Məhkəmə qərarları › İş №2(103)-671/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-671/2022

27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-671/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2871/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu qalan 29371 manat qorunan əmanətə illik 5 faiz yəni illik 1468 manat 55 qəpik faiz ödəməlidir. Cavabdehin 4 il müddətində borcunu qaytarmaması nəticəsində iddiaçıya 5.874manat, 20 qəpik məbləğində zərər dəymişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29.01.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsinə əsasən 30.000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nə depozit olaraq qoymuşdur. Həmin tarixdə və hal-hazırda qüvvədə olan Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq 30.000 manat məbləğində pul vəsaiti qorunan əmanət olaraq yerləşdirilmişdir. Əmanət müqaviləsinin bağlanmasından bir neçə gün sonra "xxxx" ASC-nin lisenziyası ləğv olunmuş və sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verdikdən sonra əmanətçinin müraciətinə əsasən 16.03.2016-cı il tarixdə ona 629 manat kompensasiya ödənişi olmuş və qalan 29371 manat üçün isə öhdəliklərin reyestrindən çıxarış verilərək, həmin məbləğin növbəlik əsasında alınacağı bildirilmişdir. Əmanətlərin Sığortalanması haqqında Qanunun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Göründüyü kimi, əmanət müqaviləsi ilə Banka qoyulmuş əmanət məbləği qanunla müəyyən olunmuş kompensasiya olunmalı məbləğdə olmuşdur. Bu səbəbdən də hazırkı əmanət tam sığortalanmış əmanət hesab edilməli və tam olaraq da kompensasiya edilərək, qalıq 29371 manat iddiaçıya ödənilməlidir. Eyni zamanda, 4 ildən artıq müddətdə Fond tərəfindən iddiaçının qorunan əmanətinin qanunsuz olaraq saxlanması nəticəsində ona maddi ziyan dəymişdir. Bu səbəbdən bu günə qədər pul vəsaitini qaytarmaqdan boyun qaçıran cavabdeh həmin vəsaiti qanunsuz saxlaması nəticəsində iddiaçıya vurmuş olduğu zərərin əvəzinin ödənilməsinə cəlb edilməlidir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2871/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 29.01.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsinə əsasən 29371 (iyirmi doqquz min üç yüz yetmiş bir) manat məbləğində pul vəsaiti və 4 il müddətində əmanətin qaytarılmaması nəticəsində iddiaçıya dəymiş 5.874 (beş min səkkiz yüz yetmiş dörd) manat 20 (iyirmi) qəpik məbləğində zərər olmaqla ümumilikdə 35.245 (otuz beş min iki yüz qırx beş) manat 20 (iyirmi) qəpik məbləğində vəsait və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan pul vəsaiti 29.01,2016-cı il tarixində əmanət müqaviləsi üzrə “Texnikabank" ASC-yə 30.000 manat məbləğində depozit yerləşdirilmişdir. Sözügedən vaxtdan təqribi 10 gün sonra bankın müflis elan edilməsinə dair məhkəmə qərarı elan edilmişdir. Bankın müflis elan edilməsinə dair məhkəmə qərarı elan edildiyi gün, yəni 10.02.2016-cı il tarixində İddiaçı "xxxx" ASC qarşısında 29 166.03 manat əsas, 204.97 manat faiz, cəmi 29 371 manat borcu mövcud olmuşdur. Bu səbəbdən ləğvedici "xxxx" ASC-də sığorta hadisəsi baş vermiş olduğu dövrdə hazırki iş üzrə iddiaçının Bank qarşısında olan öhdəliyinə aid hissəsini bloklaşdıraraq qalıq hissə iddiaçıya kompensasiya olaraq ödəmişdir. Belə ki, "Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.10-cu maddəsinə əsasən sığorta hadisəsinin baş verdiyi gün - bu qanuna müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir. Həmin Qanunun 2-ci maddəsində qorunmayan əmanətlərə şamil edilən əmanətlər üzrə bölgü sırası tam olaraq qeyd edilmişdir. Qanunun 2.1.2.9-cu maddəsinə əsasən ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti qorunmayan əmanət hesab edilir. İş üzrə iddiaçının "xxxx" ASC ilə bağladığı əmanət müqaviləsi 29.01,2016-ci il tarixində bağlanmışdır. Tərəflər arasında bundan əvvəl 19.02.2013-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı Bank 34 729,82 manat məbləğində 207 ay müddətinə kredit vəsaiti vermişdir. Tərəflər arasındakı son əqd bağlandığı zaman yəni əmanət yerləşdirildiyi zaman "Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu maddəsi öz hüquqi qüvvəsində olmuşdur. Ləğvedici Qanunun bu müddəasını əsas götürərək Bank qarşısında olan öhdəliyi bloklaşdırmış və geridə qalan məbləği iddiaçıya kompensasiya olaraq ödəmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbim qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və sair maddi xeyir əldə etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2543/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2871/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Fuad Babayev).

7. Həmin qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

8. Ali Məhkəmənin 2(102)-4212/2021 saylı, 13.09.2021-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən: Elşanə Vəliyeva). Tərəflərin izahatları:

9. İşə yenidən apellyasiya qaydasında baxılan zaman məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Surxaylı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

12. Belə ki, iş materiallarında olan İddiaçı 29.01.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsindən görünür ki, 30.000 manat məbləğində pul "xxxx" ASC-nə depozit olaraq qoymuşdur.

13. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19.02.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 34729.82 manat məbləğində 207 ay müddətinə kredit verir. Kredit borcalana Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 01, blok 82, mənzil 18, ümumi sahəsi 67.85 kv.m olan, 2 otaqlı mənzildən ibarət yaşayış sahəsinin alınmasına verilir. Hüquqi dəyərləndirmə:

14. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir.

17. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9). Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2). Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir (2.1.2.6). X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir (8.1.20)

18. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

22. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

26. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

27. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı 29.01.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsinə əsasən 30.000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nə depozit olaraq qoymuşdur. Sonradan "xxxx" ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir.

28. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «... apellyasiya məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman, yəni 29.01.2016-cı il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu və 26.2-ci maddəsindən hansının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun 85.1-ci maddəsi nəzərə alınmaqla qüvvədə olmasına hüquqi qiymət verməmış, 2.1.2.9-cu maddənin qüvvədə olmamasına istinad etsə də, bu zaman eyni vaxtda Qanuna əlavə edilmiş 26.2-ci maddə baxımından iddiaya nəyə görə qiymət vermədiyini qətnamədə əsaslandırmamışdır. »

29. İşə yenidən apellyasiya qaydasında baxılan zaman Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma əsasında kollegiya qeyd edilməsini zəruri hesab edir ki, Fond 16.03.2016-cı il tarixində qismən kompensasiya ödəyərkən “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.9-cu maddəsinin artıq ləğv edildiyini və İddiaçı kompensasiyasının tam ödəməli olduğunu bildiyi halda, əhəmiyyət verməmiş və qanunu pozaraq onun kompensasiyasını qismən ödəmişdir.

30. Mülki Prosessual Məcələsinin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Hazırki işdə isə mübahisəli hüquq münasibətinin yaranmış olduğu tarix İddiaçı Fond tərəfindən qismən kompensasiyanın edildiyi 16.03.2016-cı il tarixidir ki, həmin tarixdə də Qanunun 2.1.2.9-cu maddəsi artıq qüvvədə deyildi.

32. Belə ki, Qanunun 2.1.2.9-cu maddəsi 19.01.2016-cı ildə ölkə başçısı tərəfindən imzalanmış və 04.03.2016-cı il tarixində rəsmi dərc edilmiş “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun”la ləgv edilmiş, həmin Qanunla “Əmanətlərin sığortalanması haqqında” Qanuna 26.2-ci maddə əlavə edilmişdir. Qanunun 26.2-ci maddəsinin tələblərinə görə “Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.”

33. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçıla ləğvedici arasında mübahisəli hüquq münasibəti sığorta hadisəsi baş verəndən sonra İddiaçı tərəfindən əmanət üzrə kompensasiyanın alınması üçün ləğvediciyə etdiyi müraciət əsasında sonuncu tərəfindən İddiaçı 629 manat məbləğində qismən ödənişin edilməsi, 29.371 manat məbləğində pulunun isə bloklanaraq ona ödənməməsi faktının baş verdiyi 16.03.2016-cı il tarixində yaranıb. Yəni cavabdehin istinad etdiyi 2.1.2.9-cu maddəsi artıq mübahisəli hüquq münasibətinin yarandığı 16.03.2016-cı ildə qüvvədə deyildi və bu tarixdə artıq Qanunun 26.2-ci maddəsi qüvvədə idi. Həmin maddənin tələblərinə görə isə əmanətçinin bankda vaxtı çatmış öhdəliyi olduğu təqdirdə onun qaytarılan əmanəti bu borc məbləğində bloklanaraq, qalıq nisbətində verilə bilərdi.

34. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, İddiaçı həmin vaxtı banka vaxtı çatmış, yəni gecikdirilmiş borcu olmamışdır. Bunun əksini sübut edən dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, iş materiallarında aşkar edilməmişdir. Əlavə olaraq hətta cavabdehin nümayəndəsi də apelyasiya baxışı zamanı ona verilən suala cavab olaraq da bildirmişdir ki, İddiaçı həmin tarixə gecikdirilmiş borcu olmamışdır.

35. Məhkəmə əvvəlki apelyasiya baxışında təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı məsələyə münasibət bildirərək qeyd etməyi vacib hesab edir ki, qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından isə görünür ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələb etdiyi formada ona bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə prosesində iştirak etməmiş, yalnız işin apellyasiya baxışında məhkəmə prosesində iştirak edərək həmin ərizəni apellyasiya instansiya məhkəməsində təqdim etmişdir. Bununla da cavabdeh tərəfindən qanunun yuxarıda qeyd edilən tələbləri pozulduğundan, ərizə onun tərəfindən məhkəməyə qanunla müəyyən edilmiş vaxtda təqdim edilmədiyi üçün təmin edilə bilməzdi.

36. Həmçinin Məhkəmə Kollegiyası hazırki mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında bu halda “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28-ci maddəsində əks olunmuş müddətlərin nəzərə alınmaması ilə bağlı məsələ üzrə qeyd edilməsini zəruri hesab edir ki, Qanunun həmin müddəasında əmanətçinin Fonda (Əmanətlərin Sığortalanması Fondu) kompensasiya alınması üçün müraciət müddətləri və bununla bağlı digər məsələlər qeyd edilmişdir. İş materiallarından isə müəyyən olunur ki, əmanətçi həmin maddədə qeyd edilən müddət və tələblər çərçivəsində kompensasiya alınması üçün Fonda müraciət etmiş, bu müddət onun tərəfindən pozulmamış, Fond isə həmin müraciətə cavab olaraq ona 16.03.2016-cı il tarixində 629 manat məbləğində qismən kompensasiya ödənişi etmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, əmanət üzrə kompensasiyanın tələbinə dair iddialara Mülki Məcəllənin 384.0.2-ci maddəsinə istinad edilməklə iddia müddətləri şamil edilməməlidir.

37. Qeyd edilənlərlə yanaşı Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbinin təmin edilməsi ədalətlilik prinsipi baxımından da əsaslıdır. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya faiz hesablanması bu gün də davam etdirilir, iddiaçının depozitdə olan əmanəti üzrə faiz hesablanması isə dayandırılmışdır. Belə olan halda iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməməsi isə həm kredit müqaviləsi üzrə borcun gecikdirilməsinə görə hesablanmış faizlərin məbləğinin artmasına, həm də bu kredit müqaviləsinin təmini üsulu olan ipoteka müqaviləsi üzrə yüklü olan Xırdalan şəhəri, bina 1 ünvanında yerləşən 18 saylı mənzilinə tutma yönəldilməsi və onun satılması ilə nəticələnə bilər.

38. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri ədalətlilik prinsipidir. İddiaçının bank qarşısında olan həm kreditor, həm də debitor kimi çıxış etdiyi təqdirdə öhdəliklərinin icra edilməsinin ondan tələb edilməsi, iddiaçıya məxsus əmanət hesabındakı məbləğin qaytarılmasının isə qeyri-müəyyən vaxta təxirə salınmaqla iddiaçının kredit müqaviləsi üzrə borcuna görə faizlərin hesablanmasının davam etdirilməsi hazırki halda ədalətlilik prinsipinə ziddir.

39. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Beləliklə, iş materiallarına, tərəflərin izahatlarına, apellyasiya şikayətinin dəlillərinə əsasən, Ali Məhkəmənin göstərişlərini rəhbər tutaraq kollegiya hesab edir ki, mübahisəli hüquq münasibəti sığorta hadisəsi baş verəndən sonra 16.03.2016-cı il tarixində yarandığından, həmin vaxt qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.2-ci maddəsi qüvvədə olduğundan və İddiaçı həmin vaxtı banka vaxtı çatmış, yəni gecikdirilmiş borcunun olması sübuta yetirilmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

45. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2871/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar