Məhkəmə qərarları › İş №2(103)-6698/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6698/2024

24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6698/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 2(011)-4889/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər bir-birilərini xeyli müddət əvvəl tanıyırlar. Cavabdeh mebel istehsalı və satışı ilə məşğul olmuşdur. Tərəflər birlikdə mebel istehsalı ilə bağlı şifahi razılığa gəlmiş və bu məqsədlə iddiaçı cavabdehə, hissə-hissə olmaqla, ümumilikdə 91000 manat məbləğində pul vəsaiti vermişdir. Sonradan cavabdeh tərəfindən həmin puldan 66000 manat iddiaçıya qaytarılmışdır.

2. Cavabdehin müraciəti əsasında iddiaçının barəsində araşdırma aparılmış, lakin onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

3. Həmçinin, iddiaçının müraciəti əsasında cavabdehin barəsində araşdırma aparılmış, lakin onun əməlində CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

4. Cavabdeh izahatında göstərmişdir ki, o, 2020-ci ildən 2023-cü ilə qədər Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 10 ünvanında yerləşən “Teoria ART” şirkətinin təsisçisi və direktoru olmuşdur. İddiaçı adlı dostu isə həmin şirkət vasitəsi ilə xeyir əldə etmək üçün ona müraciət etmiş və bu məqsədlə ötən müddət ərzində İddiaçı şirkətə maliyyə dəstəyi göstərmişdir. Yeni yaranmış şirkətin fəaliyyəti isə pandemiya vaxtına təsadüf etdiyi üçün şirkətin fəaliyyətində müəyyən sıxıntılar yaranmışdır. Lakin şirkətin maliyyə işlərini Kamran qeyri-rəsmi olaraq həyata keçirtdiyi üçün o, Kamrandan əlbə-əl hər hansı bir pul vəsaitini almamışdır. Həmçinin o, qeyd etdiyi 91000 manat pul vəsaitini ümumilikdə şirkətə xərcləməklə maliyyə dəstəyini həyata keçirmişdir. Daha sonra şirkətin borcları 178000 manata yüksəldiyi üçün Kamran ona qeyri-rəsmi çalşdığı şirkətdən ayrılmaq qərarına gəldiyini bildirmişdir. Həmçinin bu zaman Kamran şirkətə özünün deməsinə görə xərclədiyi 91000 manat pul vəsaitini ondan geri qaytarmasını tələb etməyə başlamışdır. O isə şirkətin ziyan etdiyi 178000 manat pul vəsaitinin aralarında yarı bölünməsi təklifini vermişdir. Kamran isə onun təklifi ilə razılaşmayaraq 91000 manat pul vəsaitinin hamısını ondan geri alacağını bildirmişdir. Bundan sonra Kamran onu şantaj etməyə başlamış və həmçinin onun yaxınlarını hədələdiyi üçün 66000 manat pulu Kamran hissə-hissə geri qaytarmışdır....

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 manat, ödənilmiş 170 manat dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 320 manat, ümumilikdə 25490 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 66000 manat məbləğində pul vəsaitinin, həmçinin 288 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə tələbə yoldaşı və dost olmuşlar. 2021-ci ilin avqust ayından başlayaraq mebel istehsal etmək üçün hissə-hissə olmaqla cavabdehə ümumilikdə 91000 manat pul vəsaiti vermişdir. Lakin bir müddət keçəndən sonra heç bir qazanc əldə etmədiyini görmüş və ödədiyi pulun geri qaytarılmasını istəmişdir. Ümumilikdə vermiş olduğu 91000 manat vəsaitdən, cavabdeh tərəfindən 66000 manat pul geri qaytarılmışdır. Yerdə qalan 25000 manat pulu dəfələrlə geri qaytarılmasını istəsə də, müxtəlif bəhanələr gətirməklə qalıq vəsaitin geri qaytarılmasından cavabdeh imtina etmişdir. Bununla əlaqədar polis orqanına müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis Bölməsinin 08 mart 2024- cü il tarixli qərarı ilə cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilmsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdeh tərəfindən 91000 manat vəsaitdən 66000 manat vəsait hissəhissə geri qaytarılmışdır. Eyni zamanda, cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, o və yaxınları tərəfindən guya hədəqorxu ilə 25000 manat pul tələb olunmasını bildirmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ondan əsassız olaraq 66000 manat məbləğində pul vəsaiti almışdır. Belə ki, onun tərəfindən cavabdeh qarşısında heç bir borc və ya öhdəlik mövcud deyildir. İddiaçı hər hansı pul vəsaitini ona təqdim etməmişdir. Bununla əlaqədar olaraq, iddiaçı ondan 66000 manat məbləğində pul vəsaitinin alınması nəticəsində əsassız varlanmışdır.

9. Birinci instansiya məhkəməsində şahid X4 izahatında bildirmişdir ki, o, hər iki tərəfi yaxından tanıyır, iddiaçını 25 ildir, cavabdehi isə 7-8 yaşından etibarən tanıyır. Cavabdehlə sinif yoldaşı olmuş, iddiaçını isə Təfəkkür universitetində oxuyandan tanıyır. Cavabdeh mebel istehsal etməyə başlamışdı, iddiaçını da bu fəaliyyətə cəlb etmişdir. Tərəflər bu işə şərik kimi başlayıblar. Sonra sifarişçi pul vermədiyinə görə iddiaçı cavabdehə pul verdi. Pul verilən zaman yanlarında olmayıb, lakin iddiaçı onun yanında cavabdehə pul verdiyini bildirmiş, cavabdeh isə bunu təsdiq etmişdir. Əvvəl cavabdeh dedi ki, pulu qəpiyinə qədər qaytaracaq, sonra dedi ki, maddi imkanı yoxdur. Əvvəl 20000 - 23000 manat pul olub. Fəaliyyət bir müddət dayanmış, iddiaçı cavabdehə pul verdikdən sonra davam etməyə başlamışdır. İddiaçı həmin pulu borc kimi cavabdehə verdi ki, o, mebel istehsal edə bilsin. Əvvəl balaca məbləğlə şərik kimi başladılar, sonra iddiaçı bildirdi ki, o, bu işlə məşğul ola bilməyəcək.

10. X1 izahatında bildirmişdir ki, iddiaçı onun dayısıoğludur. Cavabdehi iddiaçının dostu kimi tanıyıb. 2020-ci ildən cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, iş görməsi üçün ona müəyyən qədər pul vəsaiti verməsini xahiş etmişdir. Hər ikisinin söhbətlərində iştirak etmişdir. O, həmişə bir böyük kimi iddiaçı ilə birlikdə gedib. Cavabdeh iddiaçıdan 91.000 manat pul almışdı, 18 000 manatı qaytardı, sonra qalanın qaytarması üçün danışıqlar apardılar. Hətta bir dəfə cavabdehin xalasıoğlu da danışıqlarda iştirak etmişdi.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 sentyabr 2024-cü il tarixli 2(011)-4889/2024 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) ilkin iddia təmin edilimiş, 25000 manat məbləğində pul vəsaiti və 170 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsindən, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı mebel istehsalı məqsədlə cavabdehə 91000 manat məbləğində pul vəsaiti vemişdir, cavabdeh bir müddət mebel istehsalı ilə məşğul olmuş, lakin sonra fəaliyyətini dayandırmışdır. İddiaçı hazırda cavabdehə verdiyi pulun geri qaytarılmasını tələb edir.

13. İddiaçı tərəfindən cavabdehə 91000 manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan tərəflərin bir-birlərinə ünvanladıqları ismarıcların (sms yazşmların) mətnindən də aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək mütəmadi olaraq cavabdehdən ona olan borcunu ödəməsini tələb etmiş, cavabdeh isə iddiaçıya borcunun olmasını mübahisələndirməmiş, hətta müəyyən miqdarda ödənişlər etmiş, tərəflər arasındakı sms yazışmalarda da daim cavabdeh tərəfindən ödənilən və qalan pulun məbləği barədə qeydlər edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da müəyyən olunur ki, cavabdeh izahatında iddiaçının ona 91 000 manat pul vəsaitini ümumilikdə şirkətə xərcləməklə maliyyə dəstəyi həyata keçirməsini, lakin iddiaçı onu şantaj etdiyi üçün 66000 manat pulu qaytardığını bildirmişdir. Eyni zamanda da işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehə mebel istehsalı üçün 91000 manat pul vermiş, sonradan razılaşmaları pozulduğundan həmin puldan 66000 manat qaytarılsa da, 25000 manat iddiaçı tərəfindən qaytarılmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, sübuta yetriləcəyi halda, iddiaçı ona dəymiş maddi zərəri tələb edə bilər.

14. Məhkəmə qeyd etmişdir ki, pul vəsaitinin cavabdehə verilməsi həm də şahid ifadələri əsasında öz təsdiqini tapır. Belə ki, şahid Samir Məmmədov məhkəmə iclasında bildirdi ki, iddiaçı tərəfindən cavabehə pul vəsaiti verilərkən orada olmasa da, sonradan tərəflər arasındakı mübahisədən məlumatı olmuş və tərəflər özləri ona etiraf etmişdir ki, cavabdeh iddiaçıdan 91000 pulu mebel istehsal etmək üçün almışdır. Məhkəmə qeyd edir ki, şahidlərin ifadələrini şübhə altına alacaq heç bir sübut məhkəməyə təqdim edilməmiş, şahidlərin cavabdehə qarşı hər hansı formada qərəzli olması məhkəmə baxışında müəyyən edilməmiş, əksinə şahid Samir Məmmədov hər iki tərəf arasında uzun illər yaxın dostluq əlaqələrinin olmasını bildirmişdir.

15. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi o halda təmin edilə bilər ki, iddiaçı yuxarıda qeyd edilən əsasların hər hansı biri olmadan cavabdehdən 66000 manat pul alsın. Lakin işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında mebel istehsalı ilə bağlı şifahi razılaşma olmuş və iddiaçı bu məqsədlə cavabdehə 91000 manat pul vermişdir. Cavabdehin verilən puldan sonradan 66000 manat hissəsini qaytarması və bununla bağlı tərəflər arasında sms yazışmalarında onun qalan pulu da qaytarmaq üçün iddiaçıya vədlər verməsi belə nəticəyə gəlməyə əsas verir ki, qaytarılan 66000 manat cavabdehin şifahi razılaşmadan irəli gələn öhdəliyi ilə bağlı olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçıya verdiyi 66000 manat pulun qaytarılması üçün hüquqi əsas mövcud olmuşdur. Həmin pul vəsaitinin qaytarılması üçün hüquqi əsasın sonradan aradan qalxması üçün hüquqi əsasın olması isə iş materialları ilə sübuta yetirilmir. Əksinə, iddiaçı tərəfindən 91000 manat məbləğində pulun cavabdehə hansı məqsədlə verilməsi, tərəflərin niyyətləri, eləcə də hazırda iddiaçı tərəfindən cavabdehdən 25000 manat məbləğində pul vəsaitinin ödənilməsini hansı əsasla tələb etməsi də yuxarıda ətraflı şəkildə göstərilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1 21.2, 385.1, 386.1, 443.1, 445.7, 1096.1, 1096.2, 1097.1, 1091.1, 1091.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, o iddiaçıya münasibətdə borclu deyildir. Onunla iddiaçı arasında müqavilə olmamış və müvafiq olaraq onun qarşısında öhdəliyi əmələ gəlməmişdir. İddiaçı isə əksinə olaraq ondan pul vəsaitinin alınması nəticəsində əsassız varlanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

25. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

26. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməlidir.

35. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və mübahisəyə delikt kimi qiymət vermişdir, bu hal isə qətnamənin həmin hissədə ləğvi üçün əsasdır.

36. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələbinə görə isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

37. Delikt öhdəlikləri bir sıra əlamət və xüsusiyyətlərlə xarakterizə olunur ki, bunlar da onu digər öhdəlik növlərindən fərqləndirməyə imkan verir. Delikt öhdəliklərinin birinci əlaməti ondan ibarətdir ki, o müqavilədənkənar öhdəliyin bir növüdür. Belə ki, həmin öhdəlik bütün hallarda müqavilənin hüdudlarından kənarda əmələ gəlir. İkincisi, delikt öhdəliyi qanundan əmələ gələn öhdəlikdir. Çünkü zərər vuran şəxsin zərərin əvəzini ödəmək vəzifəsi qanunun müəyyən etdiyi göstərişlərdən əmələ gəlir, əgər zərərin əvəzinin ödənilməsi vəzifəsini qanun müəyyənləşdirməzsə, onda zərər vuran şəxs vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi daşımır. Üçüncüsü, delikt öhdəlikləri mütləq hüquqların pozulması nəticəsində yaranır. Dördüncüsü, delikt öhdəliyi həm əmlak münasibətləri, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsinə tətbiq edilir və toxunur. Beşincisi, delikt öhdəliyi zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsini nəzərdə tutur. Altıncısı, delikt öhdəliyi zərəri vurmayan şəxsin zərərin əvəzini ödəməsi ilə bağlı da ola bilər.

38. Baxılan iş üzrə müəyyən edilmişdir ki, tərəflər arasında mebel istehsalı ilə bağlı şifahi razılaşma (müqavilə) olmuşdur. İddiaçı tərəfindən bu məqsədlə 91000 manat pul vəsaiti verilmişdir. Lakin sonradan tərəflər müqavilə münasibətlərinə (birgə fəaliyyətə) son qoyaraq iddiaçının qoyduğu maliyyə yatırımının geri qaytarılması barədə razılığa gəlmişlər. Hazırki mübahisə də məhz həmin vəsaitin geri qaytarılması ilə bağlı yaranmışdır.

39. İddiaçı tərəfindən cavabdehə 91000 manat məbləğində pul vəsaitinin verilməsi iş materiallarında olan tərəflərin bir-birlərinə ünvanladıqları ismarıcların (sms yazışmaların) mətnindən də aydın olur. İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək mütəmadi olaraq cavabdehdən ona olan borcunu ödəməsini tələb etmiş, cavabdeh isə iddiaçıya borcunun olmasını mübahisələndirməmiş, hətta müəyyən miqdarda ödənişlər etmiş, tərəflər arasındakı sms yazışmalarda da daim cavabdeh tərəfindən ödənilən və qalan pulun məbləği barədə qeydlər edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da müəyyən olunur ki, cavabdeh izahatında iddiaçının ona 91000 manat pul vəsaitini ümumilikdə şirkətə xərcləməklə maliyyə dəstəyi həyata keçirməsini, lakin iddiaçı onu şantaj etdiyi üçün 66000 manat pulu qaytardığını bildirmişdir.

40. Kollegiya qeyd edir ki, tərəflər 91000 manat vəsaitin hansı şərtlərlə ümumi işə qoyulması, həmin işin iflasa uğrayıb-uğramaması, iflasa uğrayacağı təqdirdə həmin vəsatitin geri qaytarılmalı olub-olmaması barədə hər hansı sübut təqdim etməmişlər. Həmin halların hazırki mübahisənin həlli baxımından da heç bir əhəmiyyəti yoxdur, çünki tərəflər özləri artıq həmin münasibətlərə (birgə fəaliyyətə) son qoyaraq, 91000 manatın qaytarılması barədə razılığa gəlmişlər.

41. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

42. İddiaçının təqdim etdiyi WhatsApp proqramı üzərindən aparılmış yazışmalardan açıq-aydın müəyyən olunur ki, cavabdeh hər ay 10000 manat ödəməklə 2022-ci ilin sonunadək tam olaraq borcu bağlamaq öhdəliyi götürmüş, lakin buna əməl edə bilməmişdir. xx.xx.2022-ci il tarixli iddiaçının cavabdehə yazdığı ismarıcda borcun 43.800 manat qaldığı müəyyən olunur.

43. Uzun müddət davam edən yazışmaların heç birində cavabdeh iddiaçıya borcu olmasını inkar etməmiş, əksinə hər dəfə vaxt istəmişdir.

44. Tərəflər arasında xx.xx.2024-cü ildə aparılmş sonuncu yazışmalardan müəyyən olunur ki, cavabdehin iddiaçıya 25.100 manat borcu qalmışdır.

45. Həmçinin müəyyən olunur ki, həmin yazışmadan sonra 2024-cü ilin fevral ayında tərəflər ayrı-ayrılıqda bir-birindən polisə şikayət etmişlər.

46. Göründüyü kimi cavabdeh tərəfindən 66000 manat iddiaçıya qaytarılmışdır.

47. İddiaçı haqlı olaraq hazırda qalan 25000 manatı tələb etmişdir.

48. Belə olan halda Kollegiya hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və 25000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

49. Qarşılıqlı iddia tələbinə münasibətdə Kollegiya hesab edir ki, məhkəmə qarşılıqlı iddianın rədd edilməsi barədə dügzün nəticəyə gəlmişdir.

50. Cavabdeh iddiaçının ondan 66000 manat almaqla əsassız varlanmasını iddia etsə də, göründüyü kimi tərəflər arasında olan şifahi müqaviləyə əsasən iddiaçı tərəfindən 91000 manat pul verilmiş, cavabdeh tərəfindən də buna görə 66000 manat qaytarılmışdır.

51. Məhkəmə əsaslı olaraq göstərmişdir ki, cavabdehin iddiaçıya verdiyi 66000 manat pulun qaytarılması üçün hüquqi əsas mövcud olmuşdur.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4889/2024 nömrəli iş üzrə 06 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 25000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar