Məhkəmə qərarları › İş №2(103)-6663/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6663/2021

03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6663/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X3, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-386/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 11.500 manat məbləğində pulun, vurulmuş mənəvi zərərə görə 3.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən “Azadlıq Residence” yaşayış kompleksində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 48.65 kv.m olan 180 saylı mənzili təmir etmək məqsədilə Cavabdeh müraciət etmiş və onlar podrat müqaviləsi bağlamışlar. Müqavilənin 1.1-ci maddəsinə əsasən, podratçı qeyd edilən mənzili tam təmir etməyi, Sifarişçi isə Podratçıya razılaşdırmış pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinə əsasən Sifarişçi tərəfindən Podratçıya hissə-hissə ödəniləcək 13.000 manatın müqabilində Podratçı həm təmir-tikinti materiallarını almaq, həm də evi tam təmir etmək (usta, fəhlə pulu və s.) öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda müqavilənin 2.2 və 2.3-cü maddəsinə əsasən, Sifarişçi razılaşdırılmış pulu Podratçının bank hesabına ödənilməsi, müqavilə bağlandığı tarixdə 4.500 manatın podratçıya ödənilməsi, ikinci partiya olaraq 5000 manatın, qalan məbləğ olan 3.500 manatın hissə hissə ödənilməsi razılaşdırılmışdır və bu barədə müqavilənin son səhifəsində əlyazma ilə müvafiq qeydlər edilmiş, onlar tərəfindən imzalanmışdır. Lakin bir müddət sonra cavabdeh müqavilə öhdəliklərinin tam və vaxtında icra edilməsindən yayınmağa başlamışdır və iş yarımçıq buraxılmışdır. Cavabdehdən işi davam etdirərək mənzili təhvil verməsini tələb etdikdə o, müxtəlif bəhanələr gətirməyə başladı. Eyni zamanda ona “hara şikayət edirsən et” kimi ifadələr işlətdikdə əmin olmuşdur ki, cavabdehim müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmək fikri yoxdur və dedikləri vaxt qazanmaqdan başqa bir şey deyil. Belə ki, cavabdehin aldığı pul müqabilində gördüyü iş tamamilə azdır. Cavabdehin bu cür qanunsuz hərəkətlərini gördükdə və fırıldaqla qarşılaşdığını bildikdə məcbur olaraq Bakı şəhəri Binəqədi rayonu 6-cı Polis Bölməsinə müraciət etmiş, lakin 6 saylı polis bölməsi 10 iyun 2020-ci il tarixli arayışı ilə xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğundan mülki qaydada məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Cavabdehə ödənilmiş pul müqabilində müqavilə öhdəlikləri tam icra edilməmiş, mənzil tam təmir edilərək ona təhvil verilməmişdir. Onun tərəfindən cavabdehə 11.500 manat pul ödənilmişdir. Baxmayaraq ki, müqavilə üzrə 3 ay ərzində təmir işlərinin tam bitəcəyi və mənzilin ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilənin bağlanmasından 6 ay keçməsinə baxmayaraq, müqavilə öhdəlikləri tam icra edilmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-386/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 7.241 (yeddi min iki yüz qırx bir) manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pandemiya zamanı işləmək imkanına malik olmamışdır. Heç bir qazanc və gəlir yeri olmayıb. Digər tərəfdən himayəsində olan valideynlərinin xəstəliyi ilə əlaqədar işləyə bilməmişdir. Eyni zamanda məhkəmədən xəbəri olmamış, iddia tələbi də həddən artıq şişirdilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəmə ekspertizası rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə də iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X4 ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdilər ki, iddiaçının evində görülmüş işlərə sərf edilmiş məbləğin böyük hissəsi məhz materialların alınmasına xərclənmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır. İş materiallarında olan İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli podrat müqaviləsinin surətindən görünür ki, podratçı sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşdiyi “Azadlıq Residence” yaşayış kompleksində 3-cü binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 48,65 kv.m olan 180 saylı mənzili tam təmir etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürür. Podratçı tərəfindən görüləcək işlər aşağıdakılardır: pol taxta 15 manat; hamam üçün kafel metlax 14 manat; oboy 20-25 manat; eyvan üçün kafel/metlax 10-12 manat; santexnik işləri tam olaraq; evin qapıları 150-170 manat; hamam üçün asma tavan 20-25 manat; tam olaraq elektrik işlərinin təhvil verilməsi; tam olaraq evin alçipan işləri, lepka, paduqa; evin çöl qapısı 400 manat; mətbəx mebeli, dəhliz mebeli tam təhvil; tam olaraq elektrik işləri; hamam üçün aksessuarlar; razetka və kulçatorlar. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən sifarişçi podratçıya hissə-hissə ödəniləcək 13.000 manatın müqabilində podratçı həm təmir-tikinti materiallarını alacaq, həm də evi tam təmir edəcəkdir (usta, fəhlə pulu və sair). Müqavilənin yekun hissəsində qeyd edilmiş iltizama əsasən, İddiaçı tərəfindən 200 manat beh, daha sonra 4.500 manat, 4.300 manat, 2.500 manat məbləğində vəsait Cavabdeh ödənilmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin İddiaçı ünvanladığı 10 iyun 2020-ci il tarixli məktubdan görünür ki, onun ərizəsində xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan, məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi məqsədə müvafiq bilinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2021-ci il tarixli, 10/2850 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən “Azadlıq Rezidence” yaşayış kompleksində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 48,65 kv.m olan 180 saylı mənzildə tərəflər arasında bağlanmış podrat müqaviləsinin 1.2-ci bəndində olan işlərdən 2-ci (hamam üçün kafel metlaq 14 azn), 5-ci (santexnik işləri tam olaraq), 7-ci (hamam üçün asma tavan 20/25 azn) 8-ci (tam olaraq elektrik işlərinin təhvil verilməsi) və 9-cu (tam olaraq alçipan işləri, lepka, paduqa) bənddə göstərilən işlər cavabdeh tərəfindən görülmüşdür. Qeyd olunan işlərə istifadə olunmuş materiallarla birlikdə təqribən 3.223 manat məbləğdə vəsaitin sərf olunduğu müəyyən olunur. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən “Azadlıq Rezidence” yaşayış kompleksində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 48,65 kv.m olan 180 saylı mənzildə döşəmənin beton styajkası, mətbəx ilə otaq arasında olan divarın sökülüb yenidən inşa edilməsi, mətbəxə isti döşəmənin çəkilməsi işləri görülmüşdür. Qeyd olunan işlərə istifadə olunmuş materiallarla birlikdə təqribən 1.036 məbləğdə vəsaitin sərf olunduğu müəyyən olunur. İş materilları ilə müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, iddiaçı müqavilədə qeyd edilmiş işlərin görülməsi müqabilində cavabdehə ümumilikdə 13.000 manat məbləğində vəsait ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə işlərin görülməsi üçün iddiaçı tərəfindən cavabdehə həmin məbləğdən ümumilikdə 11.500 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilən muzd müqabilində üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də cavabdehdən tutulmalı olan məbləğini düzgün müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyinə istinad etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertiza zamanı müəyyən işlərin cavabdeh tərəfindən görülməsi və işlərə istifadə olunmuş materiallarla birlikdə hansı məbləğdə vəsait sərf olunması sualları qoyulmuş, cavabdehin gördüyü işlərə dair zəhmət haqqısının müəyyən edilməsi barədə suallar qoyulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinin araşdırılması eləcə də işin obyektiv həlli baxımından apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən “Azadlıq Rezidence” yaşayış kompleksində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 48,65 kv.m olan 180 saylı mənzildə tərəflər arasında bağlanmış podrat müqaviləsinin 1.2-ci bəndində olan işlərdən 2-ci (hamam üçün kafel metlaq 14 azn), 5-ci (santexnik işləri tam olaraq), 7-ci (hamam üçün asma tavan 20/25 azn) 8-ci (tam olaraq elektrik işlərinin təhvil verilməsi) və 9-cu (tam olaraq alçipan işləri, lepka, paduqa) bənddə göstərilən işlərinə;

2. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən “Azadlıq Rezidence” yaşayış kompleksində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 48,65 kv.m olan 180 saylı mənzildə döşəmənin beton styajkası, mətbəx ilə otaq arasında olan divarın sökülüb yenidən inşa edilməsi, mətbəxə isti döşəmənin çəkilməsi işlərinə dair Cavabdeh zəhmət haqqı nə qədər təşkil etmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli, 10/3887 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən “Azadlıq Rezidence” yaşayış kompleksində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 48,65 kv.m olan 180 saylı mənzildə tərəflər arasında bağlanmış podrat müqaviləsinin 1.2-ci bəndində olan işlərdən 2-ci (hamam üçün kafel metlaq 14 azn), 5-ci (santexnik işləri tam olaraq), 7-ci (hamam üçün asma tavan 20/25 azn) 8-ci (tam olaraq elektrik işlərinin təhvil verilməsi) və 9-cu (tam olaraq alçipan işləri, lepka, paduqa) bənddə göstərilən işlərinə və həmin mənzildə döşəmənin beton styajkası, mətbəx ilə otaq arasında olan divarın sökülüb yenidən inşa edilməsi, mətbəxə isti döşəmənin çəkilməsi işlərinə dair usta pulunun (mövcud olan orta bazar qiymətlərinə əsasən) təqribən 2059,0 manat təşkil etdiyi müəyyən olunur. Həmçinin qeyd olunmuşdur ki, görülmüş işlərin zəhmət haqqı dəyəri sifarişçi ilə podratçı arasında razılaşdırma nəticəsində yarana bilər. İş materiallarına əlavə edilmiş “Podrat müqaviləsi”ndə podratçının zəhmət haqqı ayrıca göstərilmədiyindən sözügedən işlərə dair Cavabdeh zəhmət haqqının nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert təqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi müqavilə üzrə görülmüş işlərə və həmin mənzildə döşəmənin beton styajkası, mətbəxilə otaq arasında olan divarın sökülüb yenidən inşa edilməsi, mətbəxə isti döşəmənin çəkilməsi işlərinə dair usta pulunun (mövcud olan orta bazar qiymətlərinə əsasən) təqribən 2059,0 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən podrat müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişir. Apellyasiya şikayətində göstərilən dəlilləri isə cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliklərin icrasından yayınmağa əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışı zamanı həyata keçirilmiş ekspert tədqidatı ilə də cavabdehin gördüyü işlərə dair əmək haqqı məbləği 2059,0 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iddia tələbinin tutulmalı olan pul məbləğinə dair hissəsində qismən əsaslı olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı pul məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən çıxılmaqla (7.241-2059=5182) 5182 manat müəyyən edilməlidir. Həmçinin ekspert tədiqatının dəyəri iddiaçı və cavabdehdən bərabər qaydada tutulmalıdır. Belə ki MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT E T D İ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-386/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinin müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilməli olan vəsaitin məbləği 5182 (beş min yüz səksən iki) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar