Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6661/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(006)-2924/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 4(005)- 931/2020 saylı qərarına əsasən, İddiaçı1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı1 barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı1 barəsində həbsdə saxlanılma müddəti istintaq müddəti həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 11 avqust 2020-ci il tarixdən hesablanmış, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmiş, İddiaçı2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-158/2021 saylı Hökmünə əsasən, İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinmiş və ona bəraət verilmiş, İddiaçı1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinmiş və ona bəraət verilmiş, İddiaçı2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2021- ci il tarixli, 1(103)-908/2021 saylı Qərarına əsasən, dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamış, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2021 saylı, 06 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 2020-ci ilin avqust ayında xəstələrin (pasientlərin) müalicəsi ilə məşğul olan stomatoloq-həkim İddiaçı1 həbs olunmuş, bu səbəbdən müalicələr yarımçıq qalmış, xəstələr (pasientlər) müalicə üçün ödədikləri pul vəsaitini onun atası İddiaçı2 geri tələb edərək almış, İddiaçı1 2021-ci ilin fevral ayında azadlığa çıxmış, lakin həmin vaxta qədər xəstələrin (pasientlərin) stomatoloji müalicəsi başqa həkim tərəfindən icra olunaraq tamamlanmış, yarımçıq müalicəyə görə İddiaçı1 heç bir ödəniş edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyana görə 30.000 manat, mənəvi zərərə görə 150.000 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı1 ödənilməsi haqqında, İddiaçı2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərərə görə 20.000 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı2 ödənilməsi haqqında, həmçinin İddiaçı1 və İddiaçı2 ayrıayrılıqda yazılı surətdə üzr istəmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi X3 tərəfindən 08 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı1 11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2020-ci il tarixində həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. 13 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntəntiqi X3 təqdimatla Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, baş ədliyyə müşaviri cənab Elçin Məmmədova vəsatətlə müraciət edərək İddiaçı1 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə təqdimat verilməsi barədə xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 4(005)- 931/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə vəsatət və təqdimat təmin edilmiş, İddiaçı1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərardan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verilmiş, həmin apelyasiya icraatı zamanı elan olunmuş ittihamın əsassız olmasını sübut edən Salyan rayon Mərkəzi Xəstəxanasının məktubu təqdim olunmuş, lakin Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İbtidai istintaq orqanı cinayət işinin istintaqını yekunlaşdıraraq baxılması üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə görə işə baxmağa səlahiyyəti çatan məhkəmə Bakı şəhər Xətai rayon Məhkəməsi olmuşdur. Buna görə də İddiaçı1 Bakı İstintaq Təcridxanasında saxlanılması müddəti Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hakimi Tural Ələkbərov tərəfindən uzadılmaqla aidiyyəti üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı1 stomatoloqdur. Həbs olunana qədər həm Bakı şəhərində "Bəyaz İnci" klinikasında, həm də Salyan rayonunda fərdi stomatoloji kabinetdə həkim kimi fəaliyyət göstərirdi. Müxtəlif şəxslərə implant diş protezlərinin yerləşdirilməsi üçün pul alıb öhdəlik götürmüşdü. Cinayət törətmədiyi halda həbs olunduğuna görə, eləcə də qısa müddətə azadlığa buraxılmadığına görə həmin xəstələr işin tamamlanmadığını əsas gətirərək ödədikləri pulları ailə üzvlərindən geri tələb ediblər və alıblar. Həmin şəxslərin pullarının geri qaytarılması və azadlıqda olsaydı qazana biləcəyi pullar onun zərəri hesab olunur və hesab edir ki, ona ödənilməlidir. Bununla yanaşı, o həbs olunduqdan sonra cəmiyyətdəki nüfuzu aşağı düşmüşdür. Həbs olunana qədər həm Bakı şəhərində "Bəyaz İnci" klinikasında, həm də Salyan rayonunda fərdi stomatoloji kabinetdə həkim kimi fəaliyyət göstərirdi. Barəsində əsassız cinayət təqibi olduğu müddət ərzində həm maddi zərər görmüş, həm də mənəvi. Belə ki, o stress keçirmiş, Ağayev Məhəmməd iki sutkadan artıq müddət ərzində ARDİNnin BMCMİ-də saxlanılmış və sonradan barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin şərtlərinə uyğun hər həftə polis orqanına gedərək imza etmiş və Salyan rayonunu tərk etməmək əmrinə tabe olmaqla narahat olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsinə etiraz və “Qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə” vəsatət təqdim etmiş, iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, iddia ərizəsində İddiaçı1 maddi ziyana görə 30.000 manat, mənəvi ziyana görə 150.000 manat, İddiaçı2 isə maddi ziyana görə 20.000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb etmişdir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bu baxımdan, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. Bununla bağlı qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət məhkəməyə təqdim olunmuşdur. Mənəvi ziyanın vurulması ilə bağlı bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxsləri münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşıdır fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalar məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntılar sübut etməlidir. Hesab olunur ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edər şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə İddiaçı1 xeyrinə 7.000 (yeddi min) manat, İddiaçı2 xeyrinə isə 1.000 (min) manat ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı1 əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, İddiaçı1 xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 7.000 (yeddi min) manat, İddiaçı2 xeyrinə isə 1.000 (min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 xx.xx.2020-ci il tarixdən həbsdə olmuş, yəni 6 ay 15 gün, İddiaçı2 isə polisin nəzarəti altında olmuşdur. İddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçılar tərəfindən müxtəlif aktlar təqdim olunmasına baxmayaraq, sübut kimi ödəniş qəbzləri təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. İddia tələbinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aid hissəsi ilə əlaqədar qeyd edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olduğundan iddia tələbi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aid hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1100, 1101.1 və 1096 maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, və 58.2-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 6 və 7 ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək məhkəmənin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıların mənəvi iztirab çəkməsi heç bir mötəbər sübutla təsdiqlənməmiş, yalnız iddiaçıların mülahizəsinə əsaslanaraq iddiaçılara mənəvi zərərə görə 8000 manat vəsaitin ödənilməsi qənaətinə gəlinmişdir. İddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı olduğu halda cəlb olunmamış, bununla da işin bütün faktiki halları tam araşdırılmamışdır. Şikayətdə mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikasının CPM-nin 190cı maddəsinin müddəaları tətbiq edilməli olduğu göstərilmişdir. Eyni zamanda şikayətdə Mülki Məcəllənin 1101.1-ci maddəsinin tətbiqi düzgüm təfsir edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçılar ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər öz nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etmədiklərindən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Hər kəsin azadlıq hüququ vardır. 68.2. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun
1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 4.Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni təmin edilən hissədə mübahisələndirdiyindən qətnamə təmin edilən hissədə yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı1 əsassız olaraq xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirdiyi üçün ona vurulmuş mənəvi zərər ödənilməli olması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi İddiaçı2 mənəvi ziyanın tutulması nəticəsinin əsasını isə onun polisin nəzarəti altında olması təşkil etmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri- maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə, və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Kompensasiyanın vəzifəsi «ziyanın tam təminindən ibarətdir.» «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktm vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafıq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır.» Apelyyator iddiaçıların mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməməsi, yalnız iddiaçıların mülahizələrinə əsaslanaraq onlara mənəvi zərərə görə 8000 manat kompensasiyanın ödənilməsinə dair dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Belə ki, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən iddiaçıların mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini düzgün müəyyən etmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticələri ilə razılaşaraq daha sonra hesab edir ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçılar, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmışdır. Kollegiya daha sonra qeyd edir ki, keçən bu proseslər nəticəsində sonda hüquqi mübarizə əsasında bəraət almış iddiaçıların mənəvi ziyan çəkmələrinin mülahizə olması fikri heç bir məntiqə sığmır və öz təqsirsizliyini sübuta yetirənə kimi onların həbsdə və polisə nəzarətdə olmaları dövründə inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkmələri, bir sözlə mənəvi sarsıntılar keçirməsini işin mübahisəsiz hallarındandır. Kollegiya apellyasiya şikayətinin mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikasının CPM-nin 190-cı maddəsinin müddəalarının nəzərə alınmamasına dair dəlilinə qiymət verərək hesab edir ki, apellyator bu dəlili ilə yanakı da olsa iddiaçılara mənəvi zərər vurulmasını bir növ təsdiq edir, lakin onlara ödənilməli olan məbləğlərin qeyd edilən norma əsasında müəyyən olunmadığını bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin tarixli Qərarının 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlik (mülki, cinayət, inzibati və s.) ifadə oluna bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İş üzrə araşdırılmış sübutların məcmusuna qiymət verən və qanunvericiliyin yuxarıda göstərilən tələblərini əldə rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanan məbləğini qeyd edilən qanunvericilik normaları əsasında düzgün və ədalətli müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulan az ağır cinayətə görə 55 manat kompensasiya real olmamaqla ədalətli məbləğ deyildir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarında qeyd edildiyi kimi, mənəvi zərər bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Demək, qaydadan kənar hallar da ola bilər. Bu halı da birinci instansiya məhkəməsi təmin etmişdir, yəni iddiaçılar mənəvi zərərə görə ümumilikdə 170000 manat tələb etsələr də, məhkəmə mülki hüquqi məsuliyyətin yaranma əsasları, tərəflərin əmlak vəziyyəti və qarşılıqlı münasibətləri də nəzərə alaraq göstərilən nəticəyə gəlmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, İddiaçı1 xeyrinə 7.000 (yeddi min) manat və İddiaçı2 xeyrinə isə 1.000 (min) manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçılarnın mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, pul vəsaitinin dövlət büdcəsindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə tutulması barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə də razılaşır Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin də, məhkəmə kollegiyası hesab edir ki, dövlətin səlahiyyətlərini Maliyyə Nazirliyinin həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir Göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyatorun 1101.1-ci maddəsinə istinad edərkən normada konkret dövlət büdcəsinin nəzərdə tutulmasını qeyd etməsi düzgün olmamışdır. Həmin normaya əsasən isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov