Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6652/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı cavabdehə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 37.000 ABŞ dolları pul verməsini iddia edir. Tələbin əsası kimi “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmaları iş materiallarına əlavə edilmişdir. Tərəflər fərdi sahibkar statusuna malik deyillər. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə birlikdə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa razılaşmışdır. Onlar ortaq pul qoyub Rusiyada mağaza açmaq və cavabdehin də həmin mağazanı işlətməsi qərarına gəlmişlər. Mağazadan gələn gəlir isə onların arasında bölünməli idi. İddiaçı mağazanın açılmağı üçün 37000 ABŞ dolları pulu cavabdehə vermiş və mallar satıldığı zaman onun payına düşən pulu ona göndərməyini bildirmişdir. Mağazanın açılmağına və cavabdehin həmin mağazanı işlətməyinə baxmayaraq 8 il ərzində iddiaçıya heç bir pul göndərilməmişdir. İddiaçı hər dəfə pulunu tələb edəndə cavabdeh mağazanın vəziyyətinin pis olduğunu, düzələn zaman verəcəyini demişdir. Bundan sonra iddiaçı cavabdehin onun etibarından istifadə edərək pulu aldığını və onu aldatdığını, pulunu heç vaxt qaytarmayacağını anlamışdır. Buna görə də cavabdehlə danışaraq artıq ortaqlığı dayandırmaq istədiyini, mağazanın açılmağı üçün ödədiyi 37000 ABŞ dollarını geri qaytarmasını bildirmişdir. Lakin dəfələrlə bildirməyinə baxmayaraq cavabdeh iddiaçının pulunu geri qaytarmaqdan imtina etmiş, hər dəfə müxtəlif bəhanələr irəli sürmüşdür. Aralarında olan razılaşmanı poza və pulunu cavabdehdən geri qaytara bilmədiyinə görə iddiaçı bu mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətini məhkəməyə təqdim etmiş, cavabdeh isə bu sms-lərin saxta olduğunu bildirmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən əsasların mövcudluğu sübut olunmur. Çünki hazırkı mübahisənin predmeti olan hal, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olması iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurəti əsasında qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sms-lərin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740 Mülki Prosessual Məcəllənin 89.1 və 89.2-cü maddələrinə istinadla əsaslandırılmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını ümumiyyətlə araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, bununla da əsassız qətnamə qəbul etmişdir. Cavabdeh tərəf ilə arasında yazılı borc müqaviləsi bağlanmasa belə 37000 ABŞ dolları pulu Cavabdeh verməyini sübut edəcək “whatsapp” sosial şəbəkəsindəki sms-lər mövcuddur. Məhkəmə həmin sms-ləri nəzərə almamış, iddia tələbini rədd etmiş, qətnamə onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti olan halın, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olmasının onun məhkəməyə sübut qismində təqdim etdiyi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurəti əsasında qiymətləndirilə bilmədiyini, məhkəmə araşdırması zamanı təqdim edilmiş sms-lərin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Halbuki məhkəmə tərəfindən həmin “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətlərinin həqiqiliyinin müəyyən edilməsi istiqamətində heç bir araşdırılma aparılmamış, heç bir ekspertiza həyata keçirilmədən hakim öz şəxsi mülahizələri əsasında və cavabdeh tərəfin “həmin fotoşəkillər saxtadır” deməsi ifadəsi ilə işə bitərəf yanaşaraq belə bir qənaətə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2288/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı 23 dekabr 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2288/2022 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2288/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tələb etdiyi pulu ərizəsində cavabdehə borc kimi deyil, birgə sahibkarlıq məqsədilə verdiyini bildirir, hətta tələbinin hüquqi əsası kimi də borc münasibətlərini nizama salan normalara istinad etmir. Birinci instansiya məhkəməsi isə tərəflər arasındakı münasibəti borc müqaviləsindən irəli gələn münasibət kimi qiymətləndirib. Mülki Məcəllə fiziki və hüquqi şəxslərin həmin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilməsini imkanını istisna etmir. Bu baxımdan, tərəflər arasında hansı hüquq münasibətlərinin olması, bu münasibətlərə hansı maddi hüquq normasının tətbiq edilməli olması, sahibkar olduqları halda məhkəmə aidiyyatı məsələsini müzakirə etmək əvəzinə, birinci instansiya məhkəməsi iddiaçının istinad etmədiyi faktiki əsas üzrə iddianı rədd etmişdir. İddiaçı birinci instansiya məhkəməsi tərəfindən cavabdehin etirazının əsası kimi istinad etdiyi hallara dair heç bir araşdırma aparılmamasını apellyasiya şikayətində dəlil kimi göstərsə də, apellyasiya məhkəməsi də cavabdehin həmin dəlilinə, ümumiyyətlə, qiymət verməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla eyni səhvi təkrarlamışdır. İşdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Proses iştirakçılarının izahatı: İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər və onların nümayəndələri-vəkilləri üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmiş, bu səbəbdən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1, 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxıd qanunu səhv təfsir etsin.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 37 min ABŞ dolları pul tutulması tələbinin faktiki əsası kimi həmin pulu cavabdehə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə verdiyinə istinad etmiş, tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı cavabdehlə aparılmasını dediyi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətini də iddiasına əlavə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı tərəf “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətini məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə bu sms-lərin saxta olduğunu bildirmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilən əsasların mövcudluğu sübut olunmur. Çünki hazırki mübahisənin predmeti olan hal, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olması iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurəti əsasında qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim edilmiş sms-lərin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin cavabdehin nümayəndəsi tərəfindən saxta adlandırılmasını qeyd etsə də, cavabdehin nümayəndəsinin iştirak etdiyi məhkəmə iclas protokollarından görünür ki, cavabdehin nümayəndəsinin həmin məzmunda hər hansı izahat verməsi protokolda qeyd edilməyib. Ümumiyyətlə, işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin sms-lərlə bağlı tərəflərə bir sual da olsun belə verməyib. Buna görə də iddiaçı tərəfindən təqdim edilən “whatsapp” sosial şəbəkəsindəki sms-lərin saxta olmasını hansı sübut əsasında müəyyən edildiyi qətnamədən görünmür. Kollegiya daha sonra qeyd edir ki, “Whatsapp” sosial şəbəkəsi mobil telefon proqramında yazışmalar da bu proqram vasitəsilə olur. Həmin yazışmalara sübut kimi istinad edildiyi halda da onlardan çıxarış verilir. Başqa sözlə, həmin yazışmaların əsillərinin kağız formasında verilməsi bütün hallarda surət olur. Buna görə də yazışmaların surət olmasına istinad edilməsi düzgün olmayıb. Ən azı yazışmaların həqiqiliyi mobil telefonun yaddaş sistemi ilə yoxlanıla bilərdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək birinci instansiya məhkəməsinin tərəflər arasında olan münasibətlərin borc münasibəti olması və hazırki işdə Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən əsasların mövcudluğunun sübut olunmaması barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı tələb etdiyi pulu ərizəsində cavabdehə borc kimi deyil, birgə sahibkarlıq məqsədilə verdiyini bildirir, hətta tələbinin hüquqi əsası kimi də borc münasibətlərini nizama salan normalara istinad etmir. Birinci instansiya məhkəməsi isə tərəflər arasındakı münasibəti borc müqaviləsindən irəli gələn münasibət kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllə fiziki və hüquqi şəxslərin həmin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilməsi imkanını istisna etmir. Bu baxımdan, kollegiya hesab edir ki, tərəflər arasında hansı hüquq münasibətlərinin olması, bu münasibətlərə hansı maddi hüquq normasının tətbiq edilməli olması, sahibkar olduqları halda məhkəmə aidiyyatı məsələsini müzakirə etmək əvəzinə, birinci instansiya məhkəməsi iddiaçının istinad etmədiyi faktiki əsas üzrə iddianı rədd etmişdir. Qanunvericiliyə əsasən işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddiaya mövqeyni, yəni iddianın əsassız olmasına dair etirazla deyil, məhz iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə müraciət etməsinə iddianın əsaslılığı və cavabdeh tərəfindən də həmin ərizədə birbaşa etirazının olmaması baxımından düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin nümayəndəsinin izahatında isə onun borcunun olmaması ilə yanaşı tərəflər arasında da ticarət münasibətlərinin də olmamasını qeyd etmişdir. lakin birinci instansiya məhkəməsi ticarət münasibətlərinin olmadığı təqdirdə belə borcunun olmamasına dair izahatla bağlı diqqətə layiq olan məqamları, yəni, borcun olub qaytarılması, yaxud da ümumiyətlə aralarında pul söhbətinin olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin etirazının əsası kimi istinad etdiyi hallara dair heç bir araşdırma aparılmadan iddianın əsassız olmasına dair nəticəsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, iddiaçı tərəf iddiaçının əsaslı olmasına dair “whatsapp” sosial şəbəkəsi mobil telefon proqramında yazışmalara istinad etsə də, həmin yazışmaların həqiqətə uyğun olmaması və ya digər formada düzgün olmamasına dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə qiymət verərək hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından hazırki mübahisəyə mübahisəyə 3 illik iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli və Rzayev İddiaçı cavabdeh X1 qarşı “borc” tələbinə dair iddiası təmin edilməklə Cavabdeh 37000 ABŞ dolları əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi qət edilməlidir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 37000 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dolları (Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla) və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov