Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-666/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayızadənin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3896/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qəbzlə aldığı 2000 manat, evə, materiallara dəymiş ziyan 6000 manat olmaqla, cəmi 8000 manat maddi ziyanın, mənəvi ziyan əvəzi kimi 10000 manatın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı oğlu kücəsi 47-də yerləşən 2 otaqlı evini təmir etmək üçün usta axtarmış, qonşuluğunda yaşayan Cavabdeh ilə rastlaşıb ona usta axtardığını bildirmiş, İzzət isə ona həmin işi görə biləcəyini bildirmişdir. İzzət evə baxış keçirdikdən sonra təmir etməyə razılaşmışdır. O, İzzətlə birlikdə material almışlar. Cavabdeh işə başlayandan 3 gün sonra o, həyat yoldaşının ildönümü olduğunu və rayona gedəcəyini bildirərək 300 manat pul istəmiş, o da İzzətə 300 manat vermişdir. Bundan sonra İzzət dəfələrlə ondan pul istəmiş və demişdir ki, bütün işlərini görəcək. O da pul vermişdir ki, işləsin. Bütün materialı da almış və evin açarlarını İzzətə vermişdir. 26.10.2020-ci ildə yoldaşı Nümayəndə qəzaya düşmüş və qəza zamanı ayağı sınmışdır. Başı qarışdığı və İzzətə etibar etdiyi üçün tez-tez təmir yerinə gedə bilməmişdir. Növbəti baxışlarda isə İzzət bahanələr gətirib vəziyyətdən istifadə edərək, nəticədə onu aldatmış və telefonda, WhatsApp da onları təhqir etməklə ləyaqətlərini alçaltmış və işin görülməsini dayandırmışdır. İzzətə pul alma barədə sənədə imza etmisini bildirdikdə İzzət onu təhdid etməyə başlamışdır. Tələb etdiyi pulun yarısını bankdan götürmüş, buna görə də hazırda maddi vəziyyəti pisləşmişdir. İzzət həm pulu almış, həm materialları korlamış və işi yarımçıq qoymalqa həm də onları təhqir etmişdir. Evin nə vəziyyətdə olduğunu fotoşəkillər əks etdirir və evdə heç nəyə dəyməmişlər. Balkon isə yarıtmaz vəziyyətə salınmışdır. Belə ki, İzzət balkonun dayağını ana qaz xəttinə yapışdırıb qəza şəraiti yaratmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3896/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması tələbinə dair” iddiasının təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3896/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal RPl-nin 27-ci PB-nin təhqiqatçısı F.Cənnətovun 15.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, ünvan 1 ünvanda yaşayan Nümayəndə ərizə ilə müraciət edərək bildirmişdir ki, 8 ay əvvəl, 2020-ci ilin avqust ayında evinin təmiri üçün tanışı və dostu, usta olan İzzət adlı şəxslə razılaşmışdır.Evin bütün təmirini İzzətə həvalə etmişdir.Ümumi olaraq bu işi İzzətlə 2300 manat əl haqqı olaraq razılaşmışlar.İzzətə əmək haqqı olaraq 2000 manat pulu hissə-hissə vermişdir. İzzət işləri düzgün görməmişdir. Belə ki, o, su qızdırıcısını başqa keyfiyyətsiz su qızdırıcısı ilə dəyişmiş və lazımsız su qızdırıcısı qoymuşdur. Boyalarını açıq halda saxlayaraq yarasız hala salmışdır. Balkonu yarımçıq və qəzalı tikmişdir. Evdə işləri tamamlamamış, damı əzikəzik etmişdir. Həmçinin İzzət evə almış olduğu və evinin içərisinə yerləşdirdiyi tikinti materiallarını, yəni 1 ədəd tikiş maşınını (250 manat dəyərində), elektrikli su qızdırıcısı (180 manat), 2 ədəd çilçıraq (350 manat və 150 manat dəyərində), 1 ədəd moydadır (50 manat), hamam aksessuarları (200 manat), 1 ədəd boya (70 manat). 3 qutu mismar (40 manat), qaz pilitəsi (50 manat), alüminium və mis qazanları (100 manat dəyərində) oğurlamışdır. İzahatı alınmış Cavabdeh bildirmişdir ki, bu şəxslə 1998-ci ildən tanışdır. Keçmiş qonşudurlar. 1 il altı ay əvvəl Elyar özünə məxsus ünvan 2 ünvanda yerləşən evinin təmiri üçün onunla razılaşmışdır. Lakin qiymət barədə danışmamış, gördüyü işə görə hissə-hissə Elyardan pulunu alacağını söyləmişdir. Evin təmiri üçün lazım olan materialları almasını Elyara bildirmişdir. Elyar bəzi materialları alıb gətirmişdir. O, həmin tikinti materiallarını evin təmirində istifadə etmişdir. Lakin Elyar ona verməli olduğu usta pulunu verməmiş və evində ondan başqa işlətdiyi fəhlələrin də pulunu ödəməmişdir. Elyar ona əmək haqqı olaraq hissə-hissə 1200 manat pul vermişdir. Lakin o, Elyarın evində çox iş görmüşdür.Əlavə balkon tikmişdir. Elyarın söylədiklləri böhtandır. O, heç bir oğurluq etmədiyini göstərmişdir. Elyarın evində qeyd etdiyi tikiş aparatı, çilçıraqlar, qaz sobası, alüminium və mis qazar ar və moydadır olmamışdır. Su qızdırıcısı almışdır, lakin yerləşdiilməmişdir. Həmin qızdırıcı evin içərisində qalır. Elyarın aldığı tikinti materiallarını isə tikintidə istifadə etmişdir. Boya və gipsin qurumasına səbəb Elyarın onun və fəhlələrin əmək haqqlarını verməməsi, nəticədə işin dayanması olmuşdur.Sonradan ona məlum olmuşdur ki, Elyar çox usta və fəhlələri evinə gətirərək işlətmiş, pullarını verməmiş, daha sonra üzərlərinə şər atmışdır. Hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, foto şəkillər çəkilərək protokol tərtib olunmuşdur. Vətəndaş Nümayəndə ərizəsində göstərilmiş əşyaların oğurlanması və tiktinti materiallarının yararsız hala salınaraq ona maddi ziyan dəyməsi faktı təsdiqini tapmır. Çünki bu faktı təsdiq edəcək sübut yoxdur. Vətəndaş Nümayəndə Ağayev Emin Balarəhim oğlundan 12.09.2020-ci il tarixli şikayəti və göstərdiyi xüsusatların təsdiqini tapmaması da sonuncunun əsassız şikayətlər etməsi faktını təsdiq edir. Odur ki, onunla Cavabdeh arasında olan mübahisə öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Nümayəndə mövcud məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal RPl-nin 27-ci PB-nin baş təhqiqatçısı N.Seyidzadənin 21.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, ünvan 3 ünvanda yaşayan Nümayəndə “İzzət” adlı şəxs tərəfindən mənzilinin təmir edilməsi qarşılığında aldadılaraq 2000 manat pulunun ələ keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Yasamal RPl-nin 27-ci PB-də baxılmışdır. İzahatı alınan Cavabdeh Nümayəndə dediklərini qismən təsdiqləyərək oxşar izahat vermişdir. Belə ki, o həqiqətən də Nümayəndə evində usta kimi işlədiyini, gördüyü işlərin müqabilində 1200 manat pul aldığını və ev sahibi olan Nümayəndə ona əlavə olaraq 1200 manat pul borclu qaldığını bildirərək barəsində olan şikayətin qərəzli olduğunu, həmçinin Nümayəndə ona görmüş olduğu işlərdən qalmış 1200 manat pulu ödəməməsi üçün bu həqiqətə uyğun olmayan şikayət etdiyini qeyd etmişdir. Aparılmış araşdırma zamanı sübuta yetirilmişdir ki, tərəflər arasında olan mübahisə mülki xarakterlidir. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia etmişdir ki, Cavabdeh tərəfindən mənzilində təmir işlərinin aparılmaması nəticəsində ona 8000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçının vəsatəti əsasında apellyasiya icraatı zamanı ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 10/7317 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 1-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi 47 ünvanında yerləşən İddiaçı məxsus mənzildə natamam təmir işləri aparıldığı müəyyən olunmuşdur, lakin aparılmış təmir işlərinin hansı dövrü əhatə etməsi üçün hər hansı metodika olmadığından sözügedən mənzildə 2020-ci ildə hər hansı təmir işinin aparılıb-aparılmamasını müəyyən etmək mükün olmamışdır. 2-ci sual üzrə mənzildə aparılmış natamam təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2421,0 manat məbləğində müəyyən olunmuşdur. 3-cü sual üzrə: təmir zamanı yararsız hala salınmış təmir-tikinti materiallarının dəyəri barədə hər hansı məlumat olmadığından qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. Göründüyü kimi, iddiaçı öz tələbini ümumiyyətlə əsaslandırmamış, bu barədə nə birinci instansiya məhkəmədində, nə də apellyasiya instansiya məhkəməsində heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olduğu halda, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 5.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsində də haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İş materiallarından görünür ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, habelə zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübutu məhkəmə baxışı zamanı təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə olan halda apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3896/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3896/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul İddiaçı tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-666/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-666/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver