Məhkəmə qərarları › İş №2(103)-6681/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6681/2022

12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6681/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (X7, X4 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanunsuz həbsdə saxlanmaya görə kompensasiya ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(006)-1798/2022 saylı qətnaməsindən üçüncü şəxs X5 tərəfdən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 100.000 manat maddi, 100.000 manat mənəvi ziyan olmaqla, cəmi 200.000 manat pul vəsaitinin alınaraq ona verilməsi, həmçinin rüsum və məhkəmənin digər xərclərini məhkəməyə keçirməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı vəsatətinə əsasən X7, X4 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 100.000 manat maddi, 100.000 manat mənəvi ziyan olmaqla, cəmi 200.000 manat pul vəsaitinin alınaraq ona verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X2 və X1 iztiraba görə hər birinin xeyrinə 5.000 manat mənəvi ziyanın tutulması, həmçinin rüsum və məhkəmənin digər xərclərini məhkəməyə keçirməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(006)-1798/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Üçüncü şəxs X5 da adını “Ərizə” kimi qeyd edərək xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Ərizənin yekununda isə öz adı ilə yanaşı digər üçüncü şəxslərin də adını və imza qeyd etmişdir, lakin elektron imza vasitəsi ilə yalnız öz adından imzalanmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə yeni eyni qaydada adını “Ərizə” kimi qeyd edərək apelyasiya şikayəti vermiş və bu dəfə yalnız öz adını qeyd etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Hazırki apelyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, məhkəmə aktlarından apelyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(006)-1798/2022 saylı qətnaməsindən üçüncü şəxs X5 tərəfdən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar