Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6636/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 ABŞ dolları və 4000 AZN borcun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Cavabdeh 2012-ci ilin sonuna yaxın vaxtlarda qohumu X2 iştirakı ilə Bakı şəhəri, Gəncə prospekti 29/42 ünvanında yerləşən “Laçın” kafesində 5000 ABŞ dolları və 4000 AZN məbləğində pul vermişdir. Səbəbi isə o olmuşdur ki, yaxın qohumu Eldar iddiaçıya Cavabdeh Bakı şəhəri, Xətai rayonu, “Nobel” prospektində “mərmər” sexinin olduğunu və həmin sexi 80.000 manata satmaq istədiyini bildirmişdir. Ondan öncə Eldar 50.000 ABŞ dollarını “Access” Bankdan alıb evində Cavabdeh onun yanında vermiş, təqribən 20 gün sonra Eldar 15000 manatı da düzəldib onun iştirakı ilə cavabdehə vermişdir. Eldar bildirmişdir ki, Cavabdeh Eldarın pulunu qaytarıb, onlar öz aralarında razılaşıblar, lakin iddiaçıya 5000 ABŞ dolları və 4000 manat borcludur. Borclu olduğunu bilir, lakin pulları qaytarmaq istəmir. Cavabdeh ondan və qohumu Eldardan 80.000 manatı alıb, 15 gün müddətində Bakı şəhəri, Xətai rayonu, “Nobel” prospektində yerləşən mərmər sexini X2 adına keçirəcəyini bildirsə də, həmin vaxt çatanda bəhanələr gətirmiş, vaxtı uzatmışdır. Beləliklə o, mərmər sexinə gedib öyrənmişdir ki, həmin sexin sahibləri Adil və Nizami adlı şəxslərdir, 2004-cü ildən icarə əsasında Cavabdeh tərəfindən işlədilmişdir. Cavabdeh qohumu Eldarı aldadaraq gizlənmiş, Xətai rayon polis və prokurorluğuna şikayət etdikdən sonra Cavabdeh haqqında axtarış verilmiş, 2016-cı ilin fevral ayında o tutularaq istintaqa təhvil verilmişdir, istintaq zamanı üzləşmə olmuş və hər şey sübuta yetirilmişdir. Lakin cavabdeh ağlayaraq yalvarmışdır ki, onun və qohumunun pulunu qaytaracaq, təcridxanadan azad etsinlər. İddiaçı ona vaxt vermişdir ki, borcunu qaytarsın, cavabdeh qohumu Eldarla hesablaşmış, amma iddiaçının pulunu qaytarmamış, boyun qaçırmışdır və artıq 2 ildir ki o, cavabdehdən pulunu ala bilmir. Cavabdeh telefon nömrələrini də dəyişmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini, məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, əslində onun iddiaçı ilə mərmər sexi barədə alqı-satqı müqaviləsi bağlamdığı, onun iddiaçıya heç bir borcunun olmaması arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardadn görünür ki, Cavabdeh ifadəsində özünün deyil, mərhum həyat yoldaşı Şəmməd Nəsibovun iddiaçıya 5500 manat borcunun olduğunu bildirmişdir. Həmçinin cavabdehin yoldaşı vəfat etdikdən sonra vərəsəlik işi açılmadığına görə onun borcu cavabdehdən tələb oluna bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı şikayət verməmişdir və bu o deməkdir ki, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İzahatları dinləyərək, habelə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh ifadəsinə görə, həyat yoldaşı X4 5000 ABŞ dolları və 4000 manat pulu əlavə olaraq hər ayına görə faiz ödəmək şərtilə İddiaçı borc almış, həmin pulu ödəməmiş, 2013-cü ilin yay aylarında ağciyər xərçəngi xəstəliyinə tutulmuş, həmin ilin sonuna kimi müalicə almış, lakin dünyasını dəyişmişdir. Beləliklə də onlar İddiaçı faizlə götürülmüş pulları ödəyə bilməmişlər. Cavabdeh həyat yoldaşı olmuş və vəfat etmiş X3 İddiaçı reallıqda təxminən 5500 manat pul verəcəyi olduğuna görə həmin pulları Rəhilə Əfqana hissə-hissə olmaqla ödəyəcəyinə söz vermiş, bu barədə Əfqanın özünə də dəfələrlə demiş, lakin maddi durumu bir o qədər qaydasında olmadığına görə Əfqana pul ödəyə bilməmiş, amma yaxın zamanda Əfqanın pulunu ödəməyə başlayacağını, Eldara isə onun və həyat yoldaşının verəcəyi olmadığını bildirmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, hazırkı iş üzrə hüquqi dəyərləndirmənin məqsədləri baxımından ilk növbədə tərəflər arasındakı münasibətlərə, əgər belə mülki hüquqi münasibətlər varsa, onların mülki qanunvericiliyə uyğunluğuna qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddiaçı, cavabdehin onun qohumuna mərmər sexi satmağı vəd edərək ondan 5000 ABŞ dolalrı və 4000 manat aldığını iddia etdiyindən, kollegiyanın qənaətinə görə,onun tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; lakin bunun üçün də o, ilk növbədə həmin halı sübuta yetirməlidir. Çünkü iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbin qanuni əsası müqavilə hüququndan yaranmamışdır və o, cavabdehlə arasında mövcudluğunu iddia etdiyi şifahi əqdə istinadən müvafiq tələb irəli sürmək hüququna malik deyildir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Kollegiya hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, cavabdehə pul vermiş olduğunu, yəni cavabdehin onun hesabına əsassız şəkildə varlandığını kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi zaman əsas götürdüyü xx xxxx 2016-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında göstərilmiş Cavabdeh ifadəsi bağlı kollegiya qeyd edir ki, həmin ifadədə Cavabdeh özünün deyil onun məhrum həyat yoldaşının Şəmməd Nəsibovun iddiaçıdan borc pul aldığı aydın olur. Kollegiya qeyd edir ki, iddiaçının hazırki iddiasına cavab verməli şəxs Cavabdeh deyildir, belə ki, iş materiallarında onun həyat yoldaşı vəfat etdikdən sonra vərəsəlik işinin açıldığı və Cavabdeh onun vərəsəsi kimi qəbul edildiyi müəyyən edilmir. Bu zaman həm də nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə - yəni “Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası həmin hissədə də təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6636/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6636/2020
07.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver