-ci illər üzrə “əsassız varlanma” tələbinə dair xx.xx.2025-ci il tarixdə verilmişdir ki, bu da “əsassız varlanma” tələbi üzrə iki illik iddia müddətinin bitdiyini göstərir.

28. İddiaçı tərəfindən cavabdehlərin hesabına hər hansı əsassız varlanmanın baş verdiyini təsdiqləyən sənəd və ya fakt təqdim edilməmişdir. Bundan başqa İddiaçı barəsində birinci, apellyasiya və kassasiya baxışları zamanı qəbul olunmuş sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 582/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarıdır. İddiaçı qəbul olunmuş sonuncu qərardan sonra məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində qeyd olunmuş iki illik müddəti ötürərək, iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

29. Bundan əlavə Cavabdeh2 iddiaçı tərəfindən borcun qarşılığında 85000 manata qiymətləndirilərək onun mülkiyyətinə verildiyini əsas gətirərək iddiaçı tərəfildən götürülmüş lazer aparatı ilə hüquq mühafizə orqanlarına şikayət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1068/2019 saylı, 18 dekabr 2019-cu il tarixli hökmünə əsasən apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı 8 may 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraət verilmiş, Cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X6” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökm icraya yönəldilmiş, icra sənədi üzrə borclu tərəfindən maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X6” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması tələbkara verilsə də, lakin tələbkar aparatın orijinal aparat olmadığından qəbul etməkdən imtina etmişdir. Tələbkar həmin aparat olmadığından dəyərinin alınması barədə “icra üsulunun dəyişdirilməsi” ərizəsi ilə müraciət etmiş və ərizə təmin olunmamışdır. Göründüyü kimi, “X6” Lazer epilyasiya aparatı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi C.V.Rəhimovun “maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh2 saxlancına verilmişdir. Son olaraq hökm qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra mərhələsində borcu tərəfindən təqdim edilsə də, tələbkar tərəfindən maddi sübutun qəbulundan imtina edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Göründüyü kimi, lazer aparatı Cavabdeh2 saxlancında qanunsuz əsaslarla olmamışdır. Eyni zamanda, həmin müddətdə cavabdehin istifadəsində olması və gəlir əldə etməsi də icraatda sübuta yetməmişdir

30. Beləliklə, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cinayət işində təqdim edilmiş hökm və apellyasiya instansiyasının qərarlarına əsasən, sadəcə olaraq aparatın mənsubiyyəti məsələsi həll edilmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz və birinci instansiya məhkəməsi bu əsasla iddianı rədd etməkdə haqlı olmuşdur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar