Məhkəmə qərarları › İş №2(103)-671/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-671/2020

12.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Maddi ziyanın ödənilməsi - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-671/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMCnin nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 286/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X10 küçəsi 21 ünvanında ümumi sahəsi 984,7 kv.m olan və torpaq sahəsi 0.1007 ha olan xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsi mövcuddur. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində tam pay olaraq xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı qeyd etdiyi qeyri-yaşayış sahəsindən mülkiyyətçi olduğu dövr ərzində üçüncü şəxslərə münasibətdə heç bir maneə olmadan istifadə etmişdir. Qeyri-yaşayış sahəsinə dair hər hansı mübahisə və çəkişmələr olmamış, qonşuluq hüquqları pozulmamışdır. Lakin bir-neçə gün bundan öncə iddiaçıya xəbər verildi ki, ona məxsus əmlak sökülür. İddiaçı dərhal həmin ünvana getdikdə tanımadığı şəxslər, fəhlələr tərəfindən binanın söküntüsünün həyata keçirilməsini aşkar etdi. İddiaçı mülkiyyətçi olduğunu bildirsə də, onlar buna əhəmiyyət verməyərək və qanunazidd hərəkətlərinə son qoymayaraq söküntü işlərini davam etdirdilər. Araşdırma apardıqda söküntü işlərinin "xxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən aparıldığı müəyyən edildi. Şirkət nümayəndələrindən hüquqazidd hərəkətlərə son qoyulmasını tələb etdikdə, iddiaçıya bildirdilər ki, söküntü işləri müvafiq sərəncam əsasında, yəni Nəsimi rayon İH başçısının 37 saylı, xx xxxxxx 2018-ci il tarixli Sərəncamı əsasında aparılır. Xüsusi mülkiyyət hüququ əsasında, qanuni əsaslarla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin, əmlakın içindəki əşyalarla birlikdə dağıdılması qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır.Bundan əlavə, iddiaçıya məxsus qeyri-yaşayış binasının mülkiyyət hüquqları pozulmaqla sökülməsi nəticəsində, eləcə də həmin sahənin altında yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsinə buraxılmamağı nəticəsində iddiaçıya külli miqdarda zərər vurulmuşdur. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi yüksək təmir edilmiş, həmin sahədə texniki avadanlıq və qurğular qurulmuş, bundan əlavə sahə bahalı digər avadanlıqlarla da təchiz edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Cavabdeh tərəfindən iddiaçının əmlakının qanunsuz olaraq dağıdılması nəticəsində iddiaçının uzun illər boyu qazandığı işgüzar nüfuzuna ciddi zərər dəymiş, iş birliyində olduğu insanlarla onu birləşdirən münasibətlər aradan qalxmışdır. Bununla da iddiaçının işgüzar nüfuzuna ciddi zərər dəymiş, ona külli miqdarda ziyan vurulmuşdur. Bundan əlavə, gəlir mənbəyinin yox edilməsi, heç bir xəbərdarlıq edilmədən əmlakın sökülməsi, dəfələrlə cavabdeh tərəfindən təhdidlərə məruz qalmağıiddiaçıya maddi zərərlə yanaşı mənəvi ziyan da vurmuşdur. Bu hadisələrin təsiri həm də iddiaçının sağlamlığına ziyan vurmuşdur. İddiaçının iş yerinin məhv edilməsi, illərlə yığdığı kontragent şəxslərlə münasibətin pozulması, işgüzar nüfuza xələl gətirilməsi nəticəsində maddi zərərlə yanaşı, mənəvi ziyana da məruz qalmışdır. İddiaçıyavurulan maddi zərərin məbləği 5.538.880 manat təşkil edir. Bundan əlavə, iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin dəyəri qiymətsiz olsa da, iddiaçı bu zərəri 200.000 manat həcmində dəyərləndirir. Yuxarıda qeyd edildiyi kimi,əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 0.1007 ha torpaq sahəsi üzərində yerləşmişdir. Hazırda söküntüsü aparılan iddiaçının əmlakının yerləşdiyi torpaq sahəsi iddiaçı tərəfindən heç kimin istifadəsinə verilməmiş, eləcə də həmin torpaq sahəsi torpaqların dövlət ehtiyacları üçün alınması tədbirlərinə məruz qalmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri, X10 küçəsi 21 ünvanda yerləşən daşınmaz əmlakın sökülməsi nəticəsində iddiaçıya dəymiş 5.538.880 (beş milyon beş yüz otuz səkkiz min səkkiz yüz səksən) manat məbləğində maddi ziyanın, işgüzar nüfuza vurulmuş 200.000 (iki yüz min) manat həcmində zərərin əvəzinin,30.000 (otuz min) manat həcmində əldən çıxmış faydanın, ümumilikdə 5.768.880 (beş milyon yeddi yüz altmış səkkiz min səkkiz yüz səksən) manatın cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya məxsus torpaq sahəsində fəaliyyətinə son qoyulması və cavabdehin, həmçinin ona məxsus avadanlıq və texnikanın iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, «xxxxxxxxxxxxxxxxxxxxx» MMC İddiaçı qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonunun ”28 May" metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması Nəsimi Rayon İcra Hakimiyyəti həyata keçirsin.Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1755 №-li, xx.xx.2017ci il tarixində razılaşdırılmış ərazinin tikinti planlaşdırma eskizi təsdiq edilmişdir.Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli, 37 №-li, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi" haqqında Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh "AzəriTikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir.Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri- yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçünhəmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanda yerləşən 0.1007 ha torpaq sahəsinin hal-hazırda 270.0 kv.metr hissəsi “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa ediləcək çoxmərtəbəli binanın altına düşür. Həmin ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ saxlanılacaqdır.İddiaçı daşınmaz əmlakın mülkiyyət sənədlərində yuxarıda qeyd olunan torpaq sahəsi üzərində ümumi sahəsi 984,7 kv.metr (445,6 kv.metr yarımzirzəmi və 539,1 kv.metr qeyri-yaşayış sahəsi) əmlak sahəsi göstərilmiş, lakin faktiki daşınmaz əmlak kimi mövcud olmamışdır. xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyi "Azərdövləttikintilayihə" DLİ tərəfindən “Bakı şəhəri, Nəsimi rayonu. S.Zeynalov küçəsi 14,16,18, M.Rəfili küçəsi 11,13,15,17,19, Azadlıq prospekti 40,42, M.Qaşqay küçəsi 23 saylı ünvanlarında yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında" Akt tərtib edilmişdir. Aktdan görünür ki, FHN X2 Dövlət Agentliyi "Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun Baş konstruktoru Emil Əsədullayev, Texnoloji sektorunun mühəndisi Vüqar Bağırov, 2 №-li Memarİnşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Anar Vahid, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli, 34/00073 №-li tapşırığına əsasən yuxarıda qeyd olunan ərazidə yerləşən istismar müddəti bitmiş tikililərə vizual texniki baxış keçirilmiş və M.Qaşqay küçəsi 21 saylı ünvanda tikilinin mövcud olmaması səbəbindən akta salmamışlar.Bundan əlavə, "X12" MMCnin xx.xx.2018-ci il tarixli rəyində M.Qaşqay küçəsi 21 saylı evin yararsız, dağılmış halda olması daşınmaz əmlakın qiymətləndirilməsinin mümkün olmaması səbəbi kimi göstərilmişdir.İstinad olunan sənədlər təsdiq edir ki, İddiaçı formal olaraq mülkiyyəti kimi qeyd olan ümumi sahəsi 984,7 kv.metr qeyri-yaşayış sahəsi faktiki mövcud olmamışdır.Buna baxmayaraq, “xxxxxxxxxxxxxxxxxxxxx“ MMC inşa etdiyi çoxmərtəbəli yaşayış binasında İddiaçı mülkiyyətinə 445,6 kv.metr zirzəmi və 539,1 kv.metr yaşayış sahəsi, ümumilikdə 984,7 kv.metr əmlak sahəsinin verilməsini təmin etməklə əvəzləşdirəcəkdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 14,16,18, M.Rəfili küçəsi 11,13,15,17,19, Azadlıq prospekti 40,42. M.Qaşqay küçəsi 23 saylı ünvanlarında yerləşən yaşayış evlərinin 80% mülkiyyətçiləri ilə "xxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzillərin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Lakin İddiaçı tələbi ilə qeyd olunan məhəllədə tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq, pozulmaqdadır. Eyni zamanda, cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” MMC köçürülmüş sakinlərə kirayə haqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə yubanır, "xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə külli miqdarda maddi zərər vurur. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir.Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Göstərilənlərə əsasən İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılmaya dair" ilkin iddiasının rədd edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 14.16,18. M.Rəfili küçəsi 11,13.15.17.19, Azadlıq prospekti 40.42, M.Qaşqay küçəsi 23 saylı ünvanlarında yerləşən yaşayış evlərinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 445,6 kv.metr zirzəmi və 539,1 kv.metr yaşayış sahəsi, ümumilikdə 984,7 kv.metr əmlak sahəsi “xxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən İddiaçı mülkiyyətinə verilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanda yerləşən ümumi sahəsi 984,7 kv.metr əmlak sahəsi ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 14,16,18, M.Rəfili küçəsi 11,13,15,17,19, Azadlıq prospekti 40,42, M.Qaşqay küçəsi 23 saylı ünvanlarında yerləşən yaşayış evlərinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələrində ümumilikdə 1000 (bir min) kvadrat metr əmlak sahəsi “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı mülkiyyətinə verilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanda yerləşən 0,1007 kvadrat metr torpaq sahəsi və ümumi sahəsi 984,7 kvadrat metr əmlak sahəsi ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 286/2019 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi»nə dair ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 14,16,18, M.Rəfili küçəsi 11,13,15,17,19, Azadlıq prospekti 40,42, M.Qaşqay küçəsi 23 saylı ünvanlarında yerləşən yaşayış evlərinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələrində ümumilikdə 1000 (bir min) kvadrat metr əmlak sahəsi “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı mülkiyyətinə verilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanda yerləşən 0,1007 kvadrat metr torpaq sahəsi və ümumi sahəsi 984,7 kvadrat metr əmlak sahəsi ilə əvəzləşdirilməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-286/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gələrkən qətnamənin ləğvi üçün əsas olan və AR MPM-nin 385-ci maddəsində nəzərdə tutulan nöqsanlara yol vermişdir. Maddi hüquq normalarını həm pozmuş, həm də düz tətbiq etməmişdir. Ona görə də qətnamə ləğv olunmalı, ilkin iddianın təmin edilməsi,qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, mülki işə əlavə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 21 ünvanda İddiaçı mülkiyyətində 0.1007 kv.m torpaq sahəsi və 984.7 kv.m qeyri-yaşayış sahəsi olması barəıdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX xidmətində xx.xx.2013-cü ildə ********** №li qeydiyyat aparılaraq RX seriyalı, ******* №li Çıxarış verilmişdir. Mülki işin 68-73-cü səhifələrindəki xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarının icrası məqsədilə, yəni Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yenidən müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırması məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyəti ilə “xxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə şərait yaradır ki, şirkət Bakı şəhəri, Azadlıq prospekti X13 Rəfıli və Sahib Zeynalov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binalar və qeyriyaşayış obyektləri tiksin. Həmin müqavilədə “xxxxxxxxxxxxxxxxxxxxx” MMC öhdəsinə götürmüşdür ki, müqavilə imzalandığı tarixdən etibarən 2 ay müddətində yeni binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinləri ilə tam razılıq əldə edəcək və onlarla zəruri müqavilələr bağlayacaq. “Şirkət” həm də öhdəlik götürmüşdür ki, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzilərin sakinlərini yeni tikilən binalarda sökülən mənzillərin (qeyri-yaşayış) sahəsindən 20 %-dən artıq sahəsi olan təmirli mənzil, (qeyri-yaşayış) sahəsi ilə təmin edəcək, mənzilləri və (qeyri-yaşayış) sahələrini su, qaz, elektrik enerjisi sayğacları ilə təmin edəcək. Mülki işin materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxx” həmin öhdəliyini icra etməmiş, əmlak və torpaq mülkiyyətçisi olan İddiaçı göstərilən 2 ay müddətində və ondan sonra müqavilə bağlamaq haqqında təklif (oferta) verməmişdir. Əksinə İddiaçı mülkiyyət hüquqlarını pozaraq özbaşına traktor salaraq qeyri-yaşayış sahəsini dağıtmış, nəticədə İddiaçı AR MM-nin 564.1-ci maddəsində nəzərdə tutulan son zərurət vəziyyətində traktora və traktorçuya ziyan vurmağa vadar etmişdir. Məhkəmə qətnaməsində ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinin hüquqi əsası kimi AR MM-nin 16.1, 560.1, 560.2, 560.3.5.1-ci maddələrini göstərmişdir. Halbuki həmin maddələrin müddəalarının tərəflər arasındakı torpaq mübahisəsinə heş bir aidiyyəti yoxdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan 0.1007 ha torpaq sahəsi və 984.7 kv.m qeyri-yaşayış sahəsi ondan alınaraq cavabdehə verilsin, cavabdeh də onların əvəzində iddiaçıya yeni tikdiyi binadan 1000 kv.m qeyri-yaşayış sahəsi versin. Məhkəmə belə əvəzləşdirmə apararkən 2 kobud qanun pozuntusuna yol vermişdir. Birincisi nəzərə almamışdır ki, cavabdeh Şirkət Nəsimi Rayon İcra Hakimiyyəti ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən öhdəlik götürmüşdür ki, sökdüyü mənzillərin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə sökülən sahələrin ölçüsündən 20% artıq təmirli sahə verəcəkdir. Yəni İddiaçı mülkiyyətində olan 984.7 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə ona həmin sahədən ən aşağısı 20% artıq yəni 196.94 kv.m artıq sahə verəcəkdir ki, bu da ümumilikdə 1181.64 kv.m sahə təşkil edir. Deməli məhkəmə bilə-bilə iddiaçını əlavə almalı olduğu 181.64 kv.m qeyri-yaşayış sahəsindən məhrum etmişdir. İkincisi məhkəmə İddiaçı mülkiyyətində olan 0.1007 ha torpaq sahəsini qanunsuz olaraq onun əlindən alıb cavabdehə vermişdir. Yəni torpağı ”xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə geri almışdır. Məhkəmə bununla səlahiyyət həddini aşmışdır. Belə ki, torpaqlar yalnız dövət ehtiyacları üçün geri alına bilər. Torpaqların Dövlət Ehtiyacları üçün alınması haqqında AR Qanunun 5- ci maddəsində göstərilir ki, xüsusi mülkiyyətdə olan torpaqlar bu qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanır ki, burada da 5 hal nəzərdə tutulur. Bu 5 halda yeni yaşayış binaları və qeyri-yaşayış obyektləri tikilməsiylə bağlı dövlət ehtiyacı nəzərdə tutulmamışdır. Həmin Qanunun 3.2,-ci maddəsində göstərilir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu qanunla nəzərdə tutulmuş hallarda alına bilər.Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri Haqqında AR Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 №li Qərarının 8-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, yaşayış evləri mühüm dövlət, bələdiyyə və ictimai obyektlər sırasına daxil olmadığından onların tikilməsi məqsədi ilə torpaq sahələrinin məcburi satın alınması qanuna uyğun deyildir. Belə olduğu halda məhkəmənin cavabdehin iddiasını təmin edərək iddiaçının mülkiyyətində olan 0.1007 ha torpaq sahəsim 984.7 kv.m qeyri-yaşayış sahəsini 1000 kv.m qeyri-yaşayış sahəsi əvəzinə məcburi cavabdehə verməsini qət edən qətnaməsi qanunsuzdur normaları iddiaçının ziyanına tətbiq etmişdir. Belə ki, konstitusiyanın 29-cu maddəsinin İV hissəsində göstərilir ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabacaqdan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırki işin halları göstərir ki, dövlət ehtiyacı olmayan belə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” MMC İddiaçı əmlakını onun razılığı olmadan, qabaqcadan əmlakının dəyərini ona ədalətli şəkildə ödəmədən ələ keçirmiş, məhkəmə vasitəsi ilə ona məcburi qaydada özü istəyən qiyməti qoydurmuşdur. Yəni məhkəmə burada faktiki olaraq mübahisəni ədalətli həll edən bir orqan kimi yox, cavabdehin diktəsini iddiaçıya yeritmək funksiyasını yerinə yetirə zor aparatı qismində çıxış etmişdir. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəlləsinin, Torpaq Qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6 apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kolegiyası iş üzrə materialları, tərəflərin izahatlarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21-də yerləşən 0,1007 kv.m torpaq sahəsi və ümumi sahəsi 984,7 kv.m olan əmlak sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 23 saylı reyestr kitabının 2113 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018ci il tarixli, 37 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli xx/xx- 1755 №-li tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün həmin torpaq sahəsi icarə əsasında «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018ci il tarixli, 291 saylı sərəncamına əsasən Azadlıq prospekti, Sahib Zeynalov, Mikayıl Rəfili və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə icazə verilmişdir. İş materiallarında olan X12 tərəfindən verilmiş xx.xx.2018-ci tarixli, ƏEM/A 34- 362/18 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, X10, 21 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1007 ha torpaq sahəsində yerləşən 984,7 kv.metr qeyri-yaşayış sahəsinə baxış keçirilib, faktiki vəziyyət hüquqi sənədlərlə müqayisə edilərək təhlil aparılıb. Baxış zamanı müəyyən edilib ki, qiymətləndirilən qeyri-yaşayış sahəsi bir vaxtlar inzibati bina kimi istifadə edilib. Hazırda obyekt aşınmanın bütün növlətinə məruz qalmışdır. Yenidən bərpası mümkünsüzdür. Təyinatı üzrə istifadəyə yararsızdır. Bu tip tikililərin daşınmaz əmlak bazarında alqı-satqısı olmadığından, eyni zamanda qiymətləndirilməsi üçün kifayətedici məlumatlara rast gəlinmədiyindən qiymətləndirmə işinin aparılması məqsədəuyğun hesab edilməmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, H/01-PLS saylı ekspert rəyindən görünür ki, Qiymətləndirməyə təqdim olunan obyekt, yəni Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 21 ünvanında yerləşən daşınmaz əmlak və həmin əmlakın yerləşdiyi torpaq sahəsi Bakı şəhərinin Nəsimi rayonu üzrə “Pilot Layihə” çərçivəsində inşa edilən çoxmənzilli yaşayış binaları tikildiyi əraziyə düşdüyü üçün hal-hazırda sökülmüşdür və yerində mövcud deyildir. Bu səbəbdən qiymətləndirmə işi təqdim olunan sənədlər və foto şəkillər əsasında aparılmışdır. Qiymətləndiricinin qarşısında qoyulan suallar ilə bağlı yəni, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 21 ünvanında yerləşən əmlaka və həmin əmlakın yerləşdiyi torpaq sahəsinə baxış və monitorinq aparılaraq qiymətləndirmə işi həyata keçirilmişdir. Tərəflərindən aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, qiymətləndirilən qeyri-yaşayış sahəsi infrastruktur baxımından inkişaf etmiş ərazidə yerləşir, coğrafi mövqeyi əlverişli sayılır və ekoloji vəziyyət baxımından Bakı şəhərinin ən yaxşı rayonlarından biri hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarına əsasən, Mənzil Tikinti Kooperativləri və vətəndaşlar arasında razılaşmaya uyğun “Pilot Layihə” çərçivəsində yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin ərazisinə düşən və sökülən əmlakların mövcud olan ümumi sahəsinin üzərinə, əlavə olaraq 20-30% sahənin verilməsi tövsiyyə edilmişdir. Beləliklə də qiymətləndirməyə təqdim olunan əmlakın ümumi sahəsi 984,7 m2 olduğundan, onun üzərinə + 20% gəldikdə = 1181,64 m2 alınmışdır. Beləliklə, yuxarıda göstərilənləri, aparılmış hesablamalar və təhlillərə əsasən qeyriyaşayış binasının təyinatı, kateqoriyası, istifadəliyi, yerləşdiyi ərazi, analoq obyektlərin müqayisəli satışı, sahəsi, və digər xüsusiyyətlər nəzərə alınmaqla, qiymətləndiricinin qarşısında qoyulan suallara cavab olaraq: Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 21 ünvanında yerləşən daşınmaz əmlakın və həmin əmlakın yerləşdiyi torpaq sahəsinin (işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda, texniki pasportda göstərilən məlumatlar, həmçinin həmin əmlakın fotoşəkilləri nəzərə alınmaqla) hazırki dövrə olan bazar qiyməti belə olmuşdur: 1 kv.m - 3.600 AZN x 1184.64 kv.m = 4.264.704 (dörd milyon iki yüz altmış dörd min yeddi yüz dörd) manat. Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 21 ünvanında və ona yaxın yerləşən ərazilərdə inşa edilən binalarda yaşayış və qeyri-yaşayış sahələrin 1 (bir) kv.m-nin hazırki dövrə olan bazar qiyməti tələb və təklif nəzərə alınmaqla belə olmuşdur; 2700 - 5500 (iki min yeddi yüz beş min beş yüz) AZN. İş materiallarında olan “xxxxx” Firması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 984,7 kv.m (445,6 kv.m zirzəmi və 539,1 kv.m sahəsi) qeyri-yaşayış sahəsinin 1 kv.m-in dəyəri – 539,1 kv.m zirzəmi üzrə 1 kv.m-nin dəyəri 611 manat olmaqla, cəmi dəyəri 329,390 (üç yüz iyirmi doqquz min üç yüz doxsan) manat; 445,6 kv.m zirzəmi üzrə 1 kv.m-nin dəyəri 310 manat olmaqla, cəmi dəyəri 138.136 (bir yüz otuz səkkiz min bir yüz otuz altı) manat, ümumilikdə 984,7 kv.m qeyri-yaşayış sahəsinin dəyəri 467.526 (dörd yüz altmış yeddi min beş yüz iyirmi altı) manat müəyyən edilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilən binanın tikintialtı sahəsinə düşən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 21 ünvanında yerləşən 270 kv.m torpaq sahəsinin 1 kv.m-nin dəyəri 1200 manat olmaqla, cəmi dəyəri 324.000 (üç yüz iyirmi dörd min) manat bazar dəyəri müəyyən edilmişdir; Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 21 ünvanında “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında yaşayış sahələrinin 1 kv.m üzrə orta bazar dəyəri 1700-1900 manat müəyyən edilmişdir; Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanında və qonşu ərazilərdə 1 kv.m torpaq sahəsinin dəyəri 1200 (bir min iki yüz) manat və təmirli qeyri-yaşayış sahəsinin 1 kv.m-nin bazar dəyəri 2300 (iki min üç yüz) manat müəyyən edilmişdir. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 10/147 saylı Ekspertiza Rəyindən görünür ki,Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanında yerləşən İddiaçı mülkiiyyətində olan qeyri-yaşayış sahəsinin bir divarının (qonşu divara bitişik) mövcud olduğu, qalan hissələrinin isə söküldüyü müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanında yerləşən İddiaçı mülkiiyyətində olan, torpaq sahəsinin mövcud olmasına baxmayaraq həmin torpaq sahəsinin üzərində cavabdeh tərəfindən müxtəlif təyinatlı tikinti işlərinin aparıldığı və hündür mərtəbəli yaşayış binasının inşa olduğu müəyyən edilmişdir. İddiaçı məxsus olan torpaq sahəsində və onun üzərində olan tiklilər söküldüyündən və eləcə də, torpaq sahəsinin üzərində cavabdeh tərəfindən müxtəlif təyinatlı tikinti işlərinin aparıldığı və hündür mərtəbəli yaşayış binasının inşa olduğunu nəzərə alaraq iddiaçının qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən istifadəsinə məhtudiyyat yaratdığı müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanında yerləşən İddiaçı mülkiiyyətində olan torpaq sahəsinin üzərində cavabdeh tərəfindən müxtəlif təyinatlı tikinti işlərinin aparıldığı və hündür mərtəbəli yaşayış binasının inşa olduğundan, torpaq sahəsindən və qeyriyaşayış sahəsindən (sökülüb) istifadə edilməsi mümkün olmadığı müəyyən edilir. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş X8 xx xxxxxx 2020-ci il tarixli ƏEM/A 07-364/20 saylı hesabatından görünür ki,Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanında yerləşən İddiaçı mülkiiyyətində olan və söküntüyə məruz qalmış 984,7 kv.metr qeyri-yaşayış sahəsinin bazar dəyəri 467. 922,0 manat təşkil edir: 334,242,0 manat (1-ci mərtəbənin bazar dəyəri)+133 680,0 manat (zirzəminin bazar dəyəri)=467.922,0 (dörd yüz altmış yeddi min doqquz yüz iyirmi iki) manat. Torpağın bazar dəyəri isə-1.208. 400,00 manat təşkil edir. Beləliklə, 467 922,0 (tikilinin dəyəri)+1 208 400,00 (torpağın bazar dəyəri)= 1676 322,0 9bir milyon altı yüz yetmiş altı min üç yüz iyirmi iki) manat təşkil edir. Ekspert qarşısında qoyulmuş suala uyğun olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 21 ünvanda yerləşən 0,1007 kv.m torpaq sahəsinin 984,7 kv. m. qeyriyaşayış sahəsi ilə birlikdə bazar dəyəri 1 676 322,0 (bir milyon altı yüz yetmiş altı min üç yüz iyirmi iki) manat təşkil edir. Hazırki mübahisə ilə əlaqədar məhkəmə kollegiyası ilkin iddia tələbini nəzərdən keçirərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 84.0, 84.0.1 və 84.0.2ci maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə, yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Birinci instansiya məhkəməsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı mülkiyyəti kimi qeyd olunan ümumi sahəsi 984,7 kv.metr qeyri-yaşayış sahəsi faktiki olaraq istifadəyə yararsız, qəzalı vəziyyətdə olmuşdur. Buna baxmayaraq, “xxxxxxxxxxxxxxxxxxxxx“ MMC inşa etdiyi çoxmərtəbəli yaşayış binasında İddiaçı ümumilikdə 1000 (bir min) kv.metr əmlak sahəsinin verilməsini təmin etməklə əvəzləşdirəcəyini öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanı şəhərin abadlaşdırılması, müasir tipli binaların tikintisi, başqa sözlə cəmiyyətin maraqları naminə sökülmüşdür. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış keçirilən ərazi 2 ədəd 1 mərtəbəli yaşayış evindən və 3 ədəd qeyri-yaşayış obyektindən ibarətdir. Yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyasından inşa edilmişdir. Yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuşdur. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olunmuşdur. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilən Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan suiistifadə hesab olunur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin inşa etdiyi binanın tikintisinin dayandırılması və tikinti gedən ərazidə MMC-nın fəaliyyətinə qadağa qoyulması həmin binada məskunlaşdırılmalarını gözləyən çoxsaylı insanların hüquqlarının bərpa olunmaz şəkildə xələl görməsinə səbəb ola bilər. Belə ki, işin hallarından aydın olur ki, «xxxxxxxxxxxxxxxxxxxxx» MMC səlahiyyətli dövlət hakimiyyəti orqanının sifarişi əsasında tikinti işlərini həyata keçirir. Məhkəmə işin faktiki hallarına və ağlabatan mühakiməyə əsaslanaraq hesab edir ki, ilki iddia üzrə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin hər hansı qanunsuz hərəkətləri nəticəsində ilkin iddia üzrə İddiaçı maddi ziyan dəyməmişdir və belə olan halda, sonuncunun iddiası təmin olunmamalı, yuxarıda qeyd olunduğu kimi ona məxsus olan istifadəyə yararsız, qəzalı vəziyyətdə olmuş əmlakı yeni tikilmiş, müasir standartlara cavab verən binada 1000 kv.m əmlak sahəsi ilə əvəzləşdirilməsi qanunauyğun və ədalətlidir. Bundan əlavə, məhkəmə kollegiyası işin materiallarında olan əmlakın qiymətləndirilməsi rəylərinə qiymət verərək, “xxxxx” firmasının vediyi rəyi və Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş X8 xx xxxxxx 2020-ci il tarixli ƏEM/A 07-364/20 saylı hesabatını obyektiv həqiqəti əks etdirən sənəd kimi dəyərləndirir və qeyd etməyi zəruri hesab edir ki, həmin rəydən göründüyü kimi ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən əvəzləşdirilməsi üçün təklif olunan əmlak sahəsinin dəyəri sökülən əmlakın və onun yerləşdiyi torpaq sahəsinin dəyərindən artıqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə kollegiyası ilkin iddia tələbinin “işgüzar nüfuza vurulmuş 200.000 (iki yüz min) manat həcmində zərərin əvəzinin,30.000 (otuz min) manat həcmində əldən çıxmış faydanın tutulması” hissəsi üzrə qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, ilkin iddia üzrə iddiaçı ona ilkin iddia üzrə cavabdehin hərəkətləri nəticəsində ziyanın vurulmasını və həmin ziyanın məhz ümumilikdə 5.768.880 manat miqdarında olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» işüzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmçinin, qeyd olunmalıdır ki, ilkin iddia üzrə İddiaçı mübahisəli sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut işə baxılarkən onun nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə olan halda ilkin iddia üzrə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən onun işgüzar nüfuzuna nə kimi zərərin vurulması və həmçinin əldən çıxmış faydanın konkret olaraq nədən ibarət olması işdən görünmür. Qeyd olunan hallar işə baxılarkən öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçıya mülkiyyətində olan əmlakın əvəzinə, mübahisəli əmlakın yerləşdiyi yerdə mövcud sahədən artıq sahəyə malik əmlakla (apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi əmlak olaraq qeyd edilən ünvanlardakı yaşayış binalarının 2 və 3-cü mərtəbələrində olan mənzil və qeyri-yaşayış sahələrinin nəzərdə tutulduğunu, belə ki, tərəfin istəyindən asılı olaraq istər mənzil, istərsə də qeyri-yaşayış kimi istifadə edə biləcəyini bildirmişdir.) təmin edilməsi daha məqsədəmüvafiq hesab olunduğundan, ilkin iddia tələbi əsassız hesab edilməklə təmin edilməməsi barədə 1-ci instansiya məhkəməsinin qənaəti düzgündür.. Belə olan halda «vurulmuş zərərin əvəzinin ödənilməsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi»nə dair ilkin iddia tələbinəqiymət verərək Kollegiya hesab edir ki, ilkin iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə kollegiyası, həmçinin, iş materiallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li Qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Həmin Qərarın 1.2-ci bəndində qeyd olunmuşdur ki, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin əmlakın yerləşdiyi ünvan orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, həmin əmlakın əvəzləşdirilməsi ilə bağlı «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 14,16,18, M.Rəfili küçəsi 11,13,15,17,19, Azadlıq prospekti 40,42, M.Qaşqay küçəsi 23 saylı ünvanlarında yerləşən yaşayış evlərinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələrində ümumilikdə 1000 (bir min) kvadrat metr əmlak sahəsi “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı mülkiyyətinə verilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 21 ünvanda yerləşən 0,1007 kvadrat metr torpaq sahəsi və ümumi sahəsi 984,7 kvadrat metr əmlak sahəsi ilə əvəzləşdirilməsi barədə bierinci instansiya məhkəməsinin qənaəti düzgündür. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ekspertiza xərci ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 286/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. İşin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul "X12" MMC-nin hesabına-(VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22, həmçinin İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE********************) hesabına ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar