Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6730/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-140/2025 nömrəli xx.xx.2025-ci il qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, M.Şahbazov küçəsi, ev 14 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası "xxxx" ASC Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Xəzər rayon SKİ-nin nümayəndələri tərəfindən sızın göstərdiyiniz ünvana baxış keçirildi. Adı çəkilən ünvanda içməli su mövcuddur Sudan istifadə olunmur. Çünki xətt tərəfimizdən qapadılmışdır. Küçədə "xxxx" ASC-yə məxsus çirkab su xətti də mövcud deyil.Abonentin həyətində şəxsi su quyusu da var.Avtoyumada istifadə olunan su quyu suyudur.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 4-cü Ərazi X4 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, əməkdaşları tərəfindən qeyd olunan ünvanda plandankənar yanğıntexniki müayinə keçirilmişdir. Müayinə zamanı aşkar olunmuş yanğın təhlükəsizliyi qaydaları pozulması hallarına görə obyektin sahibi Cavabdeh barəsində inzıbatı xəta haqqında protokol tərtib edilmişdir. Müraciətdə qeyd etdiyiniz obyektin qəzalı vəziyyətdə olub-olmamasının qiymətləndirilməsi X4 Xidmətinin səlahiyyətlərinə aid olmadığı səbəbindən daxil olmuş müraciətin icrası ilə bağlı tərəfimizdən müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd olunan digər nöqsanlarla bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlıyı Tikintidə X2 Agentliyinə müraciət etmək tövsiyə edilir.
4. Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavininin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Xəzər rayon İcra Hakımıyyəti başçısnın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinın əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində şikayət ərizənizdə qeyd olunan ünvanda vətəndaş Cavabdeh mülkiyyətində olan 3/325 saylı sahədə avtoyuma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Nümayəndəlikdən verilən məlumatda 3/325 saylı sahədə fəaliyyət göstərən avtoyuma məntəqəsi həmin ərazidə yaşayan sakinlərin şikayətinə səbəb olması barədə vətəndaş R. İ.Dadaşova izah edilmiş və qonşuların narahatçılığına səbəb olan amillərin tez bir zamanda aradan qaldırılması tövsiyə olunmuşdur.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağlar massivində yaşayan vət. İddiaçı onun, yazmış olduğunuz ərizənizə tərəfimizdən baxılmışdır, şikayətçi olduğunuz şəxs ilə profilaktik söhbətlər aparılmış və bir daha belə hallara yol verməmələri məqsədilə xəbərdarlıq edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1958 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanları və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu və 74-cü maddələrinin tələblərini nəzərə alaraq mübahisəli tikilinin tikintisinə icazə tələb olunan tikililərə aid olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında tikilinin inşa olunmasına dair hər hansı icazə sənədinin olmadığı, verilmiş vəsatətdə icazə sənədlərinin Mərkəzə təqdim edilməsi xahiş olunsa da, təqdim edilmədiyi səbəbindən tədqiq olunan tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin tələblərinə uyğun olub-olmamasını müəyyən edilməsinə dair tədqiqat aparılmır.
7. Yerli baxış protokolundan görünür ki, məhkəmə tərəfindən mübahisəli ünvana baxış keçirilmiş və işlək vəziyyətdə avtoyuma məntəqəsi aşkar edilməmişdir. Cavabdehin jaluz darvazası bağlı olduğundan içəri daxil olmaq mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanda hasarı sökməklə avtoyuma məntəqəsinin inşa etməsi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin avtoyuma məntəqəsinin sökülməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı ş., Mərdəkan qəs, M.Şahbazov küç., ev 14 (köhnə: 28 May küçəsi, dalan 3, Sahə 3/518) onun xüsusi mülkiyyətidir, buna görə də həmin ev həm rəsmi, həm də faktiki yaşayış ünvanı olaraq onun və 7 nəfər ailə üzvlərinin (körpəsi ilə, cavanı ilə) sahiblik və istifadəsindədir. Həyat yoldaşı da, o da şəkər və hipertoniya xəstələridirlər, yaşları da artıq 70-ə çatıb. Onların evlə üzbə-üz (4-5 metr məsafədə) ünvan 2 ünvanda yaşayan Cavabdeh qanunvericiliyin tələblərini pozaraq hasarının küçəyə çıxan hissəsini söküb, qanunsuz şəkildə həmin yeri ictimai iaşə obyektinə çevirib və burada avtoyuma məntəqəsi açıb. Avtoyuma məntəqəsi yerli İcra hakimiyiyyəti və sair aidiyyatı oraqanlardan heç bir icazəsi, sərəncamı, texniki şərti və hüquqi sənədi yoxdur. Avtoyuma məntəqəsi "xxxx" ASC tərəfindən texniki şərtin olmadığı üçün kanalizasiya və su sistemi özbaşına düzgün çəkilməmişdir və bütün gün avtomobillərin çirkli suyu küçəyə axıdılaraq, antisanitariya yaradır. Eyni zamanda "xxxx" tərəfindən də texniki şərti olmadığı üçün bütün elektrik naqillər özbaşına çəkilmiş və 3 faza ilə işləyən moyka avadanlıqları ətrafdakılar üçün təhlükə yaradır. Bunun nəticəsində onun evində elektrik gərginliyin oynaması baş verir ki, elektrik avadanlıqların sıradan çıxmasına gətirib çıxarır. Xüsusi olaraq bildirmək istiyir ki, bu məntəqənin tikilişi X5 Xidməti ilə razılaşdırılmadan tikilib və heç bir lahiyə sənədi yoxdur. Yanğın mühafizə qaydaları kobud şəkildə pozulmuş bu tikilinin qapısı, divarları və dam örtüyü cox təhlükəli haldadır. Bu səbədən tikilinin hər an uçma və yanma təhlükəsi var. Bundan başqa məntəqənin qarşısında daim müştərilərin avtomobillərinin kütləvi düzüldüyü üçün, hadisə zamanı yanğınsöndürmə avtomobillərin yolu məhdudlaşdırılıb. Gecə gündüz qanunsuz fəaliyyət göstərən bu avtoyumada hər an fövqəladə hal baş verə bilər. Bu azmış kimi cavabdeh özünə məxsus olan avtoyumada gecə bilmir, gündüz bilmir işləyir, hər gün burada avtomobillərin, avtoyuma aparatlarının və gələn insanların etik qaydalara sığmayan səsküyündən, söyüşlərindən yaşamaq mümkünsüz hala gəlib. Bir neçə dəfə bura yığışan naməlum şəxslərlə oğlanları arasında ağır mübahisələr baş verib və bu hal davam edir. Dəfələrlə bu barədə Xəzər rayon İcra Hakimiyyətinə, müxtəlif nazirliklərə və Polis İdarəsinə rəsmi müraciət etməyimizə baxmayraq, yoxlama zamanı ünvanına gələn əməkdaşların Cavabdeh kobud şəkildə qanun pozduğu aşkarlasa da, lakin onlara məlum olmayan səbəblərdən fəaliyyəti dayandırmayıblar. Əksinə ona Cavabdehla mehriban əlaqə yaradıb və narahat olmamamağını tövsiyə ediblər. Bir neçə dəfə müxtəlif məmurların Cavabdehla saatlarla “çox mehriban” danışmaları və gizlin hərəkətləri Avtoyuma önündə qurduqları müşahidə kamerası ilə qeydə alınıb. Bundan başqa “AZƏRİŞİQ” və "xxxx" Səhmdar Cəmiyyətləri tərəfindən avtoyumaya qeyri-qanuni işiq və su təminatı yaradılması ilə bağlı rəsmi şikayət edilsə də, müraciətə səthi baxılmış və əməli tədbir görülməmişdir. Fövqəladə Hallar Nazirliyin əməkdaşları avtoyumanın heç bir hüqüqi əsası (layihə sənədi, İcbarı sığorta, və s.) olmamağına, Tikilinin dam konstruksiyası, divarları, burada işlənilən bütün apparatlar nasaz olmağına və burada hər an fövqəladə hal baş vermə riski olmağına baxmayaraq FHN əməkdaşları burda heç bir əməli tədbir görmürlər. Bu barədə bütün sadaladığı qurumlara dəfələrlə şikayət etməyinə baxmayaraq, heç bir qanun pozuntusu aradan qaldırılmayıb, şikayətlərə baxılmayıb və rəsmi olaraq heç birinə cavab verilməyib. Yalnız bir dəfə qeyd olunan ünvanda Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 4-cü Ərazi X6 İdarəsi tərəfindən plandankənar yanğın-texniki müayinə keçirilmiş, aşkar olunmuş yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı ilə əlaqədar obyektin sahibi olan Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin bütün bunlara baxmayaraq müraciət etdiyi səlahiyyətli orqanlar ona təsəlli verməklə və ya qanunsuz fəaliyyət göstərən avtoyuma obyektinin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmağı tövsiyə etməklə onları yola veriblər. Hesab edir ki, cavabdehin inşa etdiyi fəaliyyət göstərdiyi avtoyuma obyekti qanunsuz inşa edildiyi kimi, fəaliyyəti də qanunsuzdur və vətəndaş olaraq onun Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından irəli gələn hüquqlarını (mülkiyyət, istirahət, təhlükəsiz yaşamaq hüququ və s. hüquqlar) kobudcasına pozmaqdadır.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-140/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Əkrəm Qəhrəmanov) ilə iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 (yüz) manatın İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının: 13cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 157.8, 158.2, 158.4-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsi iddianı rədd edərkən əsas arqument kimi qeyd etmişdir ki, “avtoyuma məntəqəsi artıq fəaliyyət göstərmir, yerində baxış zamanı işlək vəziyyətdə aşkar edilməmişdir, buna görə də iddiaçının hüquqlarına real və davamlı müdaxilə mövcud deyil.” Lakin bu yanaşma göstərir ki, məhkəmə baxışı formal xarakter daşımış və iddiaçının təqdim etdiyi çoxsaylı sübutlar (Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi inzibati protokol, ekspert rəyi, "xxxx" və "xxxx" ASC-lərə ünvanlanmış rəsmi şikayətlər, eləcə də Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavininin xx.xx.2023 və xx.xx.2023 tarixli məktubları və digər materiallar) mahiyyət üzrə lazımi qaydada qiymətləndirilməmişdir. Məhkəmə qeyd olunan arqumentə istinad etməklə iddianı rədd etmiş, nəticədə mülkiyyət hüququnun pozulması faktı və qanunsuz tikilinin mövcudluğu məsələsi araşdırılmadan kənarda qalmışdır. Belə ki, qətnamənin əsaslandırma hissəsində faktiki hallar və hüquqi normalar yetərincə təhlil olunmamış, nəticə isə yalnız “obyektin işləməməsi” kimi səthi müşahidəyə söykənmişdir. İddianın predmeti obyektin fəaliyyətinin dayandırılması deyil, onun qanunsuz tikili kimi sökülməsi tələbi idi. Digər tərəfdən, tikilinin istismardan çıxması onun qanunsuz inşa edilməsini leqallaşdırmır və bu faktın aradan qalxdığını göstərmir. Məhkəmə işin faktiki hallarını hərtərəfli qiymətləndirməmiş, əksinə, “obyekt artıq fəaliyyət göstərmir” kimi hüquqi baxımdan əhəmiyyətsiz bir faktı əsas arqument kimi qəbul edərək, qərəzsizlik görüntüsünü itirmişdir. Halbuki qanunsuz tikili və onun yaratdığı təhlükə faktiki olaraq qalır və bu, iddianın əsasını təşkil edirdi. Xüsusilə diqqətəlayiq hal odur ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilən hüquqi normativ aktlar və iş materiallarına daxil edilmiş sübutlar əslində iddiaçının mövqeyini tam şəkildə dəstəklədiyi halda, məhkəmə bu halları qərəzli və ya səthi şəkildə təfsir etmiş, nəticədə qanunun məqsədinə və mahiyyətinə zidd nəticəyə gəlmişdir. Hazırkı işdə İddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən yaşayış evi onun xüsusi mülkiyyətidir və bu fakt müvafiq dövlət reyestrindən çıxarışla da təsdiqlənmişdir. Lakin Cavabdeh tərəfindən qonşuluqda (4-5 metr məsafədə) qanunsuz şəkildə inşa edilmiş və heç bir icazə sənədi olmayan avtoyuma məntəqəsi iddiaçının mülkiyyət hüququnun faktiki həyata keçirilməsinə ciddi şəkildə mane olmuşdur. Bu obyektin fəaliyyəti nəticəsində yaranan səs-küy, antisanitariya, su basma, elektrik gərginliyinin dəyişməsi, yanğın təhlükəsi və sosial narahatlıq iddiaçının həm mülkiyyətindən istifadə hüququnu, həm də təhlükəsiz və sağlam mühitdə yaşamaq hüququnu pozmuşdur. Mülkiyyət hüququ yalnız fiziki müdaxilədən deyil, həm də belə hüquqdan faktiki istifadənin mümkünsüz hala gətirilməsindən qorunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr olmadan, yaxud şəhərsalma və tikinti normalarını ciddi surətdə pozmaqla tikilmiş hər bir tikilinin özbaşına tikinti hesab olunduğunu təsbit edir. Həmin maddənin tələbləri dövlətin və cəmiyyətin maraqlarını qorumağa, şəhərsalma normalarına riayət edilməsini təmin etməyə, həmçinin digər şəxslərin hüquqlarının pozulmasının qarşısını almağa yönəlib. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aydın görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş avtoyuma məntəqəsi bu tələblərə tam zidd şəkildə, yəni müvafiq icazə sənədləri olmadan və təhlükəsizlik normalarını pozmaqla tikilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda obyekt üzrə yanğın təhlükəsizliyi qaydalarının pozulması aşkar edilərək inzibati protokol tərtib olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində tikilinin icazə tələb edən obyekt olduğu, lakin heç bir icazə sənədinin təqdim edilmədiyi bildirilmişdir. "xxxx" ASC-nin məlumatında obyektin içməli su şəbəkəsinə qanunsuz qoşulduğu, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinın əməkdaşları tərəfindən aparılan araşdırmalarda isə avtoyuma fəaliyyətinin ətraf mühitə və sakinlərə narahatlıq yaratdığı müəyyən edilmişdir. Bütün bu hallar sübut edir ki, sözügedən obyekt Mülki Məcəllənin 180.1-ci maddəsinin bütün əlamətlərinə malikdir və tam mənada özbaşına tikinti hesab edilməlidir. Mülki Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən, özbaşına tikinti aparmış şəxs bu tikiliyə mülkiyyət hüququ əldə etmir və yalnız o halda məhkəmə tərəfindən belə hüquq tanına bilər ki, tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmasın, həmçinin fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmasın. Halbuki iş materiallarından və yerli baxış protokolundan görünür ki, cavabdehin inşa etdiyi obyekt İddiaçı yaşayış evinə çox yaxın məsafədə yerləşir, fəaliyyət göstərdiyi dövrdə səs-küy, antisanitariya, su basma və texniki təhlükəsizlik problemlərinə səbəb olmuş, Fövqəladə Hallar Nazirliyinin qeyd etdiyi kimi, yanğın və uçma riski yaratmışdır. Bu faktlar obyektin saxlanılmasının iddiaçının mülkiyyət hüququna, sağlam mühitdə yaşamaq və təhlükəsiz istirahət hüququna birbaşa müdaxilə etdiyini və insanların sağlamlığı üçün real təhlükə yaratdığını sübut edir. Belə olan halda Mülki Məcəllənin 180.3-cü maddəsinə görə, cavabdehin bu tikiliyə mülkiyyət hüququ tanına bilməz və onun saxlanılması yolverilməzdir. Həmin Məcəllənin 180.4-cü maddəsi isə açıq şəkildə müəyyən edir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya icazəsiz şəkildə inşa edilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında qəbul edilmiş məhkəmə qərarı ilə sökülə bilər. Bu norma iddiaçının məhkəməyə müraciət hüququnu və tələbin legitimliyini birbaşa təsdiq edir. Başqa sözlə, iddiaçının “özbaşına tikilinin sökülməsi” barədə tələbi tam qanunidir və Mülki Məcəllənin 180-ci maddəsinin məqsədinə uyğundur. Lakin birinci instansiya məhkəməsi bu açıq normativ göstərişi nəzərə almadan, obyektin guya hazırda fəaliyyət göstərməməsini əsas gətirərək iddianı rədd etmiş, bununla da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qanunvericilikdə və məhkəmə təcrübəsində obyektin fəaliyyətinin dayandırılması faktı onun özbaşına tikinti kimi hüquqi statusunu dəyişmir. Əgər tikili qanunsuz inşa olunubsa, onun işlək vəziyyətdə olub-olmaması əhəmiyyət kəsb etmir, çünki qanunsuz tikili mövcud olduğu müddətdə mülkiyyət hüquqlarına və ictimai təhlükəsizliyə potensial təhdid yaradır. Məhkəmənin bu halı nəzərə almaması, qanunun açıq tələbinə zidd olaraq, tikilinin sökülməsi barədə qətnamə qəbul etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 180.1, 180.3 və 180.4-cü maddələrinin tələblərini düzgün tətbiq etməmiş, özbaşına tikilinin mövcudluğunu və onun qanunsuz inşa edilməsini təsdiq edən çoxsaylı sübutlara lazımi hüquqi qiymət verməmişdir. Bu pozuntu nəticəsində iddiaçının Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş mülkiyyət hüququnun müdafiəsi prinsipi, habelə qanunun aliliyi pozulmuşdur. Qanunun məqsədi belə tikililərin qanuniləşdirilməsi deyil, əksinə, onların sökülməsi və hüquqi rejimin bərpasıdır. Məhkəmənin iddianı əsassız olaraq rədd etməsi həm maddi, həm də hüququn müdafiəedici funksiyasına zidd olmuş, nəticədə qanunun məzmunu və məqsədi təhrif edilmişdir. Buna görə də, məhkəmənin qətnaməsi AR Mülki Məcəlləsinin 180-cımaddəsinin tələblərinə zidd şəkildə qəbul edilmiş, maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə səciyyələnmiş və bu səbəbdən apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələblərinin 2.17-ci bəndi hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır, çünki bu norma şəhərsalma təhlükəsizliyini, ekoloji mühitin qorunmasını və vətəndaşların normal yaşayış şəraitinin təmin olunmasını hədəfləyir. Həmin norma açıq şəkildə müəyyən edir ki, avtomobillərə texniki və digər xidmətlər (o cümlədən avtoyuma məntəqələri) yalnız qapalı, qeyri-yaşayış sahələrində təşkil edilə bilər. Bu, o deməkdir ki, belə obyektlərin bilavasitə yaşayış evlərinin həyətlərində və ya onlara bitişik ərazilərdə fəaliyyət göstərməsi qanunla qəti şəkildə qadağandır. Həmçinin, belə obyektlərin giriş-çıxış qapılarının sakinlərin hərəkət etdiyi səkilərə və ya küçələrə açılması da yol verilməz hesab olunur. Bu tələbin məqsədi yaşayış massivlərində səs-küyün, çirkli su axıntılarının, yanğın və elektrik təhlükəsinin, eləcə də sosial narahatlıqların qarşısını almaqdır. Hazırkı iş üzrə materiallar göstərir ki, Cavabdeh tərəfindən inşa edilən və istismar edilən avtoyuma məntəqəsi məhz yaşayış evlərinin sıx yerləşdiyi ərazidə, İddiaçı evinin bilavasitə qarşısında (4–5 metr məsafədə) qurulmuşdur. Avtoyuma məntəqəsi heç bir qapalı qeyriyaşayış sahəsində deyil, birbaşa yaşayış zonasında, həm də küçəyə açılan girişlə fəaliyyət göstərmişdir. Məhkəmə yalnız formal şəkildə mübahisəni həll etməklə kifayətlənməməli, həm də şəxsin pozulmuş hüququnun bərpasını və ədalətin təmin edilməsini təmin etməlidir. Məhkəmənin “obyektin hazırda fəaliyyət göstərməməsi” kimi formal əsasla iddianı rədd etməsi MPM-nin 2.1-ci maddəsində nəzərdə tutulan məhkəmənin vəzifəsinə zidd hərəkət kimi qiymətləndirilməlidir. Çünki məhkəmə icraatının məqsədi yalnız hərəkətin mövcudluğunu müəyyən etmək deyil, pozulmuş hüququn bərpasını təmin etməkdir. Avtoyuma obyektinin hal-hazırda işləməməsi faktı onun qanunsuz inşa olunduğunu və iddiaçının hüquqlarına müdaxilə etdiyini aradan qaldırmır. Məhkəmə bu vəziyyəti nəzərə almalı və dövlətin hüquq-mühafizə funksiyasını həyata keçirərək pozulmuş hüququn bərpasına yönəlmiş qətnamə qəbul etməli idi. Hazırkı işdə birinci instansiya məhkəməsi bu maddənin tələblərini pozaraq, prosesin çəkişmə və bərabərlik prinsiplərini təmin etməmişdir. Nəticə etibarilə məhkəmə cavabdehin müdafiə mövqeyini öz üzərinə götürərək, “obyektin hazırda işləməməsi” faktına istinad etmiş, iddiaçı tərəfindən təqdim edilən çoxsaylı sübutları səthi şəkildə qiymətləndirmiş və bununla da MPMnin 9-cu maddəsinin tələblərini kobud surətdə pozmuşdur. İş materiallarında müxtəlif dövlət qurumlarından daxil olmuş çoxsaylı sənədlər obyektin qanunsuz tikildiyini, istismara icazə sənədlərinin olmadığını, şəhərsalma və tikinti normalarının pozulduğunu və həmin obyektin ətraf mühit və sakinlər üçün təhlükə mənbəyi olduğunu sübuta yetirən faktiki məlumatları ehtiva edirdi. Lakin məhkəmə qətnaməsinin məzmunundan görünür ki, hakim işin faktiki hallarını müəyyənləşdirərkən bir çox mühüm sübutları ya tamamilə nəzərə almamış, ya da onları formal şəkildə qeyd etməklə kifayətlənmişdir. Məsələn, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi açıq şəkildə bildirirdi ki, mübahisəli tikili icazə tələb olunan tikililər kateqoriyasına aiddir və heç bir icazə sənədi təqdim edilməmişdir. Bu, AR Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrinə əsasən, özbaşına tikinti faktını təsdiq edən əsaslı sübut idi. Lakin məhkəmə bu mühüm hüquqi nəticəni tamamilə görməzlikdən gəlmiş, beləliklə sübutlara hüquqi qiymət vermək və tətbiq edilməli norma ilə əlaqələndirmək öhdəliyini yerinə yetirməmişdir. Yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək olar ki, məhkəmə təqdim olunmuş sübutları qətnamədə sadəcə sadalamış, lakin onlara hüquqi qiymət vermədən, yalnız səthi şəkildə xatırlatmaqla kifayətlənmişdir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh hazırki məhkəmə mübahisəsinə görə avtoyuma fəaliyyətini dayandırıb. Mübahisə yekunlaşdıqdan sonra onun tələbinin təmin olmaması halında cavabdeh yenidən avtoyuma fəaliyyətini bərpa edəcək.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
17. 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
22. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
23. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
24. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 17 yanvar 2000-ci il tarixli 64 saylı sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələblərinin 2.17-ci bəndinə əsasən avtomobillərə texniki və digər xidmətlər ancaq qapalı qeyri-yaşayış sahələrində göstərilə bilər. Bilavasitə yaşayış evlərinin (binalarının) həyətlərində avtomobilərə texniki və digər xidmətlərin təşkili obyektlərinin fəaliyyətinə icazə verilmir. Həmin obyektlərin xidmət göstərilməsi üçün giriş - çıxış qapıları əhalinin hərəkət etdiyi səkilərə çıxa bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-140/2025 saylı, 07 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməli, ünvan 4 ünvanının həyətyanı sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi qanunsuz hesab edilməklə Cavabdeh qadağan edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
33. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
35. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
36. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır.
37. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
38. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
39. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
40. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən bir müddət əvvəl qeyd olunan ünvanda avtoyuma məntəqəsi tikilməklə fəaliyyət göstərmişdir. İddiaçı ünvan 5 ünvanında yerləşən və cavabdeh tərəfindən tikilərək istifadə olunan avtoyuma məntəqəsinin və onun fəaliyyəti nəticəsində yaranmış səs-küy, antisanitariya, texniki təhlükəsizlik və hüquqi sənədlərin olmaması kimi halların onun mülkiyyət hüququna, sağlam mühitdə yaşamaq və dinc istirahət hüquqlarına müdaxilə etdiyini iddia etmişdir.
41. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdeh tərəfindən hazırda avtoyuma fəaliyyətinin dayandırıldığını və iddiaçının hüquqlarına maneənin aradan qalxdığını əsas götürmüşdür.
42. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.
43. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 4-cü Ərazi X4 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, əməkdaşları tərəfindən qeyd olunan ünvanda plandankənar yanğıntexniki müayinə keçirilmişdir. Müayinə zamanı aşkar olunmuş yanğın təhlükəsizliyi qaydaları pozulması hallarına görə obyektin sahibi Cavabdeh barəsində inzibatı xəta haqqında protokol tərtib edilmişdir.
44. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavininin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Xəzər rayon İcra Hakımıyyəti başçısnın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinın əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində şikayət ərizənizdə qeyd olunan ünvanda vətəndaş Cavabdeh mülkiyyətində olan 3/325 saylı sahədə avtoyuma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Nümayəndəlikdən verilən məlumatda 3/325 saylı sahədə fəaliyyət göstərən avtoyuma məntəqəsi həmin ərazidə yaşayan sakinlərin şikayətinə səbəb olması barədə vətəndaş R. İ.Dadaşova izah edilmiş və qonşuların narahatçılığına səbəb olan amillərin tez bir zamanda aradan qaldırılması tövsiyə olunmuşdur.
45. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağlar massivində yaşayan vət. İddiaçı yazmış olduğu ərizəyə baxılmışdır, şikayətçi olduğu şəxs ilə profilaktik söhbətlər aparılmış və bir daha belə hallara yol verməmələri məqsədilə xəbərdarlıq edilmişdir.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1958 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanları və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu və 74-cü maddələrinin tələblərini nəzərə alaraq mübahisəli tikilinin tikintisinə icazə tələb olunan tikililərə aid olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında tikilinin inşa olunmasına dair hər hansı icazə sənədinin olmadığı, verilmiş vəsatətdə icazə sənədlərinin Mərkəzə təqdim edilməsi xahiş olunsa da, təqdim edilmədiyi səbəbindən tədqiq olunan tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin tələblərinə uyğun olub-olmamasını müəyyən edilməsinə dair tədqiqat aparılmır.
47. Yerli baxış protokolundan görünür ki, məhkəmə tərəfindən mübahisəli ünvana baxış keçirilmiş və işlək vəziyyətdə avtoyuma məntəqəsi aşkar edilməmişdir. Cavabdehə məxsus jaluz darvazası bağlı olduğundan içəri daxil olmaq mümkün olmamışdır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
49. Bundan əlavə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları olduğu kimi təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıqaşkar prosessual qənaət prinsipinə ziddir.
50. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirməlidir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
51. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən bir müddət əvvəl qeyd olunan ünvanda avtoyuma məntəqəsi tikilməklə fəaliyyət göstərmişdir. Həmin obyektin tikilməsi va istismarı üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tikintiyə icazə sənədlərinin mövcud olmadığı iş materialları ilə təsdiq olunur. Həmçinin, iş materiallarından görünür ki, cavabdehin inşa etdiyi obyekt İddiaçı yaşayış evinə 5 metr olmaqla yaxın məsafədə yerləşir, fəaliyyət göstərdiyi dövrdə səs-küy, antisanitariya, su basma və digər təhlükələrə səbəb olmaqla onun yaşayış şəraitinə mənfi təsir göstərir və mülkiyyət hüquqlarından maneəsiz istifadə etməsinə əngəl yaradır. İş materiallarında olan yuxarıda qeyd olunan müvafiq dövlət qurumlarının aktları ilə də həmin obyektin fəaliyyətinin ətraf mühitə və qonşuluqda yaşayan şəxslərin hüquqlarına maneə yaratdığı təsdiq edilir. İddiaçı cavabdeh tərəfindən tikilmiş avtoyuma məntəqəsinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iş materiallarında olan yerli baxış protokolundan və fotoşəkillərdən görünür ki, mübahisələndirilən tikilidə artıq təmir işləri görülərək darvaza qoyulmuşdur. Hazırki halda mübahisələndirilən tikili, yəni avtoyuma məntəqəsinin mövcudluğunu müəyyən etmək mümkün olmur. Lakin həmin tikilidən müəyyən dövr ərzində avtoyuma kimi istifadə edilməsi və bu halın iddiaçının hüquqlarını pozması faktı müəyyən edilməklə gələcəkdə də cavabdehin həmin fəaliyyəti bərpa etməyəcəyini təsdiq edən hər hansı hüquqi təminat mövcud deyil. Bu mənada iddiaçının yaşadığı evə avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi nəticəsində səs-küyün və normal yaşayışa mane olan digər mənfi təsirlərin olması qaçılmazdır. Məhz qeyd olunan səbəbə görə əslində iddiaçının niyyəti əvvəlcədən də bu cür fəaliyyətin qadağan olunmasına başqa sözlə cavabdehə məxsus obyektdən mənfi qanunsiz təsirlərin qarşısını almağa nail olmaq olmuşdur. Bu baxımdan iddia ərizəsinin nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirməklə iddiaçının iradə ifadəsinin həqiqi mənasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehə məxsus həyətyanı sahədən avtoyuma məntəqəsi kimi istifadə edilməsi qanunsuz hesab edilməklə Cavabdeh qadağan edilməlidir.
52. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları baxımından əsaslı hesab edilmir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-140/2025 saylı, 07 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməli, ünvan 4 ünvanının həyətyanı sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi qanunsuz hesab edilməklə Cavabdeh qadağan edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
55. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işin müəyyən edilmiş halları və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından bu qənaətə gəlmək olur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, ünvan 4 ünvanının həyətyanı sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi qanunsuz hesab edilməklə Cavabdeh qadağan edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
57. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir.
59. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 (yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-140/2025 saylı, 07 oktyabr 2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. ünvan 4 ünvanının həyətyanı sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi qanunsuz hesab edilməklə Cavabdeh qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 (yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.