Məhkəmə qərarları › İş №2(103)-671/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-671/2023

27.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-671/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “komunal xidmətlərə görə pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2022-ci il tarixli qətnamədən iddiaçı MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi (əri) Nümayəndə1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) iddia barədə məlumat

1. İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi və sonradan “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2021-ci ilin iyun ayınadək istifadə etdiyi kommunal xidmətlərə görə 2.491 manat və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 1 "xxxx" saylı çoxmərtəbəli çoxmənzilli bina 2006-cı ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmişdir. İş üzrə cavabdeh həmin binadan 1 otaqlı 53 saylı mənzili almış və ailə üzvləri ilə bilikdə həmin mənzildə yaşayır. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmiş və İddiaçı Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olmuşdur. Binada yaşayan sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradanədək, yəni 2010-cu ilin yanvar ayından 2021-ci ilin iyun ayınadək binanın kommunal xidmətləri, binaya xidmət, binanın saxlanılmasını, binanın təmiri, zibillərin daşınmasını və liftlərin saxlanılması, təmiri sakinlərin razılığı əsasında əvvəlcə MTK, MTK ləğv edildiyi xx.xx.2015-ci il tarixdən etibarən isə MTK-nin qanuni varisi olan İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. Lakin, binanın bəzi sakinləri həmin xərcləri lazımi qaydada ödəmirlər, baxmayaraq ki qeyd edilən xərclərin hesablanması və ödənilməsi qaydası ilə bağlı xx.xx.2010, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015-ci il tarixlərdə MTK-nın, xx.xx.2017-ci il tarixdə isə MMC-nin ümumi iclasın qərarları qəbul edilmişdir. Həmin xərcləri lazımi qaydada ödəməyən sakinlərdən biri də, hazırki iş üzrə cavabdehdir. Cavabdeh, onunla MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli, onunla MMC arasında bağlanmış xx.xx.2017 və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmir, yuxarıda qeyd edilən xərcləri lazimi qaydada ödəmir. Bunun nəticəsində 2010-cu ilin yanvar ayından 2021-ci ilin iyun ayınadək cavabdehin 2.491 manat məbləğində kommunal borcu yaranmışdır. MMC, həmin borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, MMC, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 50 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.

b) cavabdehin iddia tələbinə qarşı yazılı etirazı barədə məlumat

3. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, MMC, iddia ərizəsində qeyd edilən borc barədə cavabdehə məlumat verməmişdir. Bundan başqa borcun məbləği şişirdilmişdir. Belə ki, kommunal xərclərin yay ayları üçün 25 manat, qış ayları üçün isə 50 manat hesablanmış, buna səbəb qış aylarında istilik sisteminin işləməsi olmuş, lakin istilik sistemi 2009-cu ildən 2012-ci ilədək işləmiş, sonradan isə MMC-nin qaza görə borcu olduğu üçün sistemin işləməsi dayandırılmış, nəticədə sakinlərin böyük qismi öz mənzillərində fərdi istilik sistemlərini quraşdırmağa məcbur olmuşlar. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, ona hesablanmış borcları MMC-yə ödəmiş, lakin bununla bağlı ona heç bir qəbz verilməmiş, ödənişlər barədə dəftərxana kitabında sadə qeydiyyat aparılmışdır. Daha sonra cavabdeh bildirmişdir ki, koronovirus virusunun yayılmasının qarşının alınması üçün ölkə ərazisində tətbiq edilmiş karantin müddətdə o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 1 "xxxx" saylı evdə yerləşən 53 saylı mənzildə deyil, bağda yaşamış və MMC-nin binaya göstərdiyi kommunal xidmətlərdən istifadə etməmişdir. Eyni zamanda bildirir ki, o, mənzildə yaşadığı dövrdə, binada MMC tərəfindən quraşdırılmış televiziya antenasından ümumiyyətlə istifadə etməmiş, mənzilə köçdüyü ilk gündən "xxxx" Şirkəti ilə bağladığı müqavilə əsasında həmin Şirkətin antenasından istifadə etmişdir. Bunlardan başqa nəzərə alınmalıdır ki, mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alan zaman, MMC, heç bir əsas olmadan ondan 500 manat məbləğində pul almış və bu ödənişi təsdiq edə biləcək qəbzi ona verməmişdir. Odur ki, ondan MMC-nin xeyrinə hər hansı məbləğdə pul tutularsa, həmin məbləğ borcdan çıxılmalıdır.

c) iş üzrə tərəflərin Rayon Məhkəməsinə verdikləri izahat barədə məlumat

4. İddiaçı MMC-nin nümayəndəsi Rayon Məhkəməsinə izahat verərək iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi ilə cavabdehdən tutulması xahiş edilən 2.491 manata aşağıdakılar daxildir: kommunal xərclərə görə hesablanmış borc - 2.016 manat, cavabdehin mənzilinə quraşdırılmış sayğaclara görə - 160 manat, binada quraşdırılmış antenadan istifadəyə görə yaranmış borc - 315 manat.

5. Cavabdehin nümayəndəsi (əri) Rayon Məhkəməsinə izahat verərək iddia tələbinə etiraz etmiş, iddia tələbinə qarşı verdiyi etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, o və cavabdeh olan arvadı kommunal xidmətlərə görə MMC-yə mütəmadi ödənişlər etmişlər. Buna baxmayaraq onların MMC-yə 2020-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi 330 manat məbləğində borcları qalmışdır. Buna görə də, o, bu halın nəzərə alınmasını xahiş edir.

d) Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, kommunal xidmətlərə görə hesablanmış borcun ödənilməsi məqsədi ilə 330 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin ödənilməsi məqsədi ilə 7 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı MMC cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Buna baxmayaraq, cavabdeh, 2020-ci ilin iyul ayından 2021ci ilin iyun ayına kimi hər ay üçün 30 manat olmaqla 11 ay üçün 330 manat məbləğində iddiaçı MMC-yə borcunun olmasını etiraf etmişdir. Bu səbəbdən də, yalnız həmin məbləğ cavabdehdən tutularaq iddia MMC-yə ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, fiziki şəxslərə münasibətdə qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsi tələb edilmir. Buna görə də, sayğaca görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 160 manat məbləğində pul tutula bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, MMC, onun tərəfindən cavabdehin mənzilində sayğacların quraşdırılmasına görə hər hansı məbləğdə ödənişin edilməsi barədə məhkəməyə sübut da təqdim edilməmişdir. İddiaçı MMC, binada quraşdırdığı ümumi antenadan cavabdehin istifadəsinə görə cavabdehə hesablanmış 315 manat məbləğində borcun tutulmasını tələb etsə də, cavabdehin həmin antenadan istifadə etməsini təsdiq edə biləcək sübutları da, təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, cavabdeh, onunla "xxxx" MMC arasında bağlanmış həmin müqaviləyə əsasən həmin MMC tərəfindən təqdim edilən teleradio proqramları paketindən istifadə edir.

e) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

İİ. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

10. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, təmsil etdiyi MMC əslində qətnamənin bir hissəsindən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi barədə hissəsindən narazıdır. Buna görə də, o, qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, fiziki şəxslərə münasibətdə qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsi tələb edilməsə də, MMC, sayğaca görə 160 manatı ödəmişdir. Bu səbəbdən də, həmin məbləğ cavabdehdən MMCnin xeyrinə tutulmalıdır. Eyni zamanda bildirir ki, o, Məhkəmənin tapşırığına əsasən əlavə araşdırma aparmış və bu zaman müəyyən etmişdir ki, cavabdeh, binada quraşdırılmış ümumi antenadan istifadə etmir. Odur ki, bu tələbin həll edilməsini Məhkəmənin mülahizəsinə buraxır.

11. Cavabdehin nümayəndəsi (əri) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinə qarşı verdiyi yazılı etirazın, habelə Rayon Məhkəməsində verdiyi izahatın məzmununa və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, o və arvadı olan cavabdeh, onlar tərəfindən iddiaçı MMCyə edilmiş ödənişləri təsdiq edə biləcək “ödəniş qəbzlərini” saxlamamışlar. Bundan başqa nəzərə alınmalıdır ki, fiziki şəxslərə münasibətdə qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsi tələb edilmir. Buna görə də, sayğaca görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 160 manat məbləğində pulun tutulması barədə tələb əsassızdır.

g) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

12. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin bir qismi təmin edilsə də, iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir.

13. Qətnamədən apellyasiya şikayətini iddiaçı MMC vermişdir.

14. Apellyasiya şikayətində qətnamənin tam həcmdə ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan və iddiaçı MMC-nin nümayəndəsinin izahatından bəlli olur ki, iddiaçı MMC, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.

15. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.

h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, işdə olan sənədlərə əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 1 "xxxx" saylı çoxmərtəbəli çoxmənzilli bina 2006-cı ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmişdir. İş üzrə cavabdeh, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən həmin binadan 1 otaqlı 53 saylı mənzili almış və ailə üzvləri ilə bilikdə həmin mənzildə hazırda da yaşayır. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmiş və İddiaçı Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olmuşdur. Binada yaşayan sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradanədək, yəni 2010-cu ilin yanvar ayından 2021-ci ilin iyun ayınadək binanın kommunal xidmətləri, binaya xidmət, binanın saxlanılmasını, binanın təmiri, zibillərin daşınmasını və liftlərin saxlanılması, təmiri sakinlərin razılığı əsasında əvvəlcə MTK, MTK ləğv edildiyi xx.xx.2015-ci il tarixdən etibarən isə MTK-nin qanuni varisi olan İddiaçı MMC tərəfindən həyata keçirilmişdir.

19. Məhkəmə işin mübahisəli hallarını şərti olaraq 3 hissəyə bölərək qeyd edir ki, iddiaçı MMC bildirir ki, binanın bəzi sakinləri kommunal xərcləri lazımi qaydada ödəmirlər, baxmayaraq ki qeyd edilən xərclərin hesablanması və ödənilməsi qaydası ilə bağlı xx.xx.2010, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015-ci il tarixlərdə MTK-nın, xx.xx.2017-ci il tarixdə isə MMC-nin ümumi iclasın qərarları qəbul edilmişdir. Həmin xərcləri lazımi qaydada ödəməyən sakinlərdən biri də, hazırki iş üzrə cavabdehdir. Cavabdeh, onunla MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli, onunla MMC arasında bağlanmış xx.xx.2017 və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmir, yuxarıda qeyd edilən xərcləri lazimi qaydada ödəmir. Bunun nəticəsində 2010-cu ilin yanvar ayından 2021-ci ilin iyun ayınadək cavabdehin 2.016 manat məbləğində kommunal borcu yaranmışdır. MMC, həmin borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh borcu ödəməkdən yayınmışdır.

20. İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı MTK ilə (1 otaqlı mənzilin sahibi olan) cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilədən” görünür ki, müqavilənin şərtlərinə görə, MTK binanın kommunal xidmətləri, binaya xidmət, binanın saxlanılmasını, binanın təmiri, zibillərin daşınmasını və liftlərin saxlanılmasını həyata keçirməyi öz öhdəsinə, cavabdeh isə həmin xidmətlərin xərcini MTK-ya ödəməyi öz öhdəsinə götürmüşlər. 1 otaqlı mənzil üçün 1 aylıq kommunal xərci 25 manat təşkil edir.

21. İddiaçı MMC-nin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli, 07 nömrəli qərarından görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 30 manat məbləğində müəyyən edilmişdir.

22. İddiaçı MMC ilə (1 otaqlı mənzilin sahibi olan) cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilədən” görünür ki, müqavilənin şərtlərinə görə, MMC binanın kommunal xidmətləri, binaya xidmət, binanın saxlanılmasını, binanın təmiri, zibillərin daşınmasını və liftlərin saxlanılmasını həyata keçirməyi öz öhdəsinə, cavabdeh isə həmin xidmətlərin xərcini MMC-yə ödəməyi öz öhdəsinə götürmüşlər. 1 otaqlı mənzil üçün 1 aylıq kommunal xərci 30 manat təşkil edir.

23. İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilədən” görünür ki, müqavilənin şərtlərinə görə, MMC binanın kommunal xidmətləri, binaya xidmət, binanın saxlanılmasını, binanın təmiri, zibillərin daşınmasını və liftlərin saxlanılmasını həyata keçirməyi öz öhdəsinə, cavabdeh isə həmin xidmətlərin xərcini MMC-yə ödəməyi öz öhdəsinə götürmüşlər. 1 otaqlı mənzil üçün 1 aylıq kommunal xərci 30 manat təşkil edir.

24. İddiaçı MMC tərəfindən məhkəmələrə təqdim edilmiş “Borc bildirişlərindən” görünür ki, kommunal xərclərə görə cavabdehə 2010-cu il üçün 90 manat, 2012-ci il üçün 55 manat, 2013-cü il üçün 162 manat, 2014-cü il üçün 169 manat, 2015-ci il üçün 70 manat, 2017-ci il üçün 240 manat, 2018-ci il üçün 360 manat, 2019-cu il üçün 360 manat, 2020-ci il üçün 360 manat, 2021-ci ilin yanvar ayından may ayı daxil olmaqla müddət üçün 360 manat, cəmi isə 2.016 manat məbləğində borc hesablanmışdır.

25. İddiaçı MMC, onun tərəfindən cavabdehə göstərilmiş kommunal xidmətlərə görə 2.016 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

26. Bu tələbə etiraz edən cavabdehin nümayəndəsi isə bildirir ki, o və cavabdeh olan arvadı kommunal xidmətlərə görə MMC-yə mütəmadi ödənişlər etmişlər. Buna baxmayaraq onlara ödəniş barədə qəbzlər verilməmişdir. Lakin onların MMC-yə 2020-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi 330 manat məbləğində borcları qalmışdır.

27. Yuxarıda artıq qeyd edildiyi kimi, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi qismən təmin edərək kommunal xidmətlərə görə hesablanmış borcun ödənilməsi məqsədi ilə 330 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsini (qətnamənin mübahisələndirilməyən hissəsi), bu tələbin qalan hissəsinin təmin edilməməsini qət etmişdir (qətnamənin mübahisələndirilən hissəsi).

28. Müzakirə edilən bu tələbinin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış və yuxarıda göstərilən “Kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrin” mövcudluğu və cavabdehin kommunal xidmətlərin xərcini MMC-yə ödəmək barədə üzərinə öhdəlik götürülməsi nəzərə alındıqda müəyyən edilir ki, həmin öhdəliyin yerinə yetirilməsi, yəni kommunal xidmətlərə görə hesablanmış xərclərin MMCyə ödənilməsi faktını sübut etmək yükü cavabdehin üzərinə düşür, lakin o, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Müzakirə edilən tələbə qarşı cavabdehin etirazı sübuta yetmədiyinə görə, Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsaslı hesab edilə bilməz və o, onunla iddiaçı MMC arasında bağlanmış “Kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr” üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər (maddə 137.5.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.).

31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir (maddə 38.2.). Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.).

32. Göstərilənlərə baxmayaraq Məhkəmə hesab edir ki, müzakirə edilən tələb tam həcmdə təmin edilə bilməz. Çünki iş materiallarından görünür ki, kommunal xidmətlərə görə cavabdehin borcu (iddiaçı MMC-nin özünün də bildirdiyinə görə) 2010-cu ilin yanvar ayından 2021-ci ilin iyun ayınadək olan müddət üçün hesablanmışdır. İddiaçı MMC həmin borcun tutulması barədə iddianı isə xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə təqdim etmişdir.

33. Mülki Məcəllənin tələblərinə görə, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (maddə 550.). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir (maddə 551.2.1.). Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır (maddə 552.1.).

34. Odur ki, qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, iddiaçı MMC tərəfindən göstərilmiş kommunal xidmətlərə görə cavabdehdən MMC-nin xeyrinə 2017-ci ilin avqust ayına qədər hesablanmış borc məbləği tutula bilməz, həmin tarixdən sonra isə 2021-ci ilin may ayı daxil olmaqla müddət üçün hesablanmış borc isə tutula bilər.

35. Bu mövqedən iddiaçı MMC tərəfindən məhkəmələrə təqdim edilmiş “Borc bildirişlərə” yanaşdıqda müəyyən edilir ki, 2017-ci ilin avqust ayından dekabr ayına olan müddət üçün hesablanmış borc 150 manat, 2018-ci il üçün hesablanmış borc 360 manat, 2019-cu il üçün hesablanmış borc 360 manat, 2020-ci il üçün hesablanmış borc 360 manat, 2021-ci ilin yanvar ayından may ayı daxil olmaqla müddət üçün hesablanmış borc 360 manat, cəmi isə (46 ay x 30 manat=) 1.380 manat təşkil edir.

36. Yuxarıda artıq qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə 2020-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi (11 ay üçün) göstərilmiş kommunal xidmətlərə görə 330 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını qət etmişdir. Qətnamənin həmin hissəsi hazırki apellyasiya baxışının predmeti olmasa da, hazırki apellyasiya icraatı zamanı nəzərə alınmalıdır. Belə olan halda müəyyən edilir ki, kommunal xidmətlərə görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmalı məbləğ (1.380 - 330=) 1.050 manat təşkil edir.

37. Göründüyü kimi, Rayon Məhkəməsi kommunal xidmətlərə görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 1.050 manat məbləğində pulu tutmaqla iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili qismən əsaslıdır.

38. İddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü və hazırki apellyasiya baxışının predmetini təşkil edən növbəti tələbi ondan ibarətdir ki, cavabdehin mənzilinə sayğacların quraşdırılmasına görə MMC tərəfindən aidiyyəti təşkilatlara cəmi 160 manat məbləğində pul ödənilmişdir ki, həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır.

39. Cavabdeh tərəfin bu tələbə qarşı olan mövqeyi ondan ibarətdir ki, fiziki şəxslərə münasibətdə qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsi tələb edilmir. Buna görə də, sayğaca görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 160 manat məbləğində pulun tutulması barədə tələb əsassızdır.

40. Yuxarıda artıq qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi müzakirə edilən bu tələbi təmin etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, fiziki şəxslərə münasibətdə qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsi tələb edilmir. Buna görə də, sayğaca görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 160 manat məbləğində pul tutula bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, MMC, onun tərəfindən cavabdehin mənzilində sayğacların quraşdırılmasına görə hər hansı məbləğdə ödənişin edilməsi barədə məhkəməyə sübut da təqdim edilməmişdir.

41. Müzakirə edilən bu tələbinin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış və yuxarıda göstərilən “Kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrdən” görünür ki, iş üzrə tərəflər bu kimi xərcin əvəzinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə razılaşdırmamış, cavabdeh həmin xərcin əvəzinin MMC-ya ödənilməsi barədə üzərinə öhdəlik götürməmiş, MMC, onun tərəfindən cavabdehin mənzilində sayğacların quraşdırılmasına görə hər hansı məbləğdə ödənişin edilməsi barədə sübutları məhkəmələrə təqdim etməmişdir.

42. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” tələbinə görə, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (bənd 7.9.).

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” tələbinə görə, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir (bənd 6.5.).

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələbinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.).

45. Göründüyü kimi, qanunverici, istehlakçı olan fiziki şəxslərə məxsus yaşayış sahələrində qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsini tələb edilmir.

46. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır.

47. İddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü və hazırki apellyasiya baxışının predmetini təşkil edən sonuncu tələbi ondan ibarətdir ki, cavabdeh, yaşadığı binada quraşdırılmış antenadan istifadə etsə də, bu istifadəyə görə yaranmış 315 manat məbləğində borcu ödəmir. Buna görə də, həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır.

48. Cavabdehin bu tələbə qarşı olan etirazı ondan ibarətdir ki, o, mənzildə yaşadığı dövrdə, binada MMC tərəfindən quraşdırılmış televiziya antenasından ümumiyyətlə istifadə etməmiş, mənzilə köçdüyü ilk gündən "xxxx" Şirkəti ilə bağladığı müqavilə əsasında həmin Şirkətin antenasından istifadə edir.

49. Yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsi bu tələbi də təmin etməmişdir. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, MMC, binada quraşdırdığı ümumi antenadan cavabdehin istifadəsinə görə cavabdehə hesablanmış 315 manat məbləğində borcun tutulmasını tələb etsə də, cavabdehin həmin antenadan istifadə etməsini təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, cavabdeh, onunla "xxxx" MMC arasında bağlanmış həmin müqaviləyə əsasən həmin MMC tərəfindən təqdim edilən teleradio proqramları paketindən istifadə edir.

50. Məhkəmə müzakirə edilən bu tələbinin əsaslı olub-olmamasını və bu tələbin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslılığını müzakirə edərək hesab edir ki, Rayon Məhkəməsi bu tələbi əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur. Çünki apellyasiyanın da nəticələri ilə müəyyən edilir ki, cavabdeh, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən həmin MMC tərəfindən təqdim edilən teleradio proqramları paketindən istifadə edir. Cavabdehin iddiaçı MMC tərəfindən binada quraşdırılmış ümumi antenadan istifadə etməsini təsdiq edə biləcək sübutlar MMC tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

51. Göstərilənləri və MPM-nin yuxarıda qeyd edilən 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

i) apellyasiya baxışının nəticəsi

52. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya şikayəti qismən əsaslıdır; apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apelyasiya baxışının nəticəsi qismən səhvdir və işin hallarında uyğun deyil.

53. Buna görə də apellyasiya baxışının nəticələrini, MPM-nin 384 və 385-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin apellyasiya şikayəti qismən, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni MMC tərəfindən cavabdehə qarşı irəli sürülmüş “göstərilmiş kommunal xidmətlərə görə cavabdehdən MMC-nin xeyrinə pulun tutulması barədə” tələbin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb qismən təmin edilməli, kommunal xidmətlərə görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə (Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə tutulmalı olan 330 manat məbləğində puldan əlavə) 1.050 manat məbləğində pul tutulmalı, apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni cavabdehin mənzilinə quraşdırılmış sayğaclara görə, binada quraşdırılmış antenadan istifadəyə görə yaranmış borcun tutulması barədə tələblərin təmin edilməməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

55. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni İddiaçı MMC tərəfindən Cavabdeh qarşı irəli sürülmüş “göstərilmiş kommunal xidmətlərə görə pulun tutulması barədə” tələbin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin iddia qismən təmin edilsin. Göstərilmiş kommunal xidmətlərə görə Cavabdeh İddiaçı MMC-nin xeyrinə (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə tutulmalı olan 330 manat məbləğində puldan əlavə) 1.050 manat məbləğində pul tutulsun. Hazırki qətnamə ilə tutulmalı olan pul məbləği ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 06 oktyabr 2022-ci il tarixli qətnamənin hazırki apellyasiya baxışının predmeti olmayan hissəsi ilə tutulmalı olan 330 manat məbləğində pul toplansın və Cavabdeh İddiaçı MMC-nin xeyrinə cəmi 1.380 (bir min üç yüz səksən) manat məbləğində pul tutulsun. Apellyasiya baxışının predmeti olan qalan hissədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 06 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar