Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-667/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının prosessual hüquqi varisi İddiaçı2 iştirakı ilə, İddiaçı1 (prosessual hüquqi varisi İddiaçı2) Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-986/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən ona dəymiş 4000 manat maddi və 1000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 5000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev anası X2 xüsusi mülkiyyətində olmuş, anası xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra oğlu olaraq o, miras əmlakı faktiki vərəsə kimi qəbul edib həmin mənzildə öz ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus olan mənzilin üzərindəki 12 saylı mənzil qonşusu Cavabdeh məxsusdur. Son 3 ildə dəfələrlə təkrar olunmaqla, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə cavabdehin mənzilindən onun evini su basmış və nəticədə evinə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Su axıntısı nəticəsində əsaslı təmirdən çıxan mənzilinin hər 3 otağı, döşəmə, tavan və divarlar da daxil olmaqla, mətbəx, dəhliz və qızına məxsus cehiz əşyaları tam yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda ona və gənc qızına mənəvi ziyan dəymiş, onlar mənəvi sıxıntı, güclü əsəb və sarsıntı keçirmişlər. Onlara dəymiş mənəvi ziyanı 1000 manat məbləğində qiymətləndirir. Cavabdehə bir neçə dəfə ona dəymiş maddi ziyanı ödəməsi üçün müraciət etsə də, sonuncu ona cəmi 300 manat təklif etmiş, o isə buna razılaşmamışdır. Daha sonra qonşuların iştirakı ilə xx.xx.2019-cu il tarixdə akt tərtib edilərək cavabdehə məxsus 12 saylı mənzildən su axması səbəbindən ona məxsus 9 saylı mənzilin yararsız vəziyyətə düşməsi və ona maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-986/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia qismən təmin olunmuş, vurulmuş maddi zərərə görə 2622 (iki min altı yüz iyirmi iki) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 40 manatının Cavabdeh, 10 manatının isə İddiaçı1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə vəfat etdiyindən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçının hüquqi varisinin müəyyən edilməsinədək dayandırılmış, mənzil vərəsəlik qaydasında İddiaçı2 mülkiyyətinə keçmiş, bu səbəbdən də sonuncu prosessual hüquqi varis kimi işə cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, işə onun iştirakı olmadan baxılması, ekspertiza rəyinin əsassız olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi apellyasiya şikayətini əsassız sayaraq iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı onun həyat yoldaşı olmuş, xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Hazırda yaşadıqları mənzil vərəsəlik qaydasında onun xüsusi mülkiyyətinə keçmişdir. Cavabdeh daima mənzillərinə su axıtmış, nəticədə onlara maddi və mənəvi ziyan dəymişdir. Cavabdehə xəbərdarlıqlar etsələr də, nəticəsi olmamışdır. Bu səbəbdən də həyat yoldaşı sağlağında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, iddiaçının prosessual hüquqi varisi, eləcə də mənzilin hazırki mülkiyyətçisi kimi iddianı müdafiə edir və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, lakin iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdehin qonşu olmaları, müvafiq olaraq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 58 saylı evin 9 və 12 saylı mənzillərinə sahibi olmaları işin mübahisə olunmayan hallarıdır. İddiaçının tələbinə görə cavabdehə məxsus mənzildən onun mənzilinə su axması halları baş vermiş, nəticədə ona maddi ziyan dəymişdir. İşdə olan xx.xx.2019-cu il tarixli aktdan (həmin akt - ünvan 2 ünvanında yaşayan İddiaçı1, İddiaçı2 Ariz qızı, həmin binanın 4-cü mənzilində yaşayan X7, həmin binanın 7-ci mənzilində yaşayan X6, həmin binanın 8-ci mənzilində yaşayan X12, həmin binanın 10-cu mənzilində yaşayan X5 və X3, həmin binanın 15-ci mənzilində yaşayan X4 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmişdir) görünür ki, xx xxxxxxxx 2019-cu il tarixində səhər saat 06:30 radəsində həmin binanın Cavabdeh məxsus 12 nömrəli mənzilindən səhlənkarlıq nəticəsində 9 nömrəli mənzil suya verilmişdir. Subasma nəticəsində 9 nömrəli mənzilin divarlarına, tavanına, döşəməsinə, elektrik avadanlığına və ev əşyalarına ciddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə texniki ekspertizasının (Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 31994 saylı ekspertiza rəyi) rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti 58 saylı evin, 9 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 9 saylı mənzilin üst mərtəbəsində 12 saylı mənzilin yerləşdiyini və AKT-ın göstəricilərini nəzərə alaraq 9 saylı mənzilə 12 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Baxış zamanı faktiki olaraq susızması baş vermədiyindən, su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, o cümlədən mülki iş materiallarında hər hansı bir məlumat olmadığından susızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti 58 saylı evin, 9 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2622 manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza rəyi ilə razılaşmamasını qeyd etsə də, bunu əsaslandırmamış, məhkəmə baxışı zamanı isə ekspertiza rəyinin mötəbərliyinə şübhə yaranmamışdır. Bu səbəbdən də, iş üzrə əlavə və ya təkrar ekspertizanın təyin olunmasına hər hansı zərurət mövcud deyildir. Məhkəmə kollegiyası cavabdehin irəli sürdüyü dəlillərlə razılaşmayaraq, qeyd edir ki, işdə olan sübutlar suyun məhz cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə axması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin, işdə olan ekspertiza rəyi və digər sübutlarla iddiaçı tərəfə məxsus mənzilə su axıdılması nəticəsində mənzilin divarına, tavanına, döşəməsinə, elektrik avadanlıqlarına və s. zərər dəyməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspertiza rəyi ilə müəyyən olunmuş məbləğ həddində iddianı təmin etmişdir. Göründüyü kimi, cavabdehin təqsiri üzündən iddiaçının mənzilinə suyun axıdılması nəticəsində dəymiş ziyanın məbləği mötəbər sübutlarda müəyyən olunmuşdur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, … digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Cavabdeh apellyasiya şikayətində, həmçinin məhkəmə iclasında iştirakının təmin olunmamasını göstərmiş, lakin işdə olan sənədlərdən (bildirişlər, reyestr və s.) görünür ki, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmiş, lakin sonuncu evdə olmadığından təqdim olunmamışdır. Eyni zamanda, cavabdeh yaşayış yerini dəyişməsi (əgər belə bir hal vardırsa) ilə bağlı da məhkəməyə hər hansı məlumat verməmişdir. Belə olan halda, MPM-nin 146-cı maddəsinə əsasən məhkəmə bildirişləri məhkəmə məlum olan axırıncı ünvana çatdırılır və çağrılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş sayılır. Beləliklə, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 (prosessual hüquqi varisi İddiaçı2) Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-986/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 986/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-667/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-667/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver