Məhkəmə qərarları › İş №2(103)-6699/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6699/2020

06.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6699/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlunun və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Anar Tanrıverdiyevin iştirakı ilə, İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı "arayışın etibarsız və əsassız hesab edilməsi" tələbinə dair 2(006)-2766/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” KB ASC-nin aidiyyəti məhkəmə orqanına (Binəqədi rayon İcra və probasiya şöbəsinə) təqdim etdiyi UB BANK/PİKMD/888737 saylı, xx.xx.2020-ci il tarixli arayışın etibarsız və əsassız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxx” KB ASC borc müqaviləsi üzrə mübahisələr tələbinə dair kiçik iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı bankın xeyrinə 441,42 manat əsas, 10,53 manat faiz, 5,35 manat cərimə, cəmi 457,30 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxxxxx” KB ASC-nin məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 380,10 manat əsas, 8,67 manat faiz, 2,30 manat cərimə, cəmi 391,07 manat borcu vardır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-5529/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxx” KB ASC-nin iddiası qismən təmin edilərək İddiaçı 380,10 manat əsas, 8,67 manat faiz, 2,30 manat cərimə, cəmi 391,07 manat borc və 20 manat dövlət rüsumunun tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, xx.xx.2019-cu il tarixdə icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilib tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İşin halları bundan ibarətdir ki, “xxxxxxx” KB ASC-nin İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 5771tkİNSH/14 saylı müqaviləsinə əsasən 84 ay müddətinə illik 30 faizlə, 500 manat kredit xətti açılmışdır. Ağır maddi vəziyyətlə əlaqədar iddiaçı krediti vaxtında ödəyə bilməmiş və bankın xx.xx.2019- cu il tarixli bildirişinə əsasən xx.xx.2019-cu il tarixə 477,25 manat əsas, 59,85 manat faiz, 5,79 manat cərimə, cəmi 542,89 manat borcu yaranmışdır. 2019-cu ilin fevral ayından başlayaraq 2020-ci ilin fevral ayına qədər aprel ayında 30 manat, oktyabr ayında 36 manat, noyabr ayında 15 manat, digər aylarda isə hər ay 40 manat terminal vasitəsilə ödəməklə cəmi 401 manat ödəniş edilmişdir. Lakin buna baxmayaraq bank aylıq ödənişlərini nəzərə almayaraq razılaşmadan imtina etmişdir. Mübahisə ilə bağlı xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında ödənişlərlə bağlı qəbzləri məhkəməyə təqdim edib bundan sonra da ödənişlər edəcəklərini bildirmişlər. Buna baxmayaraq məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə və icra sənədinə əsasən bankın xeyrinə 391,07 manat borc və 20 manat dövlət rüsumu, cəmi 411,07 manat pulun tutulması qət edilmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Asəm Əhmədov könüllü icra ilə bağlı müvafiq qərar qəbul edib borcun ödənilməsi ilə bağlı İddiaçı şöbəyə dəvət etmişdir. İcra və probasiya şöbəsində bir il müddətində müvafiq ödəniş qəbzlərini təqdim edib onları nəzərə almaqla apardıqları hesablamaya görə 10 manat borclarının qaldığını bildirirərək qalan 10 manatı ödəyib borcu bağlamaq istədikdə, onların hələ 260,57 manat borcunun qalması barədə bank tərəfindən icra və probasiya şöbəsinə xx.xx.2020-ci il tarixli müəmmalı arayışın surəti təqdim edilmişdir. Lakin həmin arayış məhkəmə icraatı zamanı təqdim edilməli, araşdırılmalı və məhkəmə təqdim olunmuş sübutlar əsasında qətnamə çıxarmalı idi. İddia təmin edilməli, bankın aidiyyəti məhkəmə orqanına təqdim etdiyi xx.xx.2020-ci il tarixli, UB BANK/PİKMD/888737 saylı müəmmalı arayışın etibarsız və əsassız sayılması barədə qətnamə qəbul edilməlidir. Aidiyyəti məhkəmə orqanına ünvanlanmış müəmmalı arayışla bağlı banka, icra və probasiya şöbəsinə, eləcə də icra baş idarəsinə hazırkı iddiaya oxşar məzmunda etiraz ərizəsi göndərsələr də, münasibət bildirilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxxxxx” KB ASC borc müqaviləsi üzrə mübahisələr tələbinə dair kiçik iddia ilə Bakı Şəhəri Bİnəqədi Rayon Məhkəməsinə müraciət edərək ondan Bankın xeyrinə 441,42 manat əsas, 10,53 manat faiz, 5,35 manat cərimə, cəmi 457,30 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxxxxx” KB ASC-nin məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, onun xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 380,10 manat əsas, 8,67 manat faiz, 2,30 manat cərimə, cəmi 391,07 manat borcu vardır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(001)-5529/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxx” KB ASC-nin ona qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək ondan 380,10 manat əsas, 8,67 manat faiz, 2,30 manat cərimə, cəmi 391,07 manat borc və 20 manat dövlət rüsumunun, cəmi 411,07 manat pulun tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bildirir ki, haqqında olmuş cinayət işi ilə bağlı 2018-ci ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına qədər (bir il) həbsdə olsa da, hər ay adından banka ödəniş edilmiş və məhkəmə iclaslarında nümayəndə kimi qardaşı iştirak edib qətnamə çıxarılan tarixədək 270 manat ödəniş edilməsi barədə qəbzləri məhkəməyə təqdim etmişdir. Həmçinin, məhkəmə qətnaməsi çıxarılan vaxtdan sonrakı ödəniş qəbzlərinə əsasən apardığı hesablamaya görə 2019-cu ilin fevral ayından 2020-ci ilin fevral ayına kimi banka cəmi 401 manat ödənilmişdir. İcra məmuruna qalan 10 manatı ödəyib borcu bağlamaq istəyini bildirdikdə, onun 260,57 manat borcunun qalması barədə bank tərəfindən icra şöbəsinə xx.xx.2020-ci ildə arayış verildiyi məlum olmuşdur. Bununla da onun bir il həbsdə olmağı nəzərə alınmayıb, adından aparılmış ödənişlər əsas məbləğin silinməsinə deyil, düzgün olmayaraq faizlərin və dəbbənin silinməsinə yönəldilmişdir. O, bankın təqdim etdiyi xx.xx.2020-ci il tarixli, UB BANK/PİKMD/888737 saylı arayışla razılaşmayaraq onun əsassız və etibarsız sayılması barədə məhkəməyə iddia ilə müraciət etmiş, iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin hallarını hərtərəfli, obyektiv araşdırmamış, onlara düzgün qiymət verməmiş və iddianın rədd edilməsində səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə bankın təqdim etdiyi cədvəl-arayışı məhkəmədə araşdırmamış, borcun hesablaması ilə bağlı mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətimi rədd etmişdir. Bildirir ki, bank onun bir il həbsdə olmağını bilə-bilə heç bir güzəşt etmədən faiz, dəbbə məbləğlərin hesablanmasının dayandırılmasının mütləq olduğunu nəzərə alınmamış və bu vəziyyətdə qətnamə çıxarılan tarixədək adından ödənilən 270 manatı və sonrakı ödənişləri əsassız olaraq faiz və dəbbə məbləğinə yönəltmişdir. Hesab edir ki, məhkəmə işi kifayət qədər araşdırmamış, kredit müqaviləsində göstərilən fors-major halı aydınlaşdırmayaraq, eləcə də həbsdə olmağı kimi müstəsna halı nəzərə almamış, aylıq ödənişləri faiz və dəbbənin silinməsinə deyil əsas məbləğin silinməsi ilə bağlı bankla aralarında razılıq əldə edilməsinə təşəbbüs göstərməyərək bu istiqamətdə heç bir təklif verməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 5529/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 380,10 manat əsas, 8,67 manat faiz, 2,30 manat cərimə, cəmi 391,07 manat borc və 20 manat dövlət rüsumunun tutularaq “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bank tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, UB BANK/PİKMD/888737 saylı maliyyə arayışına əsasən, İddiaçı qeyd edilən 5771tkİNSH/14 saylı kredit müqaviləsi üzrə “xxxxxxx” KB ASC-yə 260,57 manat borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır.Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X2 Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı “xxxxxxx” KB ASC-yə xx.xx.2019-cu il tarixə 411,07 manat borcu müəyyən edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra İddiaçı tutulmalı olan kredit borcu üzrə ödənişlər etmiş və xx.xx.2020-ci il tarixli arayışa əsasən banka 260,57 manat borcu qaldığı müəyyən edilmişdir. Lakin iddiaçı mübahisələndirdiyi arayış üzrə az borcun qaldığını və (ya) həmin sənədin etibarsız hesab edilməsinə əsas verən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bununla yanaşı iddiaçıya izah edilməlidir ki, “İcra haqqında” Qanunun 20.1, 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə görə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2766/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar