Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6722/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə“ iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2021-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 9.040 manat, mənəvi ziyanın əvəzi olaraq 20.000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, doğuşdan sonra onda yaranmış qarın sallanmasından və uşaqlıq yolunun genişlənməsindən əziyyət çəkirdi. Səhhətində yaranmış həmin problemlərin aradan qaldırılması məqsədi ilə cavabdeh MMC-yə müraciət etmişdir. Bütün müvafiq laborator müayinələri keçdikdən sonra tam sağlam olması müəyyən edilmişdir. İddiaçı, plastik əməliyyata qərar verdiyi üçün, eyni vaxtda süd vəzilərində də əməliyyat etdirmək qərarına gəlmişdir. Hər üç problemin aradan qaldırılması ilə bağlı əməliyyatları sözügedən X5 adlı Türkiyədən gəlmiş həkim həyata keçirməli idi. İddiaçı bu məqsədlə cavabdeh MMC-nin xəzinəsinə 6.000 manat vəsait ödəmiş, lakin həmin vaxt iddiaçıya qəbz verilməmişdir. xx.xx.2014-cü il tarixdə Nazim Durak tərəfindən iddiaçının üzərində vena daxili narkoz altında “Süd vəzilərinə implantın yerləşdirilməsi. Abdominoplastika. Kolporafiya” əməliyyatları icra olunmuşdur. İddiaçı iki gün həmin klinikada qaldıqdan sonra xx.xx.2014-cü il tarixdə evə buraxılmışdır. Əməliyyatdan qısa müddət sonra iddiaçının vəziyyəti ağırlaşmağa, süd vəziləri şişərək ağrı verməyə başlamışdır. Təkrar olaraq klinikaya müraciət etmiş, həkim Nazim Durak iddiaçıya heç bir problemin olmadığını bildirmiş və yeni dərmanlar yazmışdır. Lakin zaman keçdikcə iddiaçının səhhəti düzəlmək əvəzinə daha da ağırlaşmışdır. İddiaçı yenə də adıçəkilən klinikaya müraciət etdikdə orada iddiaçıya bildirmişlər ki, X4yıtmışdır. Bir neçə il imkanı olmadığından iddiaçı, təkrar cərrahiyyə əməliyyatına girə bilməmiş və yalnız müəyyən ağrıkəsicilərlə yaşamış, lakin 2018-ci ildə ağrıları daha da artmış və məcbur olub müxtəlif şəxslərdən borc alaraq cərrahiyyə əməliyyatı keçirməyə qərar vermişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə “X7”ya müraciət etmiş, burada müayinə olunmuş və məlum olmuşdur ki, iddiaçının cərrahi əməliyyat yolu ilə süd vəzinin korreksiyasının həyata keçirilməsinə zərurət var. Bu barədə vermiş olduğu analizlərin nəticəsi olaraq bunu iddiaçıya doktor Mircəfər Seyid bildirmişdir. Nəhayət, xx.xx.2018-ci il tarixdə iddiaçı 2.880 manat ödəniş etməklə “X7”da həkim Mircəfər Seyid tərəfindən “implantın dəyişdirilməsi, sağ tərəfli kapsulektomiya” əməliyyatı olunmuşdur. İddiaçıya əməliyyatdan sonra bildirilmişdir ki, onun bədəninə qoyulmuş implant keyfiyyətsiz olmuş və ölkəyə qanunsuz olaraq idxal edilmiş, o cümlədən əməliyyatlar da düzgün aparılmamış, həkim səhvi olmuşdur. İddiaçı bildirir ki, cavabdeh MMC-nin qanunazidd hərəkəti nəticəsində ona 9.040 manat məbləğində maddi zərər dəymişdir. Bundan başqa iddiaçı hesab edir ki, MMC-nin qanunazidd hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir ki, o, həmin zərəri 20.000 manat məbləğində qiymətləndirir.
b) Birinci instansiya məhkəməsində icraat və məhkəmənin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə Rayon Məhkəməsində baxılan zaman Nazim Durak mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.133 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC-də həkim Nazim Durak tərəfindən aparılan əməliyyat nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur. Rayon Məhkəməsi iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərini nəzərə alaraq, maddi ziyana görə 3.133 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlmişdir. Həmçinin Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi, bununla da, iddiaçıya mənəvi zərərin dəyməsi aşkardır. Odur ki, mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbinin qalan hissələri təmin edilməməlidir.
c) Apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının üzərində keçirilən əməliyyat zamanı hansı tibbi norma və standartların pozulması sübuta yetirilməmiş və bununla bağlı iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. İddiaçı, cavabdeh MMC-də xx.xx.2014-cü il tarixdə cərrahiyə əməliyyatı keçirmiş və səhhəti yaxşılaşdığı üçün xx.xx.2014-cü il tarixdə evə buraxılmışdır. Ötən 4 il müddət ərzində iddiaçının üzərində heç bir cərrahiyyə əməliyyatı aparılmamışdır. Bu onu göstərir ki, cavabdeh MMC-də iddiaçı müayinə edilərək ona düzgün diaqnoz qoyulmuş və səhvsiz cərrahiyyə əməliyyatı keçirmişdir. Həmin vaxt tibbi norma və standartlar düzgün tətbiq edilməklə süd vəzilərinə yerləşdirilmiş implantın müvafiq keyfiyyət sənədi xəstəlik tarixinə əlavə edilmişdir. Halbuki, bu implant cərrahiyyə əməliyyatından sonra 4 il müddətə yaxın daşınmışdır. İddiaçı cavabdeh MMC-də keçirdiyi əməliyyatdan 6 il sonra qərəzli olaraq iddia qaldırmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi göstərilən bu hallara əhəmiyyət verməmişdir. d) Hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat
8. Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
9. Cavabdeh MMC isə qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, MMC, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir, o, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticədən narazıdır.
10. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslığını yoxlamamışdır.
e) İş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatı barədə məlumat
12. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.
13. İş üzrə iddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, MPM-nin 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmışdır. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
f) İşdə olan sübutlar
14. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdeh MMC-nin hesabına 93 manat məbləğində ödəniş edilmişdir.
15. Cavabdeh MMC tərəfindən iddiaçının adına verilmiş xx.xx.2014-cü il tarixli “Əməliyyatönü epikrizdən” görünür ki, xəstə klinikaya süd vəzisi nahiyəsinin ölçüsü və formasının, bədən ölçüsünün və formasının estetik baxımından onu qane etməməsi, uşaqlıq yolunda diskomfort hisslərin olması ilə bağlı şikayətlər ilə daxil olmuşdur. Aparılan kliniki və instrumentel müayinələr nəticəsində “Mikromastiya, qarnın ön divarının dərisinin sallanması, uşaqlıq yolunun doğuşdan sonrakı genişlənməsi” diaqnozu qoyulmuşdur. ETN altında “Süd vəzilərinə implantın yerləşdirilməsi, Abdominoplastika, Kolporafiya” əməliyyatı planlaşdırılır. Əməlliyyata əks göstəriş yoxdur, xəstə yaxınlarının razılığı alınmışdır. Müalicə həkimi: Nazim Durak.
16. Cavabdeh MMC tərəfindən iddiaçının adına verilmiş 1301/2014 nömrəli “Epikrizdən” görünür ki, iddiaçı, xx.xx.2014-cü il tarixdə Klinikaya qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə çıxmışdır. Son klinik diaqnoz: “Mikromastiya. Qarının ön divarının dərisinin sallanması. Uşaqlıq yolunun doğuşdan sonrakı genişlənməsi”. Daxil olarkən şikayətləri: “Süd vəzilərinin kiçik olması. Qarının sallanması. Uşaqlıq yolunda genişlənmənin olması”. İnstrumental müayinə: “EKQSinus normal. Sol mədəciyin elektrik aktivliyi. Döş qəfəsi orqanlarının R.-skopiyası. Ağciyərlər və ürək dəyişiksizdir. Xəstəyə kompleks hazırlıq müayinəsi aparıldıqdan sonra xx.xx.2014-cü il tarixdə vena daxili narkoz altında “Süd vəzilərinə implantın yerləşdirilməsi. Abdominoplastika. Kolporafiya” əməliyyatları icra olunmuşdur. Əməliyyatdan sonrakı dövrü fəsadsız keçmişdir. Xəstə kafi vəziyyətdə ambulator nəzarət altında evə yazılmşdır.
17. “X7” Mərkəzi tərəfindən iddiaçının adına verilmiş 571/2018 nömrəli “Epikrizdən” görünür ki, iddiaçı, xx.xx.2018-ci il tarixdə həmin Klinikaya qəbul edilmiş və elə həmin tarixdə çıxmışdır. İddiaçıya süd vəzi hipotrofiyası post operativ deformasiya diaqnozu qoyulmuşdur. İddiaçı, süd vəzilərinin hipotrofiyasından daha öncə əməliyyat olunmuş. Sağ tərəfli kapsul kontraktına bağlı deformasiya olduğu üçün müraciət etmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixində ETN altında implantın dəyişdirilməsi + sağ tərəfli kapsulektomiya icra edilmişdir. Əməliyyatdan sonrakı dövr kafidir iddiaçı ambulator müşahidəyə buraxılaraq məsləhətlər verilmişdir.
18. İşdə olan xx.xx.2018-ci il tarixli, A00242121 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən “X7” Mərkəzinin hesabına 160 manat ödəniş edilmişdir.
19. İşdə olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən “X7” Mərkəzinin hesabına 2.880 manat ödəniş edilmişdir.
20. İddiaçının adına verilmiş xx.xx.2018-ci il tarixli “Süd vəzi USM” dən görünür ki, müayinə yüksək frekanslı və rezolyusiyalı (linear) probla aparıldı: Hər iki süd vəzisində dəri, dərialtı və retromammar yumşaq toxumaların görüntüsü normaldır. Piy toxuması miqdarı normal sərhədlərdədir. Hər iki süd vəzisində exo fərqi göstərən, vəzidə yer alan patologiya izlənilmədi. Solid və ya kistoz törəmə qeyd olunmadı. Hər iki süd vəzi yatağına yerləşdirilmiş normal konfiqurasiyada (oval və ya "damla” şəkilli) izlənilməyən, ətrafında sağda ən geniş yerində qalınlığı 16 mm solda isə 10 mm ölçüdə izoexoik solid sahə əhatə etməkdədir. Sol tərəfdə implant içərisində septa qeyd edilir. Sağ süd vəzi toxuması saat 10 hizasına doğru yerdəyişmişdir. Sağda təxmini 220 ml, solda isə 200 ml implant izlənilir. Xəstənin implant perforasiyası yönündən kliniki dəyərləndirilməsi məsləhət görülür. Bilateral aksillar və aksillar “quyruq” nahiyələrində patoloji limfa düyünü izlənilmədi.
21. İşə baxmış Rayon Məhkəməsinin qəbul etdiyi qərardad əsasında təyin edilmiş məhkəmə tibbi ekspertizası tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 tərəfindən verilmiş 1151 nömrəli, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, 1988-ci il təvəllüdlü iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “X3”nda iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, iddiaçı, xx.xx.2014-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Mikromastiya. Qarnın ön divarının dərisinin sallanması. Uşaqlıq yolunun doğuşdan sonrakı genişlənməsi” diaqnozu düzgün təyin edilmişdir, təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Süd vəzilərinə implantın yerləşdirilməsi, abdominoplastika və kolporafiya” cərrahiyyə əməliyyatları icra edilmişdir. “X7”da iddiaçının adına tərtib edilmiş tibbi sənəddən görünür ki, o, xx.xx.2018-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Süd vəzi hipotrofiyası post operativ deformasiya” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “İmplantın dəyişdirilməsi, sağ tərəfli kapsulektomiya” əməliyyatı icra edilmişdir. Mütəxəssis tərəfindən iddiaçının müayinəsi zamanı hazırda iddiaçıda süd vəzilərinin qismən assimetrik olduğu, süd vəzində silikon implantların palpator olaraq dəyişikliyə uğradığı, sağ süd vəzidə icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonrakı kontrakturanın hesabına əmələ gəldiyi və bunun nəticəsində implant konturunun kəskin hiss olunduğu müəyyən edilmişdir. Qeyd olunan assimetriyaya səbəb onurğada deformasiya və ya icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonrakı kontraktura ola bilər. Təkrar cərrahiyyə əməliyyatı ilə assimmetriya aradan qaldırıla bilər. Tərtib edilmiş tibbi sənədlərdə İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatı zamanı süd vəzilərinə yerləşdirilən implantın hansı ölkə istehsalı olduğu haqqında hər hansı bir qeydiyyat aparılmamışdır.
g) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
22. İş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatları, işdə olan sənədləri nəzərə alan Məhkəmə “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 tərəfindən verilmiş 1151 nömrəli, xx.xx.2021-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul edir. Çünki cavabdeh MMC həmin rəyi şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
23. Bunu, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq Məhkəmə hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.).
25. MPM-nin tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.).
26. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh MMC-də aparılmış əməliyyat nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur.
27. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi bu kimi mövqedən çıxış edərək iddianı qismən təmin etməkdə, iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri əsasında 3.133 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur.
28. İddiaçının sağlamlığına zərər vurulmaması barədə apellyasiya şikayətinin dəlili əsassızdır.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh MMC əməliyyat olunan zaman üçüncü şəxs – həkim Nazim Durakın hərəkəti nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş və o mənəvi iztirablar keçirmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçıya mənəvi ziyan vurulmuşdur.
30. İşə baxmış Rayon Məhkəməsi mənəvi ziyan barədə tələbi qismən təmin edərək mənəvi ziyanın əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını qət etmişdir.
31. Məhkəmə bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır.
32. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
33. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, baş vermiş hadisə, yəni iddiaçının həkim səhvinə görə keçirdiyi əməliyyatlar nəticəsində ona mənəvi ziyan dəyməsi birmənalıdır. Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsinin müəyyən etdiyi 1.000 manat məbləğində pul həmin ziyanın ödənilməsi üçün adekvatdır.
h) Apellyasiya baxışının nəticəsi
34. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Məhkəmə, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
38. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh “X1” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.