Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6679/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(005)- 3370/2020 saylı qərardadından şikayətin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına qeydiyyata alınmış ünvan 1 ünvanına dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinə dair ərizə vermiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(005)-3370/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş və işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi ev 7-də yerləşən 6 saylı mənzilin özgəninkiləşdirilməsi, digər əməliyyatların aparılması cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(005)- 356/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Cavabdeh2 ərizə ilə həmin məhkəməyə müraciət edərək iddianı təmin tədbiri barədə 21 sentyabr 2020-ci il tarixli 2(005)-3370/2020 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddia rədd edildiyinə görə iddianı təmin tədbirinin qüvvədə qalmasına zərurət yoxdur. İddianı təmin tədbirinin qüvvədə qalması mənzil üzərində onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(005)-356/2021 saylı qərardadı ilə ərizə təmin edilməyərək qərardaddan şikayət kimi baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 21 sentyabr 2020-ci il tarixli 2(005)-3370/2020 saylı qərardaddan şikayət qeyri-mümkün hesab edilməlidir. Kollegiya qeyd edir ki, iddianı təmin tədbirinin ləğv edilməsi qərardaddan şikayət vermək yolu ilə və ya ərizə verməklə həyata keçirilə bilər. İş materiallarından görünür ki, Cavabdeh2 bundan əvvəl həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda isə Cavabdeh2 həmin iddianı təmin tədbirinin ləğv edilməsi barədə ərizə vermiş, ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə qərardaddan şikayətlə, iddianı təmin tədbirinin ləğv edilməsi barədə ərizəni qarışıq salaraq qərardaddan şikayət verilmədiyi halda, işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(005)- 356/2021 saylı qərardadı ləğv edilməli, şikayət qeyri-mümkün hesab edilməklə mülki iş materialları ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(005)-356/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(005)- 3370/2020 saylı qərardadından şikayət qeyri-mümkün hesab edilməklə mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6679/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6679/2021
29.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver