Məhkəmə qərarları › İş №2(103)-6635/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6635/2022

19.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6635/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmünə görə cavabdehlər qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçının etibarından sui-istifadə edərək ondan aldatma yolu ilə 610.300 ABŞ dolları məbləğində pulunu almış və həmin məbləği ələ keçirərək öz aralarında bölüb ona xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Həmin hökmlə Cavabdeh1 Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 12 il müddətinə, Cavabdeh2 isə eyni maddə ilə təqsirli bilinməklə 11 il müddətinə azadlıqdan məhrmetmə cəzasına məhkum edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçının bildirdiyinə görə cavabdehlər tərəfindən həmin məbləğdən 100.000 manat iddiaçıya qaytarılmışdır və hazırda iddiaçı cavabdehlərdən qalan 551.300 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb edir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 551.300 ABŞ dolları məbləğində pulun ödənildiyi gün üzrə Azərbaycan manatı ilə məzənnəsinin, eləcə də 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zamanlar ayrı-ayrı əmlaklarının satışından yığdığı pulları cavabdehlər 2017-ci ilin sonları 2018-ci ilin əvəllərində hissə-hissə olmaqla 5-20% qazanc vermək adı ilə 610.300 ABŞ dolları məbləğində pulu ondan birgə almış, onu aldadaraq dələduzluq etmiş, həmin məbləğdən yalnız 100.000 manat barələrində şikayət edən zaman geri qaytarmış, qalıq 551.300 ABŞ dolları məbləğində pulunu isə qaytarmamışlar. Cavabdehlərdən Cavabdeh1 bu faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində dəfələrlə verdiyi izahat və ifadələrində təsdiq etmişdir. Onların həmin əməli üzrə zərərçəkmiş qismində tanınmış, ona 610.300 ABŞ dolları məbləğində ziyan dəyməsi sübuta yetirilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-110/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim M. Rüstəmli) iddia təmin olunmuşdur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və ona qarşı tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia olunan vəsaitin hamısı Cavabdeh1 oğlu tərəfindən ələ keçirilmişdir. Həmin vəsaitin 1 manatı belə Cavabdeh2 qalmamışdır. Bu mövqeni Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü birbaşa təsdiq edir. İddiaçı həmin məhkəmədə verdiyi ifadəsində aşağıdakıları bildirmişdir: “Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərdi ki, o, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İş üzrə təqsirləndirilən şəxs Cavabdeh2 ilə və onun tanışı Vüqar adlı şəxslə 2016-cı ilin təxminən may ayında tanış olmuş, aralarında dost münasibətlər yaranmışdır. Digər təqsirləndirilən şəxs Cavabdeh1 isə Faiq və Vüqarın vasitəsi ilə tanımışdır. Belə ki, söhbətlərin birində onlar geniş biznes əlaqələrinə malik olan Fuad adlı tanışlarının olduğunu bildirmişlər. Onların bildirdiyinə görə Fuad adlı şəxs "xxxx" MTK ilə iş birliyi quraraq şərikli işləmiş, həmin MTK-nı bütün materiallarla, o cümlədən də armaturla təmin etmişdir. Bir sözlə, Fuad etibarlı iş adamı olduğundan onlar öz pullarını, o cümlədən də vətəndaşlardan topladıqları pulları Fuada vermiş, Fuad da öz növbəsində 1- 2 ay müddətində 5%-20% arası qazanc verməklə əsas pulu qaytarmışdır. Faiq və Vüqar ona da təklif etmişlər ki, əlində olan pul vəsaitini onlara versin və bunun müqabilində 5% - 20% arasında Fuaddan alıb ona qazanc verəcəklər. Onların dediyinə görə böyük qazanc əldə etmək üçün külli məbləğdə pul vəsaitləri tələb olunur, nə qədər artıq pul vəsaiti qoyularsa o qədər artıq qazanc əldə edəcək. Onların təklifi maraqlı olduğundan o, "xxxx" MTK ilə maraqlanmış və məlum olmuşdur ki, həqiqətən də "xxxx" MTK Bakı şəhərində bir çox yerlərdə hündür mərtəbəli yaşayış binaları inşa edir. Bu söhbətlərdən sonra 2016-cı ilin may ayından 2017-ci ilin dekabr ayına kimi olan müddətdə Faiqə ümumilikdə 61.000 ABŞ dolları pul vermiş və ona ümumilikdə bu müddət ərzində həmin pula görə 7.500 ABŞ dolları qazanc verilmişdir. 2017-ci ilin təxminən noyabr ayının sonlarında 61.000 ABŞ dollarını da qaytarmışdır. Bundan sonra 2017-ci ilin dekabr ayında Faiq və Vüqar ona yenə Fuada təcili külli məbləğdə pul lazım olduğunu bildirmiş və bu səbəbdən onlara bir qədər böyük məbləğdə pul verməyini xahiş etmişlər. Onlar yenə də 1-2 ay müddətində Fuadın əsas borcu təxminən 20% gəlir ilə birlikdə qaytaracağını bildirmişlər. Birinci dəfə verdiyi pulu faizi ilə birlikdə qaytardığından Faiq və Vüqara pul vermək qərarına gəlmişdir. 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar-fevral ayları ərzində hissə-hissə olmaqla onlara ümumilikdə 610.300 ABŞ dolları pul vermişdir. Həmin pulları da müxtəlif ünvanlarda, əsasən də Faiqin yaşadığı Binəqədi rayonunda, 8-ci mikrorayonda yerləşən evinin qarşısında, Həsən Əliyev küçəsində yerləşən Faiqin deməsinə görə Fuada məxsus oboy mağazasının qarşısında və Təhsil Nazirliynin qarşısında vermişdir. Onların razılaşmaları belə olmuşdur ki, verilən pulları qazancı ilə birlikdə bir iki ay müddətinə Fuaddan alıb ona qaytaracaqlar. Lakin onlar pulun qaytaracaqlarına söz versələr də ancaq yenə də qaytarmamışlar və hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışlar. Bundan sonra o, Faiq və Vüqardan Fuad ilə onu görüşdürmələrini tələb etmiş və Fuad ilə 2018-ci ilin fevral ayının 17-də Xətai metrostansiyasının yanında Faiq və Vüqarın iştirakı ilə görüşmüşdür. Fuad 610.300 ABŞ dollarının ona verilməsini təsdiq etmiş, həmin pullarla Sudanda iş gördüyünü, pulları da ora sərf etdiyini bildirmişdir. O, Fuaddan bütün bunları təsdiq edən sənəd təqdim etməsini xahiş etmiş, ancaq Fuad heç bir sənəd təqdim edə bilməmişdir. Buna görə artıq onlara inam qalmadığından Fuaddan bütün pullarının qaytarmağını tələb etmişdir. Fuad 2018-ci ilin mart ayının 15-də bütün pulları qaytaracağına söz vermişdir. Lakin mart ayının 15-i gəldikdə yenə də müxtəlif bəhanələr gətirərək qısa müddətdə həmin puldan müəyyən məbləğini qaytaracağına söz versə də, yenə vədinə əməl etməmişdir. Sonradan o, maraqlanarkən məlum olmuşdur ki, Faiq və Vüqar onun kimi bir çox vətəndaşlardan külli məbləğdə pullar yığaraq Fuada vermişlər. Fuad isə dəfələrlə pulun qaytarılması ilə bağlı söz versə də, verdiyi sözə əməl etməyərək iş görmək adı ilə onlardan aldığı pulları öz təlabatına sərf etmişdir”. Göründüyü kimi İddiaçı öz pulunun məhz Cavabdeh1 oğlunda olmasını etiraf etmişdir. Belə olan təqdirdə həmin vəsaitin həm də Cavabdeh2 tutulması əsassızdır, məhkəmənin cinayət işi üzrə hökmü yalnız Cavabdeh1 oğlu və Cavabdeh2 oğlunun dələduzluq cinayəti törətməsi hissəsində preyudisial əhəmiyyət daşıyır. 1-ci instansiya məhkəməsi isə daha da irəli gedərək zərərin məbləği və vəsaitin kim tərəfindən mənimsənilməsi hissəsində də hökmə əsaslanmışdır. Halbuki, MPM-in tələblərinə əsasən zərərin məbləği və məhz kimin tərəfindən mənimsənilməsi məsələsi məhkəmə tərəfindən müstəqil şəkildə araşdırılmalı, bu halları təsdiq edən sübutlar tədqiq edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən yalnız özünə aid hissədə mübahisələndirildiyindən, iddiaçı və digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız Cavabdeh2 aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Apellyasiya şikayətinin dəlillərinə görə, iddia olunan vəsaitin hamısı Cavabdeh1 oğlu tərəfindən ələ keçirilmişdir və bu hal Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə birbaşa təsdiq olunur. İddiaçı özü də cinayət işinə baxılarkən pulun məhz Cavabdeh1 oğlunda olmasını etiraf etmişdir. Belə olan təqdirdə həmin vəsaitin həm də Cavabdeh2 tutulması əsassızdır, məhkəmənin cinayət işi üzrə hökmü yalnız Cavabdeh1 oğlu və Cavabdeh2 oğlunun dələduzluq cinayəti törətməsi hissəsində preyudisial əhəmiyyət daşıyır. 1-ci instansiya məhkəməsi isə daha da irəli gedərək zərərin məbləği və vəsaitin kim tərəfindən mənimsənilməsi hissəsində də hökmə əsaslanmışdır. Halbuki, MPM-in tələblərinə əsasən zərərin məbləği və məhz kimin tərəfindən mənimsənilməsi məsələsi məhkəmə tərəfindən müstəqil şəkildə araşdırılmalı, bu halları təsdiq edən sübutlar tədqiq edilməli idi.

22. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh cinayət işinin istintaqı zamanı da pulun Cavabdeh1 olması, ona hər hansı aidiyyəti olmaması və s. barədə oxşar məzmunlu ifadə vermiş, lakin cinayət işinə baxan məhkəmə onun ifadəsinə tənqidi yanaşaraq özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlmiş və müəyyən etmişdir ki, cavabdehlər qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçının etibarından suiistifadə edərək ondan aldatma yolu ilə 610.300 ABŞ dolları məbləğində pulunu almışlar.

23. İşə baxan məhkəmə məhz bunu nəzərə alaraq hər iki cavabdehin iddiaçı qarşısında borcun qaytarılmasına görə müştərək məsuliyyət daşımalı olduqları qənaətinə gəlmişdir.

24. İddiaçı cinayət işində verdiyi ifadəsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, onun həmin ifadəsi ilə hazırkı işdəki izahatı arasında hər hansı ziddiyyət yoxdur. O, bütün izahatlarında pulun Cavabdeh2 və qeyrisi vasitəsilə alındığını və Fuad Məmmədova verildiyini bildirmişdir. İddiaçı ifadəsinə hüquqi qiymət vermək və Cavabdeh2 həmin cinayət hadisəsinə aidiyyətini müəyyən etmək cinayət işinə baxan məhkəmənin vəzifəsi olduğundan məhkəmə hökmdə bu məsələləri araşdırmaqla həll etmiş və Cavabdeh2 dələduzluq cinayətinin iştirakçısı olduğu qənaətinə gəlmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

26. Göründüyü kimi, istər hadisənin olub-olmaması, istərsə də Cavabdeh2 həmin hadisəyə aidiyyəti olması hissəsində adı çəkilən hökm preyudisialıq keyfiyyətinə malikdir və birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsini tətbiq etməkdə haqlı olmuşdur.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar