Məhkəmə qərarları › İş №2(103)-670/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-670/2025

06.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-670/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nazir Türkyılmaza qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh Nazir Türkyılmazın iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1121/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh Nazir Türkyılmaz tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə Türkyılmaz Nazirin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

2. Qərarda göstərilib ki, izahatı alınmış Türkyılmaz Nazir Nüsrət oğlu bildirmişdir ki, 5 ildir ki, Azərbaycan Respublikasında yaşayır. Azərbaycan dilində sərbəst danışa və anlaya bilir. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Şüşə zavodu” adlanan yerdə mətbəx üçün çanaq (umvannik) istehsalı ilə məşğul olur. Əmralı Əliyev və Nəvai adlı şəxslər də çanaq istehsalı üçün ləvazimat satışını həyata keçirirlər. Həmin şəxsləri də bununla bağlı tanımışdır. Əmralıdan 2 il öncə mətbəx çanağını yerləşdirmək üçün nəzərdə tutulmuş mərmər panel qəlibi istehsalı üçün hissəhissə ümumilikdə 5830 manat pul almışdır. Razılığa əsasən o, həmin qəlibi hazırlamışdır. X2 Rayonunda aparılan quruculuq işləri ilə bağlı həmin ərazilərə getdiyindən onunla görüşü baş tutmurmuş. Son 1 aydır ki, Əmralı həmin pulu geri tələb etməyə başlamışdır. Əmralıya pulun müqabilində qəlib hazırladığını, həmin qəlibi aparmasını söyləmişdir. Həmin qəlibin maddi dəyəri təxminən 5000 manat təşkil edir. 3 ay öncə Nəvai adlı Bakı şəhər sakinindən 2400 manat borc almışdır. Hazırda Nəvai də, həmin pulu geri tələb edir. 4 gün öncə Nəvaiyə həmin borcdan 400 manat hissəsini geri qaytarmışdır. 09 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Nəvai ilə Əmralı iş yerinə gələrək pullarını geri tələb etmişlər. Onlara hələlik pulunun olmadığını bildirdikdə Nəvai onun sinə nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Əmralı isə istehsalat üçün nəzərdə tutulmuş ona məxsus dəzgahları aparacağını bildirmişdir. O, da 102 xidmətinə zəng edərək şikayətini bildirmiş, lakin döyülməsi ilə bağlı bədənində hər hansı xəsarəti yoxdur.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Nazir Türkyılmaza qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc olaraq 5830 manat, vurulmuş maddi ziyan 3000 manat və mənəvi ziyan olaraq 1000 manat olmaqla, ümumilikdə 9830 manatın tutularaq ona ödənilməsini tələb etmişdir.

4. İddiada göstərib ki, hazırki iddia ərizəsi ilə cavabdeh kimi məhkəməyə cəlb etdiyi, Türkiyə Respublikasının vətəndaşı Türkyılmaz Nazir Nüsrət oğlunu 2021-ci ildən tanıyır. Onlar ümumi tanışları vasitəsi ilə tanış olmuşlar. Nazir Türkyılmaz ayrı-ayrı vaxtlarda müxtəlif problemlərinin (kirayə haqqının ödənilməsi, qayınatasının əməliyyatı, xəstəliyi və sair) həlli, qarşısına çıxan maliyyə çətinliklərini dəf etmək, ehtiyaclarını ödəmək adı ilə ondan ümumilikdə 5830 manat məbləğində borc götürmüşdür. Bu borcları o, qısa müddət ərzində götürmüş və tezliklə qaytaracağına söz vermişdir. Lakin cavabdeh N.Türkyılmaz sonuncu dəfə ondan borc götürdüyü vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq borcunu qaytarmır, müxtəlif bəhanələr gətirir. Hiss edir ki, cavabdeh borcu qaytarmaqdan yayınır. Nəticədə ailə büdcəsində böyük itkilər və problemlərlə üzləşmiş, vəsait itkilərinə düçar olmuşdur. Son aylarda dəfələrlə onun Sumqayıt şəhərində yerləşən iş yerinə getmiş, xeyli vaxt itkisinə və maliyyə xərclərinə məruz qalmışdır. Humanistlik göstərək onun maliyyə problemləri olanda ona təmənnasız yardım göstərdiyi halda, cavabdeh sözünə əməl etmir, borcunu qaytarmaqdan yayınır. Hətta bu səpkidə onunla aralarında mübahisələr baş vermiş və münaqişə polisə müraciətlə müşaiət olunmuşdur. Araşdırma zamanı cavabdeh Nazir Türkyılmaz həqiqətən də, ona göstərilən məbləğdə borcunun olduğunu inkar etməsə də, bu günə qədər borcu qaytarmamışdır. Nəticədə o, əlavə maddi itkilərlə üzləşməklə borcun qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalır. N.N.Türkyılmaz ondan götürdüyü 5830 manatı məşğul olduğu istehsal sahələrinə, biznesə qoyaraq əlavə gəlir götürmüş, o, isə ailə büdcəsi dövriyyəsindən 5830 manat çıxarmaqla təbii ki, maddi itkilərə məruz qalmış, itkilərlə üzləşmişdir. Onun pul vəsaitini işlətməklə və uzun müddət qaytarmamaqla ona xeyli maddi ziyan vurmuşdur ki, o, bu ziyanın məbləğini də, 3000 manat kimi qiymətləndirir. Cavabdehin ona yetirdiyi mənəvi ziyanı isə 1000 manat həcmində qiymətləndirir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1121/2024 saylı, 18 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbinin qismən təmin edilərək cavabdeh Türkyılmaz Nazir Nüsrət oğlundan 5830 (beş min səkkiz yüz otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması; iddia tələbinin qalan hissədə təmin edilməməsi; iddia qismən təmin edildiyi üçün 125 manat dövlət rüsumunun 50%, yəni 62.5 manatın cavabdeh Türkyılmaz Nazir Nüsrət oğlundan İddiaçı xeyrinə tutulması, qalan 50%, yəni 62.5 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, mülki işin materialları, iddiaçının izahatı və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Türkyılmaz Nazir Nüsrət oğlu Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Şüşə zavodu” adlanan yerdə mətbəx üçün çanaq (umvannik) istehsalı ilə məşğul olmaqla yanaşı, Əmralı Əliyevdən 2 il öncə mətbəx çanağını yerləşdirmək üçün nəzərdə tutulmuş mərmər panel qəlibi istehsalı üçün hissə-hissə ümumilikdə 5830 manat pul almış, lakin hazırki günədək həmin məbləği iddiaçıya geri qaytarmamışdır. Bu səbəbdən də, , mülki işdə olan sübutlarla cavabdeh tərəfindən iddiaçıya 5830 manat məbləğində maddi zərərin vurulması təsdiq edildiyi üçün cavabdeh Türkyılmaz Nazirdən 5830 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı, iddia tələbi cavabdehdən 3000 manat ziyanın (əldən çıxmış faydanın) və mənəvi ziyan olaraq 1000 manat pulun tutulması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Nazir Türkyılmaz apellyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilib həmin hissədə də iddianın rədd olunmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil və onu tam qanunsuz hesab edir. Belə ki, iddiaçınnı ərizədə yazdıqları ağ yalandı. İddiaçıdan borc pul heç vaxt almayıb, 2021-ci ildə iddiaçı onun Sumqayıtda işlədiyi obyektə gəlib tökmə mərmər panel qəlibi sifariş verib. Qəlibin sifarişini 6 min manata razılaşdılar və iddiaçı bu pulun 5830 manatını 8 ay müddətinə bəzən nağd şəkildə, bəzən də onun kartına hissə-hissə ödədi. O, sifarişi yerinə yetirdi və 2 il ona zəng vurdu ki-gəl apar. İddiaçı hər dəfə bəhanələr gətirirdi ki- gələ bilmir, uzaqdadır, Qarabağda işləyir və s. 2 ildən sonra, 2023-cü ilin 5 may tarixində gəldi və dedi ki-mən sifariş zad verməmişəm, borc vermişəm, pulumu ver. Görünür, yaxşı iş tapmışdı, daha ona qəlib lazım deyildi. Mübahisə etdilər, o, 102 polis xidmətinə zəng vurdu, polis orqanında onlardan izahat alanda iddiaçı izahat verdi ki, guya ona borc verib və borcu da 8 aya verib. Polisdə də ona dedilər ki 8 ay borc verməkmi olur. O, iddiaçını sifariş verməmişdən əvvəl 2 ay olardı tanıyırdı. Onun Xırdalanda, “RİYAD” ticarət mərkəzində işlətdiyi obyektdən qəlib tökmək üçün material alırdı. Pula ehtiyacı olsaydı, iddiaçıdan borc pul deyil, materialı nisyə alardı. İnsan 2 ay tanıdığı adama 8 ay müddətində dalbadal borc verə bilərmi? Buna kim inanar? Heç polisdə inanmamışdılar. Bu mübahisədən sonra iddiaçı bir daha görünmədi. 2024-cü ilin 14 oktyabr tarixində ona zəng gəldi ki - polisdəndi, gəlin görüşək. O, da getdi, görüşdülər, məlum oldu ki icra məmurudu, ona sənədlər göstərdi ki, imza et, imza etmədi, başa düşmədi nədir. Sonra bildi ki, bu "tələbin könüllü icrası barədə" bildirişdi, yəni həmin iş üzrə artıq məhkəmə qərarı çıxıbmış və iş artıq icraya yönəlibmiş. O, da gedib məhkəmə qətnaməsini icraçıdan almış, aldığı tarixə dair imza da etmişdir. Çox təəccüb etdi ki, məhkəmə ona xəbər etməyib, ən pis halda telefon nömrəsi var, ona zəng vurub məhkəməyə verilmiş olmağı barədə bildirə bilərdilər. O, da bütün qeyd etdiklərini məhkəmədə sübut edərdi. Sübut edərdi ki, 2 il ərzində ona iddiaçı yox, o, iddiaçıya zəng vurub ki- "gəl qəlibini götür". Məhkəmədən xahiş edərdi ki, polisdən materialları tələb edib baxsın ki, o, borc aldığını deyil, iddiaçıdan sifariş götürməyi barədə izahat verib. İddiaçı ərizədə bildirir ki, guya borcu qısa müddət üçün götürüb. İddiaçı həmin pulu ona hissə-hissə ödəyəndə kartla da ödədiyi olub və o tarixlərə baxanda görmək olar ki, bu 8 ay çəkib və 8 ay qısa müddət deyil. Necə olur ki, borc alıbsa, əvvəl aldığı pulu qaytarmadan 8 ay borc ala-ala qalıb? Bundan əlavə, qətnamədə qeyd olunan Nəvai adlı şəxsdən də borc pul almayıb. O, ondan işində istifadə üçün material alırdı. Növbəti dəfə o Nəvaidən 2400 manatlıq material aldı. Material isə tamam zay çıxdı, bu barədə video da çəkmiş, tamam yararsız oldu və bu üzdən nə qədər ziyan çəkdi. Bunu özünə də dedi və materialları göstərdi ki- "sən mənə mal yox, zibil satmısan və gəlib apara bilərsən". Onu da qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində ünvanı düz yazmayıblar, onun ünvanı yuxarıda qeyd etdiyi kimidir. Bütün qeyd olunanlara görə də məhkəmənin qətnaməsi ilə razı deyil və tam qanunsuz və əsassızdır. Əslində isə iddiaçının deyil, onun subyektiv hüququ pozulub, üstəlik aylarla vaxt sərf edib onun sifarişini yerinə yetirmiş, indi sifariş qalıb, üstəlik iddiaçı utanmadan onun pulunu da geri tələb edir. Qətnamə çıxararkən məhkəmənin əsaslandığı MM-nin 386-cı maddəsinə görə isə əslində iddiaçı öhdəliyi yerinə yetirməmiş, sifariş verdiyi əmlakı götürməkdən imtina etmişdir. Onun bu məhkəmə prosesindən xəbəri olmamış, iştirakı təmin olunmamış, ona görə üzrlü səbəbdən işdə iştirak edə bilməmişdir. Əgər o, məhkəmədə iştirak etmiş olsaydı, qeyd etdiyi halları sübut edəcək bütün sənədləri məhkəməyə təqdim edə bilərdi. Beləliklə, məhkəmədə əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması təmin olunmamış qalmışdır və bu hal məhkəmənin qərarının ləğv edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında cavabdeh Nazir Türkyılmaz apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından təmin edildiyi hissədə iddia haqlı sayılır.

19. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5830 manat verilməsi müəyyən edilmişdir. Belə ki, cinayət təqbi üzrə araşdırma zamanı cavabdeh izahatı alınarkən onun iddiaçıdan 5830 manat alması özünün etirafedici izahatları ilə təsdiq edilir. Başqa sözlə, hazırki iş üzrə də cavabdeh iddiaçıdan 5830 manat aldığını etiraf və təsdiq edir. Demək ki, cavabdehin etirafedici izahatı iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.

22. Cavabdehin mübahisələndirdiyi hissə qət olunan məbləğin iddiaçıdan borc almaması ilə bağlıdır. Belə ki, cavabdehin dəlili - iddiaçıdan həmin vəsaiti tökmə mərmər panel qəlibi sifarişi ilə bağlı olmasını bəyan etməsidir. Lakin cavabdeh bu dəlili ilə bağlı birinci instansiya məhkəməsində iştirak etməsə də apellyasiya instansiyası məhkəməsinə də hər hansı mötəbər sübut təqdim etməmiş, mövqeyini yalnız apellyasiya şikayətində yazılı ifadə etmişdir. Düzdü apellyasiya baxışında qəlib şəklini əks etdirən 3 vərəq təqdim etmişdir. Ancaq bu şəkillər iddiaçıdan həmin vəsaiti tökmə mərmər panel qəlibi sifarişi ilə bağlı almasını yaxud iddiaçının cavabdehə məhz bu məqsədlə pul verdiyini təsdiq etmir. Çünki həmin şəkillər yalnız qəlib şəklini əks etdirir. Əksinə apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi qeydiyyat kitabçasında(dəftərində) cavabdehə verdiyi məbləğlərin borc, yəni kirayə haqqını, övladının təhsil haqqını ödəmək, bazarlıq etmək, qaynatasının xəstəxanaya yerləşdirməsi və.s məqsəd ilə verdiyinin qeydiyyatının aparıldığı təsdiq olunmuşdur(i.v.75-76).Bu halın özü də tərəflər arasında cavabdehin bəyan etdiyi münasibətlərin olmadığını təsdiq edir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Demək ki, iddiaçıdan aldığı məbləğin aralarında yaranmış podrat münasibətləri ilə bağlı olduğunu sübut etmək yükü isə təbii ki, cavabdehin üzərinə düşür. Çünki cavabdeh yeni bir hala istinad edir. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları birinci instansiya məhkəməsində iştirak edə bilməsə də apellyasiya baxışındada sübut edə bilmir.

23. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün qeydə alındığı yaşayış yerinə, məlum olan faktiki yaşayış yerinə məhkəmə bildirişləri, eləcə də mobil telefon nömrəsinə SMS bildirişlər göndərilmişdir. Lakin məhkəmə bildirişləri “ünvan tapılmır” “ev bağlıdır” və “bu ünvanda yaşamır” qeydləri yazılmaqla geri qaytarılmışdır. SMS bildirişlər isə cavabdehə məxsus olduğu qeyd olunan mobil telefona çatmışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi MPM-in 147-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişinin təqdim edilməsi üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etmişdir. Lakin Birlik cavabdehin müvəqqəti yaşamaq üçün qeydə alındığı ünvanın olmadığını göstərmişdir(i.v.83;94). Göründüyü kimi, bütün cəhdlərinə baxmayaraq birinci instansiya məhkəməsi Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün qeydə alındığı ünvanda və digər ərazidə cavabdehi taparaq onun məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. Cavabdehin müvəqqəti yaşamaq üçün qeydə alındığı ünvanı isə rəsmi dövlət orqanı müəyyən etmişdir. Həmin ünvanın dövlət orqanı tərəfindən düzgün müəyyən edilməməsi isə məhkəmənin prosessual hüquq normalarının tələblərini pozmasına dəlalət etmir.

24. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın qanuni əsası barədə də hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuşdur. Demək ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi zərərin vurulması normalarına istinad etmişdir. Yəni, cavabdehin iddiaçıya zərər vurduğu qənaətinə gəlmişdir. Burada, məhkəmənin cavabdehin iddiaçı qarşısında zərərin vurulmasından yaranan öhdəliyin əmələ gəldiyi qənaəti açıq-aşkar əsassız görünməyə bilər. Ancaq nə qədər ki, iddiaçı tərəfindən cavabdehə hissə-hissə borc məqsədi ilə cəmi 5830 manat verilmişdir, hazırkı iddianın da qanuni əsası dəyişmiş olur. Göstərilənlərə baxmayaraq, istər müqavilədən əmələ gələn, istər əsassız varlanma, istərsə də zərər vurma nəticəsində əmələ gəlsin, hər bir halda cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır. Ona görə də nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır və mahiyyəti üzrə düzgündür, deməli yalnız formal mülahizələrə görə ləğv edilməsinə də məhkəmə tərkibi lüzum görmür.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1121/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh Nazir Türkyılmazın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1121/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar