Məhkəmə qərarları › İş №2(103)-6636/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6636/2022

27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6636/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığın itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5132/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığın itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi barədə vəzifənin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, peşə fəaliyyəti olan jurnalist işi ilə əlaqədar yüksək vəzifəli məmurlar tərəfindən təqib olunaraq, məhrumiyyətlərə məruz qalmışdır. Xüsusi ilə Azərbaycan Respublikası Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovun birbaşa əmri, göstərişi, tapşırığı, xahişi, tövsiyəsi və məsləhəti ilə barəsində qondarma, əsassız, qanunsuz və qərəzli ittiham irəli sürülərək həbs olunmağına nail olunmuş, Kamal Qilicovun qardaşları Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun və Məhkəmə Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynovun (Qılıcov) birbaşa müdaxiləsi, təsiri, əmri, göstərişi, tapşırığı, xahişi və tövsiyəsi nəticəsində o, 12 (on iki) il müddətinə azadlıqdan məhrum edilmişdir. Bununla kifayətlənməyən Kamal,İlqar və Cavid Qılıcov qardaşları dəfələrlə ona xəbər göndərmişdilər ki, azadlıqda onu fiziki məhv və ölüm gözləyir. Yəni, hazırda onun sağ qalmağı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinin qorunması ilə birbaşa əlaqədardır. Bununla yanaşı ailə üzvlərinə sistematik olaraq hədəqorxu məzmumlu mesajlar göndərilir və onların həyatı əsl cəhənnəmə çevrilmişdir. Məlumat üçün bildirmək istəyir ki, apellyasiya və kassasiya instansiyaları hökmü dəyişdirmədən qüvvədə saxlamışlar. Hazırda cinayət işi üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinə şikayət vermişdir. Həmçinin ibtidai araşdırma orqanı və məhkəmə instansiyaları qanunsuz və ədalətsiz qərar qəbul edərək Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 26, 27, 28, 31, 32, 38, 41, 46, 47, 48, 50, 51, 52, 53 və 63-cü maddələrini kobud şəkildə pozmuşlar. Belə bir vəziyyətdə onun Azərbaycan Respublikası vətəndaşı olmağı olduqca təhlükəli və ölümə məhkum olmaqdır. Bununla əlaqədar o, AR Konstitusiyasının 57 və 109-cu maddəsinin 20-ci bəndini rəhbər turaraq 12 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab X2 Azərbaycan Respublikasının vətəndaşlığından imtina edilməsinə dair ərizə ilə müraciət etmişdir. Həmçinin 15 iyul 2022-ci il tarixdə vətəndaşlığın itirilməsinə dair Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunu, MPM-nin 355-8-355-10-cu maddələrini, vətəndaşların müraciətləri haqqında Qanunu, Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (şəhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasını və nəhayət Konstitusiyanın 57-ci maddəsini rəhbər tutaraq ərizə ilə müraciət etmişdir. Cavabdeh təşkilat-Dövlət Miqrasiya Xidməti bu günədək heç bir münasibət bildirməmişdir. Yuxarıda göstərilən səbəbə görə və MPM-in 355-8-355-10-cu maddələrini rəhbər tutaraq məhkəməyə ərizə ilə müraciət edir və xahiş edir ki, MPM-n 355-10.1-ci maddəsini rəhbər tutaraq 10 (on) gün müddətində onun ərizəsinə baxılıb iddiası təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçıya nail olmağa çalışdığı hüquqi nəticə baxımından müvafiq icra hakimiyyəti orqanına müraciət etmək və ya müvafiq icra hakimiyyəti orqanının hərəkətsizliyindən inzibati qaydada şikayət vermək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5132/2022 saylı, 02 avqust 2022ci il tarixli qərardadından İddiaçı tərəfindən şikayət verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5132/2022 saylı, 02 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qanunvericiliyə zidd formada ona təqdim edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən qərarın nüsxəsi və ya surəti tərəfə müşayiətedici məktubla təqdim edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı X1 qrupu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının nüsxəsi ona müşayət məktubu olmadan 23 avqust 2022-ci il tarixində təqdim edilmişdir. Qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq aidiyyəti dövlət qurumlarına şikayət göndəriləcəkdir. Məlumat üçün bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Vətəndaşlığın itirilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadla nəticəvi hissəsində göstərilmişdir ki, “ iddiaçıya nail olmağa çalışdığı hüquqi nəticə baxımından müvafiq icra hakimiyyəti orqanına müraciət etmək və ya müvafiq icra hakimiyyəti orqanının hərəkətsizliyindən inzibati qaydada şikayət vermək hüququnun olması izah edilsin.” Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı subyektivdir, əsassızdır, ədalətsizdir, qanunsuzdur, qərəzlidir, tərəflərin bərabərliyinə zədd olaraq qəbul edilmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunmaqla, qeyri-subyektivdir bu səbəbdən ləğv olunmalıdır Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(001)- 5132/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayət təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.13-cü maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-8.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-8.2-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Həmin Məcəllənin 355-9-cu maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizədə vətəndaşlığın itirilməsinə əsas olan hallar göstərilməli və ərizəyə müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış rəyi və bununla əlaqədar toplanmış sənədlər əlavə edilməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin: 1 -ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir. 3- cü bəndinə əsasən vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. 4- cü bəndinə əsasən həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir. 18- ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər. 19- cu bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə müraciət edir. 20- ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər. 21-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. 24-cü bəndinə əsasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun l8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsini, bu Əsasnamənin 6-cı hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə həll edir. 25-6-cı bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, onun barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata həmin şəxs cəzanı çəkib qurtardıqdan və ya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində müəyyən olunmuş qaydada cəzadan azad olunduqdan sonra başlanıla bilər (bu Əsasnamənin 25-7-ci hissəsində göstərilən hal istisna olmaqla). Bunun üçün cəzanı icra edən orqan və ya müəssisə dini ekstremizm, terrorçuluq və dövlət təhlükəsizliyini təhdid edən digər ideyalardan islah olunmamış məhkum barəsində məlumatları müvafiq hökmün surəti ilə birlikdə cəza müddətinin bitməsinə iki ay qalmış cinayət işinin istintaqını aparmış orqana və Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Həmin orqanlardan vətəndaşlığın itirilməsi məsələsinə baxılmasına dair razılaşdırılmış müraciət daxil olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. 25-7-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində olmayan vətəndaşın Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirakı barədə Xarici İşlər Nazirliyindən, Dövlət Təhlükəsizliyi Xidmətindən və ya Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş təsdiqedici sənədlər və ya digər sübutlar əsasında Dövlət Miqrasiya Xidməti həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. 25-8-ci maddəsinə əsasən Bu Əsasnamənin 25-6-cı və 25-7-ci hissələrində göstərilən hallarda Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. 25-9-cu maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 9.18-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul etmək; həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, 9.18-1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müəyyənləşdirmək; 9.18-2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət etmək vəzifələrini icra edir. Kollegiya qeyd edir ki, mülki iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əslində Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq istəsə də, faktiki olaraq Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsini və bunun bir vəzifə kimi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını xahiş edir. Halbuki, vətəndaşlığın itirilməsi barədə məhkəməyə müraciət etmək hüququ müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aiddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər. Bu zaman Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə müraciət edir. Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi zamanı isə müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Həmin işlərə xüsusi icraat qaydasında baxılır. Belə ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsinin əsasları müəyyən edilmişdir ki, həmin əsaslarla bağlı vətəndaşlığın itirilməsi məsələsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmə qaydasında həll edilir. İş materiallarından görünür ki, ddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əslində Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq istəsə də, faktiki olaraq Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsini və bunun bir vəzifə kimi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını xahiş edir. Halbuki vətəndaşlığın itirilməsi barədə məhkəməyə müraciət etmək hüququ müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aiddir. Məhkəmə kollegiyası İddiaçı Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında xüsusi icraat qaydasında baxılmalı olan iş kimi məhkəməyə müraciət etməyə çalışsa da, baxmayaraq ki, forma və məzmuna və xüsusi icraat qaydasında baxılmalı olan işlərin proseduruna əməl etməməməsinə, həmin ərizələrin yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırıla bilməsini nəzərə almamasına dair birinci instansiya məhkəməsiin qənaəti ilə razılaşır. Belə ki, qanunvericiliyə əsasən (yuxarıda sadalanan prosedur qaydalara uyğun) əgər şəxsin nail olmağa çalışdığı hüquqi nəticə vətəndaşlıqdan çıxma ilə bağlıdırsa, həmin məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İşin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyn tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6-cı maddələrinə əsasən geri qaytarmaq barədə qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmənin qərardadı prosessual qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar