Məhkəmə qərarları › İş №2(103)-6696/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6696/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6696/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1156/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, İddiaçı Xanməhmməd qızı xx.xx.2021-ci il tarixdə saat 11 radələrində 211 nömrəli avtobusda sərnişin qismində olarkən avtobus sürücüsünün tormoz verməsi nəticəsində avtobusun içərisində yıxılaraq xəsarət almışdır. Məsələ ilə bağlı İddiaçı xx.xx.2021-ci il tarixində Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizlə ilə müraciət etmiş, sürücü X6 dindirilmiş və dediklərini təsdiqləmişdir.

2. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X3 X8 Bakı şəhəri Yasamal rayon şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1240 nömrəli rəydən görünür ki, vətəndaş İddiaçı Xanməmməd qızının almış olduğu xəsarət- 2-ci bel fəqərəsinin kompression sınığı bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddətini müəyyən etmək mümkün olmamış, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir.

3. İş materiallarında olan, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə saat 11 radələrində 211 nömrəli avtobusda sərnişin qismində olarkən avtobus sürücüsünün kəskin tormoz verməsi nəticəsində avtobusun içərisinə yıxılaraq az ağır bədən xəsarəti almış, onun xəsarət alması yol-nəqliyyat hadisəsi nəticəsində baş verməmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, ona dəymiş ziyanla əlaqədar olaraq "xxxx" MMCyə qarşı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüquqları izah olunmuşdur.

4. İş materiallarında olan, "xxxx" ASC-nin Yasamal rayon Sükanaİ İdarəsi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən İdarənin Abonentlərlə iş şöbəsində su kəməri təsərrüfatinda nəzarətçi peşəsində işləyir və əmək haqqı 776 manat təşkil edir, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarlxlnədək müvəqqəti əmək qabiliyyətini itirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə məxsus 211 nömrəli avtobusun sürücüsünün tormoz verməsi nəticəsində aldığı xəsarətin 1500 manatlıq əməliyyat və müalicə xərclərinin qarşılanması və 90 gün işsizlik müddətində çəkdiyi 1000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qətanmə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində saat 11 radələrində 211 nömrəli avtobusda sərnişin qismində olarkən avtobus sürücüsünün tormoz verməsi nəticəsində avtobusun içərisində yıxılaraq xəsarət almışdır. Məsələ ilə bağlı xx.xx.2021-ci il tarixində Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizlə ilə müraciət etmiş, sürücü X6 dindirilmiş və dediklərini təsdiqləmişdir. Eyni zamanda AR Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 Bakı Şəhəri Yasamal Rayon şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1240 nömrəli rəydən görünür ki, aldığı xəsarət-2-ci bel fəqərəsinin kompression sınığı bərk küt əşyanın təsirindən törənmişdir və sağlamlığın uzun müddət pozulmasına səbəb olduğuna görə də az ağır zərər vurma hesab olunur. Həmçinin rəydə bunun özü tərəfindən törədilməsi də inkar olunur. Hal-hazırda aldığı xəsarətin nəticəsində 90 gündən artıqdır ki, işləyə bilmir və müalicələrini qarşılamağa maddi vəziyyəti imkan vermir. Kirayədə yaşayır və kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Onun 90 günlük müddətdə çəkdiyi müalicə xərclərini, maddi və mənəvi zərərimin qarşılanmasını məqsədə uyğun hesab edir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-1156/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən maddi ziyana görə 340,73 manat, mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 1340,73 (min üç yüz qırx manat 73 qəpik) manatın tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən 33,40 (otuz üç manat 40 qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə olunmuş reseptlərdən və ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı tərəfindən müalicə üçün dərman vasitələrinə 340,73 manat məbləğində pul vəsaiti sərf edilmiş və bununla da, Cavabdeh MMC tərəfindən İddiaçı müalicəsinə sərf olunmuş vəsait qismində ona 340,73 manat məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Belə olduğu halda, məhkəmə etmişdir ki, maddi ziyan hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, Cavabdeh MMC-dən 340,73 manat tutularaq, İddiaçı xeyrinə ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi təmin edilməli, cavabdehdən 1000 manat mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.1, 21.2, 1096.1, 1097.1, 10.97.3 və 1099.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Qətnamədən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

12. Cavabdeh MMC apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

13. Cavabdeh MMC-nin apelyasiya şikayətində göstərilmişdir ki, sərnişindaşımada hərəkətdə olan ictimai nəqliyyat vasitəsində təhlükəsizliyin təmin edilməsi öhdəliyi sərnişinin birbaşa öz üzərindədir. Həmin anda yol nəqliyyat hadisəsi baş verməyib və heç bir sərnişin xəsarət almayıb, iddiaçının travmanın lokalizasiyası baxımından hansı şəraitdə və nə vaxt xəsarət alması müəyyən edilə bilmir, iş materiallarında ekspertizanın rəyi mövcuddur. İddiaçı hadisənin xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində baş verdiyini və həmin hadisə zamanı xəsarət aldığını qeyd etsə də, niyəsə hadisə və xəsarət alması barədə şikayət ərizəsi ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə məhz 09 dekabr 2021-ci il tarxdə müraciət edir, yəni hadisədən 54 gün keçdikdən sonar. İddiaçı hadisə baş verən zaman avtobusun ön qapısının yaxınlığında ayaq üstə dayandığı halda heç bir dayaq dəstəyindən tutmayıb, bir sərnişin kimi öz təhlükəsizliyini təmin etməyib və sürücünün dayanacaqdan avtobusu hərəkətə gətirən zaman qarşısına çıxan maneə ilə toqquşmanın və qəzanın qarşısını almaq məqsədi ilə əyləcdən qəfil istifadə etməsi nəticəsində müvazinətini itirərək yerə oturaxlı vəziyətdə yıxıldığı və xəsarət alması yol-nəqliyyat hadisəsi nəticəsində baş vermədiyi öz təsdiqini tapır. Həmçinin ekspert rəyində xəsarətin az ağır olması, lakin törənmə müddəti müəyyən olunmayan göstərilibdir. Bu da ona dəlalət edir ki, xəsarət iddiaçının səhhətində hadisədən xeyli qabaq da və hadisədən sonra da yaranmış olar. İş materiallarında mənəvi zərərin konkret nədən ibarət olmasına dair iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

23. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

28. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, İddiaçı Xanməhmməd qızı xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnə müraciət edərək, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində 211 nömrəli avtobusda sərnişin qismində olarkən avtobus sürücüsünün tormoz verməsi nəticəsində avtobusun içərisində yıxılaraq xəsarət almasını göstərmiş və ərizəsi əsasında qanuni tədbir görülməsini xahiş etmişdir.

41. İlkin yoxlama zamanı X6 izahatında BakuBus MMC-də sürücü kimi 211 nömrəli avtobusu idarə etdiyini, avtobusa tormoz verməsi nəticəsində avtobusda olan İddiaçı ehtiyatsızlıqdan avtobusun içərisinə yıxılaraq xəsarət almasını, avtobusun hər hansı avtomobil ilə toqquşmamasını, yol-nəqliyyat hadisəsinin baş verməməsini göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertizasından daxil olmuş xx.xx.2022-ci il tarixli 1240 nömrəli rəydən görünür ki, vətəndaş İddiaçı Xanməmməd qızının almış olduğu xəsarət-2-ci bel fəqərəsinin kompression sınığı bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddətini müəyyən etmək mümkün olmamış, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Qeyd olunan xəsarəti şəxsin öz-özünə yetirməsi inkar olunur. İddiaçı xəsarət alması yol-nəqliyyat hadisəsi nəticəsində baş verməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, ona dəymiş ziyanla əlaqədar olaraq "xxxx" MMC-nə qarşı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüquqları izah olunmuşdur.

42. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslıdır.

43. Birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, sərnişindaşımada hərəkətdə olan ictimai nəqliyyat vasitəsində təhlükəsizliyin təmin edilməsi öhdəliyi sərnişinin birbaşa öz üzərindədir. Həmin anda yol nəqliyyat hadisəsi baş verməyib və heç bir sərnişin xəsarət almayıb, iddiaçının travmanın lokalizasiyası baxımından hansı şəraitdə və nə vaxt xəsarət alması müəyyən edilə bilmir. İddiaçı hadisə baş verən zaman avtobusun ön qapısının yaxınlığında ayaq üstə dayandığı halda heç bir dayaq dəstəyindən tutmayıb, bir sərnişin kimi öz təhlükəsizliyini təmin etməyib və sürücünün dayanacaqdan avtobusu hərəkətə gətirən zaman qarşısına çıxan maneə ilə toqquşmanın və qəzanın qarşısını almaq məqsədi ilə əyləcdən qəfil istifadə etməsi nəticəsində müvazinətini itirərək yerə oturaxlı vəziyətdə yıxıldığı və xəsarət alması yolnəqliyyat hadisəsi nəticəsində baş vermədiyi öz təsdiqini tapır. Xəsarət iddiaçının səhhətində hadisədən xeyli qabaq və ya hadisədən sonra da yaranmış olar.

44. Məhkəmə kollegiyası cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə saat 11 radələrində "xxxx" MMC-yə məxsus 211 nömrəli avtobusda sərnişin qismində olarkən avtobus sürücüsünün tormoz verməsi nəticəsində avtobusun içərisində yıxılaraq xəsarət alması, iddiaç İddiaçı özünün və 211 nömrəli avtobusun sürücüsü olmuş X2 faktla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 29cu PŞ-də verdiyi izahatı, MəhkəməTibbi Ekspertizasının 1240 saylı, xx.xx.2022-ci il tarixli rəyi və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır.

45. Odur ki, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh "xxxx" MMC-yə məxsus 211 nömrəli avtobusun sürücüsü olmuş X2 təqsirli hərəkətləri nəticəsində İddiaçı xəsarət alması iş materialları və digər sübutlarla tam təsdiqini tapmışdır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

47. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC-yə məxsus 211 nömrəli avtobusun sürücüsü olmuş X2 təqsirli hərəkətləri nəticəsində İddiaçı xəsarət almasını əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" MMC apelyasiya şikayətində iddiaçının xəsarət almasının yol-nəqliyyat hadisəsi nəticəsində baş vermədiyinin öz təsdiqini tapmasını, xəsarətin iddiaçının səhhətində hadisədən xeyli qabaq və ya hadisədən sonra da yaranmış ola bilməsini bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

49. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

51. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

52. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

54. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda İddiaçı mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 2.500 (iki min beş yüz-1500+1000=2.500) manat təşkil edir.

48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1156/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar