Məhkəmə qərarları › İş №2(103)-6657/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6657/2021

29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6657/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı “X1 Mərkəzi” MMC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və əmtəəşünaslıq ekspertizasının keçirilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Mərkəzi” MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 300,8 m2 olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0678 ha torpaq sahəsinin adı çəkilən MMC tərəfindən açıq hərracda satışına dair hərracın nəticələrinin etibarsız hesab edilməsi, yenidən əmtəəşünaslıq ekspertizasının keçirilməsi, fərdi yaşayış evinin və torpaq sahəsinin likvid və bazar qiymətlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı, iddia ərizəsinə iddianı təmin tədbirinə dair ərizə də əlavə edərək sözügedən daşınmaz əmlakların istifadəsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini xahiş etmiş, məhkəmənin 16.04.2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 17.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinin təmin edilməməsinə dair yeni qərardad çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadını ümumiyyətlə əsaslandırmamış, hansı səbəblə müvafiq nəticəyə gəldiyi qeyri-müəyyən qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur; lazımi qaydada əsaslandırılmamış məhkəmə qərarı isə hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə qərarlarının əsaslandırılması xüsusi prosessual tələb kimi həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit olunur və Avropa Məhkəməsinin presedent hüququnu təşkil edir. Ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi ilə bağlı olan bu prinsip məhkəmə qərarlarında onların əsaslandığı dəlillərin kifayətedici tərzdə göstərilməsini tələb edir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə isə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. İddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir, işə baxılarkən mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İddiaçının görülməsini istədiyi iddianın təmin edilməsi tədbiri isə iddia tələbləri üzrə qəbul olunacaq qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına deyil, faktiki olaraq işin qabaqcadan həllinə yönəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddianı təmin tədbirinin tətbiqinə dair ərizəsi iddianı təmin tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi baxımından əsaslı olmadığına görə ərizənin təmin edilməsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2842/2021 saylı iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “X1 Mərkəzi” MMC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və əmtəəşünaslıq ekspertizasının keçirilməsi” tələblərinə dair mülki iş üzrə iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsi təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar