Məhkəmə qərarları › İş №2(103)-6733/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6733/2024

06.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6733/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindəki payın naturada ayrılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-64/2024 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Hazırkı iş üzrə Binəqədi RM-nin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddiaçının adına qeydə alınmış torpaq sahəsinin 1/3 hissəsi naturada ayrılsın. 2.İşdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verib. Binəqədi RM-nin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, o, qətnamədən apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilsin. 3.İddiaçı həmin qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin və Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermək hüququna malik olmayan şəxs kimi qəbul edilsin. 4.Binəqədi RM şikayətə baxaraq onu təmin etməyib və şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 5.Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 6.İddiaçı və cavabdehlər bacı-qardaşdır. İşdə iştirak etməyə cəlb edilməyən, hazırda apellyasiya şikayəti verən Maraqlı şəxs isə onların ögey (anabir) qardaşıdır. Qətnamə torpaq sahəsinin 1/3 hissəsinin naturada ayrılması barədədir. Torpaq sahəsi iddiaçının, cavabdehlərin və onların ögey qardaşının anasından miras qalıb. İddiaçı torpağın 1/3 hissəsini miras kimi qəbul edərək öz adına sənədləşdirib. Ögey qardaş hesab edir ki, qətnamə onun vərəsəlik hüququna toxunur, iddiaçı isə hesab edir ki, ögey qardaşı mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmədiyinə görə qətnamə onun hüquq və vəzifələrinə toxunmur. 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Hazırkı vəziyyətdə ilkin olaraq hesab olunmalıdır ki, qətnamə ögey qardaşın hüququna toxunur. Belə ki, o, vərəsələrdən biridir. Mirasın qəbulu müddətini müəyyənləşdirən Mülki Məcəllənin 1246-cı maddəsi AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilib və qərarda qeyd olunub ki, bu qərar hazırda məhkəmənin icraatında olan işlərə şamil edilməlidir. Hazırkı iş üzrə icraat xx.xx.2022-ci ildə başlanıb, Konstitusiya Məhkəməsinin qərarının hazırkı işdə tətbiq edilməsinin mümkün olub-olmadığı işə mahiyyəti üzrə baxılarkən müəyyənləşdirilə bilər. 8.Hazırkı qərardaddakı mövqe ilkin qənaətdir. Hüquq və vəzifələrə toxunma məsələsinə qəti münasibət bildirilməsi üçün işə mahiyyəti üzrə baxılmalıdır. Əgər mahiyyəti üzrə baxılma zamanı müəyyən edilərsə ki, qətnamə hüquq və vəzifələrə toxunmur, belə halda ögey qardaşın apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə qərardad qəbul oluna bilər. 9.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-64/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar