Məhkəmə qərarları › İş №2(103)-6666/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6666/2025

24.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6666/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6666/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3294/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 24 dekabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(016)-06/2023 nömrəli qərarı ilə iddiaçı barəsində “vəzifədən kənarlaşdırma” qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Rəhim Əhmədovun vəsatəti və Ağsu rayon prokuroru baş ədliyyə müşaviri Elnur Cəfərovun təqdimatı təmin edilmiş, iddiaçı barəsində qətimkan tədbiri qismində “vəzifədən kənarlaşdırma” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir.

2. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı CM-nin 151ci maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirlərinin ləğv edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökmdən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya protesti və ya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən maddi zərərin əvəzi olaraq 24364.20 manat iş fəaliyyətindən məhrum edilməsi ilə bağlı, mənəvi zərərin əvəzi olaraq isə 50.000 manat, hüquqi yardıma görə ödənilmiş 900 manat, ödənilmiş dövlət rüsumu 316 manat və ümumilikdə 75580.20 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində Ağsu Rayon Polis X3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə cinayət işi başlanılmış, mühakimə olunmaq üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(016)-4/2024 saylı hökmü ilə iddiaçıya qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilmiş və hökmün ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinə 12 iyun 2024-cü il tarixdə şəki Apellyasiya Məhkəməsinin icraatında baxılaraq hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında baxılaraq hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. İddiaçı ali təhsilli həkim kimi fəaliyyətini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin müxtəlif şöbələrindən başlamış və davam etdirməkdədir. Ancaq yuxarıda qeyd edilən hallar iddiaçının həm mənəvi, həm də maddi olaraq həyatına təsir etmişdir. Belə ki, bilik və təcrübəsilə işlədiyi qurumda, həmçinin cəmiyyətdə qazandığı nüfuza zərbə vurulmuşdur. İstintaq orqanı tərəfindən iddiaçı barəsində başlanmış əsassız və ədalətsiz cinayət işi nəticəsində, iddiaçı uzun müddət ərzində sıxıntı və sarsıntılara məruz qalmışdır. Bütün məhkəmə instansiyalarında məhkəmələrin gedişi ərəfələrində özü və ailə üzvləri əzab və misli görünməyən mənəvi sarsıntı keçirmişlər. İstər uzun müddət fəaliyyət göstərdiyi kollektivdə, istərsə də təmsil etdiyi çoxşaxəli qohumlar arasında yüksək nüfuzuna xələl gətirilmişdir. Ona görə də, iddiaçıya dəymiş ziyanla yanaşı, mənəvi zərərə görə də maddi təzminat ödənilməlidir. Barəsində başlanmış cinayət işi ilə əlaqədar, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər məcbur olaraq ödənişsiz məzuniyyətə çıxmış və sonradan isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cinayət mühakimə icraatını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin 42 saylı əmri ilə iş yerindən uzaqlaşdırılaraq iddiaçı və ailə üzvləri maddi məhrumiyyətlərlə üzləşmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ tərəfindən təqdim edilmiş 10 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, aylıq maaşı 1076.40 manat olsa da, 2022-ci il üçün təqdim edilmiş rəqəmlərə əsasən 1218.21 manat əldə etmişdir. Qeyd edilən rəqəmləri nəzərə alaraq başlanılmış cinayət işi və müvafiq olaraq cinayət mühakimə icraatı zamanı əldə olunacaq 24364.20 manat pul məbləğindən məhrum olmuşdur.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3294/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova ) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 20.106 manat, mənəvi zərərin əvəzi olaraq 6.500 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş hüquqi yardım xərcinin 100 manat hissəsinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməsi, Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 316 manat məbləğində pulun İddiaçı geri qaytarılması (qəbz №: **********), iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasnın 68-ci maddəsinin İİİ hissəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü və 9-cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1100, 1101.1, 1101.2-ci maddələri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 56.0.1, 57.1, 58.2-ci, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, . «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»:na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1-76.2., 77.1, 80, 82.4, 88, 106.1, 114.1.1., 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə, «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli qanunu: Maddə 9.1.13-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayətində göstərilmişdir ki, Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanmışdır. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Hesab edirlər ki, Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 6500 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Bundan başqa Ali Məhkəmənin 03 noyabr 2023-cü il tarixli, 2(102)- 3095/2023 saylı qərarına əsasən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı isə təqribən 300 manat müəyyən edilir. Məhkəmə sözügedən qətnamənin əsaslandırıcı hissəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə bağlı formalaşmış təcrübəni düzgün tətbiq etməməklə və onu “vəzifədən kənarlaşdırma” əlavə qətiimkan tədbirinə tətbiq etməklə kobud pozuntuya yol vermişdir. Belə ki, polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs cinayət təqibi orqanının icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilmə və polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Lakin “vəzifədən kənarlaşdırma” əlavə qətiimkan tədbiridir. Lakin iddiaçı tərəfindən ona dəymiş maddi və mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan maddi və mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirlər ki, maddi və mənəvi zərərə görə kompensasiya müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. İddiaçı tərəfindən ona dəymiş maddi ziyanla bağlı mötəbər sübutlar təqdim edilməməsinə baxmayaraq məhkəmə iddiaçının 20.106 manat məbləğində qazancdan məhrum olması qənaətinə gəlmişdir. Qətnamədə qeyd edilən hallar qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, qeyri-mötəbər və ziddiyyətli sübutlara istinad olunmuşdur. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-2155/2025 nömrəli məhkəmə qərarında başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə hər ay 300 manat hesablanması düzgün tətbiq edilməmiş və formalaşdırılmış məhkəmə təcrübəsinə əsasən bu növdə qətiimkan tədbiri tətbiq olunduğu təqdirdə hər ay üçün 250 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmçinin qeyd edirlər ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsi yuxarıda qeyd olunan qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

14. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

15. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

16. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

17. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

18. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

19. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

20. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır

21. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir

22. Maddə 6. 1-ci bəndi Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir

23. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir

24. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı

25. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunan hissəsində dəyişdirilməlidir.

34. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə saat 22:30-da Ağsu RPŞnin MSY-dən azad edilmişdir (Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, səhifə 12-13). Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(016)-06/2023 nömrəli qərarı ilə iddiaçı barəsində “vəzifədən kənarlaşdırma” qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Rəhim Əhmədovun vəsatəti və Ağsu rayon prokuroru baş ədliyyə müşaviri Elnur Cəfərovun təqdimatı təmin edilmiş, iddiaçı barəsində qətimkan tədbiri qismində “vəzifədən kənarlaşdırma” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir (Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, səhifə 13).

35. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı CM-nin 151-ci maddəsi ilə bəraət verilməsi, İddiaçı oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirlərinin ləğv edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökmdən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya protesti və ya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

36. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə iddiaçının təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik olduğu da qeyd edilmişdir.

37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2024-cü il tarixli 74 nömrəli əmrindən görünür ki, Birlik üzrə xx.xx.2023-cü il tarixli 42 nömrəli Əmr qüvvədən düşmüş hesab edilməsi, iddiaçının məhkəmə prosesi başa çatdığına və bəraət aldığına görə xx.xx.2024-cü il tarixdən öz əvvəlki işinə “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin Kürdəmir rayon şöbəsinə şöbə rəisi vəzifəsinə bərpa edilməsi və s. əmr edilmişdir

38. X6 Xidməti tərəfindən Məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan və onun əlavələrindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin Kürdəmir rayon şöbəsinin rəisi – məhkəmə tibb eksperti vəzifəsinə təyin edilmişdir. Onun aylıq əmək haqqı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1153 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 936 manat təşkil etmişdir.

39. Hüquqi yardımın göstərilməsi haqqında 06 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və həmin tarixli orderdən görünür ki, vəkil X5 tərəfindən İddiaçı Şəki Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə 400 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir. 40.xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 400.00 manat məbləğində vəkil qonorarı ödənilmişdir.

41. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 380.00 manat məbləğində cari hesabın artırılması əməliyyatı həyata keçirilmişdir

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın maddi zərərin tutulması hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanla bağlı hissədə kifayət qədər əsaslandırıldığından prosessual qənaət prinsipi nəzərə alınaraq qətnamənin həmin hissədə qanuniliyinin və əsaslılığının yenidən şərh edilməsinə zərurət yoxdur.

43. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi tələbin Maliyyə Nazirliyinə deyil, bilavasitə təqsiri törədən quruma yönəldilməsinə dair dəlillərinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, göstərilən hallar 2 meyarla dəyərləndirilməlidir. Bu meyarların əsası iddianın obyekti və iddianın predmeti kimi obyektiv hallardan asılıdır. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir. İddianın predmeti isə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquqdur. Hazırki işdə iddia tələbinin predmeti qismində göründüyü kimi, kompensasiya məbləğinin tələb olunması çıxış edir. Bu da öz növbəsində iddia tələbinin adekvat subyektə yönəldiyinin göstəricisidir.

44. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçının barəsində dövlət qurumunun təqsirli hərəkətləri nəticəsində yanlış qənaətə gəlinmiş və bununla da xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixənədək qeyri-adekvat rəftara məruz qalmışdır. İşin mübahisəsiz halıdır ki, şəxs adıçəkilən ittihamdan bəraət almış və təqsirsiz hesab edilmişdir. Bununla da, onun müvafiq kompensasiya hüququ yaranmışdır.

45. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində göstərilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

46. Həmçinin “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

47. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadəsi ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır.

48. Hazırkı işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət - “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

49. Bu baxımdan kollegiya hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, iddiaçıya dəymiş mənəvi zərərin məbləğini cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

50. Lakin birinci instansiya məhkəməsi cavabdehdən 6500 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

51. Belə ki, mənəvi zərər - bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

52. Ümumiyyətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrıayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

53. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.

54. Habelə təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.

55. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilri ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

56. Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan işlər üzrə kassasiya instansiyası məhkəməsinin də bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə, o cümlədən hazırki işdəki kimi “vəzifədən kənarlaşdırma” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay- azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı təqribən 500 manat, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı isə təqribən 300 manat müəyyən edilir.

57. Hazırki işdə isə diqqətəlayiq məqam ondan ibarətdir ki, iddiaçı barəsində ittiham elan olunsa da, onun barəsində qətimkan tədbirləri qismində “polisin nəzarəti altına vermə” və “vəzifədən kənarlaşdırma” tədbirləri seçilmişdir ki, bu da öz növbəsində şəxsin azadlıqdan məhrum edilməsi və ya digər hüquqi tədbirlərin tətbiqi ilə müşahidə olunmamışdır.

58. Çünki şəxsin konstitusion hüququ olan azadlıq hüququnun məhdudlaşdırıldığı həbsdə saxlamadan fərqli olaraq, digər cinayət-hüquqi tədbirlərdə şəxs cəmiyyətdən tam təcrid olunmur. Müəyyən məhdudiyyətlərlə, əvvəlki sosial mühitində yaşamağa davam edir.

59. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı barəsində 1 ay 24 gün sadəcə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, xx.xx.2023-cü il tarixdən etibarən isə 1 il 16 gün müddətində həm “polisin nəzarəti altına vermə”, həm də “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirləri qüvvədə olmuşdur. Həmin qətimkan tədbirləri Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ləğv edilmişdir.

60. Həmçinin işdən görünür ki, iddiaçı sonradan əvvəlki işinə bərpa edilmişdir ki, bu da ona vurulmuş mənəvi zərərin restitusiya formasında ödənildiyi anlamına gəlir. Belə ki, Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

61. Kollegiya hesab edir ki, iddiaçının sonradan əvvəlki işinə qaytarılaraq maddi vəziyyətinin bərpa edilməsinin ona vurulmuş mənəvi zərərin ödənilməsində yetərli olmadığı, məruz qaldığı qeyri-adekvat rəftara görə kompensasiya tələb etmək hüququnun mövcudluğu iş materialları ilə istisna olunmur. Bununla belə iddiaçının məruz qaldığı mənəvi zərərin 6500 manat dəyərində kompensasiya edilməsini kollegiya ədalətli hesab etmir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır.

62. Beləliklə, qeyd olunanlar konteksində kollegiya hesab edir ki, işin halları və qanunvericiliyin bu yöndə olan tələblərinə görə mənəvi ziyanın həcminin 4000 manat həcmində müəyyən edilməsi daha qanuni, ədalətli və ağlabatandır.

63. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3294/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - mənəvi zərərə görə pulun ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 4000 manat həcmində pul tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3294/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehdən mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 4.000 (dörd min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3294/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh tərəfindən onun rəsmi qaydada təqdim edildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar