Məhkəmə qərarları › İş №2(103)-6634/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6634/2025

10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6634/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ümidli Gələcək Sosial X3 (üçüncü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi və X9) qarşı yekun psixoloji rəyin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-5580/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1.İddiaçı cavabdeh Ümidli Gələcək Sosial X3 (üçüncü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi və X9) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh Ümidli Gələcək Sosial X2 X15 Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli 119 nömrəli yekun psixoloji rəyin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul olunmuş məhkəmə aktları:

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-5580/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ümidli Gələcək Sosial X3 (3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi və X9) qarşı yekun psixoloji rəyin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.

3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən rəy psixoloji mərkəz tərəfindən uşağın psixoloji durumunun müəyyən edilməsi, atanın uşaqla ünsiyyətində yaranan maneələrin aradan qaldırılması üçün hazırlanmış psixoloji rəy olmaqla hüquqmüəyyənedici sənəd və ya əqd deyildir və həmin psixoloji rəy X6 reabilitasiya prosesinə cəlb edilməsi və onun nəticələrinə dair məlumatı əks etdirir və tərəfin ziyanına və xeyrinə ola biləcək hər hansı hüquqi nəticəyə səbəb olmur. Həmçinin, icra məmuru tərəfindən həmin rəy əsas götürülməklə icra sənədi xx.xx.2024-cü il tarixdə geri qaytarılsa da, tələbkar İddiaçı şikayəti əsasında icra məmurunun müvafiq qərarı ləğv edilmişdir və hazırda icra sənədi üzrə icraat davam etdirilir.

Şikayətin dəlilləri:

4. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı ilə razılaşmaq olmaz, qərardad qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmış və aşağıda göstərilən səbəblərdən ləğv edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-505/2018 saylı 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X7 qarşı uşaqla ünsiyyətdə olmağına dair iddia tələbi qismən təmin edilmiş və hər həftənin şənbə günləri ünsiyyətdə olmaq hüququ verilmişdir. Bakı Apellyasiya Məhkməsinin qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Bu iş üzrə borclu X9 uzun müddət qətnamənin icrasından yayınmış, onun uşaqla ünsiyyətdə olmağına şərait yaratmamış və icra tədbirləri nəticəsində uşaqla ünsiyyətdə olmağını mümkünsüz etmişdir. Hiss etmişdir ki, uşaq təsir altındadır, psixoloji təzyiq göstərilir. Məlum olmuşdur ki, uşağa anası, borclu tərəfindən psixoloji təsir edilir, onu uşağın yanında daima pisləyirlər, barəsidə uşaqda mənfi rəy formalaşdırırlar və bu da təbii ki, uşağın ona olan münasibətinə çox ciddi şəkildə mənfi təsir göstərir. Onlar uşağın psixologiyasına təsir göstərir, uşaqda valideynə qarşı mənfi emosiyaların formalaşmasına şərait yaradır və U.Abışova bununla uşağın onunla ünsiyyət qurmasına maneçilik törətməyə çalışır. xx.xx.2012-ci il təvəllüdlü X1 rayon İcra Şöbəsi tərəfindən Ümidli Gələcək Sosial X2 X15 Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə yönləndirilmişdir. X10 8 ay müddətində Reabilitasiya Mərkəzinə uşağı aparmaqdan imtina etmiş, icra şöbəsinin qərarından məhkəməyə şikayət vermişdir. X10 xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birgə xx.xx.2023-cü il tarixində mərkəzə yönlənmiş və onlarla ilkin görüş keçirilmişdir. xx.xx.2024-cüil tarixdə Ümidli Gələcək Sosial X8 tərəfindən xx.xx.2012-ci il təvəllüdlü X12 haqqında yekun psixoloji rəy verilmişdir. Rəydə «Q.Zəhranın təşkil olunan psixoloji seanslara vaxtı-vaxtında gəlməsi, psixoloq ilə aparılan seanslarda iştirak etməsi, Zəhranın hər dəfəsində gəlmək istəmədiyini bildirməsi, amma anasının israrı ilə razılaşdığını vurğulaması, prosesin nə vaxt bitəcəyini hər gəlişində sual verməsi, verilən tapşırıqlardakı ata ilə bağlı hissələrdən imtina etməsi, lakin son görüşdə qısa və lakonik formada atanı niyə istəmədiyi ilə bağlı danışması, reabilitasiya zamanı gündəlik həyatı, məktəbdə, evdə baş verənlər haqqında bir sıra məlumatlar verməsi, görüşlər müddətində, anası ilə çox zaman keçirdiyini, nənəsi ilə də çox ünsiyyətdə olduğunu, anası ilə keçirdiyi vaxtın çoxluğu reabilitasiya müddətində də müşahidə edilməsi» göstərilmişdir. «Onun özü, anası, sosial mühiti barədə danışarkən gülümsədiyi halda, ata mövzularından daim yayınması, hatta ata ilə bağlı verilmiş tapşırıqda qəzəblənərək otağı tərk etməsi, psixoloji görüşlər müddətində atası ilə bağlı yüksək aqressivlik göstərməsi, onu atayla görüşdürəcəkləri təqdirdə bir də heç vaxt bura gəlməyəcəyini deməsi, reabilitasiya müddətində Zəhranın atası ilə görüşə adaptasiya prosesi və psixoloji hazırlığına cəhd göstərilsə də buna nail olunmaması» rəydə öz əksini tapmışdır. Reabilitasiya prosesinin Zəhranın göstərdiyi psixoloji müqavimət və birmənalı şəkildə istəksizlik səbəbindən böyük nəticə verməməsi və Zəhranın yeniyetməlik yaşına çatdığını, ətrafında baş verən hadisələrə qarşı fərqindəliyinin kifayət qədər olduğunu nəzərə alaraq, qərarvermə haqqına hörmətlə yanaşaraq, onunla məcburi şəkildə reabilitasiya prosesinə davam etməyin əhəmiyyətsiz olduğu hesab edilmişdir. Göründüyü kimi psixoloji rəy əsassız olaraq qəbul edilmiş, 5 ay ərzində heç bir nəticə əldə edilməməsi reabilitasiyanın formal olaraq aparılmasını sübuta yetirir. Yekun psixoloji rəyin isə birmənalı olaraq X4 maraqlarına uyğun çıxarılması açıq-aşkar görünür, rəydən də görünür ki, uşaqla heç bir tərbiyəvi və maarifləndirici işlər aparılmamış, valideynə qarşı sevgi hissinin aşılanması və s. üzrə heç bir söhbətlər aparılmamışdır, yalnız testlərin keçirilməsi ilə kifayətlənmişlər, həmçinin aparılmış işlər barədə hər hansı sübutlar da mövcud deyildir və rəydə göstərilənləri şübhə altına alır. Bütün bu qeyd edilənlərin, rəyin məhkəmə qətnaməsinin icrasına maneçilik törətməsi, onun uşaqla ünsiyyətini heçə endirməsi, rəyin birbaşa onun hüquqlarının pozulması şəraitində çıxarılması qətiyyən nəzərə alınmamışdır. Məhkəmə düzgün olmayaraq psixoloji mərkəz tərəfindən uşağın psixoloji durumunun müəyyən edilməsi, atanın uşaqla ünsiyyətində yaranan maneələrin aradan qaldırılması üçün hazırlanmış psixoloji rəy olmaqla, hüquqmüəyyənedici sənəd və ya əqd olmaması, həmin psixoloji rəyin X6 reabilitasiya prosesinə cəlb edilməsi və onun nəticələrinə dair məlumatı əks etdirməsi və tərəfin ziyanına və ya xeyrinə ola biləcək hər hansı hüquqi nəticəyə səbəb olmaması kimi qənaətə gəlməklə birtərəfli mövqe nümayiş etdirmişdir. Qeyd olunmalıdır ki, hazırda icra məmuru tərəfindən onun əleyhinə hər hansı bir qərar çıxarılmamış, icra məmuru icra sənədinin icrasına səy göstərir, hərəkət və ya hərəkətsizliyi ilə bağlı müraciət edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi məhkəmə əsassız olaraq iddia ərizəsinin icraata qəbulundan imtina etmiş, formal qərardad qəbul etməklə faktiki olaraq işə baxılmasında maraqlı olmamışdır. Nəzərə çatdırır ki, məhkəmənin bildirişi ona göndərilməmiş və işə baxılarkən onun iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamış, işə birtərəfli baxılaraq əsassız qərardad qəbul edilmişdir.

Tətbiq edilən hüquq normaları:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

7. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.

8. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-5580/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icraatında olan 2(008)-505/2018 nömrəli icra sənədi üzrə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X12 ilə hər həftənin şənbə günləri 10:00-dan 18:00-dək ünsiyyət hüququ təmin edilməsinə dair icra sənədi vardır. İddiaçı Ümidli Gələcək Sosial X2 X15 Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin həmin icra sənədinin icrası çərçivəsində verdiyi 20 iyun 2024-cü il tarixli 119 nömrəli psixoloji rəyin ləğv edilməsini məhkəmədən xahiş edir. Qeyd olunan rəyin ləğv edilməsinin əsası kimi rəyin X5 maraqlarına uyğun çıxarılması, uşaqla heç bir tərbiyəvi və maarifləndirici işlərin aparılmaması, valideynə sevgi hissinin aşılanması üzrə heç bir söhbətin aparılmaması və bütün bunların rəydə göstərilənlərin şübhə altna alınmasına səbəb olduğu, həmçinin reabilitasiya prosesində nə onun, nə də icra məmurunun iştirakının təmin edilməməsi göstərilmişdir.

11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən rəy psixoloji mərkəz tərəfindən uşağın psixoloji durumunun müəyyən edilməsi, atanın uşaqla ünsiyyətində yaranan maneələrin aradan qaldırılması üçün hazırlanmış psixoloji rəy olmaqla hüquqmüəyyənedici sənəd (hər hansı hüquqi nəticə yaradan akt) deyildir. Həmin psixoloji rəy X6 reabilitasiya prosesinə cəlb edilməsi və onun nəticələrinə dair məlumatı əks etdirir və tərəfin ziyanına və ya xeyrinə ola biləcək hər hansı hüquqi nəticəyə səbəb olmur.

12. Həmçinin, icra məmuru tərəfindən həmin rəy əsas götürülməklə icra sənədi xx.xx.2024-cü il tarixdə geri qaytarılsa da, tələbkar İddiaçı şikayəti əsasında icra məmurunun müvafiq qərarı ləğv edilmiş və hazırda icra sənədi üzrə icraat davam etdirilir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 8(008)-572/2025 nömrəli qərardadına əsasən, Sabunçu rayon İcra şöbəsinin icra məmuru İlqar Ağayevin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması” barədə qərarı ləğv edilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-505/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 8(103)-342/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 8(008)-572/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Göründüyü kimi, mübahisələndirilən rəyin mövcudluğu icra sənədinin icrasına maneə yaratmır. Tələbkar İddiaçı icra məmurunun hər hansı hərəkətindən və ya qərarından narazı qaldığı halda şikayətlə məhkəməyə müraciət etmək hüququna malikdir.

14. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, bu tələbə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsini qəbulundan imtina etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

15. Həmçinin, iddiaçının şikayətində göstərdiyi – birinci instansiya məhkəməsində işə onun iştirakı olmadan baxılması dəlilinə münasibət bildirərək, məhkəmə kollegiyası qeyd edir ki, iddia icraatı qaydasında baxılmalı olmayan iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə məsələyə baxılarkən, işdə iştirak edən şəxslərin mütləq məhkəmə iclasında iştirakının məhkəmə tərəfindən təmin edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-5580/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-5580/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar