Məhkəmə qərarları › İş №2(103)-6719/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6719/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6719/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " pul ") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-295/2025 növbəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat məbləğində pul, 500 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, N. Yusifbəyli küçəsi məhəllə 954,1 yaşayış binasının 1-ci blokunda yerləşən 3 saylı mənzilin əsas mülkiyyətçisidir. Mənzili təmir etdirmək istəmiş və tanışı vasitəsi ilə 2024-cü ilin may ayında cavabdehlə tanış olmuşdur. Cavabdeh özünü ona dizayner kimi təqdim etmişdir. Cavabdehlə şifahi razılığa əsasən o, 2000 manat müqabilində onun mənzilini dizayn etməli və layihəni 3D formatında ona təqdim etməli idi. Əvvəlcədən ona 500 manat əlbəəl pul ödəndi. xx.xx.2024-cü ildə onun dizayner kimi işin öhdəsindən gələ bilmədiyini görüb, aralarında olan şifahi razılaşmanı pozmaq istədiyini ona bildirmişdir. Lakin cavabdeh onu əmin edərək işi görə biləcəyinə söz vermişdir. Sonradan xx.xx.2024-cü il tarixdə cavabdeh yenidən ona zəng edərək bildirdi ki, 3D formatında layihə hazırlayır və ondan daha 500 manat pul istəmişdir. O cavabdehin 4724 9975 9014 8254 nömrəli kartına 500 manat pul göndərmişdir. Lakin cavabdeh razılaşdıqları kimi ona 3D formatında deyil, kağız üzərində eyni sxem və şəkilləri göndərmişdir. Ona telefon vasitəsi ilə göndərdiyi şəkillər nə onun, nə də ailəsinin xoşuna gəlməmişdir. Qızı dəfələrlə şəkillər göndərərək ona bildirmişdir ki, o, bu formada dizayn istəyir. Lakin o yenə də əvvəlki şəkilləri onlara göndərmişdir.Bu səbəbdən cavabdehlə şifahi razılaşmanı pozmaq istədiyini bildirmiş və ona verdiyi 1000 manat pulu ondan geri tələb etmişdir. Lakin cavabdeh əvvəl pulu qaytaracağına söz versə də sonradan müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan imtina etmişdir. Buna görə DİNnin 102 xidmətinə müraciət etmiş, Sumqayıt şəhər Polis İdarəsinin 3 PB-nin baştəhqiqatçısı polis kapitanı Ə.Nəsirli cinayət işının başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli Qərar qəbul etmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb gərginliyi, mənəvi sarsıntı keçirmiş və dərman müalicəsi almağa məcbur olmuşdur.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-295/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 1.000 manat məbləğində pul vəsaiti, 500 manat mənəvi zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması qərara alınmışdır.

4. Cavabdeh qiyabi qətnamədən şikayət verərək, qətnamənin ləğv edilməsini işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.

5. Xəzər Rayon Məhkəməsinin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Xəzər Rayon Məhkəməsinin 2(003)-295/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilmiş, iş üzrə icraatın təzələnmişdir.

6. Xəzər Rayon Məhkəməsinin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Əkrəm Qəhrəmanov) ilə iddia təmin edilməmişdir.

7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

8. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Belə ki, cavabdeh məhkəmə baxışında məhkəməyə albom təqdim etmişdir. Albom məhkəmə iclasında araşdırılmadan cavabdehin özünə qaytarılmışdır. İddiaçı və mənzilində işləyən ustalar həmin albomu görməyib. Həmin albomun onun mənzilinin təmiri ilə heç bir əlaqəsi yoxdur. Cavabdehdən tələb etməyinə baxmayaraq 3D formatında layihəni hazırlayıb ona verə bilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, razılaşmaya əsasən o 1000 manat ödəmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, o mənzili təmir etdirib qızını həmin mənzilə köçürməyi planlaşdırmış, lakin cavabdehin təqsiri ucbatından bunu reallaşdıra bilməmiş, cavabdeh dəfələrlə söz versə də, sözünə əməl etməmiş, mənzili təmir edən ustalar dizaynerin jertiyoj və eskiz layihə sənədlərini hazırlamaması səbəbindən aylarla işsiz qalmışlar, cavabdeh dəfələrlə ona müraciət edərək ailə problemləri ilə bağlı vaxt istəməsinə baxmayaraq, ona hər dəfə vaxt verilsə də, yenə də o işini görməmiş, iddiaçı ödədiyi pulunu geri istəyəndə isə cavabdeh yalnız 500 manat qaytaracağını demiş, o isə bununla razılaşmamış, iş materiallarına əlavə olunan albomu isə cavabdeh onlara deyil, yalnız məhkəmənin ikinci iclasında gətirib məhkəməyə təqdim etmişdir, onlara belə bir sənəd verilməmişdir, cavabdehin onlara göndərdiyi şəkilləri də heç onların mənzilinə aid deyilmiş, bu əsnada xeyli əsəb gərginliyi və məyusluq yaşamışdır.

10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

12. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı Cavabdeh hərəkətlərindən şikayət etmiş, şikayətində cavabdehlə mənzilinin dizayn işlərinin görülməsi üçün razılığa gəldiyini, buna görə ona 1000 manat pul ödədiyini, lakin cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyini, ödədiyi pulu isə qaytarmaq istəmədiyini bildirmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahat verməkdən imtina etmişdir.

13. İddiaçı və cavabdeh arasında 2024-cü il may-iyun aylarını əhatə edən “Whatsapp” yazışmaları.

14. Mülki iş materiallarına mənzilin dizaynına dair albomun içərisində 2023-cü il fevral tarixli çertyoj, sxem və 3D formatında layihənin kserosurəti əlavə olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 752. Podrat müqaviləsi Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

18. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

19. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

20. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

24. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

25. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

29. Məhkəmə mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməlidir.

30. İddia tələblərini təmin etməyən rayon məhkməəsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında cavabdehin iddiaçı üçün dizayn işləri görməsi barədə şifahi razılıq olmuşdur. İddiaçı buna görə cavabdehə 1000 manat ödəniş etmişdir. Cavabdehin lazımi işləri görməməsi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilməməsini, tərəflər arasında müqavilə olmamasını və cavabdehin bütün işləri icra etdiyini bildirməsini nəzərə alaraq məhkəmə hesab edir ki, bu tələb əsassızdır və təmin olunmamalıdır. Eyni zamanda iddiaçı cavabdehdən mənəvi zərərə görə 500 manat məbləğində pul tələb etmişdir. Lakin iddiaçı ona dəymiş hər hansısa mənəvi zərərlə bağlı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, bu tələb əsassızdır və təmin olunmamalıdır.

31. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında şifahi podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, şifahi razılığa əsasən cavabdeh iddiaçının mənzilinin 3D formatda dizayn lahiyəsini hazırlayıb təqdim etməyi, iddiaçı isə bunun müqabilində 2000 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı əvvəlcə 500 manat pulu əlbəəl ödəmiş, sonradan 500 manat cavabdehin 4724 9975 9014 8254 nömrəli kartına göndərmiş, qalan pulun isə iş bitdikdən sonra ödənilməsi razılaşdırılmışdır.

32. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, mülki iş materiallarında olan tərəflər arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə həyata keçirilən yazışmalardan (i\v səh. 97-120) müəyyən olunur ki, cavabdeh tərəflər arasında olan şifahi razılığa əsasən öhdəliklərini 1 aya icra etməyi öhdəsinə götürsə də, işin icrasını hətta 1 aydan çox gecikdirmiş, 3D formatda layihəni hazırlayıb təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli yazışmalarda cavabdeh 2 günə 3D layihənin hazır olacağını yazmışdır, lakin layihəni göndərməmişdir. xx.xx.2024-cü il tarixli yazışmalarda iddiaçı artıq 1 aylıq müddətin tamam olduğunu, işlərin təhvil verilməsini istəmişdir, cavabdeh “bu gün göndərəcəm” yazsa da, yenə də layihəni hazırlayıb göndərməmişdir. xx.xx.2024-cü il tarixli yazışmalarda 3D layihəni yarım saata göndərəcəyini yazmış, günlər keçməsinə baxmayaraq göndərməmişdir. Həmçinin müxtəlif tarixlərdə cavabdehin yazdığı mesajlardan görünür ki, cavabdeh iddiaçıdan bir neçə dəfə möhlət istəmiş, onu gözləməsini xahiş etmiş, keçən müddət ərzində yenə də 3D dizayn layihəsini hazırlayıb təqdim etməmişdir.

33. Beləliklə də, müəyyən olur ki, cavabdeh razılıq əsasında üzərinə götürdüyü öhdəlikləri tam və iddiaçının istəyinə uyğun icra etməmişdir.

34. Cavabdehin rayon məhkəməsinə baxış iclası zamanı təqdim etdiyi “Dizaynproyekt” albomu ilə bağlı isə qeyd etmək lazımdır ki, iddiaçı da həmin albomdakı layihələrin onun mənzili ilə əlaqəsi olmadığını, bu albomu ilk dəfə məhkəmə iclasında gördüyünü, cavabdeh tərəfindən ona təqdim edilmədiyini apellyasiya şikayətində qeyd etmişdir. Həmçinin albomun üzərində 2023-cü il fevral tarixi qeyd olunmuşdur ki, bu da onu göstərir ki, həmin albom həqiqiətən də iddiaçının mənzilinə aid deyil. Belə ki, tərəflər arasında münasibətlər 2024-ci ilin mart ayında yaranmışdır.

35. Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

36. Hazırkı işin hallarından müəyyən olur ki, iddiaçının cavabdeh tərəfindən natamam görülmüş və aralarındakı razılaşmaya uyğun olmayan işlərə marağı itmişdir, iddiaçı mənzilini sonradan başqa şəxslə əldə olan layihə əsasında təmir etdirmişdir. Cavabdehin podrat müqaviləsinin şərtlərini pozması səbəbindən iddiaçı vaxtında mənzilini təmir etdirə bilməmiş və qızı onun üçün hazırlanan mənzilə köçə bilməmişdir, nəticədə şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə baş vermişdir, bu isə öz növbəsində iddiaçının mənəvi zərərə məruz qalmasına dələlət edir. Demək ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi də əsaslıdır. Mənəvi zərərin əvəzi kimi tələb edilən məbləğ hazırkı işin halları baxımından mütənasib hesab edilir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

40. Beləliklə, Məhkəmə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır və şikayət təmin edilməli, qətnamə ləğv edilərək, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində maddi zərər, 500 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmalıdır. Nəticə:

41. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 1.000 manat məbləğində maddi zərər, 500 manat mənəvi zərər tutulmalıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

43. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

44. Beləliklə, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti 1500 (1000 maddi zərər+500 mənəvi zərər) manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Məhkəmə hesab edir ki, şikayət təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməli ilə bağlı ödənilmiş dövlət rüsumları 45 (30+15) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-295/2025 növbəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh müqaviləyə əsasən ödənilmiş 1.000 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat olmaqla, cəmi 1500 ( min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları 45 (qırx beş) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar