Məhkəmə qərarları › İş №2(103)-6687/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6687/2022

17.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6687/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2011/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2019-cu il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il, 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə təyin edilmiş cəzalar qismən toplanmış, İddiaçı cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, İddiaçı cəzaçəkmə müddətinin əvvəlinin 16 aprel 2018-ci il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-883/2019 saylı, 14 oktyabr 2019cu il tarixli hökmünə əsasən, məhkum İddiaçı müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2019-cu il tarixli hökmü ləğv edilmiş və məhkum İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək onun iclas zalından dərhal azad edilməsi hökm edilmişdir.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 1(102)-474/2020 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-883/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 aprel 2018-ci il tarixdən 14 oktyabr 2019-cu il tarixləri arasında qanunsuz və əsassız olaraq həbsdə olduğu 546 gün müddət ərzində ona hər gün üçün 100 manat kompensasiya olmaqla (546X100) 54600 manat, işləmədiyi üçün hər gün 50 manat olmaqla (546x50) 27300 manat, səhhətilə əlaqədar 5000 manat, mənəvi ziyan olaraq 10000 manat olmaqla, ümumilikdə maddi və mənəvi ziyan olaraq 96.900 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2011/2022 saylı, 09 iyun 2022ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə mənəvi zərərə görə ümumilikdə 18.000 (on səkkiz min) manat manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı həbsdə olduğu 546 gün ərzində işləmədiyinə görə ona hər gün üçün 50 manat olmaqla 27300 manat, səhhəti ilə əlaqədar 5000 manat ziyan vurulduğunu bildirsə də, məhz həmin məbləğdə ona maddi ziyan vurulmasını əsaslandıracaq sübutları (işəgötürənlə bağlanmış əmək müqaviləsi (əmək haqqının müəyyən edilməsi ilə bağlı bağlanmış əmək müqaviləsi) və ya başqa gəlirlərinin mövcudluğunun davam edən olmasına dair sübut (əmək münasibətlərində olmuş olsaydı da belə işəgötürənin iradə ifadəsinin davam etməsi barədə) edəcək rəsmi sənəd, tibb müəssisələrində müayinə və müalicə alması barədə arayış, qəbzlər) məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində təmin edilməməlidir. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 18.000 (on səkkiz min) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, iddiaçının 546 gün (18 ay) həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 18000 (on səkkiz min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş edib şikayətdə göstərir ki, 16 aprel 2018-ci ildən 14 oktyabr 2019-cu il tarixədək ibtidai istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində həbsdə qalmışdır. Lakin 14 okyabr 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə azadlığa çıxmışdır. Ona qanunsuz olaraq həbsdə saxlanıldığı müddət ərzində maddi, fiziki və mənəvi ziyan vurulmuşdur. Həbsdə olduğu müddətdə bütün dostlar, qohumlar və qonşular arasında barəsində mənfi fikir formalaşmış, hətta qızının nişanı belə qayıtmışdı. Oğlunun boyu 1.85 olduğu halda Prezident yanında hərbi xidmət keçməmişdi. Həbsdə olduğu 18 ay ərzində evdə yoldaşı ac qalmış və ancaq Kürdəxanıya yemək gətirmiş və əsassız olaraq yollarda qalmışdır. Bütün qohumları ondan üz çevirmişdi. Barəsində olan əsassız və yalan məlumatlar mətbuatda işıqlandırılmışdır. Həbs olunmamışdan əvvəl özünə məxsus olan Kamaz markalı ** NO *** dövlət nömrə nişanlı yük maşını ilə bir günü 50 manat olmaqla “Azərsu”ya məxsus podrat işləri görən Nurəddin müəllimlə işləmiş və aylıq gəliri 1500 manat olmuşdur (digər xərclər çıxılmaqla). Bunu şahidlər də təsdiq etmişdir. Özü 1-ci Qarabağ müharibəsinin, oğlu da 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Səhhətində ciddi problemlər yaranmışdır. Ağ ciyərində və orqanlarında ağrılar olmuşdur. Hələ də müalicə alır. Qeyd olunanlara əsasən hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilməli və iddia tələbi tam təmin edilməli, yəni 16 aprel 2018-ci il tarixdən 14 oktyabr 2019-cu il tarixləri arasında qanunsuz və əsassız olaraq həbsdə olduğu 546 gün müddət ərzində ona hər gün üçün 100 manat kompensasiya olmaqla (546X100) 54600 manat, işləmədiyi üçün hər gün 50 manat olmaqla (546x50) 27300 manat, səhhətilə əlaqədar 5000 manat, mənəvi ziyan olaraq 10000 manat olmaqla, ümumilikdə maddi və mənəvi ziyan olaraq 96.900 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir.

8. Cavabdeh Maliyyə Nazirliyi də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş edib şikayətində göstərir ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda, son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Ərizədə iddiaçının hüquqmühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdilər.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

12. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir Maddə 4.1. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə 7.1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 7.2. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. İddiaçının apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Cavabdehin apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, iddiaçının Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan əsasla hazırkı idda üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki, qeyd olunan maddədə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz. 23.Birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir.

24. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki, həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz. Göründüyü kimi, şikayətin bu dəlili də əsaslı deyildir.

25. İddiaçının azadlıqdan məhrum olunması ona mənəvi zərər vurmaya bilməzdi. Çünki, istintaq orqanının və məhkəmənin səhvi nəticəsində, yəni qanunsuz həbs qətimkan tədbiri seçilməsinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki, ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmünün çıxarılmasıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbətdə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur.

26. "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi, bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki, maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki, hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir.

27. İddiaçının maddi zərərlə bağlı apellyasiya şikayətinin dəlilləri bu hissədə qətnamənin ləğvi və həmin hissədə iddianın təmin edilməsi üçün əsaslı hesab edilmir. Çünki, maddi zərərin təmin olunması üçün məhkəməyə konkret olaraq mötəbər sübutlar təqdim edilməlidir. Yəni, tələbin bu hissəsinin təmin olunması mütləq sübutlarla bağlıdır. Şahid ifadələri bu xarakterli, yəni maddi zərərlə bağlı iddialar üzrə mötəbər sübut hesab edilmir. Çünki, şahid ifadələri tələbin bu hissəsi üzrə sübuta yetirilməli halları bilavasitə təsdiq etmir. Ona görə də bu hissədə də qətnamənin ləğv edilməsi üçün əsaslar olmalıdır.

28. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2011/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2011/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar