Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6659/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X1 və cavabdehin iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun ərinin – X2 ölümünün baş verməsində qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinmiş iş üzrə cavabdehin hərəkəti nəticəsindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 147.000 manat, vurulmuş mənəvi zərərinin əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh olan Cavabdeh “xxxx” MMC-nin direktoru vəzifəsində işləməklə “xxxx” Şirkətinə məxsus binada yerləşən liftlərin təmiri ilə bağlı aparılan işlərin təhlükəsizliyini və işlərə nəzarəti təmin edən vəzifəli şəxs olmuşdur. İddiaçının əri S.Şərifov isə həmin binada təmir işləri ilə məşğul olmuşdur. xx.xx.2017-ci il tarixdə, saat 17:00 radələrində S.Şərifov işləri ilə məşğul olan zaman hərəkətə düşmüş liftin qapısı ilə şaxtanın arasında sıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. İstintaq orqanı tərəfindən iş üzrə cavabdehin barəsində cinayət təqibi başlanmış və cinayət işinə baxmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli hökmlə cavabdehi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək 2 il sınaq müddəti tətbiq etməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. İş üzrə iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İddiaçı bildirir ki, əri S.Şərifovun ölümü ilə ona maddi və mənəvi zərər dəymişdir. Bununla əlaqədar, cinayət işinin baxılması zamanı, yəni xx.xx.2018-ci il tarixdə cavabdeh ilə onun arasında notarial qaydada müqavilə bağlanmışdır. Müqavilənin şərtinə görə cavabdeh xx.xx.2033-cü ilə tarixədək hər ay ona 400 manat olmaqla, ümumilikdə 72.000 manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh razılığa əməl etməmiş, cəmi 5 ay müddətində ümumilikdə 2.000 manat ödəmiş, sonra isə ödənişləri dayandırmışdır. Cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bildirir ki, əri hər ay 800-1.000 manat arası, bəzi hallarda isə daha artıq məbləğdə qazanc əldə edirdi, bu da onların ailə (3 yaşlı uşaq olmaqla) dolanışıqlarına çətinliklə də olsa kifayət edirdi. Ailənin heç bir əlavə gəliri yoxdur. Ərinin ölümü ilə ailə bu qazancdan məhrum olmuşdur. Mərhumun hər ay evə gətirdiyi pulun ən aşağı miqdarı, yəni 800 manat əsas götürdüyü halda, müəyyən edilir ki, 3 yaşlı uşaq yetkinlik yaşına çatanadək olan müddət (15 il) üçün maddi ziyan 144.000 manat təşkil edir. Eyni zamanda nəzərə alınmalıdır ki, mərhumun dəfn mərasimi ilə bağlı iddiaçı 3.000 manat xərc çəkmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya vurduğu maddi zərər 147.000 manat məbləğindədir. Bundan başqa qeyd edilən hadisə ilə bağlı iddiaçıya mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 100.000 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmuna uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli, AZ-İ seriyalı, 986532 saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, X3 ilə iddiaçı xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar. “Səyyar-ASAN 4” Xidməti tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE seriyalı, 12855333 saylı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən” görünür ki, həmin nikahdan onların 1 övladları var – xx.xx.2015-ci il təvəllüdlü Mehdi. Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı. 918650 saylı “Ölüm haqqında şəhadətnamədən görünür ki, Səfa Şərifov xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən (İş № 1(011)-185/2018) görünür ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh iddiaçının əri Səfa Şərifovun ölümü ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il müddətinə liftlərin quraşdırılması və texniki xidmət göstərilməsi sahəsində məsul şəxs olmaqla fəaliyyət göstərmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunan azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. Bakı Şəhəri Xəzər rayonu Binə bələdiyyəsinin 2021 saylı arayışından görünür ki, iddiaçının əri – mərhum S.X6 qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmiş və onun dəfn xərclərini mərhumun arvadı olan iddiaçı çəkmişdir. İddiaçı ailə başçısını itirməyə görə 144.000 manat, mənəvi ziyana görə 100.000 manat və dəfn xərclərinə görə 3.000 manat məbləğində pul tələb edir. Məhkəmə ailə başçısına itirməsi ilə əlaqədar dəymiş maddi və mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1121.1.1-ci maddəsinin mənasına görə, zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ vardır. Mülki Məcəllənin 1121.3.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayanlara zərərin əvəzi on səkkiz yaşına çatanadək ödənilir. Məcəllənin 1122.1-ci maddəsinə görə, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Məcəllənin 1125.1-ci maddəsinə görə, zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd edilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iş materiallarından və tərəflərin məhkəmələrə verdikləri izahatlardan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə iddiaçı və cavabdeh arasında iddiaçının ölümü ilə əlaqədar iddiaçıya dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq hər ay 400 manat olmaqla, cəmi 72.000 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə notarial qaydada borc müqaviləsi bağlanmışdır. Yuxarıda qeyd olunmuş hökmdən müəyyən olunur ki, iddiaçı ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq xx.xx.2033-cü ilədək hər ay 400 manat olmaqla, ümumilikdə 72.000 manat pul vəsaitinin ödənilməsinə dair cavabdeh ilə arasında notarial qaydada müqavilə bağlandığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsinə dair tərəflər arasında razılıq olduğunu və bununla bağlı müqavilənin bağlanmasını nəzərə alaraq hesab edir ki, iddiaçı hazırda cavabdehə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia irəli sürməklə hüquqdan sui-istifadə edir. Məhkəmə iddiaçının digər tələbini də - dəfn xərcinə görə 3.000 manat məbləğində pulun ödənilməsi ilə bağlı tələbini də əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunan hökmdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi olan hazırki iş üzrə iddiaçı məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs, yəni hazırki iş üzrə Cavabdeh yas mərasiminin xərcləri üçün ona 2.300 manat məbləğində maddi yardım etmişdir. Hazırda dəfn xərcinə görə maddi ziyan tələb edən iddiaçı, daha artıq məbləğdə xərc çəkdiyinə dair sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6659/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6659/2020
09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver