Məhkəmə qərarları › İş №2(103)-6716/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6716/2022

08.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6716/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin qeydə alınması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin qeydə alınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2224/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ nömrəli ******* saylı müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X4 verilmiş **********58 reyestr nömrəli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən 0,05 ha hissəsini İddiaçı satmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin məhkəməyə cavabına əsasən aşkarlanmışdır kı, Bakı şəhəri 25 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2007-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən vətəndaş İddiaçı barəsində notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı cavabından görsənir ki, 2007-ci ilə dair təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydə alındığı notariat reyestrinə baxış keçirilərkən vətəndaş İddiaçı barəsində notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş 4Ə/1-218 və reyestr nömrəli, AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsinin reyestr kitabında (jurnalında) qeydə alınması öhdəliyinin Bakı şəhəri 25 saylı dövlət notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində vətəndaş X5 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlat Reyestrində reyestr nömrəsi **********58, MH nömrəli ******* seriyalı çıxarışa əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,05 ha hissəsini 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı, Dövlət notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə/1-218 nömrə ilə qeydə alınmış, AN-l ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsinin dəyəri 4000 manat onun tərəfindən satıcıya tam ödənilmişdir. Torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evi inşa etmiş və hal-hazırda orada yaşayır. Qeyd edir ki, o, 06 oktyabr 2007-ci il tarixdə alqı-satqısı qaydasında aldığı 0,05 ha torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, bildirmişlər ki, həmin torpaq sahəsinə dair sənədlərin əsli ilə “ASAN” xidmət mərkəzinə təqdim edildiyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaq. Onun tərəfindən “ASAN” xidmət mərkəzinə şifahi müraciət olunmuşdur və bildirmişlər ki, satıcı ilə onun arasında daşınmaz əmlaka dair bağlanılmış alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən uzun müddət keçməsi səbəbindən həmin alqı-satqı müqaviləsinə notarius tərəfindən təkrar möhür vurulmalıdır. Bundan sonra o həmin notariat kontoruna müraciət etmiş və ona bildirmişlər ki, sənədlər Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə verildiyinə görə ora müraciət etmişdir. O, rəsmi olaraq Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmişdir və 08/01-Q-31/13 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirdilər ki, 25 saylı dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş 2007-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı notariat reyestrində onunla satıcı arasında 0.05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinin notariat hərəkətlərinin rəsmiləşdirilməsi barədə qeydiyyatı aparılmamış, notariat reyestrində sonuncu müqavilə xx.xx.2007-ci il tarixdə 170 nömrə altında qeydə alınmışdır. Belə ki, 06 oktyabr 2007-cı il tarixdə Bakı şəhəri 25 saylı dövlət notariat kontorunda reyestrdə 4Ə/1-218 nömrə ilə qeydə alınmış, AN-İ ******* saylı alqı-satqı müqaviləsini notariusun yanında tərəflər imzalamış, müqavilə nüsxələri notariusun möhürü ilə təsdiq olunmuş və 110 manat dövlət rüsumu ödənilmişdir, müqavilədə göstərilən reyestr nömrəsinin notariat reyestrində qeydə alınmaması onun təqsiri ucbatından baş verməmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 avqust 2022-ci il tarixli 2(003)-2224/2022 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia rədd edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ nömrəli ******* saylı müqavilənin bağlanmasının satıcı kimi qeydə alınan X9 tərəfindən təsdiq olunduğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ nömrəli ******* saylı müqavilənin əslinin məhkəməyə təqdim olunduğu da iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bakı şəhəri 25 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2007-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən vətəndaş İddiaçı barəsində notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyat aparılmamışdır, bundan əlavə mübahisələndirilən müqavilənin əsli məhkəməyə təqdim edilməmiş, alqı-satqı müqaviləsində satıcı qismində qeyd olunan X5 həqiqətən mövcud olması və bu müqaviləni imzalaması da sübuta yetirilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı irəli sürdüyü iddia üzrə öz tələbini kifayət qədər əsaslandıra bilməmiş, buna dair mötəbər sübutları təqdim etməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 146.1, 324.1, 331, 334-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil edir: sözügedən alqısatqı müqaviləsi “4-Ə” reyestrinə qeyd edilib nömrə verilsə də, reyestr kitabında qeydə alınmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Kollegiya tərəfindən X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

18. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

19. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamədən tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

27. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ nömrəli ******* saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X4 verilmiş **********58 reyestr nömrəli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən 0,05 ha hissəsini İddiaçı satmışdır.

28. Üçüncü şəxs qismində cəlb edilmiş X6 apelyasiya baxışının əvvəlki iclasında qeyd etmişdir ki, mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,05 ha hissəsini iddiaçıya, qalan 0,07 ha hissəsini isə Anar adlı şəxsə satmışdır. Hər iki alqı-satqı eyni gündə olmuşdur. Digər alıcı Anar həmin vaxt çıxarış almış, iddiaçı isə uzun müddət almamışdır. Torpaq sahələri satıldığı vaxtdan alıcıların faktiki istifadəsindədir.

29. Kollegiya tərəfindən verilmiş sorğuya Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri 25 saylı dövlət notariat ofisində xx.xx.2007xx.xx.2007-ci il tarixlərə dair 4Ə-1 və xx.xx.2007-xx.xx.2007-ci il tarixlərə dair 4Ə-2 indeksli notariat reyestrlərinin surətləri təqdim edilmişdir. Daşınmaz əmlakların özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydə alındığı reyestr kitabından görünür ki, sonuncu müqavilə xx.xx.2007-ci il tarixdə 170 nömrə ilə qeydə alınmışdır.

30. Eyni zamanda 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab məktubu ilə müvafiq sənədlər təqdim edilmişdir.

31. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 887 nömrəli sərəncamına əsasən X4 Mərdəkan qəsəbəsində 5/İ0 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin plan və ölçü sxemi tərtib edilmişdir.

32. X6 xx.xx.2007-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən 0,07 ha torpaq sahəsini X1. Müqavilədən görünür ki, reyestrdə 4Ə/1-219 nömrə ilə qeydə alınmışdır.

33. Tərtib edilmiş torpaq sahəsinin bölgü sxemindən də görünür ki, Əliəkbər Qədirov mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,07 ha hisssəsini X7, 0,05 ha hissəsini isə X2. Bölgü sxemi tərtib edilmiş, satıcı və alıcılar tərəfindən imzalanmışdır.

34. Beləliklə müəyyən edilir ki, X6 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,05 ha hissəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə iddiaçıya, qalan 0,07 ha hissəsini isə eyni tarixli alqı-satqı müqaviləsinə əsasən X1. İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi 4Ə/1-218 reyestr nömrəsi, X10 ilə bağlanmış müqavilə isə 4Ə/1-219 reyestr nömrəsi ilə qeydə alınmışdır.

35. Qeyd olunanlardan aşkardır ki, iddiaçı ilə bağlanmış müqavilə etibarlı əqd olmuş, həqiqətən iddiaçı mülkiyyətçidən qeyd edilən torpaq sahəsini almış, alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqıdan sonra torpaq sahəsinin alıcılara aid hissələrini müvafiq olaraq göstərən bölgü sxemi tərtib edilmişdir. Müqavilələr notarial qaydada təsdiq edilmişdir.

36. Notariat Kontoru tərəfindən notariat reyestrində alqı-satqı müqaviləsinin qeydiyyatının aparılmaması belə bir müqavilənin bağlanmamış olması qənaətinə gəlməyə əsas vermir. Görünən odur ki, notariat orqanın səhvi ucbatından reyestr kitabında iddiaçı ilə bağlanmış müqavilə qeydə alınmamışdır. Bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

37. Odur ki, hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri 25 saylı dövlət notariat ofisinin üzərinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş 4Ə/1-218 və reyestr nömrəli, AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsinin reyestr kitabında (jurnalında) qeydə alınması öhdəliyi qoyulmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2224/2022 saylı iş üzrə 03 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş 4Ə/1-218 reyestr nömrəli, AN-İ nömrəli ******* saylı alqı-satqı müqaviləsinin reyestr kitabında (jurnalında) qeydə alınması öhdəliyi Bakı şəhəri 25 saylı dövlət notariat ofisinin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar